“Avropanın bir çox institutlarında çoxlu sayda
elmi işçi çalışmır, lakin buna baxmayaraq
çox mühüm işlər görürlər”
AMEA-nın Arxeologiya Muzeyinin rəhbəri, t.e.n. Fərhad
Quliyev: "Problemlər əsasən elmi tədqiqatların
üzə çıxarılmasında, səviyyəli şəkildə
dünyaya çatdırılmasındadır"
Azərbaycan elminin problemləri
və bu problemlərin öhdəsindən gəlməyin
yolları mövzusu ilə əlaqədar həmsöhbətimiz
AMEA-nın Arxeologiya Muzeyinin rəhbəri, tarix elmləri namizədi
Fərhad Quliyevdir. F.Quliyev bununla bağlı olaraq ilk öncə
Azərbaycan dövlətinin hər gün daha da möhkəmləndiyini
bildirdi və elmlə bağlı mövcud
çatışmayan cəhətlərə toxundu: "Azərbaycanda
bu gün dövlət quruculuğu istiqamətində
böyük addımlar atılıb. Yəni dövlət
quruculuğunda atılan bütün addımlar dövlətin
həyata keçirdiyi idarəçilik sistemində ciddi
şəkildə hiss olunur. Artıq Azərbaycan dövləti
bütün sahələrdə beynəlxalq standartlardan
çıxış edir və dövlət qurumları da
öz işlərini bu standartlara cavab verəcək formada
aparırlar. Amma bu gün Azərbaycan elmində bir qədər
fərqli situasiya mövcuddur. Çünki bəzi islahatlar Azərbaycan
elmində aparılmalıdır. Təəssüfllər
olsun ki, hələ bu islahatlar elmdə öz əksini
tapmayıb".
- Azərbaycan elmində hələ
də lazımi islahatların olmamasının səbəbi nədir?
- Əslində bunun səbəbləri
çoxdur və əsas səbəb də ondan ibarətdir
ki, elm sahəsində islahatlar aparmaq çox çətin bir
məsələdir. Hər hansı bir dövlətin təcrübəsini
tətbiq etmək, hansısa bir təcrübədən
çıxış etmək nəticə etibarilə müəyyən
problemlər yarada bilər və bu zaman ola bilər ki, həmin
islahatlar Azərbaycan üçün uyğun olmasın. Ona
görə də bu islahatlar üçün müəyyən
vaxtın tələb olunması başadüşüləndir.
Bu vaxt şübhəsiz ki, gözlənilməlidir. Amma bu
gün demək olar ki, bir çox məsələlərə
aydınlıq gətirilib. Ölkədə elmin
inkişafının müəyyən istiqamətləri təyin
olunub. Birincisi, ən vacib addım atılıb. Bu ilin əvvəlində
Azərbaycan Prezidenti tərəfindən Azərbaycan
Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu
yaradıldı. Yəni bu artıq mənim fikrimcə, ilk
addımdır. Elmin İnkişaf Fondunun yaradılması
çox vacib şərtlərdən biri idi. Çünki
bütün dünyada götürüldükdə elm sahələri
konkret olaraq qrantlar vasitəsilə maliyyələşdirilir. Yəni
təqdim olunmuş bir çox elmi tutumlu layihələr maliyyələşdirilir
və bunun vasitəsilə tədqiqatlar da aparılır. Konkret
institutlar, alimlər, elm adamları birlikdə çox ciddi bir
layihə ortaya qoyurlar və o layihənin həyata keçməsi
üçün elmin inkişaf fondları müəyyən vəsait
ayırır, o vəsait ayrılarkən də layihədə
göstərilir ki, vəsait nədən ibarətdir, vaxt və
nəticə necə olacaq. Yəni bütün bu məsələlər
artıq öz əksini tapmış olur. Mən hesab edirəm
ki, bizim ölkədə ilk olaraq birinci addım bu idi və
eyni zamanda inanıram ki, Elmin İnkişaf Fondunun fəaliyyəti
sayəsində Azərbaycanda çox ciddi tədqiqatların
aparılması prosesi sürətlənəcək və
yeni-yeni tədqiqatlar üzə çıxacaq. Bilirik ki,
problemlərimizdən biri də odur ki, bizdə çox vaxt
ciddi tədqiqatlar aparılsa da, onların nəticələri
lazımi səviyyədə işıqlandırılmır. Məhz
bu məsələlər, hesab edirəm ki, Elmin İnkişaf
Fondunun fəaliyyətində öz əksini tapacaq. Yəni Azərbaycan
alimlərinin əldə etdiyi nəticələr
işıqlandırılacaq. Düzdür, hələlik
konkret olaraq biz bu fondun fəaliyyətini gözləyirik. Lakin
ümumən götürdükdə artıq bizim sahədə
çox ciddi islahatlar olmalıdır. Bu təkcə Elmin
İnkişaf Fondu ilə bağlı deyil, bizim akademiyanın
daxilində olan institutlarda da müəyyən islahatlar getməlidir.
Mənim şəxsi fikrim budur ki, Azərbaycanda humanitar və
ictimai elmləri özündə əks etdirən bir
akademiyanın olması da məqbul olardı. Yəni bu gün
humanitar elmlərin cəmiyyətdə rolu getdikcə
qabarıq şəkildə öz əksini tapır ki, bu da
prioritet sahələrdəndir və hamı gözləyir ki,
humanitar elmlərin fəaliyyətində nə kimi nəticələr
olacaq. Ola bilər ki, bu sahədə xüsusi bir yanaşmaya
ehtiyac var və humanitar elmlərin özündə bir
akademiyanın formalaşmasına zərurət olsun. Qeyd edək
ki, hazırda Elmlər Akademiyasının strukturu sovet dönəmi
ilə bağlıdır və burada müxtəlif institutlar
birləşib. Burada humanitar və qeyri-humanitar elmlər var.
Ola bilsin ki, gələcəkdə humanitar elmlərin fəaliyyətini
daha dəqiq təyin etmək üçün bu elmlər
qarşısında ciddi məqsədlər qoyulsun və ondan
iş tələb etmək üçün ayrıca bir
akademiya yaradılsın. Hesab edirəm ki, humanitar və ictimai
elmləri birləşdirəcək effektiv idarəçiliyə
ehtiyac var.
- Bu gün Azərbaycan elmində
bir pərakəndəlik hiss edilirmi?
- Doğrudan da pərakəndəlik
bu gün hiss olunur. Amma buna baxmayaraq institutların tərkibində
ciddi tədqiqatlar da aparılır. Məsələn, bizim
institutda aparılan tədqiqatlar dünya miqyasına
çıxmaq üzrədir. Arxeoloji
qazıntılarımız var ki, dünya səviyyəli
qazıntılar sırasına daxil olub və dünya ictimaiyyəti
tərəfindən qəbul olunur. Amma pərakəndəlik
bizə imkan vermir ki, elmi nəticələri effektiv şəkildə
həm cəmiyyətimizə çatdıraq, həm də
bunların qiymətləndirilməsi üçün nəticə
əldə edək. Bunu aradan götürəcək fəaliyyətə
ehtiyac var.
- Arxeologiya sahəsində əldə
olunan nəticələrin cəmiyyətə
çatdırılmasında nə kimi problemlər var?
- Qeyd etmək istəyirəm
ki, Azərbaycanda arxeologiya sahəsinə ayrılan vəsait
kifayət qədər yüksək səviyyədədir və
müqayisə etdikdə, bu gün Qafqaz ölkələrində
ən yüksək maliyyələşmə elə Azərbaycandadır.
Qafqaz ölkələrinin heç birində arxeologiya sahəsinə
Azərbaycandakı qədər vəsait ayrılmır. Azərbaycanda
aparılan arxeoloji tədqiqatlara dövlət tərəfindən
böyük qayğı var. Maliyyə məsələlərindən
danışarkən bildirmək lazımdır ki, bununla
bağlı o qədər də problem yoxdur. Problemlər əsasən
bu tədqiqatların üzə çıxarılmasında və
səviyyəli şəkildə dünyaya
çatdırılmasındadır. Və bir də
sözsüz ki, arxeoloji tədqiqatların sistemləşdirilməsindədir.
Yəni bu gün Azərbaycanda arxeoloji abidələrin tədqiqatı
zamanı həmin abidələrin konservasiyası, bərpa
işləri və eləcə də mühafizə məsələləri
var ki, bunlar problemlər yaradır. Çünki müəyyən
hallarda tədqiqatlar zamanı bizdən asılı olmayan
hallarla qarşılaşırıq ki, bunlar bizim işimizə
əngəl törədir. Ən böyük problemlərdən
biri də yeni kadrların çatışmamasıdır. Bu,
gənc kadrların bizim ixtisasa gəlməməsi, onların
müəyyən məktəb keçməməsi, xarici
dövlətlərdə ezamiyyətlərdə olmaması ilə
də əlaqədardır. Burada digər səbəblər də
bundan ibarətdir ki, cəlb olunan kadrlara lazımi şəkildə
maliyyə vəsaiti verilmir, onların əməkhaqları
çox aşağı səviyyədədir ki, bunun da nəticəsində
onlarda bu elm sahəsinə olan maraq azalır və onlar bu sahəyə
gəlmək istəmirlər. Əsas problem odur ki, bu gün
bizim mütəxəssisləri əməkhaqları qane etmir.
Yəni professionallar həmişə
çalışırlar ki, öz sevdikləri sahə ilə
məşğul olsunlar və dövlətdən də öz
əməkhaqlarını alsınlar. Amma o əməkhaqqı
olmadığı üçün problem yaranır. Yəni
mütəxəssislər qaçırlar, başqa işlərlə
məşğul olurlar. Böyük əksəriyyəti təhsilə
üstünlük verir, bəziləri xarici ölkələrdə
işləməyi seçir və biz artıq bu sahədə
uduzuruq. Ona görə də ən böyük problem kadr
hazırlığıdır və onların öz sahələri
üzrə çalışması, onlara lazımi əməkhaqlarının
verilməsi məsələsidir.
- Burada vacib məsələ
olan beyin axınının qarşısını necə
almaq olar?
- Beyin axını bir
çox dövlətləri narahat edir. Çünki bizim
dövr qloballaşma dövrüdür və bu dövrdə
aydın məsələdir ki, mütəxəssislər də
harada yaxşı iş şəraiti, yaxşı maaş
varsa, ora da gedəcəklər və işləyəcəklər.
Bunun qarşısını şübhəsiz ki, inzibati
yollarla almaq olmaz. Burada islahatlar aparmaq lazımdır və ən
əsası mütəxəssislərin fəaliyyəti
üçün lazımi şərait
yaradılmalıdır. Həm lazımi laboratoriyaların təşkili,
həm də onların fəaliyyətinin maliyyələşdirilməsi,
kifayət qədər əməkhaqqının verilməsi
vacibdir ki, beyin axınının da qarşısı alınmış
olsun. Mən həmişə onun tərəfdarı
olmuşam ki, hər hansı bir elm sahəsində kütləvilik
olmasın. Mən tərəfdarı deyiləm ki, hər
hansı bir elm sahəsində, məsələn, hər
hansı bir institutda 250 və ya 300 nəfər işləsin.
Yəni burada üstünlük kəmiyyətə deyil, əsasən
keyfiyyətə verilməlidir. Ola bilər ki, hansısa elmi
müəssisədə çox az sayda kadr olsun, lakin
onların gördüyü iş elmi baxımdan çox əhəmiyyətli
olsun. Dünya elmində də belə bir təcrübə
var. Mən öz təcrübəmdən də
görmüşəm ki, Avropanın bir çox institutlarında
çoxlu sayda elmi işçi çalışmır, lakin
buna baxmayaraq çox mühüm işlər görürlər.
Onların işləri daha sistemli və təşkil
olunmuş şəkildədir. Bizdə bu gün daha çox
analizlər aparılır və bunun üçün də
kadrlara ehtiyac var. Bu təkcə arxeologiya elmi ilə bağlı
deyil, yəni arxeologiya elminə kömək olan və onun ətrafında
birləşən bir çox elmlər var ki, məhz o elm sahələrinin
mütəxəssislərinin bizdə
çalışmalarına ehtiyac var. Ona görə də
burada üstünlük kadrların hazırlanmasına və
onların səmərəli fəaliyyətinə verilsə,
biz daha əlverişli nəticələr ala bilərik. Mən
həm də o fikirlə tam razıyam ki, o kadrlar, o alimlər
ki, uzun illər ərzində heç bir nəticə vermirlər
və tədqiqat işləri ortaya qoymurlar, o alimləri elmdə
saxlamaq lazım deyil. Onların əvəzinə yeni-yeni
kadrları işə cəlb etmək olar. Hər bir kadr
öz üzərinə düşən fəaliyyətlə
məşğul olmalıdır.
- Bü gün əsas
problemlərdən biri də elmi nəticələrin xarici
ölkələrdə çap etdirilməsi məsələsidir.
Yəni alimlərin nüfuzlu jurnallara, elmi müəssisə
nəşrlərinə çıxışının məhdud
səviyyədə olmasıdır.
- O alimlər ki, öz sahələrində nəticələr əldə edirlər, onlar xaricdə qısa müddətdə öz məqalələrini çap etdirirlər. Hətta beynəlxalq tədqiqatlarla bağlı beynəlxalq institutlar var ki, onlar özləri Azərbaycanda əldə olunmuş nəticələri çap etdirməkdə maraqlı olurlar. Yəni bunun üçün şərait var. Amma burada da məsələ ondadır ki, bu lazımi səviyyədə deyil. Çünki Azərbaycan arxeologiyasının əldə etdiyi nəticələrlə bağlı Avropa və Amerika məkanında elə də böyük çap işləri və tədqiqatların geniş şəkildə çap edilməsi kimi halllar olmayıb. Bu sahədə də ciddi islahatların aparılmasına ehtiyac var.
Sultanov Əlimərdan
Palitra. -2010. – 21 aprel. – S.9.