Ekspertiza Qubada soyqırımı törədildiyini təsdiqləyir

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti 1918-ci il azərbaycanlıların soyqırımı ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, 2007-ci il aprelin 5-də Quba şəhər stadionunda aparılan tikinti və yenidənqurma işləri zamanı ərazidə içərisində çoxsaylı müxtəlif yaş və cins qruplarına məxsus skeletlərdən ibarət  kütləvi insan məzarlığı aşkar edilib.

Bununla əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyi, Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin əməkdaşları Quba rayonuna ezam olunmuş, görülmüş işlərin gedişi və əldə olunmuş ilkin nəticələrin müzakirəsi ilə bağlı 2007-ci il  aprelin 19-da respublika baş prokuroru yanında xüsusi müşavirə keçirilib.

Araşdırmalarda iştirak edən əlaqədar mütəxəssislərin ilkin mülahizələri əsasında, kütləvi məzarlıqda aşkar olunmuş sümüklərin nizamsız şəkildə üst-üstə düzülməsi və üzərlərində çoxsaylı xəsarətlərin olması, meyitlərin dərinliyi 4 metr olan quyuda və kütləvi halda basdırılması, meyitlərin tam çürüməsi və sümüklərin kövrəkliyi kimi əlamətlərə görə, həmin şəxslərin zorakılıqla öldürülməsi, hadisələrin zaman baxımından uzun müddət əvvəl törədildiyi nəticəsinə gəlinib.

Göstərilən faktların araşdırılmasının xüsusi tarixi əhəmiyyəti və görüləcək işlərin həcmi nəzərə alınmaqla, Baş Prokurorluq tərəfindən insan skeletlərinin aşkar edildiyi sahələrdə arxeoloqların tədqiqat aparmaları üçün Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət edilib, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin mütəxəssisləri tərəfindən kompleks qaydada məhkəmə-tibbi ekspertizaların keçirilməsi üçün zəruri olan müasir texniki avadanlıqla təchiz olunması barədə Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında məsələ qaldırılıb.

Həmçinin həmin hadisələr zamanı zərər çəkmiş şəxslərin qohumlarının izahatları alınıb, Milli Arxiv İdarəsinə, Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə sorğular göndərilib, Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutuna məzarlıq olan torpağın xüsusiyyətləri, kimyəvi tərkibi, hansı qrupa məxsus olmasının müəyyənləşdirilməsi və nəticəsinin tibbi-kriminalistik ekspertizaya təqdim edilməsi barədə tapşırıqlar verilib.

Quba şəhərində kütləvi insan məzarlığının aşkar edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunda müvafiq araşdırmalar davam etdirilməklə,  Azərbaycan Demokratik Respublikası hökumətinin 1918-ci ildə yaratdığı Fövqəladə İstintaq Komissiyası tərəfindən ermənilərin həmin ilin aprel-may aylarında Quba qəzasında dinc müsəlman əhalisini kütləvi şəkildə qətlə yetirməsi, bütöv kəndləri, yaşayış evlərini, məscidləri və ictimai binaları yandırması, çoxsaylı qız və qadınların kütləvi şəkildə zorlanması və digər zorakı cinayətlər törədilməsi faktları üzrə istintaq aparılıb və hazırda Milli Arxiv İdarəsində saxlanılan cinayət işinin materialları, həmin dövrə aid «Uqolovnoe Ulojenie» adlanan cinayət qanunu və bununla bağlı bir sıra başqa zəruri arxiv materialları ətraflı öyrənilib, hadisə şahidlərinin izahatları alınıb, bir sıra tarixi əhəmiyyətli sənədlər götürülüb.

  Cinayət işi ilə sübuta yetirilib ki, 1918-ci ilin aprel ayının sonlarında, 1873-cü ildə Vanda anadan olmuş, Rusiya ordusunun keçmiş zabiti, Daşnaksutyun partiyasının, Bakıda Erməni Milli Şurasının üzvü, tanınmış daşnakçı, 1918-ci ilin əvvəllərindən Azərbaycanda erməni hərbi dəstəsinə komandanlıq etmiş, öz qəddarlığı ilə seçilən qatı millətçi Amazapsın və onun köməkçisi Nikolayın başçılıq etdiyi ermənilərdən təşkil olunmuş silahlı cəza dəstəsi qatarla Bakıdan Quba qəzasına yola düşüb. Cəza dəstəsi yolda olarkən Quba qəzasının ərazisinə daxil olmaqla, dəmir yolu xəttinin hər iki tərəfində yerləşən azərbaycanlıların yaşadığı kəndlərə hücum edib evləri talayaraq yandırıb, vaxtında qaça bilməyənləri rəhm etmədən öldürüblər. Yerli əhali öz nümayəndələrini ağ bayraqla ermənilərin yanına göndərdikləri hallarda belə onlar danışıqlara getməyərək həmin nümayəndələri öldürüb, kəndləri isə viran qoyublar.

 1918-ci il mayın 1-də, səhər vaxtı Amazapsın dəstəsi Quba şəhərini mühasirəyə alaraq, şəhəri top, pulemyot və digər atıcı silahlardan atəşə tutduqdan sonra müqavimətsiz şəhərə daxil olmuş,  müsəlmanlara qarşı hər cür zorakı hərəkətlərə yol verilib. Ermənilər küçədə qarşılarına çıxan dinc əhalini, o cümlədən, uşaqları və qadınları xəncərlə, tüfənglə qətlə yetirib, evlərə soxularaq bütöv ailələri qırmış, uşaqların başlarını kəsmiş, qadın və qızları kütləvi şəkildə zorladıqdan sonra öldürüb, insanların əmlakını və evlərini, məscidləri yandırıb talan ediblər.

Həmin hadisələr zamanı Quba şəhərində kütləvi qırğın törədilərək, 2000 nəfərdən artıq müsəlman kişi, qadın və uşaq qətlə yetirilib, 100-ə yaxın qız və qadın zorlanıb, 105 yaşayış evi yandırılıb, 4 milyon publ məbləğində nağd pul, 4,5 milyon rubl dəyərində isə qızıl və zinət əşyaları qarət edilib, 25 milyon rubl dəyərində ərzaq və digər mallar talan edilib, 100 milyon rubl dəyərində ziyan vurulması ilə nəticələnən 105 ev və tikili, həmçinin ictimai binalar yandırılıb. Amazapsın rəhbərlik etdiyi cəza dəstəsi tərəfindən Quba qəzasında 122 müsəlman kəndinin, o cümlədən, Dəvəçi (hazırda Şabran - red.), Saadan, Çarxanə, Zaqlıcan, Əlixanlı, Eyni Bulaq, Ərəb Əl-Məmməd, Ağasıbəyli, Kolanı, Ərəb-Hamə, Taqay, Nardaran, Siyəzən, Rəhimli, Surra və digər yaşayış məntəqələri talan edilərək  yandırılıb, həmin kəndlər talan edilərkən 60 kişi, qadın və uşaq öldürülüb, 53 nəfər yaralanıb, evlərin, tikililərin, ictimai binaların dağıdılması, əhalinin əmlakının və mal-qarasının talan edilməsi nəticəsində sakinlərə 58.121.059 rubl ziyan vurulub.

Eyni zamanda, Quba qəzasının Dəvəçi, Müşkür, Qusar, Rustov, 5-ci Fəthibəy sahələrində 700 nəfərdən artıq insan qətlə yetirilib, 50 nəfərdən artıq yaralanıb, 700 nəfərdən artıq insan evlərindən didərgin düşərək xəstəlik və aclıqdan ölüb, saysız-hesabsız evlərin, digər bina və tikililərin dağıdılması, əmlakın talanması nəticəsində Dəvəçi və Müşkür sahələrinə 200 milyon rubldan artıq, Qusar, Rustov, 5-ci Fəthibəy sahələrinə də külli miqdarda ziyan vurulub.

Quba Rayon İcra Hakimiyyətinin Qırmızı qəsəbə inzibati ərazi vahidliyi üzrə nümayəndəsi İsakov Pisax Davidoviç 1918-ci ildə ermənilərin Azərbaycanın müxtəlif bölgələrində qırğınlar və talanlar törədərkən qətlə yetirdikləri dağ yəhudilərindən 104 nəfərinin, o cümlədən Qırmızı qəsəbə sakinləri olan 18 nəfər yəhudinin siyahısını  təqdim edib.

Ekspertiza araşdırmaları nəticəsində, təqdim olunmuş 6128 skelet sümükləri və sümük fraqmentlərindən 6082-sinin insan skeletinin sümükləri olduğu, həmin sümüklərin və sümük fraqmentlərinin kəllə, körpücük, bazu, dirsək, mil, döş, qabırğa, çanaq, bud, qamış, incik, kürək, omba, əl və barmaq, habelə digər hissələrin sümükləri və onların fraqmentlərinə aid olduğu, insana məxsus skelet sümükləri və onların fraqmentlərinin 6-sının uşaq, 14-nün qadın və 127-sinin kişi olmaqla ən azı 147 şəxsə (fərdə) məxsus olması, insana məxsus skelet sümükləri və onların fraqmentlərinin  2-sinin 1-3 yaş, 4-nün 13-16 yaş, 58-nin 17-21 yaş, 42-sinin  22-35 yaş, 30-nun 36-60 yaş, 9-nun 61-74 yaş, 2-sinin  75-90 yaş həddində şəxslərə məxsus olması, həmin skelet sümüklərinin əksəriyyətinin irqi diaqnostik göstəricilərinin azərbaycanlıların məxsus olduğu Cənubi Avropa irqinin yerli antropoloji variantına uyğun gəldiyi, skelet sümüklərində tək-tək hallarda osteoporoz, spondilit və digər dayaq-hərəkət aparatı xəstəliklərinin əlamətlərinin aşkar edildiyi, skelet sümüklərinin torpaqda qalma və ya onların aid olduğu şəxslərdə ölümün baş vermə müddətlərinin təxminən 90 ilə yaxın olduğu və bu müddətin istintaq materialında göstərilən  1918-ci il tarixinə  uyğun gəldiyi, insana məxsus skelet sümüklərində və onların fraqmentlərində deşici, deşici-kəsici, çapıcı, geniş və məhdud səthlərə malik küt alətlərin (əşyaların) təsirindən əmələ gəlmiş çoxsaylı travmatik xəsarətlərin aşkar edildiyi, bu travmatik zədələrin əsasən, kəllə sümüklərində küt, deşici, çapıcı, digər skelet sümüklərində isə deşici, küt və çapıcı təsirlə yanaşı, deşici kəsici xarakterli alətlərin (əşyaların) təsirindən əmələ gəldiyi, skelet sümüklərində aşkar edilmiş xəsarətlərin əksəriyyətində həyat ilə bir araya sığmayan ağır dərəcəli xəsarətlər olduğu, həmin xəsarətlərin sözügedən skelet sümüklərinin mənsub olduğu şəxslərin bilavasitə ölümünə səbəb olması, xəsarətlərin işgəncə vermək məqsədilə yetirildiyi, skelet sümüklərinin və torpaq nümunələrinin məhkəmə kimyəvi tədqiqatlarına əsasən onlarda zəhərli və güclü təsiredici maddələrin və ölümə səbəb ola biləcək xəstəlik əlamətlərinin aşkarlanmadığı müəyyən edilib. 

 

 

Qorqud

 

Palitra. -2010. – 23 aprel. – S.2.