Azərbaycan həqiqətləri və Qarabağ problemi elmi-fəlsəfi müstəvidə

 

Füzuli Qurbanov: “Bu istiqamətdə fəaliyyəti genişləndirmək lazımdır”

 

Son dövrlərdə sosial elmlər sahəsində xarici ölkələrin elmi institutları ilə əlaqələr güclənməkdədir. Bu elmlərlə bağlı mübadilələr, diskussiyalar intensivləşir. Alimlərimiz xarici ölkələrə elmi əməkdaşlıqla bağlı tez-tez səfərlər etməyə başlayıblar. Son belə səfərlərdən biri AMEA Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun nümayəndələri tərəfindən Ukraynaya edilib. Səfərlə bağlı bizə adıçəkilən institutun İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov məlumat verdi: 

“AMEA Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə ilə birlikdə Ukraynanın Kiyev şəhərində elmlə bağlı ezamiyyətdə olduq. Orada Ukrayna Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutu ilə bizim institut arasında  əməkdaşlıqla bağlı saziş imzalandı. O sazişdə fəlsəfə, hüquq və sosiologiya sahəsində müxtəlif və çoxtərəfli əməkdaşlıqlarla bağlı razılığa gəldik. Bu əməkdaşlıq məsələləri ilə bağlı bəzi məqamları qeyd edim. Məsələn, razılığa gəldik ki, Ukraynanın Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun jurnallarında bizim alimlərimizin, tədqiqatçılarımızın elmi məqalələri dərc olunsun. Eyni zamanda sosial elmlərlə bağlı ukraynalı alimlərin də müvafiq olaraq bizim institutun jurnallarında məqalələrinin dərc edilməsi ilə əlaqədar razılıq əldə olundu. Daha sonra kadr mübadiləsi və kadr hazırlığı məsələlərində də sıx və mütəmadi əməkdaşlıq edilməsinə aid razılaşma oldu. Bu da beynəlxalq elmi əməkdaşlıq məsələlərində vacib məqamlardan biridir”.

Azərbaycanlı alimlərin xarici ölkələrə səfərlərinin əlamətdar məqamlarından biri də bu ölkələrlə Azərbaycanın elm və fəlsəfə sahəsinin inkişafı ilə bağlı aktual tədbirlər təşkil etməsidir. Bu cür tədbirlərdə elm sahələrinin aktual problemləri, bu problemlərin aradan qaldırılmasında birgə əməkdaşlıq və digər perspektivlər müzakirə olunur. Qeyd edək ki, belə bir tədbir azərbaycanlı və ukraynalı alimlərin təşəbbüsü ilə Kiyevdə də keçirilib. Bu barədə məlumat verən F.Qurbanov dedi: “Aprelin 16-da “Azərbaycan, Ukrayna, Türkiyə: fəlsəfi fikrin inkişafında elmi və mədəni əlaqələrin rolu” mövzusunda dəyirmi masa və seminar keçirildi.  Bu mövzuda ukraynalı alimlərlə ciddi diskussiya və fikir mübadiləsi apardıq. Burada cəmiyyətin öyrənilməsində yeni metod və metodologiya, o cümlədən fənlərarası yanaşmalardan söhbət açıldı, müzakirələr aparıldı. Mədəniyyətin öyrənilməsində ən yeni yanaşmalarla bağlı müzakirələr apardıq”.

Azərbaycan alimlərinin xarici ölkə alimləri ilə əməkdaşlığı və elmi mübadilə məsələlərində aktual məqamlardan biri də milli problemlərimizin, Azərbaycan həqiqətlərinin elmi müstəvidə təqdim edilməsidir. Bu cür problemlərimizin elmi-fəlsəfi kontekstdə beynəlxalq elmi əməkdaşlıqlar çərçivəsində araşdırılması böyük önəm kəsb edir. Bu baxımdan ictimai və humanitar sahə alimlərinin Azərbaycan həqiqətlərini, Qarabağ problemini daha məqsədyönlü və intensiv olaraq qabartmaları milli maraqlarımızın qorunması və haqq səsimizin elmi əsaslandırılmalarla çatdırılmasına xidmət edir. Ukraynada səfərdə olmuş alim bu məqamla bağlı belə qeyd edir: “Əlbəttə, bu məsələ daim biz alimlərin də diqqətində olmalıdır. Elə biz də yuxarıda adını qeyd etdiyimiz mövzu çərçivəsində bu məsələyə ciddi şəkildə toxunduq. Belə ki, həmin kontekstdə, bu fəlsəfi bağlılıqda institutumuzun direktoru, professor İlham Məmmədzadə Qarabağ məsələsinin öyrənilməsi və təhlili məsələsini qaldırdı. Bu məqam yüksək səviyyədə və inandırıcı şəkildə təqdim edildiyi üçün çox maraqla qarşılandı. Daha sonra xalqların mentalitetinin öyrənilməsi ilə bağlı gərgin fikir mübadiləmiz oldu. Bu məsələdə də yenə ermənilərlə bağlı yeni müqayisələr apara bildik. Əslində bu mövzuda konkret kimisə hədəf seçməmişdik. Sadəcə fəlsəfi-elmi müzakirələrin fonunda bu cür məsələlərin necə göründüyü barədə fikir və düşüncələrimizi paylaşdıq. Bu da çox maraqlı və qeyd edərdim ki, çox effektli oldu. Zənnimcə, bu məqamları paylaşmağımız uğurlu alındı. Bu istiqamətdə də fəaliyyətimizi genişləndirmək qərarına gəldik. Bu baxımdan Belarus, Polşa və Moldova ilə sazişlərimizin imzalanması gözlənilir. Daha doğrusu, bu məsələ hazırda müzakirə edilir”.

Bəs alimlərimizin daha çox postsovet və postsosialist ölkələri ilə elmi əməkdaşlıq etmələrinin səbəbləri nədir? Bununla bağlı danışan alim bildirdi ki, əslində elmdə təkcə postsovet ölkələri ilə əməkdaşlığa üstünlük vermək tendensiyası yoxdur: “Amma vəziyyət elədir ki, postsovet məkanının öyrənilməsində postsovet ölkələrinin alimləri ilə sıx əməkdaşlıq çox vacibdir. Çünki bizim cəmiyyətlərimiz oxşar problemlərlə üzləşiblər. Tarixlərimiz də müəyyən müddətdə bir-biri ilə bağlı olub. Ona görə də birgə dialoq əsasında üzləşilən problemləri təhlil etsək və düzgün səmərəli  nəticələr çıxara bilsək, obyektiv və ölkələrimizin inkişafına xidmət edəcək proqnozlar verə bilərik. Eyni zamanda Avropanın, Çinin, Yaponiyanın, dünyanın digər inkişaf etmiş ölkələrinin elmi müəssisələri ilə daim əlaqələrimiz var. İnstitutumuzun əməkdaşları daim bu ölkələrə səfər edirlər və onların konfranslarında mütəmadi iştirak edirlər. Alimlərimizin bu ölkələrin elmi dərgilərində məqalələri çap olunur”. Amma o da qeyd edilməlidir ki, inkişaf etmiş ölkələrlə elm sahəsində əməkdaşlığı daha da gücləndirməyə ciddi ehtiyac var. Çünki bunun nəticəsində Azərbaycan elmi dünyanın daha çox inkişaf etmiş dünya elminə tez inteqrasiya olunacaq. Bununla bağlı olaraq alim də bildirir ki, bu əlaqələri daha da gücləndirmək lazımdır: “Bunun da əsas bir tərəfi maliyyə imkanları ilə bağlıdır”.

Elə isə beynəlxalq elmi əməkdaşlıq sahəsi ilə bağlı olaraq yeni fəaliyyətə başlamış Elmin İnkişafı Fondu tərəfindən maliyyə istiqaməti müəyyən oluna bilərmi? Məlum olduğu kimi, adıçəkilən fond elmi tədqiqatların maliyyələşdirilməsi ilə bağlı mayda maliyyə müsabiqəsi elan edəcək. Məsələ ilə bağlı F.Qurbanov belə düşünür: “Bu məsələ əslində fondun səlahiyyətindədir. Amma alim olaraq deyə bilərəm ki, bu sahəyə də diqqət yetirilməlidir. Mənim bildiyimə görə, elə bu sahəyə uyğun istiqamətin də müsabiqədə əksini tapması nəzərdə tutulub. Fondun icraçı direktoru Elçin müəllim son dərəcə müasir düşünən, ciddi elmi fəaliyyətə obyektiv qiymət verən bir alimdir. Ümid edirəm ki, o, belə məsələlərdə hər şeyi nəzərə alacaq”.

 

 

İlkin AĞAYEV

 

Palitra. -2010. -23 aprel. – S.6.