Məmməd Sadıqov: «Ölkənin bütün ali məktəblərində
Azərbaycanın sosial-iqtisadi, fiziki coğrafiyası tədris
olunmalıdır»
Layihə çərçivəsində
növbəti müsahibimiz AMEA-nın Tarix İnstitutunun Azərbaycan
diasporu şöbəsinin aparıcı elmi işçisi,
coğrafiya elmləri namizədi Məmməd
Sadıqovdur:
- 1969-cu ildə Azərbaycan
Dövlət Universitetinin Geoloji coğrafiya fakültəsinin
iqtisadi coğrafiya bölməsini başa vurduqdan sonra təyinatla
AMEA-nın Coğrafiya İnstitutuna təyinat aldım. Bir
müddət işlədikdən sonra elmə olan həvəsimlə
əlaqədar mən işlədiyim şöbənin
aspiranturasına qəbul olundum. 1970-ci illərdən dünya əhalisi,
qlobal və digər problemlərlə məşğul olmaq məqsədilə
mən də elmi iş kimi Azərbaycanın cənub-şərq
guşəsi sayılan Lənkəran-Astara rayonunda əhalinin
ərazi üzrə tarixi məskunlaşması, yerləşməsi,
onların inkişaf istiqamətləri haqqında elmi işi
başa vurub Leninqrad Dövlət Universitetində müdafiə
etdim. Müdafiədən sonra elmdə müəyyən irəliləyişlərim
oldu və beləliklə, I və II kitabım işıq
üzü gördü, Azərbaycanda əhalinin yerləşməsi,
inkişafı, bu sahədə məqalələrlə elmi
konfranslarda, simpozium və konqreslərdə
çıxış etdim. Sonra mən akademik Həsən Əliyevin
rəhbərliyi altında fəaliyyət göstərən
Azərbaycan Coğrafiya Cəmiyyətinin katibi seçildim. Həmin
müddətdən son 15 ilə qədər orada
çalışmışam və həm xaricdə, həm də
ölkədə elmi məqalələrim işıq
üzü görüb.
Bundan başqa
doğulduğum Borçalı ilə bağlı tarixi,
coğrafi, əhali problemi haqqında əsər yazmaq üzərində
düşünürdüm. Bununla əlaqədar son 35 ildir ki
elmi işlə bağlı Borçalıda yaşayan azərbaycanlıların
həyat və fəaliyyəti, onların inkişafı və
digər aspektləri ilə məşğul oluram. Bunun nəticəsində
800 səhifəlik "Ulu Borçalı" adlı ilk
kitabımı nəşr etdirdim. Həmin kitaba təxminən
25 il həsr etmişəm. Son 13-14 ildə 3 kitab çap
etdirmişəm və bunlardan biri "Borçalı alimləri,
ziyalıları" adlanır ki, təxminən X əsrdən
etibarən dünyaya səpələnmiş Borçalı
alimləri, ziyalıları haqqındadır. İkincisi
"Ömrə ömür calayanlar" adlanır ki, bu,
Borçalı həkimlərinə həsr edilib. Sonuncu kitab
isə "Ümumiləşdirilmiş, vahid, yeganə
Borçalı" adlanır. Çünki tarixdə
Borçalı dağ, aran adı ilə məlumdur ki, mən
bu kitabda tarixi, coğrafi səpgidə və xəritələşdirməklə
onu birləşdirdim. Növbəti beşinci kitabda mən
sovet dövründə böyük nüfuza malik olmuş
Borçalı Pedaqoji Texnikumu və onun məzunları haqda
yazmaq istəyirdim. Həmin təhsil ocağının məzunu
olan ziyalılar, alimlər dünyanın bir çox ölkələrində
fəaliyyət göstərir. Hazırda bu kitab üzərində
işləyirəm.
Bundan başqa AMEA-da
aparıcı elmi işçi kimi çalışıram və
bu sahədə əhali problemlərini, onların coğrafi,
demoqrafik, tarixi məskunlaşma aspektində öyrənirəm.
Bununla yanaşı çalışmışam ki, qonşu
ölkələrdə təşkil olunan elmi konfranslarda
iştirak edim. Bu vaxta qədər 250-dən artıq elmi məqalənin,
50-dən çox elmi-publisistik materialın, 10 elmi və
elmi-publisistik kitabın müəllifiyəm.
- Bir qrup
ziyalılarımız son vaxtlar gənclərin elmə
maragının azaldığını qeyd edirlər. Siz bu
fikirlə razısınızmı?
- Gənclik insan həyatının ən aktiv, fəal dövrüdür. Mən 30 ilə yaxındır ali məktəbdə tədrislə məşğulam və auditoriyalarda gənclərimizin elmə münasibətini görürəm. Bir müddət öncə gənclərimizdə elmə qarşı soyuqluq hiss olunurdu. Lakin məsuliyyətli alim və müəllim kollektivinin məsləhətindən, təlim-tərbiyəsindən sonra tələbələrin çox hissəsi artıq 1940-cı illərdə olan av-hava ilə yaşayıb-yaratmağa cəhd edirlər. Onlarda bir durğunluq yaranmışdı və düşünürdülər ki, oxumaq önəmli deyil, bu gün bazar iqtisadiyyatıdır, bizneslə məşğul olmaq daha faydalıdır. Bir sözlə, zehni az işlədib fiziki yolla maddi gəlir əldə etməyi seçirdilər. Lakin tələbələrimizin artıq çox hissəsi elmə, təhsilə ürəkdən yanaşırlar. Bu gün auditoriyaya daxil olduqda hiss olunur ki, qarşında səni savadlı, bilikli, uzaqgörən tələbə dinləyir. Ona görə də müəllimlərin özləri də həmin tələbələr qarşıında məsuliyyətlərini artırırlar. Müəllimlər istəyirlər ki, kompyuter, internet vasitəsilə dünyada baş verən siyasi-iqtisadi hadisələri, problemləri öyrənsinlər və fəal, aktiv, savadlı tələbələrə çatdırsınlar.
- Bu gun ölkədə coğrafiya elminin tədrisi sizi qane edirmi?
- Son illərdə
coğrafiya elminə qarşı sanki bir ögeylik
özünü büruzə verir. Məsələn, ali
məktəblərə qəbul imtahanlarında abituriyentlər
bir çox ixtisaslarda məhz coğrafiyadan imtahan verirdilər.
Ancaq indi bir çox sahələrdə bu fəndən imtahan
ləğv edilib və çox az sahədə qalıb.
Axı dünyada 4-5 qədim elm sahəsi var ki, bunlar da tarix,
coğrafiya, riyaziyyat, fəlsəfə və tibbdir. Bu hegemon
elm sahələrindən olan coğrafiyanı XXI əsrin
astanasında elmdən uzaqlaşdırmaq nə dərəcə
doğrudur? Hətta bu gün orta məktəb proqramında bu
fənni sıfır səviyyəsinə endiriblər. Mən
istərdim ki, Təhsil Nazirliyi bu məsələyə yenidən
baxsın. Coğrafiyanı qaytarmaq lazımdır, hələ
gec deyil. Adi bir misal göstərsək, görərik ki,
ölkəmizdən başqa bir dövlətə gedən
şəxslər ilk növbədə həmin ölkənin
iqlimi, təbii şəraiti, iqtisadiyyatı, əhalisi ilə
bağlı məlumat əldə etməyə
çalışırlar. Yəni coğrafiya hər zaman
lazımdır və belə bir elmi
sıxışdırıb çıxarmaq olmaz. Bu, bizim elmə
heç də bəhrə vermir.
Ölkənin bütün ali təhsil ocaqlarında fakültələrdən asılı olmayaraq birmənalı şəkildə Azərbaycanın sosial-iqtisadi, fiziki coğrafiyası tədris olunmalıdır. Çünki hər bir Azərbaycan vətəndaşı öz ölkəsinin təbiətini, torpağını, sərvətini, xalqını, adət-ənənələrini yüksək səviyyədə bilməlidir.
- Coğrafiya sahəsində tədris vəsaitlərinin çatışmazlığı ilə problemlərin olduğu vurğulanır. Sizin bu fikrə münasibətiniz necədir?
- Bugünlərdə telekanallardan birində tarix və coğrafiyanın proqramına, tədris vəsaitlərinə xoşagəlməz qiymət verilməsi ilə bağlı fikir səslənib. Yəni təkrarlama, köçürmə gedir, zəifdir. Bu gün yazmaq nə qədər asandırsa, həmin kitabın işıq üzü görməsi bir o qədər çətindir. Bu gün problemli sahələrdən biri kimi məhz bunu göstərmək olar. Kitabların çapı üçün böyük məbləğdə vəsait tələb olunur. Yazılmış əsərlər illərlə qalır və müəllifin yazdığı kitabı vaxtında çap etdirmək, əhali arasında yaymaq böyük problemdir. Eyni zamanda bu gün əhalinin kitaba olan marağı ötən dövrlərə nisbətən çox aşağıdır. Yazılan kitabları anbarlarda, kitabxanalarda kif basır. Ümumiyyətlə, tədris vəsaitləri ilə bağlı nəinki coğrafiya, digər elm sahələrində də çatışmazlıqlar var. Ancaq bununla yanaşı hazırda internet dövrüdür və bütün orta, ali tədris ocaqlarında şagird və tələbələr, hətta ən yaşlı müəllimlərimiz belə ondan istifadə edirlər. Bu, Azərbaycan elmində irəliləyiş deyilmi? Elmdə olan hər bir problemi də alimin üzərinə atmaq düzgün deyil. Yəni valideynlər də tədris kitablarının daha da qüvvətləndirilməsinə ehtiyac olması, müasir problemlərin öz əksini tapması ilə bağlı öz fikirlərini bildirməlidirlər.
Nigar
Palitra. -2010. – 23 aprel. – S.7.