İqtisad elminin strukturu təkmilləşdirilməlidir
Fazil İsmayılov: “Gənc alimlərin doktorantura və
əgər belə demək mümkündürsə,
dissertantura yolu ilə hazırlanmasında bir sıra
çatışmazlıqlar özünü göstərir”
Layihə çərçivəsində
qonağımız Gəncə Dövlət Universitetinin
müəllimi Fazil İsmayıl oğlu İsmayılovdur.
O, 1966-cı il oktyabrın 18-də
anadan olub. 1987-ci ildə həqiqi hərbi xidmətini başa
vurduqdan sonra H.Zərdabi adına Gəncə Dövlət
Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət
Universiteti) qəbul olunub, 1992-ci ildə isə həmin
institutu bitirib. İqtisad elminə olan marağı onu iqtisadi
biliklərə daha mükəmməl yiyələnməyə
və elmi səviyyəsini artırmağa sövq edib. 2009-cu
ildə dissertasiya müdafiə edərək iqtisad elmləri
namizədi, alimlik dərəcəsi alıb.
F.İ.İsmayılov
müasir dövrün ən aktual iqtisadi problemlərinə həsr
edilmiş «Sosial inkişafın milli problemləri», «Yeni
texnologiyaların iqtisadi sahədə dövlətin roluna təsiri»,
«Azərbaycan iqtisadiyyatının yenidən qurulmasında
dövlətimizin əsas iqtisadi funksiyaları», «Dövlətin
iqtisadiyyatı tənzimləmə metodları», «Dövlətin
bizneslə qarşılıqlı münasibətlərinin əsas
formaları», «Dövlətin pul-kredit siyasətinin mahiyyəti
və əsas istiqamətləri», «Dövlətin investisiya
siyasətinin təkmilləşdirilməsi» və sair məqalələrin,
«Azərbaycanda iqtisadiyyatın hərtərəfli inkişaf
etdirilməsinin bəzi məsələləri» adlı
monoqrafıyanın müəllifıdir.
- Azərbaycanın müasir
inkişafında elmi araşdırmalar lazımi səviyyədə
aparıla bilirmi?
- Müasir dövrdə elm
iqtisadi inkişafın əsas amillərindən biridir.
Çünki elm keyfiyyətcə xüsusi iqtisadi
ehtiyatdır. Lakin elmi yeniliklər öz ifadəsini texniki təkmilləşdirmələrdə,
işçilərin peşə hazırlığının
artmasında tapır. Elm ən yeni texnika və mütərəqqi
texnologiyaların meydana gəlməsi, istehsalın miqyasının
genişləndirilməsi, əmək prosesinin yüngülləşdirilməsi,
iqtisadi nemətlərin artırılması və xalqın həyat
səviyyəsinin yüksəldilməsi üçün
yeni-yeni imkanlar açır. Odur ki, sənayecə inkişaf
etmiş ölkələrdə elmi tədqiqatlara xüsusi
diqqət yetirilir, onun maliyyələşdirilməsinə
böyük məbləğdə vəsait ayrılır. Bu
ölkələrin yüksək elmi-texniki potensiala və
ixtisaslı kadrlara malik olmaları da məhz elmin inkişaf
etdirilməsinə xüsusi diqqət yetirmələrinin nəticəsidir.
Bunu faktiki statistik məlumatlar da təsdiq edir. Belə ki, elmi
tədqiqatlar üçün ayrılan vəsaitin ümumi
daxili məhsulda xüsusi çəkisi Yaponiyada təqribən
2,9 faizə, ABŞ-da 2,8 faizə, Almaniyada 2,3 faizə, Fransada
isə 2,2 faizə bərabərdir. Azərbaycanda isə bu rəqəm
çox aşağıdır. Adları çəkilən
ölkələrin ümumi daxili məhsulunun dəyəri ilə
Azərbaycanın ümumi daxili məhsulu arasında dəfələrlə
fərqin olduğunu nəzərə alsaq, bu sahədə vəziyyət
haqqında daha aydın təsəvvür yaranar. Elmi
araşdırmaların aparılması ilə onun həyata
keçirilməsinin maliyyə mənbəyi arasında
birbaşa asılılıq var. Doğrudur, son dövrlərdə
Azərbaycan dövləti tərəfindən yeridilən məqsədyönlü
siyasət nəticəsində AMEA-nın, yaxud da sahə
nazirliklərinin tabeliyində olan elmi-tədqiqat
institutlarında, layihə-konstruktor bürolarında elmi tədqiqatların
aparılması və onların nəticələrinin
istehsalatda tətbiqi sahəsində canlanma hiss olunur. Lakin qeyd
etmək lazımdır ki, ölkəmizin müasir
inkişafında elmi araşdırmaları qənaətbəxş
qiymətləndirmək olmaz. Bununla əlaqədar olaraq Azərbaycan
Respublikası Prezidentinin 4 may 2009-cu il tarixli sərəncamı
ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiya»da fundamental elmlər üzrə
araşdırmaların müasir tələblər səviyyəsinə
çatdırılması qarşıya mühüm vəzifə
kimi qoyulub. Bu vəzifənin öhdəsindən gəlmək
üçün Azərbaycan Respublikası Prezidentinin
müvafiq sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı
üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə
bağlı Dövlət Proqramı», Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun yaradılması mühüm əhəmiyyətə
malikdir. Bir sözlə, elmin, o cümlədən iqtisad elminin
inkişaf etdirilməsi üçün geniş imkanlar
açılıb. İndi söz
iqtisadçılarındır.
- Bir alim kimi müasir
dövrdə iqtisad elminin inkişaf problemlərini necə
görürsünüz və hansı təklifləriniz var?
- Hazırda dünyada
qloballaşma prosesi getdikcə güclənir. Belə bir şəraitdə
iqtisadiyyatımızı bazar münasibətləri əsasında
daha da inkişaf etdirmək lazımdır. Bu isə iqtisad
elminin ən zəruri problemlərinin və prioritet sahələrin
müəyyən olunmasını zəruri edir. Mənə elə
gəlir ki, bu işin öhdəsindən gəlmək
üçün ilk növbədə modernləşdirmə
pinsipləri əsasında bu sahədə metodoloji baza
yaradılmalı, iqtisad elminin strukturu təkmilləşdirilməlidir.
Gənc alimlərin doktorantura və əgər belə demək
mümkündürsə, dissertantura yolu ilə
hazırlanmasında bir sıra çatışmazlıqlar
özünü göstərir. Belə ki, bu məqsəd
üçün ayrılan yerləri bir çox hallarda
heç bir istedadı olmayan, elmə həvəs göstərməyən
savadsız gənclər tutur və dissertasiya müdafiə
edib diplom alan kimi daha çox gəlir gətirən sahələrə,
birinci növbədə biznesə, yaxud da kiminsə vasitəçiliyi
ilə dövlət qulluğuna üz tuturlar. Belə gənclər
həmin sahələrə qaçmaqdansa iqtisadiyyatımızın
bundan sonra da müvəffəqiyyətlə inkişaf etdirilməsi
üçün ortalığa yeni-yeni ideyalar atsalar, daha
yaxşı olar. Başlıca məsələlərdən
biri də dissertasiya işlərinin müasir tələblər
səviyyəsində hazırlanmasıdır. Qlobal maliyyə
böhranı bir daha göstərdi ki, ölkə
iqtisadiyyatının davamlılığının təmin
olunması üçün xammal təmayüllü
iqtisadiyyatdan şaxələnmiş iqtisadiyyata keçid
qaçılmazdır. Bu problem ölkəmizin
iqtisadçı alimlərinin əsas tədqiqat obyektlərindən
biri olmalıdır. Bunu dünya təcrübəsi də əyani
sürətdə sübut edir.
- İqtisad elminin tədrisinin
səviyyəsini yüksəltmək üçün nə
etmək lazımdır?
- Bu olduqca vacib məsələlərdən
biridir. Çünki dünyada gedən qloballaşma həyatın
bütün sahələrində olduğu kimi, iqtisad elmlərinin
tədris olunmasında, onun keyfiyyətinin yüksəldilməsi
və müasir tələblər səviyyəsində
qurulmasında da modernləşdirmənin
aparılmasını zəruri edir. Elmin tədrisinin səviyyəsini
yüksəltmək üçün birinci növbədə
onu tədris edənlərin səviyyəsi yüksək
olmalıdır. Etiraf etmək lazımdır ki, bütün təhsil
ocaqlarında pedaqoji heyətin yaşlanması prosesi gedir. Odur
ki, yaşlı nəsil bunları nəzərə alaraq
sözün əsil mənasında istedadlı gənclərin
qayğısına qalmalı, onlara kömək göstərməlidir.
İstedadlı, elmimiz və təhsilimiz üçün məsuliyyət
daşıyan, dövrün tələblərinə cavab verən
gənclərə üstünlük verilməlidir. Ali məktəblərdə
tələbələrə qarşı diqqətli olmaq,
onların biliyini obyektiv qiymətləndirməyə
çalışmaq, onları azərbaycançılıq
ruhunda tərbiyə etmək lazımdır. İqtisad elmlərinin
tədrisinin yüksəldilməsində müasir
dövrün tələblərinə cavab verən dərslik,
dərs vəsaiti və metodiki vəsaitlərin
yazılması, xarici ölkə ədəbiyyatlarından tərcümələr
edilməsi də çox mühüm rol oynaya bilər. Eyni
bir sahə üzrə bir neçə dərslik və dərs
vəsaitinin yazılması, yəni alternativlik tədrisin
keyfiyyətinə, onun səviyyəsinin yüksəlməsinə
təsir göstərə bilər. Ali məktəblərdə
elmi-nəzəri və elmi-praktik seminarların,
ayrı-ayrı fənlərin tədrisi metodikasının təkmilləşdirilməsi
məsələlərinə həsr edilmiş tədbirlərin
keçirilməsinə diqqət artırılmalıdır.
Mərkəz-region ali məktəbləri arasında
işgüzar münasibətlər
formalaşdırılmalı və bu, mütəmadi xarakter
almalıdır. Bütün bunlar şübhəsiz ki, tədris
sahəsində çalışanların hazırlıq səviyyəsini
yüksəldər, məsuliyyətini artırar, kollektivlərdə
sağlam elmi mühitin formalaşmasına və sanballı əsərlər
yazılmasına kömək etmiş olar. Tədrisin səviyyəsinin
yüksəldilməsində stimullaşdırma tədbirləri
və müəllimlərin təkmilləşdirmə
institutlarına göndərilmələri də müsbət
nəticələr verə bilər.
- Azərbaycanın öz
potensialına uyğun iqtisadi modeli necə olmalıdır?
- Dünyada daha çox tanınan bir sıra milli modellər mövcuddur. Hər bir ölkə dünya iqtisadiyyatına inteqrasiya olunarkən mövcud modellərdən istifadə etməyə çalışır. Lakin qeyd etmək lazımdır ki, yeni bazar iqtisadiyyatı modelini formalaşdırmaq üçün hər hansı bir modeli olduğu kimi götürüb ondan şablon kimi istifadə etmək düzgün deyil. Bunların ən mütərəqqi, qəbul edilməsi mümkün olan cəhətlərindən istifadə edilməsi məqsədəuyğundur. Dünya iqtisadiyyatına inteqrasiya prosesi müxtəlif modellər əsasında mümkündür. Bunlardan biri də istehsal-investisiya modelidir. Azərbaycan Respublikasının dünya təsərrüfatına inteqrasiyası məhz bu modelə əsaslanır. Azərbaycanda iqtisadiyyatın hərtərəfli inkişaf etdirilməsi üçün mövcud olan potensialdan istifadə olunması təbiidir ki, bu, iqtisadiyyatımızın strukturunda mütərəqqi dəyişikliklərə və tarazlı inkişafa gətirib çıxaracaq. Bu labüddür. Lakin hamıya məlumdur ki, hazırda ölkəmizdə ixrac olunan məhsullar xam neft avadanlıqlarıdır. Bunun indiki şəraitdə müsbət cəhətləri ilə yanaşı mənfi cəhətləri də var. Belə ki, ölkə iqtisadiyyatının bir sahə üzrə inkişaf etdirilməsi gələcəkdə mənfi nəticələrə gətirib çıxara bilər. Digər tərəfdən qlobal maliyyə böhranı bir daha göstərir ki, ölkə iqtisadiyyatının inkişafının davamlılığını təmin etmək üçün xammal yönümlü iqtisadiyyatdan şaxələnmiş iqtisadiyyata keçilməsi qaçılmazdır. Bunu dünya təcrübəsi də göstərir.
Anar
Palitra. -2010. – 23 aprel. – S.8.