Elmi prinsiplərə əsaslanan idarəetmə
Tofiq Rəsulov: «Azərbaycan cəmiyyətinin,
bütövlükdə və onun hər bir ayrıca
sferasının transformasiya prosesi elmi ideyalar, müasir idarəçilik
konsepsiyaları əsasında baş verir»
Layihə çərçivəsində
budəfəki qonağımız Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Fəlsəfə və sosial psixologiya
kafedrasının müdiri, Əməkdar müəllim,
professor Tofiq Rəsulovdur. Professor müasir elmi problemlərə
toxunaraq idarəetmədə elmi biliklərin tətbiqi ilə
bağlı fikirlərini bölüşdü:
- İdarəetmədə yeni meyillər,
idarəçilik prinsipləri, siyasi mədəniyyət,
kompromis üsulları, siyasi-ideoloji fəallıq, şəxsi
legitimlik kimi elementlər demokratik idarəetmənin mənəvi
əsaslarının komponentləridir. Bir qayda olaraq demokratik
inkişaf prosesinə qoşulmuş ölkələrdə
sosial-iqtisadi, mədəni inkişafın dinamikasını təmin
edən dövlət idarəçiliyi göstərdiyimiz
xüsusiyyətlərlə bağlıdır. İdarəetmə
sistem yanaşma, struktur-funksional təhlil, sinergetika kimi elmi
prinsiplərə söykənir. Dövlətin idarəetmə
fəaliyyəti, vətəndaş cəmiyyətinin
formalaşmasında tənzimləyici rolu həmin prinsiplərin
ardıcıl surətdə tətbiq olunması ilə
bağlıdır. Azərbaycan cəmiyyətinin,
bütövlükdə və onun hər bir ayrıca
sferasının transformasiya prosesi elmi ideyalar, müasir idarəçilik
konsepsiyaları əsasında baş verir.
XX əsrdə elm sosial prosesləri
idarəetmənin müxtəlif sahələrinə daxil
olmaqla ixtisaslı ekspert qiymətləndirmələrinin və
idarəetmə qərarlarının qəbul
olunmasının əsası kimi
çıxış edir. Hakimiyyət tərəfindən
istifadə olunaraq elm sosial inkişafın bu və ya başqa
yollarının seçilməsinə real təsir etməyə
başlayır. Elmin bu yeni funksiyası bəzən onun sosial
qüvvəyə çevrilməsi kimi qiymətləndirilir.
Bu zaman elmin dünyagörüşü funksiyası və onun
bilavasitə məhsuldar qüvvə olmaq rolu güclənir.
Sosial-humanitar elmlərin predmetinin bütün mürəkkəbliyinə
baxmayaraq onun obyektiv öyrənilməsi və qanunların və
qanunauyğunluqların axtarışına yönəlməsi
elmi yanaşmanın vacib şərtidir. Bu cəhət
sosial-humanitar biliklərin “mütləq spesifikası” tərəfdarları
tərəfindən heç də həmişə nəzərə
alınmır. Onun təbiət elmlərinə qarşı
qoyulması çox vaxt nəzakətlə edilmir.
Sosial-humanitar bilik son dərəcə geniş şərh
edilir, onun tərkibinə fəlsəfi oçerkləri,
publisistikanı, ədəbi tənqidi, bədii ədəbiyyatı
və s. daxil edirlər. Problemin nəzakətli, dəqiq
qoyuluşu isə “sosial-humanitar bilik” və “elmi sosial-humanitar
bilik” anlayışlarını dəqiq fərqləndirməyi
tələb edir. Sosial-humanitar bilik anlayışı elmi tədqiqatın
nəticələrini özündə ehtiva etsə də,
elmi biliyə aid edilmir, çünki o, özgə,
yaradıcılığın elmdənkənar
formalarını da nəzərdə tutur. Elmi sosial-humanitar
bilik anlayışı isə yalnız elmi tədqiqatlar
çərçivəsilə məhdudlaşır,
aydındır ki, onun da öz spesifikası var. Əlbəttə,
bu elmi tədqiqat heç də mədəniyyətin başqa
formalarından təcrid olunmayıb, onlarla
qarşılıqlı təsirdədir. Lakin bu heç də
elmi insan yaradıcılığının başqa, hətta
onunla yaxından təmasda olan formaları ilə eyniləşdirməyə
əsas vermir.
- Bunu müqayisədə necə
göstərmək olar?
- Cəmiyyət və insan
haqqında elmləri təbiət haqqında elmlərlə
müqayisə etsək, onda onların idrakı
üsullarında həm ümumi, həm də spesifik məzmunun
olduğunu etiraf etməliyik. Bir elm sahəsində inkişaf
etdirilmiş metodoloji sxemlər başqa bir sahədəki
idrakın quruluşunun və dinamikasının əlamətlərini
qavraya bilər, onda metodologiya
özünün konsepsiyalarını elmi idrakın hər
hansı bir sferasında edildiyi kimi, o cümlədən
sosial-humanitar elmlərdə də inkişaf etdirir. Metodologiya
idrakın bir sferasında işlənilib hazırlanmış modelləri
başqa sferaya keçirə bilər və sonra onları yeni
predmetin spesifikasına uyğunlaşdıraraq korreksiya edə
bilər. Bu zaman nəzərə almaq lazımdır ki, elmin fəlsəfi-metodoloji
təhlili onun təbiətşünaslığa, yaxud
sosial-humanitar elmlərə yönəldilməsindən
asılı olmayaraq sosial-tarixi idrak sferasına mənsubdur. Hətta
filosof və metodoloq təbiətşünaslığın
xüsusi mətnləri üzərində işləyəndə
onların tədqiqat predmeti fiziki sahələr, elementar hissəciklər,
orqanizmlərin inkişaf prosesləri olmayıb, məhz elmi
bilikdir, onun dinamikası, tədqiqat fəaliyyətinin tarixi
inkişafda götürülmüş metodlarıdır.
Aydındır ki, elmi bilik və onun dinamikası təbii
deyil, sosial prosesdir, insan mədəniyyətinin fenomenidir, ona
görə də elmin öyrənilməsi ruh haqqında elmlərin xüsusi növüdür.
İkincisi, nəzərə
almaq vacibdir ki, təbiət haqqında elmlər və ruh
haqqında elmlər arasında sərt sərhəd çəkməyin
XIX əsr elmi üçün öz əsasları var idi,
lakin XX əsrin axırıncı qərinəsinə tətbiqən
bu əsaslar öz qüvvəsini
itirir. Bizim zəmanəmizdə mövcud olan təbiətşünaslıqda
mürəkkəb, inkişaf etməkdə olan sistemlərin tədqiq
olunması getdikcə daha çox rol oynamağa
başlayır. Bu tədqiqatlar “sinergetik səciyyələrə”
malikdirlər və insanı, onun fəaliyyətini öz
komponentləri kimi ehtiva edirlər. Bu cür obyektlərin tədqiq
olunma metodologiyası təbii elmi və humanitar idrakı
bir-birinə yaxınlaşdırmaqla onlar arasındakı kəskin
hədləri aradan qaldırır.
Tədqiq olunan sistemin konkret
məzmunundan asılı olmayaraq sinergetika fənlərarası
tədqiqat paradiqması kimi özünütəşkilin
yaranması üçün sistemin zəruri olan ən
ümumi xassələrini və
prinsiplərini ayırıb göstərir. Özünütəşkil
paradiqmasının təbiətşünaslıq və
humanitar elmlərə tətbiqi genişləndikcə bir
sıra dünyagörüşü problemləri irəli
sürür. Onlardan biri dünyanın müasir elmi mənzərəsində
özünütəşkilin yerini və rolunu müəyyənləşdirməyə
və dünyanın qlobal təkamülü prosesinin mexanizmlərini
açmağa aiddir.
Elm çoxfunksiyalı sosial
hadisədir. O, hər şeydən əvvəl mədəniyyətin
bir sahəsidir, dünyanı dərk etmək üsuludur,
xüsusi təsisatdır. Bu anlayışa ali məktəblər,
elmi cəmiyyətlər, akademiyalar, laboratoriyalar, jurnallar və
s. daxildir.
- Ümumiyyətlə, elm
digər sahələrdən əsasən nə ilə fərqlənir?
- Elm mədəniyyətin və
ruhi istehsalın başqa sahələrindən fərqlənir.
Elmi incəsənətdən, texnikadan, ideologiyadan, fəlsəfədən,
dindən və başqa mədəniyyət formalarından fərqləndirən
əlamətləri nəzərə çatdırmaq
üçün aşağıdakıları göstərmək
olar: elm incəsənətdən nəzəriyyə səviyyəsinə
yüksəldilmiş rasionallığı ilə, texnikadan
dünya haqqında biliklərdən onun dəyişdirilməsi
üçün deyil, onun dərk
olunması üçün istifadə olunması ilə fərqlənir.
İdeologiya ilə müqayisədə elmi həqiqətlər
ümumi əhəmiyyətlidirlər və cəmiyyətin
müəyyən sosial qruplarının mənafelərindən
asılı deyillər, fəlsəfədən elmi fərqləndirən
odur ki, elmin çıxartdığı nəticələr
empirik yoxlanıla bilir və “nə üçün?”
sualına deyil, “necə?”, “nə cür?” sualına cavab verir.
Elm dindən onunla fərqlənir ki, burada inamdan çox zəka
və hissi reallığa söykənmək böyük əhəmiyyətə
malikdir. Mifologiyadan fərqli olaraq elm dünyanı
bütövlükdə izah etməyə
çalışmır, təbiətin empirik
yoxlanılması mümkün olan inkişaf qanunlarını formula etməyə
yönəlib. Elmin mistikadan fərqi bundan ibarətdir ki, o, tədqiqat
obyektini anlamağa və onu yenidən yaratmağa
çalışır. Elm adi şüurdan gerçəkliyi
nəzəri cəhətdən mənimsəməsi ilə fərqlənir.
Müasir insan geniş biliklərə və müxtəlif vərdişlərə
malikdir. İndi hər bir insana yaxşı məlumdur ki,
biliklər, xüsusilə də elmi biliklər fəaliyyətin,
o cümlədən istehsal və idarəetmə fəaliyyətinin
hərəkətverici qüvvəsidir. Bu gün elmi prinsiplərə,
elmin nailiyyətlərinə istinad etmədən, onlardan bəhrələnmədən
ictimai həyatın ümumi sferalarının uğurlu
inkişafından söhbət gedə bilməz. Son
yüzilliklərdə elmi fəaliyyətin miqyası çox
dəfələrlə artıb. Bəşəriyyət tərəfindən
bütün vaxtlarda edilmiş ixtira və kəşflərin
90 %-i XX əsrin payına düşür. Dünya elmi
informasiyası hər 10-15 ildə iki dəfə artıb.
Bugünkü elm bir çox parametrlərinə görə əvvəlki
əsrlərdəki elmdən fərqlənir. XIX əsrin
80-90-cı illərində formalaşması tamamlanan elmi bilik
tipini “klassik” elm adlandırırlar. Onun fizika, mexanika, kimya,
biologiya kimi sahələrində böyük elmi bilik
toplanmışdı. Lakin bu zaman fizikada gözlənilmədən
“böhran” deyilən hadisə baş verdi. İndi o hadisədən
100 ildən artıq vaxt keçdikdən sonra “böhran” hadisəsini
elmin öz klassik fazasından post-klassik fazasına keçmək
kimi qiymətləndirmək olar. Hazırda isə post
qeyri-klassik faza yaşanmaqdadır.
Dövrdən-dövrə cəmiyyət
həyatında elmin funksiyaları da, onun mədəniyyətdə
yeri və mədəniyyətin başqa formaları ilə
qarşılıqlı təsiri də dəyişilir.
Dünyagörüşü funksiyası qazanaraq elm sosial həyatın digər
sferalarına, o cümlədən insanların adi şüuruna
da getdikcə daha fəal təsir etməyə başlayır.
Dünya haqqında öz təsəvvürlərinə yenidən
baxarkən elm əvvəlki fundamental nəzəriyyələri
bir kənara atmır, yalnız onların tətbiq olunması
hüdudlarını müəyyən edir. Hətta
dünyanın əvvəlki mənzərəsində tamamilə
yanlış mənzərə ortaya çıxaranda da elm bu
mənzərədə empirik və nəzəri biliyin
artmasını təmin edən rasional elementləri
aydınlaşdırır. Elmi biliklərin mənimsənilməsinin
əsası olan təhsilin əhəmiyyəti, dəyəri
hamı tərəfindən qavranılır.
Elmin əksinə olan
konsepsiyalar elmlə qonşu olan adi şüurdan, magiyadan və
dini təcrübədəki təsəvvürləri elm
sferasına köçürmək nəticəsində
yaranır və elm adı ilə maskalanır. Bu maskalanma,
dini-mifoloji təcrübənin indi elmi terminologiyalarla ifadə
olunması və elmi biliyin forması kimi qələmə
verilməsi ənənəvi cəmiyyətləri əvəz
etmiş texnogen sivilizasiya mədəniyyətində elmin
yüksək statusu ilə izah olunur. Belə ki, elm müasir cəmiyyətin
insanlarında dünyagörüşünün
formalaşmasında fəal rol oynayır, onun normativ strukturları,
sübut üsulları və bilikləri fəaliyyətin ən
müxtəlif sahələrində qərar qəbul
olunmasının əsası kimi çıxış edir.
Elmi rasionallığın üstün dəyərliliyi mədəniyyətin
digər sferalarına təsir göstərməyə
başlayır. Din və mif çox hallarda elmin təsiri
altında modernləşir. Və bu halda onlarla elm arasında
paraelmi konsepsiyalar yaranır ki, bunlar da elmdə özlərinə
yer tutmağa cəhd göstərir. Elmin öz daxilində də
elmə əks konsepsiyalar meydana çıxır. Elə olur
ki, bir çox alimlər heç bir əsası olmadan
dünyanın elmi mənzərəsini radikal surətdə dəyişdirdiklərini
iddia edirlər. Bu zaman hətta elə olur ki, onlar hakimiyyətə
müraciət edirlər, KİV-lə ictimai rəyə təsir
göstərməklə öz “kəşflərini” müdafiə
etməyə çalışırlar. Elmlə “psevdoelm”in
nisbəti problemini kəskinləşdirən səbəblər
sırasında iki qrup səbəbləri göstərmək
olar: bunlardan biri sosial səciyyəli səbəblərdir, yəni
indiki post-sənaye inkişaf şəraitində mədəniyyətlərin
dialoqu prosesində və elmin statusunda dəyişikliklərlə
əlaqədar olaraq yeni dəyərlər axtarışı
ilə bağlıdır.
İkinci qrup səbəblər isə elmin öz daxili
inkişafı ilə bağlıdır, yəni getdikcə
daha çox differensiallaşan elmi biliyin inteqrasiya olunması
proseslərinin gecikməsi ilə əlaqədardır.
Müasir dövrdə XX əsrin
III qərinəsindən başlayaraq dünyanın vahid elmi mənzərəsi
formalaşmağa başladı. Elmi biliklərin sintezinin
müasir meyilləri müəyyənləşdi. Bunlar
özündə sistem və təkamül ideyalarını
vahid bir tam halında birləşdirən universalizm təkamül
prinsipləri əsasında dünyanın ümumelmi mənzərəsini
qurmağa cəhd etməkdə öz ifadəsini tapır.
Anar Miriyev
Palitra. – 2010. – 27 aprel. – S.6.