BSU-nun prorektoru, filologiya elmləri doktoru, professor Asif Hacıyev: “Elmlə məşğul olan insanlar elm qarşısında, dövlət, xalq qarşısında məsuliyyətli olmalıdırlar”

 

Azərbaycan elminin problemləri və bu problemlərin öhdəsindən gəlməyin yolları mövzusu ilə əlaqədar həmsöhbətimiz Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Asif Hacıyevdir. 

- Elmin inkişafı ilə bağlı Azərbaycan dövlətinin yeritdiyi siyasəti necə qiymətləndirirsiniz? Xüsusilə də Prezident yanında Elmin İnkişafı Fondunun yaradılması elmimizə nə verəcək?

- Azərbaycanda elm sahəsində aparılan dövlət siyasəti, elmin inkişafı istiqamətində görülən işlər təkcə Elmin İnkişafı Fondunun yaradılması ilə bağlı deyil, ondan əvvəl də aparılıb və bu istiqamətdə xeyli işlər görülüb. Azərbaycanda elm və təhsil ümumiyyətlə kompleks şəkildə götürülür. Qeyd edim ki, hələ 2000-ci ilin astanasında ümummilli lider Heydər Əliyevin yeni minilliklə bağlı müraciəti olmuşdu. Bu böyük bir tarixi sənəd idi. Həmin sənəddə keçmişə yekun vurulurdu və Azərbaycan elminin, təhsilinin qarşısında konkret vəzifələr qoyulurdu. Son dövrlərdə cənab Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan elminə demək olar ki, gündəlik qayğı hiss edilir və nailiyyətlər göz önündədir. Yəni bu qayğı və xüsusilə də Elmin İnkişafı Fondunun yaradılması təkcə maddı tərəfdən deyil, həm də mənəvi tərəfdən görülən böyük bir işdir.

Digər bir cəhət isə elm sahəsinin gündəlik diqqətdə olması və müvafiq nazirliklərə tapşırıqların verilməsi, bir çox yeni layihələrin gerçəkləşməsi, o cümlədən müasir dövrdə gərəkli olan müxtəlif portalların, yəni informasiya resurslarının yaradılmasıdır. Bundan başqa bədii və elmi ədəbiyyatın latın qrafikası ilə nəşr etdirilməsi özü də böyük bir işdir və birbaşa elm və təhsillə bağlıdır. Gördüyümüz kimi, az bir müddət ərzində böyük bir iş görüldü. Çox qısa bir müddətdə elmi əsərlər çapa hazırlandı. Bunun özü elə böyük bir vəsait, enerji sərfi və həm də elmi nailiyyətdir.

Son dövrlərdə elm və təhsilə dövlətin diqqətini mən iki cür qiymətləndirərdim. Birincisi, nailiyyətlərin stimullaşdırılması, ikincisi isə nöqsanların aradan qaldırılması. Bilirsiniz ki, hörmətli akademik Ramiz Mehdiyevin bu yaxınlarda dərc olunmuş məqalələri elm-təhsil dairələrində böyük bir maraq və minnətdarlıqla qarşılandı. Çünki məqalədəki faktlar dövlət qurumlarının narahatlığını ifadə edir. Hesab edirəm ki, bunlar özü vaxtında atılmış addımlardır. Təhsildə həm orta məktəblərə, həm ali məktəblərə, həm də elm müəssisələrinə diqqət aşkar hiss olunur. Orta məktəblərin təmiri, yenilərinin tikilməsi, onların elektronlaşdırılması, kompyuterləşdirilməsi, məktəblərin bazasının möhkəmləndirilməsi və yeni proqramlarla təchizi, o cümlədən ali məktəblərin bazasının gücləndirilməsi - bütün bunlar elmə xidmət edən addımlardır.

 Bugünkü Azərbaycanda Qarabağ problemi, ordu quruculuğu ilə bağlı işlərlə yanaşı elmə, təhsilə böyük diqqətin göstərilməsi tədrislə məşğul olan bir vətəndaş kimi məndə də müsbət hisslər, razılıq yaradır. Təbii ki, elm-təhsil işçiləri də öz fəaliyyətini müasir tələblərə uyğun qurmalıdır.

- Sizcə, elmimizin aktual problemlərinə, xüsusilə də keyfiyyətsiz dissertasiyaların qəbulu məsələlərinə necə son qoymaq olar?

- Dissertasiya işləri ilə bağlı problemlər təkcə Azərbaycanda mövcud deyil. Son dövrlərdə bilirsiniz ki, keçmiş sovet dövlətinin tərkibində olan ölkələr keçid problemlərini yaşayır. Ezamiyyətlərdə olarkən bir çox ölkələrin ən nüfuzlu universitetlərində belə dəhlizlərdə müxtəlif xarakterli elanlara rast gəlinir. O elanlarda yazılır ki, kimlərsə müəyyən kurs işi, diplom işi, dissertasiya işlərini sifarışlə yerinə yetirir. Bütün bunlar sözsüz ki, təəssüf doğurur. Yəni demək istəyirəm ki, bu, Rusiyada da var, başqa yerlərdə də var, elə bizdə də var. Bizdə bəzi dissertasiyalar keyfiyyətsiz yazılır, ya da ki plagiata yol verilir. Başqa hallar da olur. Qeyd etmək lazımdır ki, bu halların qarşısının alınmasına yönələn hər bir cəhd təkcə elmi baxımdan yox, həm də şərəf borcumuzdur. Çünki alimin də alim şərəfi və ləyaqəti olmalıdır, alim məsuliyyəti ilə birgə. Bu proses, neqativ hallar ilkin dövrlərdə daha çox baş almışdı. Ona görə ki, elmimizin keçid mərhələsində ənənəvi meyarlar, ənənəvi strukturlar arxada qalmışdı və yenilər formalaşırdı. Keçid mərhələsində isə məlum səbəblərdən, xüsusən müstəqilliyin ilk dövrlərində digər keçmiş sovet respublikaları kimi, bizdə də “beyin axını”, alimlərimizin, müəllimlərimizin xaricə sistemsiz axını izləndi. Lakin indi bu proseslər təbii axarına düşüb, müqavilələr əsasında, sistemli gedir və indi biz əksinə, alimlərimizə Avropa ölkələrində olan tələbatdan qürur duymalıyıq. Eyni zamanda xüsusi dövlət proqramı ilə gənclərimizə xaricdə təhsil imkanlarının yaradılması da milli əhəmiyyət daşıyan mühüm hadisədir. Lakin bununla yanaşı elmə, müəllimliyə təsadüfi insanların gəlməsi cəhdlərı və halları da olur. Və bunun qarşısının alınması yalnız dövlət orqanlarının işi deyil. Yəni bu elə bir məsələ deyil ki, bunun qarşısına sadəcə rəsmi qadağalar qoymaqla məsələ həll olunsun. Elmi-pedaqoji ictimaiyyət özü bununla mübarizə aparmalıdır. Elmlə məşğul olan adamların, elmi mühitin özünün daxili-ictimai məsuliyyəti olmalıdır. Yəni hər bir kəs öz məsuluyyətini anlamalıdır. Elmlə məşğul olan insanlar elm qarşısında, dövlət, xalq qarşısında məsuliyyətli olmalıdırlar.

- Bakı Slavyan Universitetində tədris və təhsillə bağlı hansı proseslər gedir?

- Bakı Slavyan Universitetinin bildiyiniz kimi, bu yaxınlarda onilliyi tamam olur. Yəni BSU 2000-ci ildə ulu öndərin fərmanı ilə Rus Dili və Ədəbiyyatı İnstitutu bazasında yaradılan universitetdir. Bizim universitetə ən böyük qiyməti də ulu öndər Heydər Əliyev verib. Cənab Vladimir Putinə BSU fəxri doktoru diplomunun təqdimatı mərasimində ulu öndərlə kollektivimizin üzvlərinin görüşündə o, universitetin fəaliyyətini yüksək qiymətləndirib. Bu yaxınlarda cənab Prezident İlham Əliyevin universitetimizin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında imzaladığı sərəncamda kollektivimizin əməyinə verilən yüksək qiymət hamımızı yeni uğurlara ruhlandırdı və böyük minnətdarlıq hissiylə qarşılandı.

BSU kimi fəaliyyət göstərdiyi bu 10 il ərzində universitetimizin rektoru, görkəmli alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayevin başçılığı ilə Bakı Slavyan Universitetində böyük islahatlar, quruculuq işləri görülüb. Yəni mən deyərdim ki, əgər əvvəllər bizdə yalnız rus dili ixtisası var idisə, bu birprofilli institutun bazasında bu 10 ildə tamamilə unikal ixtisas sahələri olan, qabaqcıl, dünya səviyyəsində nüfuzu olan müasir universitet yaradıldı. Universitetimiz müxtəlif beynəlxalq və yerli reytinq cədvəllərində qabaqcıl yerləri tutur. Bizim ixtisaslar bütövlükdə regionumuz üçün unikal ixtisaslardır. Yəni ölkəmiz müstəqil ölkədir, dünyaya açılıb və hər sahə üzrə bizdə kadrlar olmalıdır. O cümlədən Şərqi Avropa, slavistika və sair sahələr üzrə. Bakı Slavyan Universiteti təkcə Azərbaycanda deyil, eləcə də keçmış sovet məkanında yeganə universitetdir ki, ixtisaslaşmış şəkildə slavistika üzrə kadr hazırlayır. Yəni bolqar, polyak, çex, ukrayna dilləri və ölkəşünaslığı, rus dili təbii ki və bundan başqa yunanşünaslıq, türkiyəşünaslıq, azərbaycanşünaslıq, həmçinin roman-german filologiyası, jurnalistika, beynəlxalq münasibətlər və digər sahələr üzrə kadr hazırlayırıq. Bu ildən ixtisaslarımız bir qədər də genişlənəcək. Deyə bilərsiniz ki, nəyə görə türkiyəşünaslıq və azərbaycanşünaslıq? Ona görə ki, biz bir çox universitetlərlə əməkdaşlıq edirik. Onlardan slavistika sahəsində bəhrələniriksə, biz də onlara azərbaycanşünaslığı təblığ edirik və tədrisində, öyrənilməsində rol oynayırıq. Artıq Moskvada Linqvistik Universitetində  Azərbaycan mədəniyyət-tədris mərkəzi açılıb. Indi Belarusda hazirlıq işləri gedir, Ukraynada bu işlər gedir. Belə layihələr digər ölkələrdə də reallaşır. Bizim universitetin köməyilə xarici ölkə universitetlərində Azərbaycan dili ixtisas dili kimi tədris edilir. Hesab edirəm ki, bu böyük bir nailiyyətdir. Çünki bu ixtisasa yiyələnən şəxslər xarici ölkələrin vətəndaşlarıdır. Yəni qarşılıqlı şəkildə biz biri-birimizdən bəhrələnirik. Bizdə bir çox ölkələrin tədris-mədəniyyət mərkəzləri, Dissertasiya Şurası fəaliyyət göstərir, müxtəlif jurnallar dərc olunur. Yay məktəbinə bir çox xarici ölkələrin, o cümlədən Almaniya, Fransa, İsveçrə, ABŞ universitetlərinin tələbələri gələrək Azərbaycan dilini, mədəniyyətini öyrənir, onlarla ölkələdən tələbələrimiz var. Bundan əlavə bizim nailiyyətlərimizdən biri də universitetin rektoru prof. Kamal Abdullayevin təşəbbüsü ilə vahid tələbə-şagird konfranslarının keçirilməsidir. Tələbələrlə şagirdlərın birlikdə beynəlxalq konfransları təşkil olunur və ölkəmizdəki digər universitet və məktəblərdən, eləcə də başqa dövlətlərdən də tələbələr və şagirdlər gəlib bizim bu konfranslarda iştirak edirlər. Ən əsası da odur ki, o şagirdlərin də böyük bir hissəsi qaçqın düşərgələrindəki məktəblərdən olan şagirdlərdir. Artıq beş ildir ki, BSU pedaqoji təcrübəni, istehsalat təcrübəsini təkcə Bakının məktəblərində və müəssisələrində deyil, qaçqın məktəblərində, Azərbaycanın müxtəlif regionlarında da keçirir. Məktəblərlə əlaqəni gücləndirmək üçün BSU-nun 190 saylı məktəbdə Ali və orta təhsilin koordinasiyası kafedrası yaradılıb. Beynəlxalq elmi konfranslar da artıq bizdə ənənəvi hal alıb. Müqayisəlı dilçilik və ədəbiyyat, “Kitabi-Dədə Qorqud və Nibelunqlar nəğməsi” kimi bir çox beynəlxalq əhəmiyyətli konfranslar keçirilir. Bu konfranslarda dünyanın hər yerindən - Almaniya, Fransa, Braziliya, Rusiya, ABŞ, Yaponiya, Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrdən alimlər iştirak edir. Bu yaxında biz azərbaycanşünaslıqla bağlı beynəlxalq konfrans keçırəcəyik. Bu konfransa dünyanın bir çox yerindən qonaqlar, alimlər gələcək. Konfrans Azərbaycan mədəniyyətinin, Azərbaycan elminin nailiyyətlərinin, Azərbaycanın müasir gerçəkliklərinin öyrənilməsi və yayılmasında mühüm rol oynayacaq.

Dıgər böyük bir layihə, rəhbəri prof. Kamal Abdullayev olan Tərcümə problemləri laboratoriyasında gerçəkləşən “Filoloqun kitabxanası” proyektidir. Dünya filoloji fikrinin ən qabaqcıl nailiyyətlərini əks etdirən əsərlər orijinaldan tərcümə edilir və Azərbaycan oxucusuna çatdırılır. Sözsüz ki, digər bir mühüm fəaliyyət sahəmiz dövlət səviyyəsində həyata keçirilən 150 cildlik “Dünya Ədəbiyyatı Kitabxanası” seriyasından olan əsərlərin tərtibi, Azərbaycan dilinə tərcümə edilməsi, redaktəsi, yəni mətnin nəşrə hazırlanmasıdır  ki, artiq 30-dan çox əsər nəşr edilib. Başqa bir maraqlı layihə kimi universitetdə Yaradıcılıq fakültəsinin yaradılmasını göstərə bilərəm. Yəni burada kimliyindən və peşəsindən asılı olmayaraq hər bir kəs özünün ədəbi-bədii istedadını inkişaf etdirmək imkanına malik olur. Artıq bir buraxılışımız olub.

 Ümumən Bakı Slavyan Universitetinin tədris, elm, mədəni-ictimai həyatı olduqca zəngin və maraqlıdır. Kollektivimiz dövlətçiliyimizə, milli mədəniyyətimizin, elmimizin inkişafına, gənclərimizin vətəndaş və mütəxəssis kimi yetişməsinə fədakarlıqla xidmət edir. Bu yaxınlarda qeyd edəcəyimiz onillik yubileyə biz zəngin hesabatla yaxınlaşırıq.  

 

 

Əlimərdan Sultanov 

 

Palitra. – 2010. – 27 aprel. – S.7.