Faşizm üzərində qələbədən
65 il keçir
Böyük Qələbənin qazanılmasında
Naxçıvan gənclərinin rolu
1941-ci il
iyunun 22-də faşist Almaniyası SSRİ-yə xaincəsinə
hücum etdi. 1940-cı il dekabrın 18-də təsdiq
edilmiş SSRİ-yə hücum - “Barbarossa planı”
ildırım sürətli müharibə strategiyasına əsaslanırdı.
Məqsəd güclü, qəfil zərbə ilə Sovet
ordusunu darmadağın etmək, qışa qədər
Arxangelsk-Həştərxan xəttinə çıxmaq idi.
Hitler Almaniyasının qəsbkarlıq
planında Azərbaycan, neft Bakısı xüsusi yer tuturdu.
Sovet xalqı “Hər şey
cəbhə üçün, hər şey qələbə
üçün” şüarı altında alman faşizminə
qarşı müharibəyə qalxdı.
Sovet İttifaqının
Böyük Vətən müharibəsi illərində
alman-faşist işğalçılarına qarşı
mübarizədə Azərbaycan xalqı, o cümlədən
Muxtar Respublika zəhmətkeşləri də son qələbəyə
qədər fəal iştirak etdilər. Onlar cəbhədə
və arxada şücaət və igidliklər göstərərək
düşmən üzərində qələbənin sürətləndirilməsinə
öz töhfələrini verdilər. Ümummilli lider Heydər
Əliyev deyib: “İkinci Dünya müharibəsi əvvəlki
müharibələrdən fərqli olaraq süvari və
piyadaların deyil, ilk növbədə motorların,
tankların, qırıcı və bombardmançı təyyarələrin,
digər döyüş maşınlarının müharibəsi
olmuşdur. Neft və neft məhsulları olmayan hərbçilər
bu texnikanı hərəkətə gətirib düşmən
üzərində qələbəni təmin edə bilməzdilər.
Müharibə illərində Azərbaycan neftçiləri
bütün çətinliklərə baxmayaraq silahlı
qüvvələri kifayət qədər yanacaqla təmin edə
bilmişdilər... O dövrdə Sovet İttifaqında hasil
edilən neftin 70%-dən çoxu respublikamızın
payına düşmüşdür”.
Müharibə Azərbaycan gənclərini
də sınağa çəkdi. Naxçıvan MSSR-in
minlərlə oğlan və qızı Vətənin
çağırışı ilə ölkənin müdafiəsinə
qalxdı. Sovet İttifaqı qəhrəmanları Qəzənfər
Əkbərov, Abbas Quliyev, Nəcəfqulu Rəfiyev, Vətən
müharibəsi qəhrəmanları
Akim Abbasov, Allahverdi Kərimov, Əli Hüseynov, Bəxtiyar Kərimov,
“Şöhrət Ordeni”nin bütün dərəcələrinə
layiq görülmüş Rəhim Rəhimov, şair
İslam Səfərli, Yaqub Zalov, Əjdər Hacıyev, Mehdi
Bağırov, Nemət Kərimov, Lora Abdullayeva, Firuş Məmmədova,
Zərifə Camalbəyova, partizan Əli Babayev, Buhenvaldın əfsanəvi
qəhrəmanı Əkbər Ağayev və yüzlərlə
başqaları düşmənə qarşı
döyüşlərdə mərdlik, igidlik və qəhrəmanlıq
göstəriblər.
Müharibənin ilk günlərində
ölkənin hər yerində saysız-hesabsız mitinqlər
və yığıncaqlar keçirilirdi. Zəhmətkeşlər,
o cümlədən gənclər yığıncaqlardan sonra
dəstə-dəstə hərbi komissarlıqlara müraciət
edirdilər. 22 iyul 1941-ci il məlumatına görə,
Naxçıvan MSSR-dən 1127 nəfər kommunist, 2156 nəfər
komsomolçu, 3208 nəfər bitərəf
könüllü olaraq hərbi komissarlığa gedərək
cəbhəyə yola düşüb.
Muxtar Respublikamızın fəhlələri,
kəndliləri, ziyalıları və gəncləri
düşməni məhv etmək üçün şəhər
və kəndlərdə Xalq Qoşunu dəstələrinə
yazılır, qırıcı batalyonlar təşkil edir,
müəssisələrdə, idarələrdə və evlərdə
özünümüdafiə dəstələri
yaradırdılar. 22 iyul 1941-ci il tarixinə olan məlumata
görə, Muxtar Respublika üzrə 10495 nəfər Xalq
Qoşunu sıralarına yazılıb. Bunlardan 7287 nəfəri
kişilər, gənclər,
3208 nəfəri qadınlar olub.
Azərbaycanın hər yerində
olduğu kimi, Naxçıvan diyarında da arxa cəbhə
öz işini müharibə ahəngində qurdu. Hər
şeyi cəbhədə qələbəni təmin etmək
üçün uyğunlaşdırdı. Müharibədən
bir neçə gün keçəndən sonra Azərbaycan
KP Naxçıvan Rayon Komitəsinin (indiki Babək - H.C.)
Naxçıvan şəhəri və Naxçıvan rayonu
üzrə kütləvi müdafiə işləri üzrə
məlumat məktubunda deyilir ki, 14 iyul 1941-ci ilədək 15 nəfər
qadın traktorçu olmaq arzularını bildirib, 30 nəfər
qadın MTS nəzdindəki traktorçu kursunda oxuyur. SSRİ
XKS-nin 3 iyul 1941-ci il tarixli qərarından sonra
Naxçıvan şəhəri və Naxçıvan
rayonunda kimyəvi hücumdan müdafiəyə
hazırlıq üçün təşkil edilmiş 185 dərnəyə
6212 nəfər şəhər və kənd əhalisi cəlb
olunub. Müəssisə və evlərdə 1134 nəfərin
cəlb edildiyi 31 özünümüdafiə qrupu
yaradılıb. 585 hərbi qulluqçu ailəsinə ayda
54.950 manat yardım edilib, 5264 nəfər xalq
intiqamçıları sırasına daxil olmaq
üçün ərizə verib, 72 nəfəri
hazırlayan sanitar kursu təşkil edilib.
Döyüşçü ordunun Qərb və Cənub-qərb
cəbhəsinə 700 hədiyyə toplanaraq göndərilib.
Müharibə xalqın bütün
maddi və mənəvi qüvvələrini ciddi
sınağa çəkmişdi. Əhalinin
böyük əksəriyyəti bütün fəaliyyətini
cəbhənin mənafeyinə, düşmənin tezliklə
darmadağın olunması vəzifəsinə tabe edərək
müharibənin ilk günlərindən yüksək vətəndaşlıq
mövqeyi nümayiş etdirir, ümumxalq vətənpərvərlik
təşəbbüsü göstərirdi.
1941-ci ilin payızı və
qışında bütün ölkədə
döyüşçü üçün isti paltar, geyimlər,
ərzaq vəsaiti toplanması, hədiyyələrin göndərilməsi,
müəssisə və tarlalarda işləyib əməkgünü
qazanmaq hərəkatına başlandı. Azərbaycanın
hər yerində olduğu kimi, muxtar respublikanın da şəhər
və kəndlərində zəhmətkeşlər və gənclər
bu hərəkata qoşuldu.
1941-ci ildə Azərbaycan
K(b)P və Naxçıvan Vilayət Komitəsinin birgə
çağırışı nəticəsində muxtar
respublika zəhmətkeşlərinin gənclərin fəal
iştirakı ilə müdafiə fonduna verdiyi vəsait xeyli
artdı. Belə ki, 20 noyabr 1941-ci ilədək olan
dövrdə Naxçıvan rayonundan müdafiə fonduna 559
min manat pul, 1.046 min manat istiqraz, 1 kq 099 qr 488 mq qızıl, 1
kq 447 qr gümüş, Ordubad rayonundan 2 kq 375 qr, Culfa
rayonundan isə müdafiə fonduna 2 kq 536 qr gümüş,
xeyli pul və istiqraz verilib. Ümumiyyətlə, təkcə
müharibənin ilk 6 ayı ərzində muxtar respublika
üzrə müdafiə fonduna 2.251 min manat pul, 4.738 min
manatlıq istiqraz, 1 kq 219 qr 580 mq qızıl, 6 kq 388 qr
gümüş, 66.438 kq taxıl, 64.318 kq ət, 888 kq yağ,
2155 kq yun, 7178 kq üzüm, 3894 kq tərəvəz verilib.
1941-ci ildə
Naxçıvan MSSR zəhmətkeşləri gənclərin
iştirakı ilə tank və təyyarə yaratmaq fonduna 8,1
milyon manat nağd pul veriblər.Naxçıvan MSSR-in Hərbi
Komissarlığı və Naxçıvan Rayon Hərbi
Komissarlığının işçiləri
döyüşçülərin isti paltarla təmin edilməsində
böyük fədakarlıq göstəriblər. Onlar
döyüşçülərə və müdafiə
fonduna 8 milyon 166 min manatlıq istiqraz vərəqəsi, 100
min manat pul, 3 cüt çəkmə, 3 cüt corab və s. hədiyyələr
veriblər.
Naxçıvan MSSR-in hərbi
komissarı, mayor Qocayev 500 manatlıq istiqraz vərəqəsi,
100 min manat pul, yun corab, siyasi rəhbər Qafarov bir
sırıxlı, 100 manatlıq istiqraz vərəqəsi, ilk
partiya təşkilatının katibi M.Əsgərov 895
manatlıq istiqraz vərəqəsi, 150 manat pul, 2 cüt yun
corab və s. veriblər.
Müharibə dövründə
arxa cəbhənin ön cəbhəyə köməkliyindən
söhbət edərkən bunu göstərmək kifayətdir
ki, Naxçıvan rayon partiya, komsomol, sovet təşkilatları,
həmkarlar ittifaqları və ictimai təşkilatların
köməkliyi, kənd zəhmətkeşlərinin təşəbbüsü
ilə 1941-ci ilin iyul ayından 1943-cü ilin noyabr ayına qədər
müdafiə fonduna 4 kq qızıl-gümüş, 362.690
manat nəqd pul, 1.200.055 manat istiqraz vərəqəsi, 172,6
ton qara metal, 7 ton rəngli metal, 600 sentner taxıl, tank
koloniyasının inşası üçün 28.800.203 manat
nəqd pul, gənc pionerlər adına təyyarələrin
hazırlanması üçün 329.000 manat pul toplanıb. Həmçinin
müdafiə fonduna yardımı daha da genişləndirərək
rayonun Yarımca kəndindəki kolxozun kolxozçuları və
gəncləri döyüşçülər
üçün 150 dəri, 100 kq dəmir
qırıntısı, 80 kq mis, 10 cüt yun corab, 5 cüt yun
əlcək, 3000 manatlıq istiqraz vərəqəsi, 300 manat
nəqd pul və hər kolxozçu üç əməkgünü
dəyərini veriblər.
1942-ci ilin aprelində
SSRİ XKS 10 milyard manat məbləğində dövlət
hərbi istiqrazının buraxılması haqqında qərar
qəbul etdi. Naxçıvan
MSSR-in zəhmətkeşləri bu qərarı yüksək
vətənpərvərlik hissi ilə qarşılayaraq bu
istiqraza muxtar respublika üzrə 2189 nəfər fəhlə,
kolxozçu, qulluqçu və gənc 1 milyon 590 min manat
miqdarında yazılmışdılar.
Bununla yanaşı
döyüşçülərə sovqat göndərilməsi
hərəkatı da artdı. 1942-ci ilin ilk 3 ayı ərzində
Cəhri kəndinin kolxozçuları Qərb cəbhəsində
vuruşan döyüşçülərimizə 45
bağlama göndərmişdilər. Bu müddətdə
onlar döyüşçülərə və fonda 22.225
manat pul, 18.230 manatlıq istiqraz vərəqəsi, 10,5 ton
taxıl, 477 cüt əlcək
və corab, 100 dəri, 6 isti papaq və çəkmə,
16 kq yun vermişdilər.
Müharibə
qadınların işini daha da ağırlaşdırdı. Belə
ki, 1941-ci ilin yekununda 18.761 hektar sahənin torpağı
şum edilmiş, 501 hektar sahənin məhsulu isə
kombaynlarla biçilmiş, dövlətə 13.075 sentner
taxıl təhvil verilmişdi. Naxçıvan rayonunun zəhmətkeşləri
dövlətə taxıl tədarükü planını
106,5 faiz, Noraşen rayonu (indiki Şərur-H.C.) 100,2 faiz,
Ordubad rayonu isə 100,1 faiz yerinə yetirmişdi.
Müharibə illərində
kənddə sənaye bazası olan MTS-lərin vəzifəsi
daha ağır idi. MTS-lərin maddi-texniki bazası zəifləmişdi.
Müharibənin ilk günlərindən mexanizator kadrlar səfərbər
edilmişdi. 1942-ci ildə təkcə Naxçıvan MTS-də
120 traktorçu əvəzinə 56 traktorçu işləyirdi.
Bütün bu çətinliklərə baxmayaraq muxtar
respublikanın mexanizatorları bu işin öhdəsindən
layiqincə gəldilər. Belə ki, gənclərin birgə
əməyi nəticəsində 1942-ci ilin əvvəlində
yaz tarla işlərinə hazırlıq məqsədilə
117.420 araba yerli kübrə sahələrə
daşınmış, yaz üçün dənli bitkilərin
toxum fondunun ayrılması və təmizlənməsi
planı 14.855 sentner əvəzinə 15.838 sentner ayrılaraq
təmizlənmişdi ki, bu da planın 106 faizini təşkil
edirdi. Respublika üzrə təmirə ehtiyacı olan 623 kotan
əvəzinə 679 kotan, 533 araba əvəzinə 528 araba,
189 kombayn əvəzinə 187 kombayn, 489 dırmıx əvəzinə
491 dırmıx və s. kənd təsərrüfatı alətləri
təmir edilmişdi. Bu işdə Noraşen rayonunun gənc
mexaniki İsmayıl İsmayılov 25 traktor əvəzinə
29 traktor, Nəcəf Bağırov 23 traktor əvəzinə
31 traktor, Naxçıvan MTS-dən komsomolçu Xanməmməd
Babayev 1 traktor əvəzinə 2 traktor təmir edərək
fərqlənib, Ordubad rayonunun 4 komsomolçu
briqadasının köməyilə 525 ton yerli kübrə əkin
sahələrinə daşınıb, Naxçıvan
rayonunda gənclərin qüvvəsi ilə 4 kotan, 4
dırmıx, 2 ədəd sovuruq maşını, 30 ədəd
boyunduruq təmir edilib, Noraşen rayonunun Ərəbyengicə
kəndindəki gənclərin qüvvəsi ilə 400 ton,
Qıvraq kənd komsomolçularının köməyilə
455 ton, Qarabağlar kəndində isə gənclərin
qüvvəsi ilə 300 ton kübrə kolxoz massivlərinə
daşınıb.
1942-ci ilin mart ayında
Noraşen MTS-də keçirilmiş yığıncaqda
çıxış edən komsomolçu qızlardan
Şura Mustafayeva, Ruqiyyə Əliyeva, Mələk Mehdiyeva iki
hektar əvəzinə 4,5 hektar şum edəcəklərinə
söz verərək digər MTS-lərin
traktorçularını da yarışa
çağırdılar. Məhz buna görə də
1942-ci ildə muxtar respublikada əkin sahəsi 3210 hektar
artırılaraq 57.499 hektara çatdırıldı.
Noraşen rayonunun Aralıq kəndindəki kolxozun, Ordubad
rayonunun Dəstə kəndindəki kolxozun əməkçiləri
ümumittifaq sosializm yarışına qoşularaq taxıl,
çəltik, maldarlıq məhsulları istehsalını
artırdılar. Bu dövrdə muxtar respublikanın kənd əməkçiləri
böyük hərbi təsərrüfat əhəmiyyəti
olan gənəgərçək bitkisinin əkilib-becərilməsini
mənimsəmişdilər. Noraşen rayonunun Dərvişlər
və Çərçiboğan kəndlərindəki
kolxozların əməkçiləri gündəlik
yığım normasını 150-200 faiz ödəyirdilər.
1942-ci ilin axırında muxtar respublikanın zəhmətkeşləri
gənclərin iştirakı ilə dövlət fonduna 7310
sentner taxıl, dövlətə 384,5 ton tütün və
53411 kq barama təhvil verdilər.
Ümumiyyətlə, 1943-1944-cü ilin birinci yarısında muxtar respublikada yaz əkini və becərilməsində gənclər kənd əməkçilərinin iştirakı ilə 99.377 metr arx təmizləyib, 56.189 ton peyin və kübrə kolxoz tarlalarına daşınıb, 7.883 hektar torpaq şum edib, 3560 hektar torpaq əkib, 3079 hektar arpa, 2275 hektar sair bitki əkib. Bundan əlavə onların qüvvəsi ilə 1821 hektar gənəgərçək bitkisi əkilib, 1175 hektar sahədə 1-ci alaq işi, 418 hektar sahədə 2-ci alaq işi aparılıb, biçin üçün isə 124 briqada təşkil edilib və 15.106 alət təmir edilib.
Həmzə Cəfərov
Palitra. -2010. – 27 aprel. – S.11.