Bütün vərəqləri
yerində olan daş kitab
Azərbaycan dünyada insan
sivilizasiyasının ən qədim mərkəzlərindən
biri kimi elm aləmində tanınır və bu heç də
təsadüfi deyil. Ölkəmizin ərazisində
tapılmış zəngin tarixi-mədəni abidələr
bunu sübut edir. Azərbaycanda 20-30-cu illərdə arxeoloji
qazıntılara rəhbərlik etmiş görkəmli
arxeoloq alim İvan Meşşaninov hesab edirdi ki, Azərbaycanın
harasında qazıntı aparsan, maddi-mədəni nümunələrə
rast gələrsən.
Qədim daş dövrünə
aid və daşdan düzəldilmiş əmək alətlərinin
tapıldığı Azıx mağarası, Qobustan və Gəmiqayada
aşkar edilmiş qayaüstü rəsmlər və s.
dünyanın ən qədim yaşayış məskənlərindən
birinin ölkəmiz olduğunu sözün həqiqi mənasında
göstərən təkzibedilməz faktlardır. Tarixin
sonrakı mərhələlərində də ölkəmizin
ərazisində dünya mədəniyyətini zənginləşdirən
abidələr yaradılıb. Təəssüflər olsun
ki, bu abidələrin böyük bir qismi Ermənistan ordusu tərəfindən
işğal edilmiş əzəli Azərbaycan torpağı
olan Dağlıq Qarabağda və onun ətrafındakı ərazilərimizdədir.
Dünya ictimaiyyətinin gözündə
işğalçı əməllərinə haqq
qazandırmaq üçün hazırda üzdəniraq erməni
tarixçiləri Azərbaycana məxsus tarixi- mədəni
abidələri öz adlarına çıxırlar. Və
onların bu həyasızlığı Prussiya kralı
İkinci Fridrixin işğalçı mahiyyətli fikirlərini
yada salır. Prussiya kralı məsləhət
görürdü ki, əgər başqa əyalət
xoşunuza gəlirsə və yetərincə qüvvəyə
maliksinizsə, durmadan onu ələ keçirin. Buna nail olduqda
kifayət qədər hüquqşünas taparsınız və
onlar sübut edərlər ki, həmin ərazini ələ
keçirməyə sizin haqqınız çatır. Və
mənə elə gəlir ki, Prussiya kralının sözlərini
ermənilər nəinki özləri üçün həyat
amalı seçiblər, hətta məkrlilikdə ondan xeyli
irəliyə gediblər. Bədnam qonşularımız
aqressiv niyyətlərinə çatmaq üçün təkcə
hüquqşünasları deyil, həm də tarixçiləri,
arxeoloqları, mədəniyyət xadimlərini, bir sözlə,
bütün ziyalıları səfərbər ediblər.
Amma onu da qeyd edim ki,
qonşularımızın saxtakarlıq əməlləri bu
gün başlamayıb. Hələ çar Rusiyası
dövründə “ərköyün” ermənilər Cənubi
Qafqazda digər xalqların tarixinə, mədəniyyətinə,
nəhayət, torpaqlarına sahib çıxmaq
üçün xüsusi canfəşanlıqla fəaliyyətə
keçmişdilər.
Ötən əsrin əvvəllərində
görkəmli gürcü yazıçısı və
ictimai xadimi İlya Çavçavadze “Erməni alimləri və
fəryad edən daşlar” əsərində bədnam qonşuların
gürcü tarixinə və mədəniyyətinə
qarşı təcavüz və həqarətini ürəkağrısı
ilə qələmə almışdı. Erməni
saxtakarlığına toxunan müəllif qeyd edirdi ki, həmin
qrup ermənilər “təkcə faktları təhrif etməklə
kifayətlənmir, onlar başqasının həqiqətini
gizlətməyi az bilir, üstəlik, öz yalanlarından həqiqət
kimi car çəkirlər. Onlar gözəl başa
düşürlər ki, nə qədər haqqında sussan
da, həqiqəti gizlətmək olmur: gec-tez o bəlli olacaq. Əsas
məsələ faktları məhv etməkdir: ya silmək, ya
tarixi yazını abidələrin üzündən
qazımaq, ya da öz xeyrinə dəyişdirməkdir”.
İlya Çavçavadze dəlillər
gətirməklə qeyd edirdi: “Bizə xeyli fakt məlumdur
ki, ermənilər gürcü
məbəd və monastırlarından gürcü mənşəli
izləri silməyə, ya da daşların üzündən
gürcü yazılarını qazımağa, onları tikililərdən
çıxararaq yerinə erməni dilində
yazılmış daşları yerləşdirməyə
çalışmışlar. Bu barədə hətta
rus və gürcü qəzetlərində yazıblar”.
Azərbaycana məxsus maddi-mədəni
abidələrin məhv edilməsi və ya mənimsənilməsi
sovet dövründə ermənilər tərəfindən əslində
dövlət siyasəti səviyyəsinə
qaldırılmışdı. Onlar İlya
Çavçavadzenin qeyd etdiyi əməlləri Azərbaycan
abidələrinin də başına gətiriblər. Müsəlman
abidələrini dağıdaraq məhv edib, indiki Azərbaycanın
ərazisində mövcud olmuş Qafqaz Albaniyasına məxsus
maddi-mədəniyyət nümunələrini isə
gürcü yazıçının qeyd etdiyi tərzdə mənimsəməyə
çalışıblar.
Böyük təəssüf
hissilə qeyd etməyə dəyər ki, Azərbaycan
torpaqlarını işğal etdikdən sonra həmin ərazilərdəki
abidələrin mənimsənilməsinə
yırtıcı iştahası ilə girişiblər.
Hər şeydən öncə
xalqımıza qarşı ərazi iddiaları irəli
sürən bədnam qonşularımız
işğalçılıq niyyətlərinə tarixi
baxımdan həqiqət donu geyindirmək üçün
Dağlıq Qarabağ ərazilərində alban məbədlərini
“bərpa” edib erməni abidələri kimi xaricilərə
nümayiş etdirir, arxeoloji qazıntılar apararaq Ağdam
rayonu ərazisində guya “Tiqranakert” şəhərinin
qalıqlarını axtarırlar və s. Bu zaman üzdəniraq
erməni alimləri gülüş və təəssüf
doğuracaq səviyyədə ifrata varırlar.
"News.am"
saytının verdiyi məlumata görə, erməni
arxeoloqları Azıx mağarasında 1999-cu ildən
qazıntı işləri aparırlar və şübhəsiz
ki, məqsəd ən qədim insan məskənini
özününküləşdirmək, erməniləşdirmək
cəhdidir. Məlum olduğu kimi, Azıx mağarasını
1960-cı illərdə Azərbaycan arxeoloqu Məmmədəli
Hüseynovun rəhbərlik etdiyi ekspedisiya kəşf edib. Görkəmli
arxeoloqumuzun apardığı geniş araşdırmalar nəticəsində
arxeologiya elmində böyük yenilik kimi qəbul olunan 18
yaşlı bir qadına məxsus alt çənə
sümüyü aşkar edilmişdi. Tarixçilərimiz o
zaman belə qənaətə gəlmişdilər ki,
tapıntının ən azı 350-400 min il yaşı var. Mütəxəssislər
Azıxantrop adlandırılan insana məxsus çənə
sümüyünü qədimliyinə görə dünyada
dördüncü tapıntı hesab edirlər. Məmmədəli
Hüseynovun ekspedisiyası mağarada həmçinin 1.5
milyon il əvvələ, yəni Paleolit dövrünə aid
və çox mühüm tarixi əhəmiyyətə malik
olan daş alətlər üzə
çıxarmışdı. Bu isə o demək idi ki, 1.5
milyon il əvvəl Azərbaycan ərazisində insanlar məskunlaşmışdılar.
Şübhəsiz, Azıx mağarasının kəşfi
arxeologiya elminə Azərbaycan tarixçilərinin verdiyi
böyük elmi töhfə oldu və mağara Quruçay ərazisində
yerləşdiyinə görə tədqiqatçılar həmin dövrü "Quruçay mədəniyyəti"
adlandırdılar. Eyni tarixi mərhələni əhatə
etdiyinə görə tarixçilər onu ən qədim
insan məskənlərindən olan Tanzaniyanın Olduvay
düşərgəsilə müqayisə edirlər. O vaxtdan
dünya alimləri bu böyük elmi kəşflə
yaxından tanış olmaq üçün ölkəmizə
gəlməyə başladılar.
Azərbaycan alimlərinin
nailiyyətləri şübhəsiz, həmişə
qısqanclıq nümayiş etdirən erməni alim və
ziyalılarını maraqlandırmaya bilməzdi və onlar
mağara ilə tanış olmaq üçün Yerevandan dəstə-dəstə
Qarabağa gəlirdilər.
Hazırda Azıx
mağarasında “tədqiqat” aparan erməni tarixçiləri
Azərbaycan arxeoloqlarının böyük zəhmətini
yerə vurmaq niyyətilə və əslində alim adına
yaraşmayan bir hərəkət edərək Azıx
mağarasının adını “dəyişib” "Varvan”
mağarası adlandırıblar. Azərbaycana məxsus və
tarix elmimizin nailiyyəti kimi tarixə düşmüş
abidədən adımızı silmək üçün dəridən-qabıqdan
çıxan erməni arxeoloqları görünür,
dünyanın ən qədim xalqı olduqlarını
“sübut” edən sənədləri mağarada üzə
çıxarmaq niyyətindədirlər. Onlar
üçün əsas tarixi gerçəkliklər deyil,
tarixi gerçəklikləri öz istəklərinə
uyğun təqdim etməkdir. İstək isə erməni
alimlərində dinozavr iştahası qədərdir. Hələ
sovet dövründə Azıx mağarası kəşf
edildikdən sonra Qarabağa ermənilərin səfərləri
barədə məzəli və qeyri-ciddi bir hadisə
eşitmişdim. Azıx mağarasının içində
insan abidəsinə oxşayan və yuxarıdan min illərlə
axan damcıların sanki buzla örtdüyü iki metr hündürlüyündə
daş salaktit olub. Şovinist erməni
yazıçısı Sero Xanzadyan həmin təbii “abidəni”
görərkən dərhal erməni qadınına
oxşatmışdı! Ancaq yazıçı olduğuna
görə fantaziyaya meydan verən Xanzadyanı bəlkə də
başa düşmək mümkündür. Sən demə,
erməni yazıçısı bu fikrində tək
deyilmiş və onun hətta müxtəlif elmi titullar
daşıyan tarixçi soydaşları da tam ciddiliklə
belə düşünürmüşlər. Bakı Dövlət
Universiteti Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya
kafedrasının müdiri, Azıx mağarasında tədqiqat
aparmış ekspedisiyanın üzvü, tarix elmləri
doktoru Qüdrət İsmayılzadənin bu yaxınlarda
APA-ya müsahibəsində oxudum ki, ermənilər o zaman
Moskvada çıxan “Priroda” jurnalında tələsik bir məqalə
çap etdirərək “sübut” edirmişlər ki, guya
mağaradakı “buz heykəl” erməni abidəsidir. Onlar
üstəlik “elmi” hipoteza da irəli sürərək
bildiribmişlər ki, qədim haylar mağarada xüsusi
döyüşkən arılar saxlayıblar. Düşmən
gələndə o arıları səbətdə
aşağı diyirlədirmişlər!
Təsəvvür edirsinizmi,
bu üzdəniraq alimlər Qafqazda öz millətlərini nə
qədər qədim hesab edirmişlər! Halbuki digər erməni
alimləri, o cümlədən N.Adons “Brokhaus Yefronun yeni
ensiklopedik lüğəti”ndə ermənilərin 350-400 min
il bundan qabaq yox, eramızdan əvvəl 13-cü əsrdə
balkanlardan Kiçik Asiyaya köçdüklərini
yazırlar. Doğrudan da, qonşularımızın
ağıla və məntiqə sığmayan
fantaziyasının həddi-hüdudu yoxdur. Və belə
alimi-biəməllərin yazdıqlarını ermənilər
böyük həqiqət kimi qəbul etməklə özlərini
sözün əsil mənasında ideallaşdırır, digər
xalqlardan üstün tuturlar. Nəticə isə həm ermənilər,
həm də qonşular üçün həlli
müşkül problemlərə çevrilir.
Ermənilərin nə qədər
ifrata vardığını “Komsomolskaya Pravda” qəzetinin 16
iyun 2009-cu il tarixli sayında dərc edilmiş yazı da
aydın göstərir. Yerevanın tipik məclislərinin
birində araqdan vurmuş bir ermənilə Darya Aslamova
adlı jurnalist mübahisə etməli olur. “O məni tam
ciddiyyətilə inandırmağa
çalışırdı ki, İsa Məsihinin bir tərəfi
ermənidir.
-Necə yəni? Hansı tərəfi?-
mən heyrətləndim - Məlum olduğu kimi, İsanın
anası yəhudidir, atası isə Allah hesab olunur. Belə
çıxır ki, Allah ermənidir?
- Əlbəttə! - erməni qətiyyətlə
cavab verdi”.
Ekspedisiya qrupunun rəhbəri
Levon Yepiskopyan Quruçay ərazisində aparılan
qazıntılarla bağlı jurnalistlərə bildirib ki, hər
il mağarada müxtəlif yeni tapıntılar
aşkarlanır. Həmin eksponatları “dərindən
araşdırılması üçün” beynəlxalq
ekspert mərkəzlərinə göndərməyi də
planlaşdırırlar.
Bəs bu “elmi” araşdırmaların nəticəsi necə olacaq? Azıx mağarasına ilk ekspedisiyanın üzvü, tarix elmləri doktoru Qüdrət İsmayılzadə nikbindir: “Bundan narahat olmaq lazım deyil. Azıx dünya arxeoloji ədəbiyyatında öz yerini tutub. Azıx Azərbaycan torpağıdır. Azıxdan sonra daş dövrünə aid başqa abidələr də tapılıb. Naxçıvanda qazma düşərgələr, Buzeil mağarası, Kəlbəcərdə Zar mağarası... Amma Azıxın ən böyük dəyəri ondadır ki, burada daş dövrünün bütün mərhələləri aşkar olunub. Azıx bütün vərəqləri yerində olan kitabdır”.
Əbülfət Qasımov
Palitra. -2010. – 28 aprel. – S.13.