“Cəmiyyətin çox müxtəlif sahələrinin sistemli inkişafı ilə bağlı layihələr planlaşdırırıq

 

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov: “Azərbaycanın qloballaşma prosesində iştirakı və yerini tədqiq etsək, həm millətimiz və dövlətçiliyimizə, həm də mədəniyyət və dəyərlərimizin özgürlüyünə, müstəqilliyimizə ciddi töhfələr verə bilərik”

Azərbaycan elm və təhsilində sinergetik yanaşmanın praqmatik şəkildə ctətbiq edilməsi elmin qarşısında duran məsələlərdəndir. Məsələnin aktuallığı ölkədə sinergetikanın fəlsəfi problemləri ilə məşğul olan alimlər tərəfindən dilə gətirilməkdədir.    Qeyd edək ki, mövzu ilə bağlı layihə çərçivəsində AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovla müsasibə apardıq. Füzuli müəllimlə söhbətə təhsil prosesində sinergetikanın əksini tapması üçün hansı şərtlərin lazım gəldiyi barədə sual verməklə başladıq:

-  Təhsil prosesində sinergetika öz əksini necə tapmalıdır?

- İki aspektdən bu məsələyə yanaşmaq olar. Birincisi budur ki, Azərbaycanda tədris proqramlarına, konkret olaraq sinergetika ilə bağlı mövzular və mühazirələr salına bilər. Yaxud da bu sahə ilə bağlı ixtisaslaşmış ayrıca fakültə yarana bilər. İkincisi isə sinergetik yanaşmanın müasir təhsilə tətbiqi ilə bağlı ümumi mühazirə kursları təşkil etmək olar. Birinci halda sinergetikanın özü öyrənilir, bunu riyaziyyatçı və fiziklər, həmçinin fəlsəfəçilər deyə bilər. İkinci halda isə sinergetikanın insan təfəkküründə hansı dəyişikliklər etdiyi, nəyi ortaya qoyduğu, sinergetika fəlsəfəsi, mahiyyət və məqsədi, metodologiyası öyrədilməlidir. Burada təhsil sisteminin fəaliyyətini də sinergetik prinsiplər üzərində qurmaq olar. Çox müxtəlif aspektlərdən bu məsələni reallaşdırmağa dəyər.

- Bu məsələdə bizim təhsil üçün praqmatik yanaşma necə xarakterizə edilə bilər?

- Əgər insanların təfəkküründə sinergetika ilə bağlı maariflənmə baş versə, harmoniya və qarşılıqlı əməkdaşlıq prinsipləri əxz edilsə, bu daha çox dərk edilmiş olar. Sinergetika korifeylərinin əsas fikri ondan ibarətdir ki, sinergetika ümumiyyətlə elm adamları arasında əməkdaşlıq yaradır. Müxtəlif elm sahələrinin adamlarının bir yerdə kollektiv çalışması üçün xeyli metodoloji əsas və silah verir. Vasitələr verir. Alimlər arasında əməkdaşlıq güclənir. Elmlərarası inteqrasiya da güclənmiş olur. Eyni zamanda düşüncə tərzi, təfəkkür yenilənir, harmoniklənir. Başa düşülməlidir ki, təkcə siyasətçi olmaqla uğurlu siyasət aparmaq, təkcə alim olmaqla uğurlu elmi fəaliyyət aparmaq olmaz. Alim həm mənəviyyatçı, etik olmalı, həm də müəyyən mənada vətənini, dövlətini düşünməlidir. Çünki sinergetika onu da öyrədir ki, cəmiyyətdə tək bir insan xoşbəxt və ləyaqətli ola bilməz. Bunun üçün bütövlükdə cəmiyyətin özü ləyaqətli olmalıdır. Biz Azərbaycanın tarixini nəzəri və alternativ tarixi modellərlə öyrənə bilərik.  Əgər tariximizdə məsələn, hansısa hadisə olmasaydı, indi biz harada olardıq. Bu kimi məsələləri aydınlaşdırmaq üçün sinergetik modellər bizə imkan verir. Müqayisə aparardıq ki, gələcəkdə belə hallara yol verilməsin...

- Məncə, azərbaycanlılar, ümumiyyətlə şərqlilər çoxdandır ki, müəyyən mənada sinergetikdirlər... Çünki bizdə məsələn, hansısa baytar da cərrahlıqla məşğul olmaq iddiası ilə çıxış edir. Yaxud da filosof eyni zamanda siyasətçi, həm də şair olur. Amma Qərbdə ixtisasların dəqiq differensiallaşması baş verib. Heç kəs sahəsindən kənara çıxmaq istəmir. Bəlkə də Qərbdə bu cür diferensiallaşmanın yaratdığı zərurətdən sinergetika sahəsi formalaşıb. Bu barədə siz necə düşünürsünüz?

- Birincisi, azərbaycanlılar sinergetik deyillər, olsaydılar, vəziyyətimiz bundan xeyli dərəcədə yaxşı olardı... Amma o başqa məsələdir ki, Şərqdə bax bu cür sinergetik yanaşma lap qədimdən var. Bu barədə doğru dediniz. Bizim içimizdə belə yanaşma mövcuddur. Hər şeydə harmoniya axtarmaq, təbiət və insanlarla harmoniyada olmaq və sair. Bunu tənzimləmək üçün azərbaycanlı mentalitetində bir şərqli kimi çox müsbət məqamlar var. Bu barədə güclü potensiyamız var. Amma bu mövzu hələ araşdırılmalıdır, tədqiq edilməlidir. Ona görə də gəlin, indidən bu məsələnin dərinliyinə getməyək...

Avropalılara gəldikdə isə onlar differensiasiyadan sonra necə birləşmək üzərində fikirləşiblərsə və ondan sinergetika yaranıbsa da bu müsbətdir. Yəni onlar ayrı-ayrı differensiyaları parçalayıb ayrılıqda öyrənmək sahəsində xeyli irəli gediblər.

Deməli, artıq geri qayıtmağı və hər şeyə eyni zamanda bütöv baxmağı düşünürlər?

- Elədir. Onlar indi buna görə də sinergetik yanaşma tətbiq edirlər. Fərqli düşünən, fərqli din mənsubuna münasibət necə olmalıdır. Nəticəyə gəlinir ki, yaxşı olmalıdır. Niyə? Çünki dünya bütövdür. Yəni bu cür ayrı-seçkiliklər nisbidir. Bu məsələlərdə dialoq lazımdır. Sivilizasiyalar və dinlərarası dialoq zəruridir. İkinci bir tərəfdən dünya iqtisadiyyatı qloballaşıb. İqtisadiyyat qloballaşırsa, mənəviyyat da qloballaşmalıdır. O cümlədən, elm də ümumi nəzəri-universal metodları tətbiq etməlidir. Sinergetika elmə bu cür yanaşmanı təqdim edir.

- Bəs qloballaşmaya sinergetik yanaşmada milli fərqliliklər və dəyərlərin muxtariyyəti məsələsi necə görünür? Məsələn, Azərbaycan dəyərlərinin bu kontekstdə qorunması, yaşadılması...

- Bu, maraqlı məsələdir. Məsələ bundan ibarətdir ki, qloballaşma prosesinə elmi-fəlsəfi baxımdan müxtəlif yanaşmalar var. Mən o yanaşmanın tərəfdarıyam ki, hazırda qloballaşma adı altında qərbləşmə gedir. Daha doğrusu bunu etməyə cəhdlər göstərilir. Ona görə də dünyanın müxtəlif yerlərində buna qarşı hərəkatlar var - antiqlobalistlər və sair. Milli dövlətçiliyi olan hər bir toplum sinergetik yanaşmaya görə bir avtonomluğa, müstəqilliyə sahib olmalıdır. Yəni onun mədəniyyətini ekspansiya etmək olmaz. Burada sinergetik prinsipin əsas məğzi də budur. Odur ki, o sistem daha davamlı və güclüdür ki, onun hissələri ayrı-ayrılıqda daha müstəqildir, avtonomdur. Birini o birinə qarışdırmaq olmaz. Burada bu hissələrdən birinin o biri üzərində hakimliyini qurmaq barədə düşünmək lazım deyil. Yəni bu yanaşma ilə biz Azərbaycan cəmiyyətini öyrənsək, Azərbaycanın qloballaşma prosesində iştirakı və yerini tədqiq etsək, həm millət, həm dövlətçiliyimizə, həm də mədəniyyət və dəyərlərimizin özgürlüyünə, müstəqilliyimizə ciddi töhfələr verə bilərik.   

- Bu kimi məsələlərlə bağlı müvafiq qurumlara hansısa təkliflər vermisinizmi? Ümumiyyətlə belə təkliflərə ehtiyac varmı?

- Bəli, ehtiyac var. Amma bu cür təkliflərin verilməsi əsaslı olmalıdır. İndi elm aləmində də bir dəb düşüb. Bəziləri deyir: “Mən təklif verdim, amma nəzərə almadılar. Amma bilirsiniz, mən bu işlərə çox ciddi yanaşıram. Hər hansı bir təklifi vermək üçün ən azından təkliflər paketi olmalıdır. Təklif dərindən işlənilməlidir, layihə halına salınmalıdır. Bu təkliflərdə bütün detallar, risklər və sair məqamlar nəzərə alınmalıdır. Bundan sonra isə müzakirələr başlamalıdır. Təklif süzgəcdən keçməli və onun reallaşdırılmaq dərəcəsi, uyğunluğu ortaya çıxarılmalıdır. Ona görə də fikirləşib belə bir Sinergetik Tədqiqatlar Mərkəzi yaratdıq. Sinergetik Tədqiqatlar Mərkəzi artıq qeydiyyatdan keçib. Əsas məqsədimiz yalnız və yalnız elmi proqramlarla cəmiyyətimizdə gedən proseslərə, yeniliklərə kömək etməkdir. Elmi proqram və fəaliyyətdən başqa heç bir fəaliyyəti nəzərdə tutmuruq. Orada bizim diqqət və nəzərimizdə olan məsələlərdən biri də məhz Azərbaycan təhsilinə sinergetik yanaşma və Azərbaycan təhsilində sinergetikanın tədrisi ilə bağlı olan təkliflər paketi olacaq. Hesab edirəm ki, biz sizinlə o təkliflər paketi ərsəyə gələndən sonra bu məsələlər barədə daha dəqiq danışsaq, çox məqsədəuyğun olacaq. İndi isə bu barədə geniş danışmaq qeyri-dəqiqliyə apara bilər.

- May ayında Elmin İnkişafı Fondunun müsabiqə elan edəcəyi gözlənilir. Yəqin ki,  bununla bağlı olaraq müsabiqəyə layihə təklifi verməyi də düşünürsünüz...

- Nəzərdə tutmuşuq ki, Elmin İnkişafı Fondu ilə sıx əməkdaşlıq edək. Çünki o da elmi proqram və layihələrə dəstək verəcək, maliyyə ayıracaq. Çox müxtəlif məsələlərlə bağlı təkliflər hazırlamağı fikirləşirik. Məsələn, Azərbaycanın modernləşməsinin ikinci mərhələsi. Cənab Prezidentin elan etdiyi kimi, Azərbaycanda modernləşmənin yeni mərhələsi başlayır. İkinci mərhələ ilə bağlı elmi layihə və təkliflərimizi təqdim edəcəyik. Müvafiq qurum baxacaq və nə qərar qəbul edəcəksə, artıq bu, onların işidir. Amma biz bu sahədə işləmək əzmindəyik. Azərbaycan gənclərinin təfəkkürünün inkişafı ilə bağlı layihələr verməyi də düşünürük. Cəmiyyətin çox müxtəlif sahələrinin sistemli inkişafı ilə bağlı da layihələr planlaşdırırıq.  Bundan başqa qloballaşma ilə bağlı da xüsusi planlarımız var. Vacib saydığımız sahələrdən biri də təhsildir. Ümumiyyətlə,  fəaliyyətimiz boyu bu kimi məsələlərə toxunacağıq. Bu məsələlərin sosial çəkisini tədricən artırmaq fikrindəyik. 

 

 

İlkin  Ağayev

 

Palitra. -2010. – 30 aprel. – S.6.