Əcdadlarımızdan gələn daş yaddaş

 

Daşın insan nəslinin tam mənada inkişafında, bəşər şüurunun zənginləşməsində, yaradıcı mahiyyət kəsb etməsində çox önəmli rolu danıla bilməz. Daş əslində bu gün də həmin universal funksiyasını yerinə yetirməkdə davam edir. Hazırda  sənayeni, tikinti-infrastruktur quruculuğunu və sair vacib sahələri daşın həlledici rolu olmadan təsəvvür etmək olmaz.

 Eyni zamanda, daşın ən qədim zamanlardan başlayaraq indiyə qədər bəşəriyyətin inkişafı üçün oynadığı tarixi rola nəzər salmağa dəyər. Ən ibtidai dönəmlərdən başlayan bu rolun izləri elə daşın öz üzərində qalmaqla tarixi informasiya rolunu oynayır. Bu informasiyanın əhatə dairəsi isə çox genişdir. Təsadüfi düyil ki, insan sivilizasiyası, məhz daşdan əsas əmək və özünütəsdiq sərvəti kimi istifadə edilməklə Daş dövründən başlayır. Bu barədə bizə fikirlərini bildirən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü şöbəsinin müdiri, tarix elmləri doktoru Əsədulla Cəfərov deyir: “Alimlərin apardığı kompleks tədqiqatlar zamanı məlum olub ki, bəşər tarixində, insanlığın inkişafında, formalaşmasında və onun ayrı-ayrı inkişaf mərhələlərində təbii çay daşlarının mühüm rolu olub. 1953-cü ilə qədər arxeoloji və paleontoloji ədəbiyyatlarda belə bir yanlış məlumat olub ki, guya Azərbaycanda təbii-coğrafi şərait olmayıb, ona görə də daş dövrü insanları burada məskunlaşmayıb. Hətta  1881-ci ildə Tiflisdə keçirilən arxeoloji qurultayda da bu haqda yanlış qərar qəbul olunub. Lakin 1953-cü ildən bu günə qədər Azərbaycan alimlərinin apardığı arxeoloji tədqiqatlar zamanı məlıum olub ki, hələ 2-2,5 milyon il bundan öncə Azərbaycanın  Quruçay, Köndələnçay, Zəngilan, Cəbrayıl ərazilərində daş dövrü insanlarının yaşaması üçün əlverişli təbii-coğrafi şərait olub”. Göründüyü kimi, ölkəmizin ərazisində məskunlaşan qədim əcdadlarımızın yaşı milyon illərlə ölçülür və onlar məhz daşdan istifadə mədəniyyətinə görə xarakterizə edilir.

Alim qeyd edir: “Məmmədəli Hüseynov, Əsədulla Cəfərov, Dəmir Hacıyev, Ələşrəf Məmmədov və digər alimlərin apardığı tədqiqatlar zamanı məlum olub ki, Quruçay və Köndələnçay ərazisində təbii-coğrafi şərait əlverişli olduğu üçün burada ibtidai insanlar 2,5 milyon il bundan öncə məskunlaşıb. Onlar Quruçay vadisindəki çay daşlarından özlərinə xüsusi əmək alətləri hazırlayıblar.  Azıxda aparılan arxeoloji qazıntılar zamanı 10 arxeoloji təbəqə qeydə alınıb. Ən aşağı təbəqələr olan yeddinci, səkkizinci, doqquzuncu və onuncu təbəqələrdə kvarstit,  çaxmaq, felzit, yaşma və digər daşlardan insanların yaratdığı kobud əl çapacaqları, qəlpələrdən hazırlanmış qaşov tipli və kubşəkilli alətlər tapılıb. Sonradan aparılan tədqiqatlar zamanı Azıxda daş dövrünün digər inkişaf mərhələlərinə aid Aşel, Mustye dövrü maddi-mədəniyyət qalıqları tapılıb. Bu gün Azərbaycanın ərazisində, Qarabağda daş dövrünə aid dünya şöhrətli Azıx, Tağlar, Şuşa, Naxçıvanda Qazma, Lerikdə Buzeyir, Zuvandçay, Yardımlıda isə Alar düşərgələri tapılıb. Bundan əlavə Qazaxda, Ağstafada, Ceyrançöl sahillərində, Kəlbəcərdə Zar və Orta Şurtan ərazilərində də daş dövrünün müxtəlif inkişaf mərhələlərinə aid mədəniyyət qalıqları tapılıb. Tədqiqatlar zamanı o da məlum olub ki, daş dövrü müxtəlif inkişaf mərhələlərindən keçib. Birinci inkişaf mərhələsi Paleolit, ikincisi Mezolit, üçüncüsü isə Neolit mədəniyyəti adlanır. Paleolit Azərbaycanda 2,5 milyon il öncədən başlayaraq, eramızdan əvvəl 12-ci minillikdə başa çatıb. Mezolit 12  min il öncədən başlayaraq 9 min il öncəyə qədər davam edib. Neolit dövrü Azərbaycanda 9-7-ci minilliklərdə mövcud olub”.  

Aparılan araşdırmalar həm də onu sübut edir ki, insan daşdan yararlanmaqla müasir həyatdakı fəaliyyət istiqamətlərini ibtidai formada da olsa, hələ antik dövrlərdə formalaşdıra bilib. Bura mətbəxdən tutmuş, yazı, bədii-estetik və incəsənət yaradıcılığı, bəzək əşyaları, silahlar və sair daxildir. İnsanların ilk sığınacaqları daş mağaralar  olub. Qadınların ilk bəzəyi, ilk qələm və lövhə də daşdan yaradılıb. İlk rəsm əsərləri olan qayaüstü təsvirlər təbii ki, daş üzərindədir.

Buna misal olaraq orijinal Qobustan qayaüstü rəsmlərini göstərək. Ə.Cəfərov deyir: “Qobustanda son illər aparılan tədqiqatlara qədər hesab olunurdu ki, orada Mezolit, Neolit və Tunc dövrü insanları məskunlaşıb. Amma son tədqiqatlar göstərir ki, hələ Üst Paleolit dövrü insanları burada məskən salıbmışlar. Yəni burada məskunlaşma 18-20 min il bundan öncəyə qədər gedib çıxır. Bu, Qayaarası düşərgəsində Cəfərqulu Rüstəmov və Füruzə Muradova tərəfindən aparılan tədqiqatlar zamanı üzə çıxıb. Tədqiqatlar zamanı burada Üst Paleolitə aid qaşovcuq, biz, bıçaq və digər daş alətlər tapılıb. Qobustanda 40-dan artıq Mezolit, Neolit və Tunc dövrünə aid yaşayış düşərgələri tapılıb və tədqiq olunub. Qobustanın ən mühüm xüsusiyyəti bundan ibarətdir ki, bura eyni zamanda daş salnamədir. Bunun sayəsində biz Azərbaycanın qədim və orijinal xüsusiyyətini öyrənirik. Bu baxımdan Qobustanın dünyada analoqu yoxdur”.

Qeyd edək ki, Qobustanda aparılan arxeoloji tədqiqatlar zamanı 7 mindən artıq qayaüstü rəsmlər qeydə alınaraq tədqiq olunub.

Daş bizim ən qədim musiqi mədəniyyətimizin formalaşmasında da əvəzsiz olub. Qobustandakı Cingirdağın yanında Mezolit dövrü qaya rəsmləri ilə yanaşı, "Qaval daşı" adlanan böyük bir daş durur. Bu daşı əl, yaxud hər hansı bir cismlə döyəclədikdə, qaval səsi verir. Bu daş parçası ulu əcdadların zərb musiqi aləti olub. Qaval daşı hazırda da zərb aləti keyfiyyətini qoruyur.

Alim onu da bildirir ki, 2001-2005-ci illərdə Azərbaycanda daş dövrü üzrə aparılan tədqiqatlar beynəlxalq xarakter daşıyıb: “Fransa, İspaniya, İtaliya, Azərbaycan, Rusiya və Gürcüstan alimləri birləşərək “Beynəlxalq İNTAS - 2000” proqramını hazırlayıblar. Proqrama uyğun olaraq Azərbaycanda və Avropada daş dövründə yaşayan insanların ovçuluq təsərrüfatları, əmək alətləri texniki-tipoloji cəhətləri tədqiq olunub. Eyni zamanda anatomik baxımdan Azərbaycanda və Avropanın digər yerlərində məskunlaşmış insanların oxşar və fərqli cəhətləri tədqiq olunub”.İnsan şüuru və təfəkkürü inkişaf etdikcə bu inkişaf özünü əmək alətlərinin inkişafında göstərib. Daha sonradan isə bu inkişaf daş alətlərində də əks olunmağa başlayıb: “Ayrı-ayrı tarixi mərhələlərdə hazırlanmış daşlar texniki tipologiyasına görə müəyyən edilir və onların yaranma dövrü dəqiqləşdirilir. Daş alətlərinin müəyyənləşdirilməsində digər metodlar da var ki, bunların əsasında daha dəqiq yanaşmalar mümkün olur. Daş dövrü insanlarının ovçuluq, yığıcılıq və digər məşğuliyyət növlərini öyrənmək üçün bu dövrə aid daş alətlər ən önəmli vasitə və sübutdur. Yazılı mənbələr 3-cü minillikdə meydana gəlib. Amma bütün bəşər tarixinin, ibtdai icma quruluşunun inkişafı daş alətlər vasitəsi ilə tədqiq edilir”.

Qədim insanların həyatında daşın ən əsas material olması ona tapınmağa aparıb çıxarıb. Faktlar göstərir ki, Azərbaycanda tapınılan obyektlərdən ən qədimi məhz daşdır. Bu, dağa, qayaya, mağaralara sitayiş formasında özünü göstərib. Elmi araşdırmalara görə, uzaq keçmişlərdə ölkəmizin ərazisində daşdan insan, heyvan fiqurları düzəltmək və onlara tapınmaq geniş yayılıb. İnsanlar öz onqonlarını hər hansı bir heyvanın timsalında görərək, onu daşlaşdırır və əbədiləşdirirdilər.

Nəticədə isə indiki ornamentlərin, oyma sənətinin ən qədim variantları ortaya çıxmağa başlayırdı. Məsələn, belə təsvirlərin ən qədim nümunələrinə alimlərimiz Ordubaddakı Gəmiqayada, Abşeronda və Qobustan qayaları üzərində rast gəliblər.

Bu cür daş sənətkarlığı orta əsrlərdə daha çox inkişaf edərək müxtəlif memarlıq nümunələrimizin, heykəltəraşlığın intişar tapmasına səbəb olub və müasir dövrə gəlib çıxıb.

Digər bir məqam odur ki, indi də daşdan şəfaverici kimi yararlanmaq, daşla müalicə üsulları xalq arasında yaşamaqdadır. Bu lap qədimlərdən insanlarımızın daşa olan inancını və inamını göstərir.

İnsanların dini şüurunda daşın məqamının yüksək tutulması təsadüfi deyil. Bununla bağlı İslama müraciət edək. Belə ki, bütpərəstlik dövrünün insanları Tanrı tərəfindən göndərilmiş Qara Daşı unudub, bir vaxtlar Kəbəyə taxta bütləri doldurmuşdular. Məhəmməd Peyğəmbər İslamı yayandan sonra insanlar Qara Daşın Tanrıdan göndərildiyini və bunun üçün də müqəddəs olduğunu xatırladılar. Bəli, Tanrı tərəfindən də insanlara məhz Qara Daş göndərilib... Hazırda isə o, ətrafında bir milyarddan artıq insanı birləşdirir.

Dini-mifoloji şüurda köklənmiş daha bir nüans Nuh tufanı əfsanəsidir ki, bununla bağlı Gəmiqaya abidəsi qeyd edilməlidir. Bu abidənin Nuh əyyamı ilə bağlı olması haqda versiyaların heç də əsassız olmadığı abidəyə rus və digər əcnəbi alimlərin hədsiz maraq göstərmələri və orada tədqiqat aparmağa həvəsli olmaları ilə də bəlirlənir. Bu göstərir ki, semit dinlərində təsvir olunan Nuh tufanı və tufan nəticəsində Nuhun gəmisinin bu torpağa gəlib çıxması da bizim tariximizlə bağlıdır. Daşımızın müqəddəsliyinin daha bir məqamı bununla üzə çıxır... 

 Daş həm də xalq arasında zəhmət, ruzi simvolu kimi başa düşülür. Belə bir məsəl var: “Çörəyi daşdan çıxır”. Bu ifadə bəlkə də ilk baxışdan mücərrəd kimi görünə bilər. Amma bu ifadə həqiqətən də çörəyini zəhmət və alın təri ilə daşdan çıxaranlar barəsindədir. Çünki insanlar hələ qədim zamanlarda buğdanı una, sonra da çörəyə çevirmək üçün əvvəlcə “dənəzən daş”, daha sonralar həvəngdəstə və əl dəyirmanı, yaxud kirkirədən istifadə ediblər. Nəticədə də daşdan çörək çıxarıblar. Bunun ən qədim tarixi sübutlarından biri yenə də Azərbaycan ərazisində tapılıb. Ağdamdakı Çalağantəpədə “dənəzən daş” və ən qədim taxıl sortu tapılıb. Bu tapıntı 8 min il bundan öncəyə aid edilir. Sovet dönəmində tapılan arxeoloji material Ağdamda yerləşən və SSRİ məkanında yeganə olan Çörək muzeyində saxlanılıb. Bu barədə fikirlərini bildirən tarix elmləri namizədi Namiq Əliyev deyir: “Bu arxeoloji material İdeal Nərimonov tərəfindən üzə çıxarılıb və həmin muzeyə təqdim edilib. Təəssüf ki, həmin muzey indi ermənilərin əlinə keçib. Hazırda onun durumu barədə məlumat yoxdur”. Bu tarixi fakt bir daha göstərir ki,  Azərbaycanda hələ çox qədim zamanlarda, yüksək əkinçilik, çörəkbişirmə mədəniyyəti mövcud olub.   

  Türk xalqlarının ortaq mədəniyyətinin ortaya çıxarılmasında da daşın həlledici rolu var. Orxon-Yenisey abidələrinin dili oxunana qədər, dünyada söz sahibi olan ölkələrin müvafiq sahə alimlərinin heç biri bu abidələrin türklərə məxsus olduğunu etiraf etmək istəmirdi. İndi bir çoxlarının türk xalqları ilə bağlı tarixi həqiqətləri təhrif və ya inkar etdiyi kimi. Kimisi bu abidələri alman qəbilələrinin, kimisi finlərin, kimisi də slavyanların adına çıxmağa çalışırdı. Halbuki bu abidələrin mövcud olduğu indiki Monqolustan ərazisi türklərin ilkin məskunlaşdığı ərazilərdəndir. Nəhayət, avropalıların içərisindən əsl həqiqəti etiraf edənlər tapıldı. Əvvəlcə danimarkalı Tomson, daha sonra rus alimi Radlov təsdiqlədi ki, Orxon-Yenisey daşlarındakı yazılar türklərindir. Daşların qoruyub minilliklərdən bəri saxladığı bu yazılar isə türk xalqlarının dili, mədəniyyəti, folkloru, məişəti, qəhrəmanlıqları baxımından  əvəzolunmaz salnamədir. Eləcə də ən qədim dövrlərə aid yazılarımızdan Qobustanda, Qazaxda, Gədəbəydə, Abşeronda, Kəlbəcərdə, Naxçıvandakı, Gəmiqayada qeydə alınmış qayaüstü təsvirlərdə, demək olar ki, qədim dövrlərin əksər yazı nümunələri, daha çox antik dönəmdən xəbər verən piktoqrafik yazılarla rastlaşmaq mümkündür. Bu yazılar bir daha xalqlarımızın ortaq mədəniyyətini göstərir, əcdadlarımızın daşın qüdrətini bilib, onda əski sivilizasiyanın silinməz izlərini qoyduğunu sübut edir. Daşın qüdrəti sayəsində bu izlərin qorunması, öyrənilməsi isə düşmənlərin mədəniyyətimizə yiyə çıxmaq kimi çirkin niyyətlərini hər zaman puça çıxarmağa kömək edir. Ona görə də əcdadlarımızın qədimdə etdiyi kimi, indi də daşı istər elmdə, istərsə də digər sahələrdə alınmaz qalalara çevirmək, düşməni abidələrimizə  yaxın buraxmamaq vacibdir... 

 

 

İlkin Ağayev

 

Palitra. -2010. – 30 aprel. – S.11.