Oruc tutmağın orqanizmə faydaları
İslamın təməl
ibadətlərindən biri olan orucun məhz Ramazan ayında
tutulması vacib buyurulub. “Qurani-Kərim”in “Bəqərə”
surəsinin 183-cü ayəsində bu barədə belə
buyurulub: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki
ümmətlərə vacib olduğu kimi sizə də vacib
edildi. Bəlkə pis əməllərdən çəkinəsiniz”.
İbadət etmək insanın xeyrinə olan bir əməldir.
İslamın beş şərtindən biri olan orucun da insana
heç bir zərəri olmaz. Əksinə, mədəyə,
eləcə də digər
orqanlarımıza sağlamlıq baxımından çox
faydalıdır. Bu müasir tibb mütəxəssisləri tərəfindən
açıq və qəti bir şəkildə isbat edilib. Elm
orucun insana faydasını təzəcə kəşf edib.
Amma Peyğəmbər əfəndimiz, “Oruc tutun, şəfa
tapın” hədisi-şərifi ilə 1400 il əvvəl
bildirmişdi.
Mədəsindən
şikayəti olan, hamilə və süd verən qadın, xəstəliyinin
artacağından qorxan kəslər, hərbdə olan əsgər
və uzun səfərə çıxanlar oruc tutmaya bilərlər.
Orucun sağlamlığa zərərli deyil, əksinə
çox faydalı olduğuna bir neçə misal:
- Oruc, bir il boyunca
dayanmadan işləyən mədə ilə birgə
bütün həzm sisteminin və insan bədəninin dincəlməsinə
kömək edir.
- İnsanların ən
çox şikayəti həzm sistemindəndir. Həzm
sisteminin pozulması köklük, ürək və damar,
şəkər, yüksək təzyiq və s. kimi bir
çox xəstəliklərə səbəb olmaqdadır.
Oruc, insanı bütün bu xəstəliklərdən nəinki qoruyur, həm də müalicə
edir.
- Bu gün bir çox xəstəlikdən
xilas olmaqda pəhrizin böyük rol oynadığını
hər kəs bilir. Bundan əlavə oruc ilə insan
güclü bir iradə qazanır. Ona görə də spirt,
narkotik kimi pis vərdişlərdən oruc tutmaqla xilas olanlar
daha çox olur.
- Oruc orqanizmdəki
karbohidrat, zülal və xüsusilə yağ
ehtiyatlarının səfərbər olmasını təmin
edir. Oruc sayəsində zərərli maddələri süzməkdən
xilas olan böyrəklər dincəlməyə və yenilənməyə
imkan tapır.
- Oruc ildə bir ay, yəni Ramazan
ayında, tək gündüzləri orucu pozan şeylərdən
uzaqlaşmaq deməkdir. Orucun dünyadakı faydalarından
biri insanlara aclığın və susuzluğun nə demək
olduğunu öyrətməkdir. Tox heç bir zaman acın
halını anlamaz və ona mərhəmət etməz. Orucun
ictimai faydası bundadır ki, o, insanları bir-birinə
yaxınlaşdırır, doğmalaşdırır, siniflər
və təbəqələr arasında ayrı-seçkiliyi
aradan qaldırır. Oruc bundan başqa nəfsi nəzarət
altına almağa səbəb olur.
- İslam dinində,
çətinlik, işgəncə yoxdur.
Sağlamlığını fəda edərək, xəstələnərək
ibadət etməyi Allah heç bir zaman istəməz. Allah
çox mərhəmətli və rəhmlidir. Oruc
özü-özlüyündə bir ibadət olmaqla
yanaşı, həm də maddi-mənəvi pəhrizdir.
İnsan oruc tutarkən fiziki baxımdan ac qalaraq, öz əzalarını
haram və pisliklərdən çəkindirəcək mənəvi
bir toxluğa sahib çıxmalıdır. Beləcə bu
dini borcu yerinə yetirən insan öz şəxsiyyətini
cilalayır, tərbiyələndirir.
Ramazan ayında necə
qidalanmalı?
İctimai həyatımızda
önəmli yer tutan Ramazan ayında günboyu yemək yeyilmədiyi
üçün imsak və iftar yeməklərinə
xüsusi diqqət verilməlidir. İmsak sadə nahardan, iftar
isə axşam yeməyindən daha zəngin
hazırlanmalıdır. Buna görə də, Ramazan ayı
ilə birlikdə bəslənmə vərdişlərində
də dəyişikliklər edilir. Oruc tutarkən bəslənməyə
daha çox diqqət göstərilməli, yağlı yeməklərin
qəbulundan çəkinməliyik. Yeməklərin
ağır olmamasına, az yağlı və yağda
qızardılmayan yeməklərin seçilməsinə diqqət
yetirilməlidir.
Hər vaxt təklif
edildiyi kimi bu ayda da məqsəd kafi və balanslı bəslənməyi
qoruyub saxlamaqdır. Orucluq ayında da pay sayının ən
az üç hissəyə
bölünməsi məsləhət görülür. Belə
bəslənmə şəklinə diqqət yetirməyən
sağlam insanlarda zaman-zaman həzm çətinlikləri, mədə
və bağırsaqlarda həddindən artıq qaz
yaranması, anidən təzyiqin yüksəlməsi kimi
problemlər yarana bilər. Xüsusilə bu dövrdə yeyilən
unlu məmulatlar və yüksək kalorili qidalar çəkinin
artmasına, kökəlməyə səbəb ola bilər.
Ramazanda iftar süfrələrinə qoyulan qidaların
kalorili, insan sağlamlığı üçün
lazımlı qida elementlərini özündə birləşdirən,
vitamin və minerallarla zəngin olması vacibdir. Xüsusilə
quru paxlalı, tərəvəz və ya qatıq ilə
hazırlanmış şorbalar, süd və süd məhsullarından
istifadə etmək sağlamlıq baxımından daha
yararlıdır. İftarda
qatıq qəbulu həzmdə yaranan çətinliyi
aradan qaldırır.
İftarda
su və sulu yeməklər, ayran və kompotun daha çox qəbul
edilməsi faydalıdır
Orucluq ayının isti
yay günlərinə düşməsi insanlar
üçün çətinlik yaradır. Avqust
ayının qızmar günəşi insanların tərləməsinə,
tez-tez susamasına səbəb olur. Gün ərzində
mayenin az qəbul edilməsi isə su tarazlığını
pozur və insan orqanizmində, xüsusilə həzm sistemində
bir çox problemlər yaradır. Ona görə də,
insanlar qida seçimində diqqətli
olmalı, duzlu və ağır, qızartmalı yeməklər,
sosiska, kolbasa kimi duz məzmunlu qidaların yerinə tərəvəz
və meyvədən hazırlanmış zəngin, sulu yeməklər
seçməlidirlər. Şirin məmulatların həddən
artıq qəbul edilməsindən çəkinmək
lazımdır. İftarda su və sulu yeməklər, ayran və
kompotun daha çox qəbul edilməsi faydalıdır. Qəhvə,
çay, kola kimi içkilərdən uzaq olmaq məsləhətdir.
Yaxşı olardı ki, yeməkdən yarım saat sonra
yaşıl çaydan istifadə edilsin. Ümumiyyətlə
bitki çaylarından istifadə məsləhətdir.
İmsakda yaşıl çaydan istifadə susuzluğa tab gətirmək
üçün faydalıdır. Dişləri sürtmək
üçün lazım olan diş pastalarının da
seçiminə diqqət etmək lazımdır. Tərkibində
soda olan diş məcunlarını işlətmək olmaz.
Çünki onlar insanı susadır. Flüorlu diş məcunlarını
seçmək məsləhətdir. Sübh yeməyini isə
bir az tez qurtarmaq lazımdır. Çünki dişləri təmizlədikdən
sonra insan susayır. Su içməyə vaxt qalmalıdır.
İmsakda su çox içilməlidir. Orqanizmin gündəlik
su ehtiyacı 2-2,5 litrdir. Çalışmaq lazımdır
ki, bu ehtiyacın çox hissəsi sübh zamanı mənimsənilsin.
Xüsusilə isti havalarda, ağır işlərdə tərləyən
insanlar susuz qalmamağa çox diqqət yetirməlidir.
Normalda içməmiz lazım olan 2 litr suyu Ramazanda daha da
artırmaq və 10-12 stəkana çıxarmaq
lazımdır. İmsakda, sübh vaxtı yalnız su içərək
orucu tutmaq və ya gecə yatmazdan əvvəl yemək son dərəcə
zərərlidir. Əgər sahur (sübh) payında
ağır yeməklərdən istifadə edilərsə, gecə
maddələr mübadiləsi zəiflədiyi
üçün yeməklərin yağa çevrilmə
sürəti yüksələr və kökəlmə riski
artar. Ona görə də imsaka mütləq qalxılmalı
və bu payda yüngül bir
nahar etməli, daha yavaş həzm edilən və daha uzun
müddət toxluq hissi təmin edən zülallı və
lifli yeməklər seçilməlidir. Bu qidalar tam
taxıllı məhsullar, süd məhsulları, ət
növləri, yumurta, tərəvəz və meyvələrdir.
Sahur yeməyində mədənin boşalma müddətini
uzadaraq acmağı gecikdirən zeytun, pendir, yumurta, pomidor,
xiyar, bal və ya cem, süd, ya da qatıq, quru paxla, noxud, mərcimək
yeməklərinin istehlak edilməsi təklif edilir. Gün ərzində
çox maye itirildiyi üçün maye tarazlığını
qorumaq da son dərəcə əhəmiyyətlidir.
İmsakda yemək yeyildikdən ən az yarım saat sonra
yatmaq, suyu yatmadan dərhal əvvəl içmək məsləhətdir.
İmsakda mütləq çoxlu su içilməlidir ki,
orqanizmin axşamadək olan su tələbatı ödənilmiş
olsun. Mütəxəssislər oruc sayəsində qaraciyər,
mədə və həzm sisteminin istirahət etdiyini, bədənin
toksinlərdən təmizləndiyini deyirlər.
İftara
xurma, zeytun, su kimi yüngül qidalarla başlamaq
lazımdır
Günün ilk payı
olan iftar bir şorba ilə açılmalı və bir
müddət ara verildikdən sonra yeməyə keçilməlidir.
İftara xurma, zeytun, su kimi yüngül qidalarla
başlamalı, normal yeməyə bir müddət sonra
keçilməsi daha doğrudur. Sonra ətli və ya ətsiz,
çox yağlı olmayan bir tərəvəz yeməyi,
qatıq, meyvə qəbulu
sağlam bəslənmə baxımından vacibdir.
Başlanğıc
üçün beyinə toxluq hissi verən şorba ən
uyğun yeməkdir. Orucluq ayında birdən-birə boş mədəyə
çox yeməyin yeyilməsi orqanizm üçün çətinlik
yaradır. Bunu önləmək üçün iftarda
yavaş-yavaş və az miqdarda yemək yeyilməlidir.
Gündə ən az 2 boşqab meyvəni çiy və ya
kompot şəklində qəbul etmək lazımdır.
Xolesterol problemi olanlar oruc tutursa qırmızı ətdən
istifadəni azaltmalı, həftədə ən az 1-2 dəfə
balıq və quru paxladan hazırlanan yeməklər yeməlidirlər.
İftar vaxtı birdən-birə
çox yemək boş olan mədənin yüklənməsinə
səbəb olur. Bu halda həzm prosesi çətinləşir,
mədədə ağırlıq, göynəmə hissi, gəyirmə,
bağırsaqlarda köp müşahidə olunur.
Bütün bunların qarşısını almaq
üçün yaxşı olar ki, iftar yeməyi hissələrə
ayrılsın. Yüngül yeməkdən sonra 15-20 dəqiqə
fasilə verilməlidir. Bu müddət ərzində şam
namazı qılına bilər. 15-20 dəqiqəlik aradan sonra
iftar yeməyi nisbətən tutumlu, kalorili yeməklərlə
(dolma, aş, buğlama və s.) davam etdirilə bilər.
İftar yeməyindən dərhal sonra çay və kofenin
içilməsi məsləhət deyil. Belə ki, çay və
kofenin tərkibindəki kofein dəmirin mənimsənilməsinin
qarşısını alır. Buna görə də
çay, kofe yeməkdən 2 saat sonra içilməlidir.
İftardan
dərhal sonra çəkilən siqaret infarkt riskini təxminən
10 dəfə artırır
Mütəxəssislər
Ramazan ayında siqaretdən istifadə edənləri diqqətli
olmağa çağırırlar. Çünki siqaret Ramazan
ayında digər dövrlərə nisbətən insan
orqanizmi üçün daha çox risk yaradır. Gün
boyunca adam ac qalır. İftar yeməyi ürək
döyüntülərini sürətləndirir. Buna görə
də, qan dövranı sərbəst
şəkildə həyata keçməlidir. Bu zaman ərzində siqaret qana qarışsa qan tündləşər.
Damarlar üzərində böyük təzyiq yaranar.
İftardan dərhal sonra çəkilən siqaret infarkt və
damar tıxanıqlığı, beyin qanaması, iflic olma riskini təxminən 10 qat
artırır. Ona görə də siqaret istifadəçiləri
bu aylarda daha çox diqqətli olmalıdırlar.
Siqaret aludəçiləri yemək bitəndən 15-20 dəqiqə
sonra bədənin yüngülləşməsini gözləməlidirlər.
İftardan
sonra mütləq gəzmək lazımdır
Ramazan aylarında qəbizlik
şikayətinin qarşısını almaq üçün
iftardan bir-iki saat sonra meyvəyə üstünlük vermək
lazımdır. Hər axşam 2-3 pay meyvə qəbulu
günlük vitamin ehtiyacını ödəmiş olur. Meyvəni
yatmazdan 1-1,5 saat əvvəl qəbul etmək məsləhətdir.
Xüsusilə yayda ən çox istifadə edilən
qarpız çoxsulu olduğuna görə iftardan sonra əla
seçimdir. İftardan iki saat sonra yüngül
yürüşə çıxmaq həzmi asanlaşdırar
və daha rahat yatmağınızı təmin edə bilər.
İçdiyiniz bütün çaylara bir darçın
çubuğu atmaq qanda şəkəri qaydasına salacaq.
Ağız və diş
sağlamlığının qeydinə qalın
Oruc tutmaq gün ərzində uzun
müddət ac qalmağı tələb edir. Tüpürcək
ifrazının azalması ilə əlaqədar tüpürcəyin
dili təmizləyici və yuyucu təsiri də azalır.
Ramazanda dişlər fırçalanmadığı zaman
imsakdan iftara qədər keçən uzun vaxt ərzində
ağızda tez çoxalan bakteriyalar pis qoxuların
yaranmasına səbəb olur. Eyni zamanda bu qoxu diş
çürümələrinə də yol açır.
Bunun üçün
ağız qoxusuna səbəb olacaq sarımsaq və
soğanlı və çox ədviyyatlı qidalardan uzaq
durmaq məsləhətdir. Həkimlər bunların yerinə
lifli və su tərkibli nanə, reyhan, cəfəridən bol
istifadə etməyi məsləhət görürlər.
İftar və imsak vaxtlarında çoxlu su içilməli,
imsak yeməyi tamamlandıqdan sonra mütləq dişlər və
dil təmizlənməli, mümkünsə ağız
yaxalayıcısı ilə qarqara eləmək
lazımdır. Bu məsələdə həssas olanlar
üçün satışda tərkibində alkoqol olmayan
qarqaralar var.
Oruc
tutmaq haqqında səhv düşüncələr
Bəzi insanlar fikirləşirlər
ki, bir ay, xüsusilə yay vaxtı gündüzləri yemədən-içmədən
qalıb gecələri yeyib-içmək səhhətə zərərlidir
və müxtəlif xəstəliklərin yaranmasına səbəb
olur. Araşdırmalar göstərir ki, bu doğru deyil. Çünki, orucun ədəblərindən
biri də iftar vaxtı mədəni çox doldurmayıb, hələ
iştahı varkən yeməkdən əl çəkməkdir.
Bu qaydaya riayət edənlərin
xəstə deyil, əksinə şəfa tapacaqlarını
həkimlər də qeyd etmişlər. Belə oruc
tutmanın sağlamlıq baxımından faydalı olduğu
şübhəsizdir. Xalq arasında orucu bəzən zəifləmək
üçün bir fürsət kimi
dəyərləndirirlər. Lakin bu səhv bir
düşüncədir. Gün boyu ac qalmaq, sonra qidanın
daha çox qəbul edilməsi çəkidə problemlər
yaradır.
Vüsalə Əlövsətqızı
Palitra. -2010. – 20 avqust.
–S.11.