Gənc sahibkarlar üçün
yeni biznes imkanları
Bakıda
«ECA 2010-da Yüksək İnnovasiya: Gənc sahibkarlar və
yeni biznesin təşkili üçün investisiya
hazırlığı və biznesin inkubasiya infrastrukturunun
möhkəmləndirilməsi» Şərqi Avropa və Mərkəzi
Asiya Biznes İnkubatorları və Texnologiya Parkları Şəbəkəsinin
(ECAbit) V Beynəlxalq Konfransı başladı.
Tədbirdə
çıxış edən Azərbaycanın gənclər
və idman nazirinin müavini İntiqam Babayev tədbirin əhəmiyyətindən
danışaraq bildirdi ki, məqsəd dünyada mövcud
biznes və inkubator təcrübəsini öyrənmək, bu
sahədə fəaliyyət istiqamətlərini müzakirə
etməkdir. Gənc sahibkarların bu sahədə rolunun
tapılmasında və istiqamətləndirilməsində
nazirlik tərəfindən lazımi tədbirlərin
görüldüyünü deyən İ.Babayev qeyd etdi ki, nəinki
paytaxtda, həmçinin bölgələrdə müxtəlif
tədbirlər keçirilir. Tədbirdə 15 ölkədən
20-yə yaxın nümayəndənin iştirak etdiyini deyən
nazir müavininin sözlərinə görə, müasir
dövrdə dünyada mövcud olan biznes nailiyyətlərini
öyrənmək, həyata keçirmək və bu sahədə
gənclərin iştirakını artırmaq çox vacib məsələlərdən
biridir: “Sahibkarlıqla məşğul olmaq istəyən gənclərə
dəstək verilməlidir. İnanıram ki, bu konfrans gənclərin
bu sahəyə marağını daha da artıracaq və
ölkələr Azərbaycanda özlərinə layiqli əməkdaşlar,
tərəfdaşlar tapacaqlar”.Azərbaycanın çox
dinamik inkişaf edən ölkələrdən biri
olduğunu deyən Dünya Bankının (DB) “İnfoDev”
(“İnformation for Development”) proqramının regional
koordinatoru Ştefan Şandera bildirdi ki, Bakıda
müşahidə etdikləri şərait bunun bariz nümunəsidir:
“Biz Bakıda olarkən zəngin tarixin şahidi olduq. Gələcəkyönümlü
atmosferin olduğunu müşahidə etdik”. “İnfoDev”in
qlobal bir proqram olduğunu deyən Ş.Şandera qeyd etdi ki, məqsəd
texnologiya sahəsində möhkəmliyi qoruyub saxlamaqdır.
Bir çox ölkələrdə olduğu kimi DB Azərbaycanla
da bu sahədə əməkdaşlıq etmək və mobil
sosial şəbəkə yaratmaqda maraqlıdır.Azərbaycan
Sahibkarlar Konfederasiyasının (ASK) sədri Məmməd
Musayev ölkənin iqtisadi inkişafından danışaraq
qeyd etdi ki, 2010-cu ilin 10 ayı ərzində ümumdaxili məhsulun
artımı 45 faizi keçib və bunun da 85 faizi özəl
sahibkarlığın payına düşür: “Bu il valyuta
ehtiyatları 28 milyardı ötüb”. ASK-ın fəaliyyətinin
prioritet sahələrindən biri də məhz gənc
sahibkarlığın inkişafı ilə bağlı
olduğunu deyən M.Musayev bildirdi ki, ümumiyyətlə,
hazırda gənc sahibkarlığın inkişafı
çox vacibdir: “İstərdik ki, gənc sahibkarlar
bütün sahələrdə iştirak etsinlər. Yəqin
ki, bu konfrans bir təkan olacaq. ASK bu istiqamətdə hər
bir yardıma hazırdır”.
Tədbirdə çıxış edən Xəzər
İnvestisiya Mərkəzinin (CIC) prezidenti Elşən Musayev
qeyd etdi ki, tezliklə Azərbaycanda Beynəlxalq İnnovasiya Mərkəzinin
yaradılması nəzərdə tutulub. E.Musayev onu da bildirdi
ki, artıq bir sıra ölkələrdə “biznes mələkləri”
fəaliyyət göstərir: “Onların fəaliyyəti gənc
sahibkarların səmərəli biznes-layihələri olduqda
və bu layihənin icrası üçün vəsait
olmadıqda maddi yardım göstərməkdən ibarətdir.
Ümid edirəm ki, Azərbaycanda da analoji fəaliyyət
yaradılacaq”. Qeyd edildi ki, tədbir çərçivəsində
2 treninqin keçirilməsi nəzərdə tutulub. Bu treninqləri
Dünya Bankının ekspertləri keçəcəklər.
Tədbirdə çıxış edən ECAbit-in koordinatoru
Todor Yalamov bildirdi ki, iki gün davam edəcək konfransda gələcəkdə
sahibkarlıqla məşğul olmaq istəyən gənclər
üçün müxtəlif təlimlər keçiriləcək:
“2008-ci ildə adıçəkilən mövzuda
Bolqarıstanda tədbir keçirilib və bu istiqamətdə
irəliləyişlər var. İnanırıq ki, Azərbaycanda
da bu istiqamətdə nailiyyətlər əldə olunacaq. Bu
tədbirin də məqsədi keçmişə yox, gələcəyə
baxmaqdır”. Millət vəkili “İrəli” İctimai
Birliyinin sədri Ceyhun Osmanlı bildirdi ki, yeni biznes inkubator və
texnologiyalarının yaradılması ideyası bizə
çox yaxındır: “Biznes üçün ilkin şərt
ideyadır. İstərdik ki, gənclərimiz ənənəvi
biznes sahələri ilə yanaşı yeni ideyaların
daşıyıcıları olsun. Son 10 il ərzində
ölkənin ən uğurlu cəhəti inkişaf etməkdə
olan ölkəyə çevrilməsidir.
İqtisadiyyatımız üç dəfə artdı. Azərbaycanın
növbəti hədəfi inkişaf etmiş ölkə
olmaqdır ki, burada insan kapitalı ön plandadır. Bu bir
faktdır ki, vaxtilə taxta ixracı ilə tanınan Finlandiya
hazırda “Nokia” istehsalçısı kimi tanınır”.
Ölkəmizdə də elmə bağlı gənclərin
sayının çox olduğunu deyən millət vəkilinin
sözlərinə görə, ölkədə gənclərin
sahibkarlıq, biznes fəaliyyəti üçün imkanlar
var: “Ölkə başçısı da bugünlərdə
Milli Məclisdə çıxışında gənclərin
insan kapitalı kimi formalaşmasına bir daha toxundu.
Hazırda xaricdə təhsil alan çoxsaylı gənclərimiz
var. Sahibkarlıq istiqamətində də gənclərimiz
öz bacarıqlarını daha da genişləndirməlidirlər.
Bu gün “İrəli” İctimai Birliyində gənclərin
Biznes Klubu fəaliyyət göstərir ki, məqsəd gənc
sahibkarlar yetişdirməkdir”. Tədbirdə həmçinin
bildirildi ki, 3-7 dekabr 2010-cu il tarixində Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqının
(ATGTİ) qərargahında gənclərin iş
hüquqları mövzusunda seminar təşkil ediləcək.
“Gənclərin məşğulluğunda istismar halları ilə
mübarizə” adlanan seminar “Gənclik Təşəbbüsləri”
İctimai Birliyi Avropa Gənclər Fondu və Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi
ilə həyata keçiriləcək.Bu layihənin məqsədi
gənclərin əmək hüquqlarının
qorunmasında gənclər təşkilatlarını
mübarizəyə qaldırmaq, onları beynəlxalq əmək
standartları ilə yaxından tanış etmək, gənclərin
əmək münasibətlərində hüquqlarının
pozulmasının və belə halların
qarşısının alınmasının gənclik təşkilatlarının
əsas gündəlik məsələsi kimi təmin
olunmasına nail olmaqdır.Gənclərin işlədikləri
bir çox müəssisələrdə onların əmək
qabiliyyətlərini məhdudlaşdıran bədbəxt
hadisələr baş verir. Belə hadisələr işəgötürənlə
işçi arasında fərdi qaydada bağlanan əmək
müqaviləsi olmadıqda istehsalatda baş verən bədbəxt
hadisələr kimi rəsmiləşdirilmir. Əmək
qabiliyyəti məhdudlaşan belə gənclər sosial
müdafiəyə ehtiyacı olanlar sırasına daxil
olurlar. Təlimin proqramında gənclərin əmək
hüquqlarının pozulmasının
araşdırılması, məşğulluğun əsas
aspektləri, müqavilələr, iş vaxtının
düzgün qurulması kimi mövzular yer alacaq. Təlimdə
gənclər təşkilatlarının üzvləri və
gələcəkdə gənclərin məşğulluq
problemləri sahəsində fəaliyyət göstərmək
istəyən şəxslər iştirak edə bilərlər.Qeyd
edək ki, konfrans Azərbaycan Gənclər və İdman
Nazirliyi, CIC, ASK və «InfoDev»in təşkilatçılığı
ilə keçirilir.
Nigar
Palitra.- 2010.- 3 dekabr.- S. 10.