“Qazaxıstanda çox böyük və
güclü Azərbaycan diasporu
fəaliyyət göstərir”
Son illər Azərbaycanın müxtəlif sahələr üzrə əlaqələrinin genişləndiyi ölkələrdən biri də Qazaxıstandır. İki ölkə arasında əlaqələrin daha da sıx olmasında Heydər Əliyev adına Azərbaycan -Qazaxıstan Dostluq Cəmiyyətinin (AQDC) həyata keçirdiyi layihələrin böyük rolu var. Müsahibimiz Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin rəhbəri, İngiltərənin, Qazaxıstanın və Azərbaycanın jurnalistlər təşkilatlarının üzvü, professor Eldar Günaydınla bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı söhbət etdik:
- Mən 17 ildir ki, fəaliyyət göstərən AQDC-nin rəhbəri vəzifəsində çalışıram. İki ölkə arasında sıx əməkdaşlığın əsasını qoyan cəmiyyətimizin üzvlərinin, 1993-cü ildə mən də daxil olmaqla bir qrup ziyalılarımızın ulu öndərlə görüşü olmuşdu. Həmin görüş zamanı Heydər Əliyev bildirdi ki, Azərbaycan və Qazaxıstan arasında əlaqələr o qədər də yüksək səviyyədə deyil. Ona görə də hər hansı bir qurumun və ya cəmiyyətin yaranmasına ehtiyac var. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, birliyin katibi Çingiz Abdullayev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və başqa ziyalılarımızın təşəbbüsü və köməyi ilə bütün potensial imkanlarımızdan istifadə edərək cəmiyyətimizi təsis etdik. O zaman Qazaxıstanda heç səfirliyimiz də yox idi. Belə demək olar ki, Qazaxıstan və Azərbaycan arasında dostluq əlaqələrinin yaranmasında ilk vasitəçi biz olmuşuq. Artıq cəmiyyətin ətrafında bir qrup ziyalılar toplaşıb. Fəaliyyətimiz dövründə iki ölkə arasında bir sıra layihələrin gerçəkləşməsinə nail olmuşuq. Cəmiyyətimizin fəaliyyət istiqamətində əsasən mədəniyyət sahəsi üstünlük təşkil edir.Bu istiqamətdə bir sıra layihələri gerçəkləşdirmişik. Cəmiyyətimiz yaranan ili “Dədə Qorqud dahi yol” adlı beynəlxalq mükafat təsis etdik. Bu da təsadüfi deyildi. Məlum olduğu kimi, Azərbaycanda Dədə Qorqud eposunun 1300 illiyi münasibətilə yüksək səviyyəli silsilə tədbirlər keçirilmişdi. Həmin tədbirlərdə iştirak etmək üçün Bakıya beş türkdilli ölkənin prezidenti gəlmişdi. Onlar arasında Qazaxıstanın prezidenti Nursultan Nazarbayev də var idi. Cəmiyyətimizin təsis etdiyi bu qiymətli, dəyərli mükafatı ilk dəfə tarixə və mədəniyyətə, milli -mənəvi dəyərlərə yüksək qiymət verən dahi insan ulu öndər Heydər Əliyevə və Nursultan Nazarbayevə təqdim etdik. Fəxr edirəm ki, bu dəyərli mükafat ilk olaraq bu cür dahi insanlara verilib. Görkəmli yazıçımız Anar, istedadlı rejissor Oqtay Mirqasımov, yaradıcılığına və özünə böyük hörmət etdiyim yazıçı Oljas Süleymenov da bu qiymətli mükafatın sahibləri olublar. Qazaxıstanda ötən il çox fəal və işgüzar bir görüş keçirdik. Orada beynəlxalq mükafat növbəti sahibinə təqdim olundu. Belə ki, görüşümüz böyük neft kəməri olan Bakı-Tiflis-Ceyhan xəttinin başlanğıcını götürdüyü Aktau şəhərində oldu. Nümayəndə heyətimiz vilayətin valisi Kırımbəy Kuşerbayevlə görüşdü. O, bizi çox səmimi və gözəl qarşıladı və biz “Dədə Qorqud dahi yol” mükafatını ona təqdim etdik. Çox dəyərli bir fikir var- Türkiyə ilə Azərbaycan “İki dövlət bir millətdir”. Bu deyimi qazaxlara da aid etmək olar. Yəni, Azərbaycanla Qazaxıstan iki ayrı dövlət olsalar da bir millətin nümayəndəsidir. Türkdilli ölkələrdən biri olan Qazaxıstan bizim üçün strateji tərəfdaşdır.
- Cəmiyyət təbliğat işini hansı istiqamətdə qurur?
- Cəmiyyət tərəfindən hazırlanan və onun iştirakı ilə başqa xarici ölkələrdə nəşr edilən bir sıra mətbu orqanlar və kitablarımız var. İngiltərədə 1995-ci ildən “Xəzər” adlı jurnal nəşr edilir. Mən həmin jurnalın redaktoruyam. Jurnal əsasən beş Xəzəryanı ölkəni əhatə edir. Eyni zamanda Qazaxıstanda ildə bir dəfə jurnalımız nəşr edilir. Bundan əlavə bir sıra kitablar nəşr edirik. Həmin kitablar üç dildə - ingilis, qazax, və rus dilində nəşr edilir. Bir kitabımızı da Qazaxıstanın paytaxtı Astana şəhərinə həsr etmişdik. Keçən il Astana şəhərinin 10 illiyi ilə bağlı Qazaxıstanda böyük tədbir təşkil edilmişdi və hazırladığımız kitab həmin tədbir zamanı qonaqlara verilmişdi. Bir maraqlı faktı da qeyd etmək istəyirəm ki, yüksək səviyyədə nəşr edilmiş kitabı Nursultan Nazarbayev şəxsən özü oraya toplaşan yerli və xarici qonaqlara hədiyyə verirdi. Biz bir sıra dövlət kitablarını nəşr edirik. Artıq 7-ci kitabın nəşrini bitirmişik. Bu kitabın Astanada təqdimatı olub. Qazaxıstan mətbuatında bu kitab haqda məqalələr dərc edilib. Cəmiyyətin gördüyü işləri daha geniş auditoriyaya çatdırmaq üçün elektron saytımız (“www.akfs.org”) aktivdir. Gələcəkdə saytın imkanlarını genişləndirəcəyik. Artıq beş ildir fəaliyyət göstərən saytda müntəzəm olaraq məlumatlar yenilənir. Burada təşkilatımızın yaranma tarixi, idarə heyəti, gördüyümüz illik işlər və s. haqqında məlumatlar yer alıb. Hələki saytımız rus dilində fəaliyyət göstərir, gələcəkdə Azərbaycan və ingilis dillərində olmasını reallaşdıracağıq. Cəmiyyətimizdə Azərbaycan və Qazaxıstanla bağlı məlumatların yer aldığı kitablar toplanıb və iki ölkə haqqında maraqlı kitablar nəşr edirik. Cəmiyyətin kitab fondunda 100-dən artıq kitab və jurnallar toplanıb. Qeyd etdiyim nəşr materialları rus, ingilis və qazax dillərindədir. Sözügedən kitablarda hər iki ölkənin həm siyasəti, həm mədəniyyəti, həm tarixi, həm iqtisadiyyatı və s. yer alıb.
- Qazaxıstanda yaşayan soydaşlarımızla əlaqələriniz hansı səviyyədədir?
- Azərbaycan və Qazaxıstan arasında müxtəlif sahələr üzrə əlaqələr hazırda yüksək səviyyədədir. Qazaxıstan dövləti tərəfindən orada yaşayan soydaşlarımıza xüsusi diqqət və qayğı göstərilir. Qazaxıstan yeganə ölkədir ki, orada müxtəlif xalqların nümayəndələrinin toplaşdığı assambleya fəaliyyət göstərir. Həmin assambleyaya ölkə prezidenti Nursultan Nazarbayev rəhbərlik edir. Assambleyanın ətrafında 100-dən artıq millətin nümayəndəsi toplaşıb. Sevindirici hal odur ki, həmin assambleyaya üzv olan müxtəlif xalqların təmsilçilərinin millət vəkili seçilmək hüququ var və bir neçə millət vəkili hazırda parlamentdə təmsil olunurlar. Bundan başqa Qazaxıstanda fəaliyyət göstərən azərbaycanlı icması ilə əlaqələr çox yüksək səviyyədədir. Orada çoxsaylı azərbaycanlılar yaşayırlar ki, onlar müxtəlif sahələrdə çalışırlar. Ötən il Qazaxıstanda Azərbaycan Mədəniyyət Günləri keçirilib. Bundan əlavə oradakı səfirliyimizlə, diaspor təşkilatlarımızla birgə milli bayramlarımızın hamısını yüksək səviyyədə keçiririk. Qazaxıstanın müxtəlif vilayətlərində bizim çoxsaylı fəaliyyətə malik olan mədəniyyət mərkəzlərimiz fəaliyyət göstərir. Həmin vilayətlərdən birində fəaliyyət göstərən mərkəz “Novruz” adlanır. Bu ad təsadüfi seçilməyib. Həmin ad həm qazaxlara, həm də azərbaycanlılara çox doğma bir addır. Yəni Novruzun gəlişi yeni ilin, yeni nəfəsin gəlişi deməkdir. Ötən il mənim iştirakımla və oradakı səfirliyimizin və diaspor təşkilatlarının təşəbbüsü ilə Qazaxıstanın müxtəlif vilayətlərində Novruz bayramı təntənəli şəkildə qeyd edildi. Onu da qeyd edim ki, bizim cəmiyyətin keçirdiyi ənənəvi tədbirlər var. Belə ki, hər il qazaxlara və azərbaycanlılara məxsus olan bayramları həm Bakıda və həm də Qazaxıstanda qeyd edirik.
- Orada diaspor təşkilatlarımızla əməkdaşlıq yarada bilirsizmi?
- Qazaxıstandakı Azərbaycan diasporu ilə birgə müxtəlif tədbirlər keçiririk. Qazaxıstanın Manqistau vilayətinin paytaxtı olan Aktauda Azərbaycanın çox böyük diasporu fəaliyyət göstərir. Orada 20 mindən artıq azərbaycanlı yaşayır. Həmyerlilərimiz müxtəlif sahələrdə çalışaraq, iki ölkə arasında müxtəlif istiqamətlər üzrə əlaqələrə təkan verirlər. Onu da qeyd edim ki, Qazaxıstana gedərkən orada diaspor nümayəndəliyimizin iştirakı ilə “Xəzər” jurnalının təqdimatını keçiririk. Xatırladım ki, “Xəzər” jurnalı 1995-ci ildən nəşr edilir, artıq 15 illiyini qeyd etmişik. İngilis və rus dillərində nəşr edilir. Qazaxıstana son səfərimin məqsədi 5-ci Regional Neft və Qaz Sərgisində iştirakımla bağlı idi. Bu sərgidə bizim də stendimiz vardı, hansı ki, orda “Xəzər” jurnalı seyrçilərə təqdim olunurdu.
- AQDC Azərbaycanda yaşayan qazaxlarla əlaqələri necə qurub?
- Azərbaycanda yaşayan qazaxlar say etibarı ilə çox deyil. Belə ki, ölkəmizdə 2 minə yaxın qazax yaşayır. Bizim Azərbaycanda yaşayan qazaxlarla əlaqələrimiz var. Tədbirlərimizdə iştirak edirlər, bayramları onlarla birgə qeyd edirik. Qazaxlar bizimlə söhbətində Azərbaycanda olan tolerantlıqdan razı olduqlarını qeyd ediblər. Hazırda qazaxlar Azərbaycanda müxtəlif sahələrdə təmsil olunurlar.
Nigar
Palitra.- 2010.- 7 dekabr.- S. 5.