İnsan kapitalı məsələlərinə tətbiqi kulturoloji yanaşma önəmlidir

 

Layihə çərçivəsində ötən saylarımızda qeyd etdiyimiz kimi, insan kapitalının formalaşması prosesində sosial elmlərin inkişafına və tətbiqinə strateji yanaşma ciddi töhfələr verə bilər. Çünki müxtəlif sosial qatları çeşidli tərəflərdən tədqiq edən sosial elmlər cəmiyyətdə insan kapitalının inkişafı meyillərini, bacarıqlı kadrların yetişdirilməsi məsələlərini dərindən araşdırmaq və üzə çıxarmaq imkanına malikdir.  

 

Qeyd etmək lazımdır ki, bu cür elm sahələrindən biri də hazırda dünyanın əksər inkişaf etmiş ölkələrində strateji baxımdan yanaşılan kulturologiyadır.  Belə ki, kulturologiya insan inkişafına yönəldilmiş əsas elmlər sırasında yer alır. Bu baxımdan Azərbaycanda da kulturologiyanın vacib bir elm statusu alması mütəxəssislər tərəfindən gündəmə gətirilməkdədir. Həmçinin bu məsələ ilə bağlı konkret təkliflər var. Məsələn, bu barədə “Palitraya fikirlərini bildirmiş kulturoloq, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov qeyd edib ki, kulturologiyanın inkişaf etdirilməsi və cəmiyyətimizdə bu sahədə lazımi biliklərin yayılması ilə bağlı olaraq konkret təklifləri var: “Azərbaycanda Dünya Mədəniyyəti Beynəlxalq Universitetinin yaranması ilə bağlı konkret təkliflər paketimiz çoxdandır ki, durur. Həmçinin Kulturologiya İnstitutu, Kulturologiya Akademiyasının yaradılması təşəbbüsü ilə çıxış edirikbununla bağlı da hökumətə konkret təkliflər vermişik. Bundan başqa ali məktəbdə kulturologiya kafedralarının yaradılması günün aktual məsələlərindəndir və biz bunun təmin edilməsi təklifi ilə də çıxış edirik. Bütün bu məsələlərin Azərbaycanın intellektual-mədəni inkişafı və idarəetmə peşəkarlığının yüksəldilməsində çox ciddi önəmi var. Təkliflər sırasında orta məktəblərdə kulturologiya kabinetləri və mədəniyyətşünaslıq fənninin təşkil olunması da xüsusi önəm kəsb edir. Bu, hələ erkən yaşlardan yeniyetmə və gənc insanlarımızda kulturologiya və mədəniyyətşünaslıqla bağlı zəngin biliklər formalaşdırılmasına imkan yaradacaq. Bundan əlavə bayaq qeyd etdiyim kimi, bölgələrdə kulturoloji mərkəzlərimiz açılmalıdır”. Kulturoloqun fikrincə, bu təkliflər reallaşarsa, insan kapitalının formalaşması prosesi daha məqsədyönlü olacaq və sürətlənəcək. Qeyd edilməlidir ki, kulturologiya ilə bağlı cəmiyyətin öndə getməli olan təbəqələrində, ali təhsilli insanlarda da məlumatsızlıq hökm sürür. Bu baxımdan təklif edilir ki, məmurlara, tələbələrə və geniş tərkibli əhaliyə bu elmlə bağlı sistemli tədris keçirilməlidir. Beləliklə, bütün kulturoloji resursların cəmiyyətin və insan kapitalının inkişafına sərf edilməsi fikri irəli sürülür.Amma burada qeyd edilməli digər bir məqam da var. Belə ki, ümumi kulturoloji maarifçiliklə yanaşı sırf insan kapitalının formalaşması prosesini tədqiq etməyə yönəlmiş tətbiqi kulturologiya aktuallıq kəsb edir. Bu baxımdan isə tətbiqi kulturologiya sosioloji tədqiqatlarla sıx bağlıdır. Çünki tətbiqi kulturologiya mədəniyyətə əsasən empirik tərəfdən yanaşır və tədqiq edir. Cəmiyyətin mədəni həyatı da çoxçalarlıdır. Həmçinin insanların da sosial kateqoriyaları müxtəlifdir. Hər bir sosial kateqoriyaya malik olan insanların özünəxas mədəni tələbatları var. Bu tələbatları dəqiqləşdirmədən, onların dərəcələrini müəyyənləşdirmədən mədəni-əməli işin həyata keçirilməsi və onun lazımi səviyyəyə çatdırılması mümkün deyil. Bu baxımdan sosioloji tədqiqatlar aparmadan müxtəlif sosial təbəqənin mənəvi ehtiyaclarını, onların bədii yaradıcılığa və digər özfəaliyyət sahələrinə olan meyllərini aşkar etmək çətindir. Həmçinin, əhalinin asudə vaxtlarındakı mənəvi tələbatını da dəqiqləşdirməyə böyük ehtiyac var. Bu barədə tədqiqatçı İlqar Hüseynov belə qeyd edir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün mədəniyyət müəssisələrinin fəaliyyəti bazar iqtisadiyyatı şəraitinə uyğun şəkildə təşkil olunmaqla istiqamətləndirilib. Bazar iqtisadiyyatı şəraiti özünüidarəetmə prinsipinə əsaslandığı üçün mədəniyyət müəssisələri əhalinin sosial-psixoloji durumunu, ayrı-ayrı fərdlərin və qrupların estetik duyumunu müəyyənləşdirməli, mənəvi tələbatın səviyyəsinə uyğun olan qurmalıdır. Tətbiqi kulturologiya sosioloji tədqiqatları mədəniyyət müəssisələrinin işinin müasir şəraitə uyğun olaraq düzgün qurulmasının əsas informasiya mənbəyi kimi qiymətləndirir, onun əldə etdiyi empirik materialların mədəni quruculuq proseslərinə tətbiq olunmasını zəruri hesab edir. Sosioloji tədqiqatlar isə öz növbəsində sosial-mədəni mühitin real mənzərəsini əks etdirən vasitədir. Sosioloji tədqiqatlar qarşıya qoyulan konkret məsələlər və suallar ətrafında təşkil olunuronun nəticələri nəzəri təhlilin əsas mövzusuna çevrilir. Ekspertlərin fikrincə, müəyyənləşdirilən suallar öz aktuallığı ilə fərqlənir və xarakter etibarı ilə mövcud həyatla, müxtəlif problemlərin ictimai, siyasi, mədəni mühiti ilə əlaqələndirilir. İ.Hüseynovun fikrincə, tədqiqatın nəticələrinin mahiyyəti də qarşıya qoyulan sualların aktuallığından, ictimai dəyərindən çox asılıdır. Çünki bu sualların arxasında çox fəal ictimai varlıq olan insan və şəxsiyyət durur. Şəxsiyyət «özünün praktiki fəaliyyətini bir tərəfdən ətraf dünyanın obyektiv qanunauyğunluqlarını dərk etmək əsasında qurur. Bu qanunların tələblərinin adekvat surətdə əks olunması insanın təkcə fəaliyyətinin deyil, həm də sosial davranışının məzmununu şərtləndirir”. Bildirilir ki, sosioloji tədqiqatlar apararkən həm şəxsiyyətin fəaliyyətinin və sosial davranışının xarakteri və tələbatı dəqiqləşdirilir, həm də bu tələbatın ödənilməsinin təcrübi mexanizmi işlənib hazırlanır. Qeyd edək ki, rus kulturoloqları sosioloji tədqiqatın təşkilinin dörd əsas mərhələdən ibarət olduğunu qeyd edirlər: tədqiqatın hazırlıq mərhələsi; ilin sosioloji məlumatlarının toplanılması mərhələsi; yığılmış məlumatların sistemləşdirilməsi və onların elektron-hesablama maşınları vasitəsilə sistemləşdirilməsi; sistemləşdirilmiş məlumatların təhlili, tədqiqatın yekunlarına əsaslanan hesabatın hazırlanması, nəticə və rəylərin formalaşdırılması. O da qeyd edilməlidir ki, tətbiqi kulturologiya sosioloji tədqiqatlardan əsasən sosial layihələndirmə məqsədi üçün istifadə edir. Belə ki, bir çox mədəni-kütləvi tədbirlərin təşkili prosesində sosioloji tədqiqatların nəticələri əsasında sosial layihələndirmələr aparılır. Müasir mərhələdə isə mədəni-kütləvi tədbirlərin həyata keçirilməsinin maliyyə imkanları sosial layihələndirmələr əsasında ərsəyə gəlir. Belə ki, bu tipli layihələrin reallaşdırılması əsasən qrantlar vasitəsi ilə həyata keçirilir. Məsələn, bir sıra beynəlxalq təşkilatlar ayrı-ayrı mədəni kütləvi tədbirlərə, elmi cəhətdən əsaslandırılmış layihələrə qrant ayırır. Sosial proqnozlaşdırma da sosioloji tədqiqatlar əsasında yerinə yetirildikdə gələcək mədəni quruculuq proseslərinin inkişaf dinamikası dəqiqləşdirilir, əhalinin mənəvi tələbatı əvvəlcədən müəyyənləşdirilir. Burada qeyd etmək lazımdır ki, sosial layihələndirmə və sosial proqnozlaşdırma ictimai quruluş dəyişikliyi baş verdikdə daha çox aktuallıq kəsb edir. Onu da qeyd etmək lazımdır ki, sosial layihələndirmənin əsas mahiyyəti qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşkar edilmiş vəzifə və problemləri həll etməyə imkan verən vasitələrin məzmununu quraşdırmaqdan ibarətdir. Ekspertlərin fikrincə, bu vasitələr iki formada mövcud olur: layihələndirilən obyektin sosial parametrlərinin sistemi və onların kəmiyyət göstəriciləri kimi, layihələndirilən göstəricilərin həyata keçirilməsini təmin edən konkret tədbirlərin məcmusu və gələcək obyektin keyfiyyət xarakterləri kimi. Qeyd olunan layihələndirmənin əsas mahiyyəti və məzmunu mədəniyyətin bütün sahələrinin idarəetmə prosesinə tətbiq olunur. Beləliklə, qeyd edilənlər bir daha kulturologiyaonun tətbiqi sahəsinin cəmiyyətin, insan kapitalının inkişafında, ümumi kulturoloji səviyyənin yüksəlməsində önəmli rolunu üzə çıxarmış olur. Bu baxımdan müvafiq elm adamlarının və qurumların mövzu ilə bağlı intensiv müzakirələr təşkil etməsi məqsədəuyğun olardı.

 

İlkin

 

Palitra.- 2010.- 10 dekabr.- S. 7.