Bizim gənclərimiz respublikamız üçün çox qiymətli kapital olmağa layiqdirlər”

 

Layihə çərçivəsində növbəti müsahibimiz Azərbaycan Dövlət Neft Akademiyasının dosenti, texnika elmləri namizədi, Dünya Bərpa Olunan Enerji Şəbəkəsinin üzvü Fuad Məmmədovdur: - Mənim fikrimcə, insan kapitalı çox dərin, əhatəli və böyük əhəmiyyətə malik olub dövrümüzün ən önəmli tələblərindən biri hesab edilir. Əlbəttə, dünyanı insansız təsəvvür etmək mümkün deyil, başqa bir sözlə desək, cəmiyyətin bütün sahələrində insanın bilavasitə rolu əsasdır. Bugünkü cəmiyyətin normal inkişafında və müasir tələblərə cavab verməsi məqsədilə insan kapitalının gücləndirilməsi zəruri amillərdən hesab edilir. Çünki intellektual inkişafın, dünya təcrübəsinin mənimsənilməsi, zəruri insan faktorunun inkişafı bir mənalı şəkildə ona ehtiyac duyulan maliyyənin yatırılması ilə şərtlənir. Bu məsələ ilə bağlı respublika Prezidenti cənab İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” devizi bu günümüz və sabahımız üçün müstəsna və dəyərli fikirdir. Xüsusən gənc kadrların yetişdirilməsi, onların dünyanın ən nüfuzlu və aparıcı universitet və elmi-tədqiqat institutlarında təhsil alaraq mütərəqqi biliklərə sahib olmasını təmin etmək, respublika iqtisadiyyatının inkişaf etdirilməsi və stabilliyinin saxlanılması  gələcək uğurlu fəaliyyətin düzgün qurulması baxımından daha çox ehtiyac duyulan tələblərdəndir. Qloballaşmadünyaya inteqrasiya istiqamətində addımlamaq üçün sadalananlar tamamilə qaçılmazdır.

 

- Bu kapitalın formalaşması üçün hansı addımların atılması vacibdir?

 

- Nəzərə alınmalıdır ki, bu kapitalın formalaşması məqsədilə müvafiq qanun layihələri işlənib hazırlanmalıdır. Çünki kapitalın düzgün və məqsədyönlü sərfi respublikamızın dünya arenasında gələcək uğurlara imza atması və hərtərəfli müstəqilliyini qoruyub saxlamasını təmin etməli, baş verəcək prosesin əvvəlcədən ssenariləşdirilərək planlaşdırılması və mənfəətin yüksəldilməsinə zəmanət verməlidir. Düşünürəm ki, ilkin halda insan kapitalının düzgün və səmərəli formalaşdırılması üç əsas mərhələdə həyata keçirilə bilər:Respublika üçün ən vacib hesab edilən strateji sənaye sahələrinin dəqiq təyin edilməsi;Bu sahələrdə çalışacaq gənc və potensiallı kadrların düzgün seçilməsi;Uyğun istiqamətlər üzrə təcrübə və bilik mübadiləsi aparılacaq ölkələrin və elm-təhsil ocaqlarının düzgün seçimi. Belə ki, ilk növbədə ölkə üçün zəruri sayılan, ölkə iqtisadiyyatının təməlini təşkil edən və ya edə biləcək müxtəlif sənaye sahələrinin inkişaf etdirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi və kadr yetişdirilməsi üçün potensiallı, mütərəqqi qabiliyyətə malik gənclərin seçilməsi vacibdir. Həmçinin təcrübəsi mənimsəniləcək ölkələrin dəqiqləşdirilməsi zamanı da beynəlxalq standartlara cavabsair kimi məsələlər mütləq nəzərə alınmalıdır.

 

- Çalışdığınız təhsil ocağında bu istiqamətdə hansı tədbirlər reallaşdırılır?

 

- O ki qaldı çalışdığım təhsil ocağında bu istiqamətdə aparılan işlərə, onu qeyd etməliyəm ki, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) gənc kadrlar üçün xüsusən neft sənayesinin tarixi, inkişafı və perspektivləri üzrə dünya təcrübəsini mənimsəmək imkanı yaradan ən potensiallı elm və təhsil ocağıdır. Məlumdur ki, ADNA-da tələbə mübadiləsinin çoxillik tarixi var. Bundan çıxış edərək deməliyəm ki, ADNA yeganə ali təhsil ocağıdır ki, respublika iqtisadiyyatının sütununu təşkil edən neft sənayesi üçün hərtərəfli kadrlar hazırlayır. Neft sənayesi sahəsində kifayət qədər təcrübə və biliklərə malik olmasına baxmayaraq bacarıqlı tələbələrin bir sıra qabaqcıl xarici ölkələrdə təcrübə keçməsinə və ya əlavə təhsil almasına da ADNA-da geniş şərait yaradılır.

 

- Sizin ixtisas üzrə gənclərin fəaliyyəti sizi qane edirmi?

 

 

- Mənim ixtisasım üzrə, yəni alternativ və bərpa olunan enerji mənbələri və qurğuları istiqaməti ilə bağlı tədris etdiyim fənlər, apardığım elmi-tədqiqat işləri ümumilikdə respublikada çox yeni bir sahədir. Həqiqətdə bu bir mühəndislik elmidir, yəni ümumi energetikanın yeni inkişaf etdirilən sahəsidir. Alternativ və bərpa olunan enerji sahəsi çox əhatəli, geniş və müxtəlif enerji mənbələrinin cəmləşdiyi bir sahədir. Buraya Günəş, külək, biokütlə, dalğa enerjisi, geotermal enerji, çayların enerjisi, hidrogen enerjisis. daxildir ki, bunların da hər biri özlüyündə ayrı-ayrı enerji sahələridir. Bu cür müxtəlif istiqamətlərdə mütəxəssislərin hazırlanması əlbəttə ki, uzun müddət və böyük səy tələb edir. Eyni zamanda da bu sahənin hələ cavan olması bizi vadar edir ki, dünyanın bu sahədə aparıcı ölkələrinin təcrübələrindən yararlanaq. Bunun üçün maariflənmək çox azdır, gənc mütəxəssislərin böyük enerji tutumuna malik elektrikistilik enerji stansiyalarında təcrübə keçməsi, müəyyən müddətdə orada çalışması işin daha çox xeyrinə olardı. ADNA-da bərpa olunanalternativ enerji sahəsində çalışacaq mühəndislər hazırlamaqla yanaşı gələcəkdə bu sahədə tədris edə biləcək mütəxəssislər, magistr və doktorantların da hazırlanması nəzərdə tutulur. Bu ixtisasa gənclərin meyili və marağı həddən artıqdır, əslində bu məni həm pedaqoq, həm də bir elm adamı kimi çox sevindirir. Çünki bu, ixtisası tədris edə biləcək gənc kadrların hazırlanması məsuliyyətini bir qədər də artırır. Tələbələrimlə tez-tez hazırladığımız energetik qurğularda təcrübələr aparırıq. Bütün sınaq prosesi lentə alınır, sonra mən həmin çəkilişlərə təkrar-təkrar baxaraq tələbələrin çalışqanlığını, marağını, sual-cavabda iştirakını və digər münasibətləri özlüyümdə qiymətləndirir və gələcək təcrübənin hansı səpgidə qurulacağını, dərslərin necə təşkil olunacağını planlaşdırıram.

 

- Sizcə, bugünkü gənc kadrlar kapital kimi özünü doğrulda biləcəkmi?

 

- Əlbəttə ki, bugünkü gənc kadrların özlərini kapital kimi doğrultması onların məqsədyönlü şəkildə formalaşdırılmasından, düzgün istiqamətləndirilməsindən və yerləşdirilməsindən asılıdır. Əgər gəncin mövcud potensialı düzgün qiymətləndirilirsə, maraq və bacarığı qaydasında əlaqələndirilirsə, eyni zamanda ona bir qədər qayğı və dəstək göstərilirsə, bu halda həmin gənc respublikamız üçün kapitaldan da artıq, demək olar ki, dəfinə ola bilər. Mən öz auditoriyamdan çıxış edərək bildirmək istərdim ki, bizim gənclərimiz respublikamız üçün çox qiymətli kapital olmağa layiqdirlər, biz bunun üçün əlimizdən gələni əsirgəməməliyik. Çünki onların gələcək karyerasının təməli biz pedaqoqlardanaidiyyati təşkilatlardan asıolduğu kimi, respublikamızın gələcəyi, müstəqilliyi, özünüidarəsi də kapitala çevriləcək gənclərimizin əlindədir. Əminəm ki, bərpa olunanalternativ energetika sahəsində dövlətimiz tərəfindən gənc kadrlara sərf olunan və sərf olunacaq maliyyə dəstəyi, yeni enerji sektorlarının yaranması və inkişafı ölkəmizin dünya bazarında enerji ixrac edən aparıcı dövlət adını daim qoruyub saxlamasına imkan yaradacaq.

 

- İnsan kapitalının formalaşmasında təhsilin mühüm rolu var. Xaricdə təhsilin insan kapitalına təsirini göstərən amillər hansılardır?

 

- Ümumiyyətlə, təhsilsiz elmsiz hansısa kapitaldan danışmaq mümkün deyil. Dünya təcrübəsində sərmayənin yatırılmasından əvvəl onun özünü doğrultma müddəti dərəcəsi mütləq əvvəlcədən müəyyənləşdirilir. Bu, analoji deyil, birbaşa elmi əsaslarla nəzərə alınır. İstər sənayedə, istərsə elmdə əldə olunmuş biliklərdən istifadə etməklə kadırların hazırlanması müəyyən bir dövrü əhatə edir. Təhsil ilə təcrübə paralel düşünülmüş şəkildə aparılarsa, o halda kadr qısa müddət ərzində hazır kapitala çevrilə bilər. Təbii ki, mən bunu təkcə özümün deyil, eləcə dünya təcrübəsinə əsaslanaraq söyləyirəm. O ki qaldı problemlərə, istənilən sahədə problemlər həmişə mövcuddur. Təhsildə çatışmazlığın aradan qaldırılması bilavasitə müəllimin üzərinə düşür. Tədris proqramı çərçivəsində pedaqoq öz fənninə xüsusi maraq yarada tələbələrin çalışqanlığını artıra bilər. Xarici ölkələrdə təhsil alınmasının üstünlükləri ilə yanaşı bir sıra çətinlikləri var. Burada ixtisas seçimi ya həmin ixtisasa olan tələbat mütləq nəzərə alınmalıdır. Kadr respublikaya qayıtdıqda onun yerləşdirilməsi ondan kapital kimi istifadə mütləq əvvəlcədən düşünülməlidir. Yenə qeyd etməliyəm ki, təhsil istər ölkə daxilində, istərsə xaricdə məqsədyönlü qurulmalıdır. İnsan kapitalının formalaşması üçün yuxarıda qeyd etdiyim üç amilin nəzərə alınması həmin kapitalın gələcəkdə özünü vaxtında doğruldacağına zəmanət verir. Xaricdə təhsilin əsas müsbət tərəfi respublika üçün ilkin şəraitdə zəruri olan təcrübələrin mənimsənilməsi, müvafiq sənaye sahələrində texnoloji proseslərin qurulması istismarın təşkilinin təmin edilməsindən ibarətdir. Hələki insan kapitalının formalaşdırılması üçün biz xaricdə təhsilə bu aspektdən yanaşmalıyıq.

 

- İnsan kapitalı, təhsilin inkişafı ilə bağlı hansı təkliflər irəli sürərdiniz?

 

- Əlbəttə ki, təhsil ilə təcrübə paralel şəkildə eyni qüvvədə təşkil edilməlidir. Çünki təcrübi biliklərin eyni anda praktikada tətbiqi kadırın aktiv formada yetişdirilməsini təmin edir. Məncə, bu gün ali məktəblərlə müvafiq sənaye sahələrinin və təşkilatların qarşılıqlı əməkdaşlığı daha da gücləndirilməlidir. Əks təqdirdə ali təhsilli ixtisasçıların mütəxəssis olmakadr kimi formalaşma imkanı sual altında qalır ki, bu da tələb-təklif münasibətlərinin pozulmasına gətirib çıxarır. Sonda həm təhsilini başa vurmuş gənc ixtisasına uyğun olaraq çalışmaq istədiyi müəssisə və ya təşkilat tərəfindən işə yararlı kadr hesab edilmir, həm də kadra ehtiyacı olan təşkilat öz probleminin həllini xarici ölkələrdən kadrya ekspertlərin işə cəlb olunmasında görür ki, bu da maddi cəhətdən sərfəli deyil.  

 

Nigar

 

Palitra.- 2010.- 14 dekabr.- S. 6.