Ali təhsilin təşkilində elmipraktik biliklərin balanslaşdırılması zəruridir”

 

İnsan kapitalının formalaşması məsələləri ilə bağlı qəzetimizin apardığı layihə çərçivəsində ölkədə psixologiya sahəsi üzrə savadlı kadrların yetişməsi, bunun üçün müvafiq və səviyyəli təhsil şəraitinin olması və bu sahədə olan problemlər barədə yazı yazmağı məqsədəuyğun hesab etdik. 

 

Öncə qeyd edək ki, psixologiya mövzusuna bir qədər başqa formada ötən saylarımızda toxunmuşduq.   Qeyd edilmişdi ki,  peşəkarlıq probleminin aktual olduğu sahələrdən biri də psixologiyadır. Daha doğrusu, sosial-psixoloji məsələlərin gündəmdə əsas yeri tutduğu bir şəraitdə psixoloq ixtisası da yaman dəbə minib. İnsanlar gündəlik davranış, məişət problemləri ilə bağlı olaraq sözügedən sahə ilə məşğul olanlara daha çox müraciət etməyə və onların məsləhətlərinə qulaq asmağa başlayıblar. Bu isə “psixoloq” adı altında fəaliyyət göstərənlərin sayını yaman artırıb. Təsadüfi deyil ki, KİV-də, xüsusən də telekanallarda özlərini peşəkar psixoloq kimi tanıdan yeni-yeni simaların sayı durmadan artır. “Köhnə peşəkarlar” isə “psixologiya”nın daha dərinliklərinə nüfuz etməkdədirlər. Amma ciddi müşahidələr apardıqdan sonra bu cür şəxslərin, yumşaq desək, əslində yaxşı halda diletant olduqlarını yəqin etmək çətin deyil. Belə ki, həqiqətdə bu “peşəkar”ların ixtisasca başqa peşə yiyəsi olduqları, ya da sadəcə əllaməlik etdikləri danılmazdır. Məsələn, bu cürpsixoloqlar ciddi psixoloji məsləhətlər vermək əvəzinə, insanları ekranlardan, ya da elə evlərindəcə qəbul etməklə, “magiküsullarla yönləndirməyə çalışırlar. Onların “psixoloji” məsləhətlərində əslində heç bir elmilik, metodik yanaşmasair ciddi peşəkar keyfiyyətlər yoxdur. Bu cür şəxslər onlara etimad göstərən vətəndaşları demək olar ki, “qeybdən xəbər vermə”, fala baxma və digər əllamə üsullarla, absurd ibarələrlə aldatmaqdadırlar. Bu halda, istər-istəməz düşünməli olursan ki, sadəcə olaraq falçılar zamanın tələbi və ya dəbi ilə “ayaqlaşaraq” qiyafələrini dəyişiblər və psixoloq cildinə giriblər. Amma onların insanları yönləndirmə üsulları isə olduğu kimi qalmaqdadır. Bir sözlə, çağdaşşeyx nəsrullah”lar psixologiya sahəsini də monopoliyaya götürməyə çalışırlar. Onlar demək olar ki, ölkəmizdə buna hardasa nail olublar. Çünki bəzilərinin müstəqil şəkildə bu sahə ilə bağlı hansısa telekanalda verilişlər açması və öz “yaradıcılıq”larına xüsusi silsilə hazırlaması da bundan xəbər verir. Əslində isə belələrinin vətəndaşlarımızı hər hansı vasitə ilə həyati yönləndirmələri, ictimai şüura təsir etmələri çoxdan hamımızı ciddi düşündürməli idi. Çünki onsuz da ixtisaslaşma ilə bağlı bir sıra sahələrdə problemlər yaşadığımız halda, sırf insan həyatını öyrənən ixtisaslara qeyri-peşəkarların “yiyə” durması qətiyyən arzuolunan deyil. Buna görə də həqiqətən də psixologiya sahəsinə aid savadlı kadrların yetərincə formalaşması insan kapitalının inkişafı baxımından olduqca aktuallıq kəsb edir. Bununla bağlı bizə fikirlərini bildirən peşəkar psixoloq, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin işçisi Humay Axundzadə  belə qeyd edir: “İnsan kapitalının formalaşdırılması baxımından peşəkar psixoloqların yetişdirilməsi və fəaliyyəti olduqca önəmlidir. Ümumiyyətlə, son onilliklərdə bütövlükdə dünya üzrə, həmçinin ölkəmizdə müxtəlif fəaliyyət sahələrində psixoloqlara olan tələbatın artması tendensiyası müşahidə olunur. Yəni məsələn, on il öncə hər hansı bir peşə sahibi qarşısına çıxan məslələrin psixoloji aspektlərini öz qüvvəsi və təcrübəsinə əsaslanaraq həll edə biləcəyini düşünürdüsə, indi bu məsələlərin həllində elmi psixoloji biliklərin zərurəti danılmazdır. Cəmiyyətdə peşəkar psixoloqlara tələbatın artması müsbət hal olmaqla bərabər, bu həmçinin göstərilən peşə sahiblərinin üzərinə düşən məsuliyyəti də artırır”. Azərbaycanda peşəkar psixoloqların formalaşması problemlərinə toxunan psixoloq fikirlərini belə bölüşür: “Ölkəmizdə bu sahədə olan problemləri mən psixoloji xidmətin təşkili və keyfiyyəti ilə əlaqələndirərdim. Müxtəlif sahələrdə, məsələn təhsil sahəsində, səhiyyədə, penitensiar sahədə reallaşan psixoloji xidmət özünəməxsus cəhətlərə malikdir. Bu sahədə çalışan mütəxəssis bir tərəfdən ümumpsixoloji elmi biliklərə, digər tərəfdən isə konkret sahənin xüsusiyyətlərindən irəli gələn biliklərə malik olmalıdır. Mən göstərilən xidmət sahəsinin əsas problemlərindən biri kimi ali savadlı kadrların praktik sahəyə yönəldilməsi və onların bu sahədə fəaliyyətinin dəstəklənməsi prosesinin zəif təşkilini göstərərdim. Yəni çox zaman belə olur ki, dərin elmi biliklərə malik, savadlı kadrlar təhsilini başa vurduqdan sonra hara üz tutacaqlarını bilmirlər. Bir çox hallarda isə müxtəlif müəssisələrdə mövcud olan psixoloq ştatları qeyri-peşəkar, qısamüddətli kurs keçmiş şəxslər tərəfindən tutulmuş olur. Belə olan halda, gənclərin bir qismi başqa sahələrə üz tutaraq orada da öz peşəsi olduğuna baxmayaraq, faktiki olaraq qeyri-peşəkar kimi fəaliyyət görtərir, digər qismi isə xarici ölkələrdə təhsilini davam etdirir, sonra isə bir çox hallarda elə xaricdə də özünü reallaşdırır. Bu isə insan kapitalı baxımından ölkəmiz üçün itki deməkdir. Belə ki, xarici ölkədə təhsil alaraq, orada özünü reallaşdırmağa qadir olan gəncin  potensialı, onun öz ölkəsinə verə bləcəyi töhfəsi bir növ əvəzsiz olaraq itirilir”. Belə olduğu halda, sözügedən ixtisasa normal yiyələnməkdən ötrü təhsil sahəsində hansı islahatlara ehtiyac duyulur? Bununla bağlı mövqeyini bildirən ekspert deyir: “Təhsildə bununla bağlı islahatlara gəldikdə isə mən bir neçə məqamı vurğulayardım. Birinci məsələ abituriyentlərin peşə yönümü prosesinin düzgün təşkili ilə əlaqədardır. İkinci məsələ - plan yerlərinin konkret sahələrdə olan tələbata uyğun təşkili ilə bağlıdır. Üçüncüsü - olduqca vacib məsələ isə ali təhsilin təşkilində elmipraktik biliklərin balanslaşdırılmasıdır”. Qeyd edilməlidir ki, bu məsələdə birinci olaraq gənc kadrların çağdaş tələblərə və peşəkarlıq kriteriyalarına uyğun yetişdirilməsi olduqca ciddi önəm kəsb edir. Xüsusilə də istedadlı gənclərin bu peşəyə gəlmələrini stimullaşdırmaq lazımdır. H.Axundzadə məsələ ilə bağlı deyir: “Gənc psixoloqların formalaşdırılmasının özünəməxsus incəlikləri var. Məsələn, hər bir peşə sahibinin şəxsiyyətinə verilən tələblər mövcuddur. Bu, həmçinin psixoloq  peşəsinə də aiddir. Psixoloq kadrlarının formalaşdırılması prosesi yalnız biliklərin ötürülməsi deyil, gəncin şəxsiyyət kimi inkişafının yönləndirilməsidir. Bu isə psixologiya sahəsində təhsil alan gənclərin xüsusi psixoloji treninqlərdə iştirakını zəruri edir. Lakin konkret tələbənin şəxsiyyətin inkişafı, psixoloq keyfiyyətlərinin formalaşdırılması istiqamətində treninqdə iştirakı onun sırf öz artarışları, bəzən isə təsadüfün nəticəsi olur. Yaxşı olardı ki, belə treninqlər ali təhsilin özündə artıq əvvəlcədən nəzərdə tutulmuş olsun. Bu, gənc mütəxəssisin peşə fəaliyyətinə psixoloji hazırlığı və peşədə özünüreallaşdırmasında əvəzsiz dəstək ola bilər”. Vacib məqamlardan biri peşəkar kadrların hazırlanmasında və formalaşdırılmasında psixologiya sahəsi ilə bağlı xarici təcrübəyə müraciət edilməsidir: “Qeyd edim ki, peşəkar kadrların hazırlanmasında xarici təcrübəyə münasibətdə bir-birinə zidd olan iki mövqe mövcuddur. Birinci mövqenin tərəfdarları xarici ölkədən qaynaqlanan hər bir yeni yanaşma, fikir, texnologiyasairi qeyri-tənqidi olaraq qəbul edirbununla da bir növ ölkəmizdə illərlə formalaşan ənənələri dəyərsizləşdirirlər. İkinci mövqe tərəfdarları isə əksinə, ifrat mühafizəkar mövqe tutaraq xarici ölkə təcrübəsindən gələn istənilən yeniliyi inkar edirlər. Zənnimcə, bu məsələdə çevik olmaq, kadr hazırlığında xarici əlaqələlərin dərinləşdirilməsi ilə bərabər tətbiq edilən yeniliklərin təhsilimizdə mövcud olan ənənələrə uyğunlaşdırılması və cəmiyyətimiz üçün əhəmiyyəti baxımından qiymətləndirilməsi çox zəruridir”.Psixoloq qeyd edir ki, yuxarıdakı məqamlara ciddi diqqət yetirilərsə, psixologiya sahəsində mövcud olan kadr çatışmazlığı və peşəkarlıq problemiaradan qalxmış olar.

 

İlkin

 

Palitra.- 2010.- 14 dekabr.- S. 10.