“Savadlı insan kapitalı istəyiriksə, təhsildə fərqlənən gəncləri diqqət mərkəzində saxlamalıyıq”

 

Layihə çərçivəsində növbəti müsahibimiz  Milli Aviasiya Akademiyasının professorı Maqsud Hacıyevdir: 

 

- Ümumiyyətlə, insan kapitalı hər bir ölkənin vacib, mühüm və qiymətli sərvətidir. O ölkənin ki güclü insan kapitalı var, həmin ölkə sürətlə inkişaf edir. Bütün sahələr üzrə onun fəaliyyəti də faydalı olur. Sadəcə ali təhsil, diplom vermək deyil, təhsilə bünövrədən, orta məktəbdən başlayaraq ali məktəbə qədər ciddi diqqət yetirmək lazımdır. Xüsusilə də gələcəkdə sözün əsil mənasında bu ölkənin insan kapitalına çevrilə biləcək, yəni ölkəni idarə edə biləcək savadlıları, istedadları təyin etmək zəruridir. Buna nail olmaq üçün ali məktəbdə təhsil alan ən yaxşı bilikli, savadlı, diqqəti cəlb edən tələbələrə xüsusi diqqət yetirilməlidir, hətta onlarla əlavə məşğul olmaq imkanının yaradılması da önəmlidir. Ən mühüm məsələlərdən biriodur ki, əgər biz istəyiriksə yaxın gələcəkdə güclü insan kapitalına, düşünən, kəşfedici, axtarıcı beyinlərə sahib olaq, onlara ali məktəblərdə əlaçılardan fərqli olaraq bir neçə nəfər üçün belə xüsusi təqaüd təyin etmək olar. Bundan başqa təhsildə fərqlənən gəncləri diqqət mərkəzində saxlamaqla gələcəkdə ali təhsil aldıqdan sonra onların calışacaqları yer də müəyyənləşdirilməlidir. Onların ixtisasına uyğun olaraq dövlət müəssisələrində işlə təmin olunması çox mühümdür. Bəzən şahidi oluruq ki, çox istedadlı tələbələrimiz əldə etməyə çalışarkən ixtisasına uyğun olmadıqda məcbur olaraq başqa bir sahədə çalışırlar. Mən ölkə başçısının “Neft kapitalını insan kapitalına çevirək” fikrini çox yüksək qiymətləndirirəm. Bu gün xaricdə təhsil alan gənclərimizi sonradan ölkəyə qaytarmaq üçün hər cür səy göstərmək lazımdır. Uyğun vəzifələrə dəvət etmək lazımdır. Eyni zamanda xaricdə çalışan, savadlı insan kapitalı amilinin tələblərinə cavab verən mütəxəssislərimiz də nəzərə alınmalıdır. Xaricdə azərbaycanlıların sayı çoxdur, mən uzun müddət İranda, Əfqanıstanda çalışmışam və bunun şahidi olmuşam. Bütün Avropada, Amerikada, ərəb ölkələrində məhz insan kapitalı tələbinə cavab verən azərbaycanlı alimlərimiz, zəka sahiblərimiz var ki, onları da ölkəyə cəlb etmək üçün cəhdlər etmək, yüksək maaşla, evlə, işlə təmin etmək lazımdır. Ümumiyyətlə, bu məsələyə dünya ölkələri də diqqət yetirir. Xüsusilə Amerika təcrübəsi bunun üçün gözəl misaldır. Həmin ölkədə ən yaxşı zəkaları, istedadları, ölkənin gələcəyi üçün faydalı olacaq insanları cəlb edirlər. Belə insanları axtarıb tapır, sərf edilən maliyyədən asılı olmayaraq onlara vəsait ödəyib ölkənin inkişafında istifadə edirlər. Biz kənardan böyük alimləri dəvət etməsək də, özümüzə məxsus olan alimləri həvəsləndirməklə ölkəmizə cəlb etməliyik. Ölkə daxilində də insan kapitalının inkişafına daha çox diqqət yetirmək lazımdır. Məsələn, bu gün ölkədə idman, incəsənət sahəsində ilk yerləri tutan, fərqlənən vətəndaşlarımızın əməyi yüksək qiymətləndirilir və bu çox yaxşı haldır ki, onların arxasınca gələn nəsillər də həvəslənirlər. Eyni zamanda bunu savadlı gənclərimizə də şamil etməliyik. Ulu öndər Heydər Əliyevin dünya miqyasında tanıtdığı Azərbaycanı bu gün ölkə başçısı İlham Əliyev daha da şöhrətləndirib və dövlətimizi daha da möhkəmləndirmək üçün elmi kəşflərə, böyük təcrübə sahiblərinə ehtiyacımız var. Bu nöqteyi-nəzərdən ölkə başçısının insan kapitalına dair fikirlərini yüksək qiymətləndirirəm və düşünürəm ki, Azərbaycan belə istedadlı insan kapitalının hesabına dünyada ən qabaqcıl ölkələrdən biri olacaq, həm elmi, həm texniki cəhətdən müvəffəqiyyət qazanacaq.

 

- Bu gün tələbələrin təhsilə marağı sizi qane edirmi?

 

- Əlbəttə, tamamilə qane edir. Milli Aviasiya Akademiyasında yüksək tələbkarlıq var. Tələbələrin dərs buraxmasına qarşı ciddi mübarizə aparılır. Seminarlarda iştirak edənlərlə etməyənlər arasında böyük fərq qoyulur. İndi Bolonya sisteminə keçilib və balların alınmasında da ciddi tələblər var. Məsələn, iki birləşmiş qrupdan 1-2 nəfər ola bilər ki, dərsdə iştirak etməsin. Bizim akademiyada o qədər tələbkarlıq artıb ki, onlar xüsusi bəraətqazandırıcı sənəd gətirməsə, çətinliklər yaranır. Bolonya sisteminə uyğun olaraq mətni əvvəlcədən auditoriyaya çatdırmalı olsaq da, bununla bərabər mühazirədə olmayan bəzi mətləbləri tələbələrimiz çox böyük həvəslə qeyd edirlər. Ona görə də mənim tədris etdiyim politologiya,  beynəlxalq münasibətlər üzrə bu akademiyada təhsilini başa vuran məzunlar tezliklə əldə edə bilirlər. Xarici diplomatik missiyalarda, konsulluqlarda, beynəlxalq təşkilatlarda, nazirliklərin xarici əlaqələr şöbələrində çalışırlar. Bu da Milli Aviasiya Akademiyasında verilən təhsilin nəticəsidir.

 

- Bəzən politologiyanı tətbiqi mümkün olmayan, yəni çalışmaq imkanı məhdud olan sahələrdən biri kimi qiymətləndirirlər. Sizcə, qəbul imtahanlarında fakültəyə daxil olanlar bu sahəni istəyərəkmi seçirlər?

 

- Politologiya elə bir sahədir ki, gərək davamlı olaraq onunla məşğul olasan. Bu ixtisası bitirən məzunlarımız öz üzərində çalışmasa, öz ixtisası üzrə yox, formal bir işdə çalışa bilər. Amma tələb olunan səviyyədə işləmək üçün məsələn, son vaxtlarda keçirilən Astana sammitinin nəticələrini həmin politoloq dərhal analiz etməli, nəticə çıxarmalı, bu günün beynəlxalq hadisələri ilə yaşaya bilməlidir.Hazırda Politologiya fakültəsində təhsil alan tələbələr 600-dən yuxarı balla daxil olanlardır ki, onların böyük əksəriyyəti öz istəyi ilə bu sahəni seçirlər. İndi politologiyadan Milli Aviasiya Akademiyasında hüquqşünaslıq böyük yer tutur. İndi politologiya, beynəlxalq münasibətlər sahəsində dərslər çox azalıb. Ancaq onları daha da artırmaq lazımdır və gənclərimiz Azərbaycanın xarici siyasətini bilməlidirlər.

 

- Gənc politoloqların xaricdə çalışması təşkil oluna bilərmi?

 

- Bu sahədə təhsil alan tələbəni, politoloq kimi yaxşı işləyə biləcək, xarici ölkələrlə əlaqələr sahəsində faydalı olacaq gəncləri dövlət təhsil ocaqları müqavilələrlə xaricə göndərə bilərlər, hətta III-IV kurslarda onları xaricə, Azərbaycanın səfirliklərinə göndərə bilərlər. Hazırda fəaliyyət göstərən Diplomatiya Akademiyasının məzunları yaxın gələcəkdə cəmiyyətimizdə diplomat, siyasi sahədə yer tuta biləcək şəxslər olacaq. Bu gün bizim xarici əlaqələrimiz yüksək səviyyədə inkişaf edir. Ölkə başçısının dünyanın bir çox ölkələri ilə yaratdığı siyasi əlaqələr, həmin ölkələrdə səfirliklərin, konsulluqların, nümayəndəliklərin yaradılması çox mühüm məsələdir. Onu da qeyd edim ki, diplomatik sahədə işləmək üçün təkcə o ölkənin xarici siyasətini bilmək kifayət etmir. Ulu öndər bizim diplomatik xidmət fəaliyyətinə əlavə kadrlar verdi, xaricdə yaşayan azərbaycanlılarla üzrə vəzifəni müəyyənləşdirdi. Bu, diplomata imkan verir ki, müxtəlif ölkələrdə olan azərbaycanlılarla görüşüb ölkə reallıqlarını çatdırsın, onları ölkəmizə cəlb etsin. Məsələn, mən Kabulda sovet səfirliyində 2-ci katib işləyəndə iki əfqanın söhbətinin şahidi oldum ki, onlar fars dilində Yuxarı və Aşağı Əfşar kəndlərindən bəhs edirdilər. Araşdırarkən məlum oldu ki, əfşarlar buraya Nadir şah dövründə köçüb gələnlərdir və bu əfşarları, Qarabağda Nadir şahın işğalı zamanı zadəgan ailələri, nökərləri ilə birgə götürüb aparıblar. Həmin sakinlərdən soruşanda onlarQarabağdan gəlmişik və Cavanşirlər nəslindənik” deyirdilər. Ancaq o dövrdə mən onlarla maraqlanarkən Xarici İşlər Nazirliyi bununla bağlı sovet səfirliyinə etiraz bildirmişdi. Lakin indi ulu öndərin böyük uzaqgörənliyi nəticəsində o ölkələrdə azərbaycanlılarla işləmək üçün diplomatik xidmət yaradılıb.

 

- Xaricdə təhsil onların daha da inkişafına imkan yaradacaqmı?

 

- Əlbəttə, gənclərin xaricdə yüksək təhsil alıb ölkəmizə qayıtması vacibdir. Bu da dövlət səviyyəsində öz həllini tapır. Ölkə başçısı da məhz insan kapitalı amilində xaricdə təhsilə mühüm önəm verir. Xaricdə təhsil aldıqdan sonra onların qayıdıb ölkəmizdə çalışması üçün iqtisadi baxımdan maraq yaratmaq lazımdır. Savadlı, istedadlı gənclərimizi xaricdə tez bir zamanda istifadə etməyə çalışırlar. Bu istiqamətdə yalnız Təhsil Nazirliyi yox, Diasporla İş üzrə Dövlət Komitəsi də insan kapitalına çevrilə biləcək istedadlı, savadlı kadrlarımızı nəzarət altında saxlamalıdır.  

 

Nigar

 

Palitra.- 2010.- 21 dekabr.- S. 6.