“Azərbaycan mədəniyyəti ilə bağlı ongünlüyün keçirilməsi vacibdir

 

Müsahibimiz Azərbaycan-İsrail (AZİZ) Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü, AZİZ yanında Azərbaycanın tarixi və mədəni irsinin qorunması komitəsinin rəhbəri Yeganə Salmandır. - Yeganə xanım, zəhmət olmasa, son dövrlərdə İsraildə təşkilatınızın gördüyü işlər barədə məlumat verin.

 

-  Öncə icazənizlə, qəzetinizi və oxucularınızı salamlayım və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edim. Hamımıza bütün azərbaycanlıların əsas istəyinin həyata keçməsini - işğal olunmuş torpaqlarımızın tezliklə qayıtmasını arzu edirəm. O gün olsun ki, hər bir azərbaycanlı Dağlıq Qarabağa gedə bilsinöz doğma yurdundan məcburi köçmüş hər bir soydaşımız öz evinə, torpağına qayıda bilsin.Son dövrlərdə bizim üçün ən önəmli hadisələrdən biri İsraildə ümummilli lider Heydər Əliyevin adına açılacaq xiyabanda xatirə daşının qoyulmasıdır. Bununla bağlı mərasimə Azərbaycandan yüksək mənsəbli qonaqlar gəlmişdilər, o cümlədən İsrail hakimiyyətinin nümayəndələri də dəvət edilmişdi.Təməlqoyma mərasimi Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin İsraildə jurnalistlər üçün beynəlxalq konfrans keçirməsi ilə eyni vaxta düşdüyünə görə, Heydər Əliyev adına xiyabanın açılışı da dünya mediasında geniş işıqlandırıldı. Buna qədər isə biz Azərbaycanın yeni tarixində faciəvi səhifələr olan Xocalı soyqırımı və 1990-cı ilin qanlı yanvar hadisələrinin 20-ci ildönümünü qeyd etmişdik. Bununla bərabər, bizim mədəniyyət xadimlərimiz olan Rəşid BehbudovMüslüm Maqomayevin xatirə günlərini keçirəcəyik. Həmçinin biz, İsraildə keçirilən yarışlarda Azərbaycan idmançıları çıxış edərkən onlara azarkeşlik məsələlərini təşkil edirik. Biz Vətənimizin şərəfini qoruyan yoldaşlara görə ürəkdən sevinironlara yarışlarda dəstək oluruq. İdmançılarımız isə buna görə çox məmnun olur ki, onları həmvətənləri necə hərarətlə dəstəkləyir və alqışlayırlar.İsrail azərbaycanlıları Azərbaycanın təbliği üçün burada daha çox işlər də görə bilərlər, amma bunu bir qədər çətinləşdirən İsraildə Azərbaycan Respublikasının rəsmi təmsilçiliyinin olmamasıdır. Bu səbəbdən İsraildə Azərbaycan haqqında az bilirlər. Burada yeganə rəsmi təmsilçi  - AzAl-dır ki, bu şirkət də özündə Azərbaycan adını tam ehtiva etmir. Məsələn, “British Airlines”, “Turkish Airlines” və digər aviaşirkətlər öz adlarında ölkələrinin adlarını tam səsləndirirlər, amma qeydedilən şirkətin Azərbaycana aidiyyəti ilə bağlı İsraildə az adam məlumatlıdır.Ola bilər ki, bu, sizə bir qədər əhəmiyyətsiz görünsün, amma ölkənin tam olaraq adını daşımaq və əks etdirmək də təbliğat sayılır. Və məhz burada - Azərbaycan haqqında çox məlumat olmayan bir yerdə bu işdə çatışmazlıq mövcuddur.

 

- Təbliğatla bağlı tədbirlərin keçirilməsində hər hansı çətinliklər və manelələrlə üzləşirsinizmi?

 

- Bizim əsasən, maliyyə və texniki cəhətdən problemlərimiz var. Səfirlikləri olan diasporlar tədbirlərin təşkili və maliyyələşdirilməsi üçün dəstək ala bilirlər və bununla da onların keçirdikləri tədbirlər yüksək səviyyədə təşkil olunur. Amma belə bir dəstək olmayan yerdə hər şeyi öz gücünlə reallaşdırmaq zorunda qalırsan. Keçirdiyin tədbirin isə gələcəkdə daha yüksək səviyyədə keçirilməsini arzu etməli olursan. Maliyyə dəstəyimiz olmadığına görə Azərbaycanın tarixi və mədəniyyətinin təbliği üçün istifadə edilə biləcək materialların toplanması və saxlanması üçün məxsusi yerimizyoxdur. Evimdə çoxlu sayda kitablar, mis qablar, xalçalar, suvenirlər, məişət əşyaları durur ki, onların çoxu müasir və qədim Azərbaycan mədəniyyətini təcəssüm etdirir. Ümumilikdə mənim Azərbaycan mədəniyyəti ilə bağlı muzeyimdə 2 mindən çox belə predmet toplanıb. Bütün bunları mən illərlə toplamışam. İsraildə yaşamaqla, burada bir Azərbaycan guşəsi yaratmaq məqsədilə bunları əldə etmişəm. Çoxlu gözəgəlimli ləvazimatı mənə Heydər Əliyev Fondu iltifatla həvalə edir. Mən istərdim ki, sizin qəzet vasitəsilə Heydər Əliyev Fonduna, çox hörmətli Mehriban xanım Əliyevaya bizə təqdim etdikləri materiallara görə dərin təşəkkürümü bildirim. Bu materiallar bizə təkcə Azərbaycan mədəniyyəti və tarixi haqqında məlumat və bilik çatışmazlığını aradan qaldırmaqda kömək eləmir, həm də Azərbaycan mədəni irsinə yeni təfəkkürlə diqqət yetirməyi və bu irslə Azərbaycan haqqında tamamilə təxmini informasiyalara malik insanları tanış etməyi təmin edir. Heydər Əliyev Fondunun verdiyi vəsaitlər Azərbaycan tarixinin, mədəniyyətinin və incəsənətinin təbliğində qiymətsiz rol oynayır.Mənim muzeyimdə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin nəşrləri olan kitablar, jurnallar, disklər, həmçinin azərbaycanca dərsliklər də var. Mən həmçinin “Bakı” jurnalının baş redaktoru olan Leyla xanım Əliyevaya da çox minnətdaram ki, jurnalın redaksiyası bizə təmənnasız olaraq bu gözəl, intellektual jurnalın hər nömrəsini göndərir. Jurnalı oxuyan buradakı oxucular bizim tarixi Vətənimizin maddi və mədəni dəyərləri barədə əhatəli məlumatlanırlar. Əlbəttə, mən inanıram ki, gün gələcək, İsraildəki azərbaycanlıların toplanacağı və özündə Azərbaycan millətinin ruhunu daşıyan bütün bu predmetləri görə biləcəyi bir böyük ev olacaq. Bu evdə biz əlaqələr yaratmaq üçün toplaşa biləcəyik ki, bu da Vətəndən uzaqda yaşayanlar üçün başlıca məsələdir.       

 

- İsrail KİV-i və telekanalları sizin keçirdiyiniz tədbirləri lazımınca işıqlandırırmı?

 

İsraildə bir sıra böyük olmayan qəzetlər və internet saytları var ki, onlar bizim tədbirlərimizi işıqlandırırlar, amma bu, qətiyyən kifayət etmir. Birincisi, bütün bu nəşr edilmiş informasiyalar rusdilli oxuculara, ya da Azərbaycandan çıxanlara hesablanıb. İsraillilərə bu informasiya demək olar ki, çatmır. Bu günlərdə İsrailin şimalında yanğın baş verdi, nəticədə 40 insan həyatını itirdi və ölkənin iqtisadiyyatı və ekologiyasına böyük ziyan dəydi. İsrailin baş naziri cənab Natanyahu kömək üçün müxtəlif ölkələrə müraciət etdi, bir çoxları yanğının söndürülməsi ilə bağlı texnika göndərdi, bu barədə mətbuat da yazdı. Siz bilirsinizmi, kömək göndərənlər arasında Azərbaycanın da olduğu barədə oxumaq nə qədər xoş oldu. Bu informasiya mərkəzi ivrit qəzetində yer almışdı ki, bu cür xəbərlər də bizim üçün xüsusilə vacibdir. İnşaallah, Azərbaycan qoy həmişə güclənsin, inkişaf etsindünya səviyyəsində xeyirxah işləri ilə məşhurlaşsın. İnanın, mətbuatda hər hansı məlumat, Azərbaycan haqqında hər xoş söz Vətənimizlə bağlı bizdə qürur oyadır.

 

-  İsrail telekanallarında Azərbaycan həqiqətləri və mədəniyyəti, yaxud Ermənistan münaqişəsi barədə hər hansı verilişlər yayımlanırmı? Yaxud siz təşkilat olaraq belə verilişlərin yayımlanmasına çalışırsınızmı?

 

- Siz yəqin məlumatlısınız ki, orada televiziyada hər dəqiqə pulla alınır. Televiziyada dəyirmi masa təşkil etmək və qəzetdə məqalə yazmağa görə müəyyən məbləğ ödəmək lazımdır. Bu sferada Azərbaycan həqiqətlərini təbliğ etməkdə kim maraqlı ola bilər? Əlbəttə, birinci növbədə Azərbaycan özü. Bilirsiniz, hətta “Avrovizion” müsabiqəsində səsvermə üçün bir sıra ölkələr əvvəlcədən SMS ödəyirlər və bununla da öz məqsədlərinə nail olurlar. Bilirsiniz ki, mən hansı ölkə haqqında danışıram. Həmin ölkə yalan informasiyaların yayılması və piara görə vəsait ödəməkdə böyük təcrübəyə malikdir. Azərbaycanda isə belə bir təcrübə yoxdur, buna görə də biz həqiqətə və tarixi ədalətə istinad edirik, ədalət isə pulsuz uzun müddət mövcud ola bilməz və ədaləti təmin etmək üçün əldə silah mübarizə aparmaq lazımdır. Hazırda Dağlıq Qarabağ münaqişəsi haqqında burada, eləcə də dünyanın çox yerində məlumat daha çox birtərəflidir. İsraildə hələ bunu eşidiblər ki,ermənilər zərərçəkəndirlər.

 

- İki ölkə ictimaiyyəti arasında mədəni əlaqələrin inkişaf etməsi üçün hansı fikir və təklifləriniz ola bilər?

 

- Azərbaycan haqqında İsraildə kifayət qədər məlumatın olması üçün səfirliyin açılması zərurət olmaya da bilər. Bunun üçün başlanğıc olaraq, Azərbaycan mədəniyyəti ilə bağlı ongünlüyün keçirilməsi vacibdir. Burada kitabların, şəkillərin sərgisini təşkil etmək və mədəniyyətimizi təqdim edən başqa müvafiq tədbirləri keçirmək olar. Azərbaycan xalçalarının sərgisini keçirmək olar, burada miniatür kitabların muzeyini təşkil etmək olarsair. Mən bu yaxınlarda Yerusəlimdə İslam incəsənəti muzeyinə baş çəkdim. Orada Azərbaycan haqqında kiçik bir xatırlatma belə, yoxdur. Bu isə çox xoşagəlməz və kədərli faktdır. Bundan başqa mən MDB ölkələrini təmsil edən rəssamların əl işlərinin sərgiləndiyi və səfirlərin, yaxud mədəniyyət üzrə attaşelərin iştirakı ilə təşkil olunmuş bədii sərgidə iştirak etdim. Bu cür tədbirlərin təşkili və keçirilməsi ən yüksək səviyyədə baş tutur. Belə ki, hər bir ölkə özünü ən yaxşı tərəfdən göstərməyi arzu edir. Onu da deyim ki, yanvarın birinci günlərində Yerusəlim bələdiyyəsi Azərbaycan və Şimali Qafqaz rəssamlarının işlərindən ibarət sərgi təşkil edəcək. Amma Azərbaycanın rəsmi təmsilçiləri bu sərgidə olmayacaqlar, çünki onlar məlum olduğu kimi, İsraildə rəsmi səviyyədə təmsil olunmurlar.

 

- İsraildəki Azərbaycan diasporunun konsolidasiyası üçün dahakimi işlər görmək lazımdır?

 

- Bizə Azərbaycan diasporunun konsolidasiyası üçün çox işlər görmək lazımdır. Başlanğıc üçün öz internet saytımızı yaratmaq lazımdır. Bundan başqa, dediyim kimi, bizə milli kitabxanamızı, muzeyi yaratmaq, Azərbaycan dili kursunu, milli rəqs kursunu təşkil etmək üçün yer lazımdır. Hətta sadəcə olaraq diaspor nümayəndələrimizin Azərbaycanla bağlı məsələləri çözməsi üçün toplaşa biləcəkləri bir yerolsa, məqbuldur. Bu, özünəməxsus bir ocaq olardı və insanlarımız burada toplaşıb milli məsələlərimizlə bağlı fikir mübadiləsi apararmilli baxımdan duyğulanardılar. Bəzən biz türkya gürcü mədəni mərkəzində toplaşmalı oluruqbu vaxt  Azərbaycandan çıxmış insanlarımızda dərhal belə bir sual yaranır: niyə bizim məxsusi olaraq belə bir ocağımız yoxdur. Onu da istərdik ki, Diasporla İş üzrə Dövlət Komitəsindən də bu işdə çox dəstək olsun.

 

- Mədəni əlaqələrəin inkişafı üçün qarşılıqlı mədəniyyət səfərlərinin təşkili və sair bu cür məsələlər barədə nə deyə bilərsiniz?

 

- İkitərəfli əlaqələrin inkişafı üçün turizmi yüksək səviyyədə təşkil etmək lazımdır. İsraillilər səyahət etməyi çox sevirlər, onlar Özbəkistan, Qazaxıstan və Rusiya daxil olmaqla bütün ölkələrə gedirlər. Gürcüstana isə buradan həftədə 6 aviareys təşkil olunur, çünki bu ölkə ilə mütəşəkkil turlar təşkil olunub. Məgər Azərbaycanda baxmalı, maraqlı şeymi azdır, yaxud bizimkilər qonaq qəbul etməkdə digərlərindən azmı bacarıqlıdırlar? Bundan başqa, İsrailə gürcü milli rəqsinin dövlət ansamblı tez-tez gəlir və israillilər bu konsertlərə məftundurlar. Burada həmçinin, illik folklorteatr festivalları keçirilir ki, bu tədbirlərdə də Azərbaycandan başqa çox ölkələri görmək olar. İncəsənət hər şeydən daha yaxşı şəkildə müxtəlif xalqları yaxınlaşdırır, tanış edir. İncəsənət vasitəsilə anlaşılmazlıq baryeri aradan qalxır və yalan stereotiplər itmiş olur. Məqsədəuyğundur ki, israillilər Azərbaycan incəsənəti ilə tanış olsunlar, daha sonra bu tendensiyanı digər sahələrlə tanışlıq üzrə davam etdirmək lazımdır. Həmçinin digər məqamlar da var ki, ölkəmizi ən yaxşı tərəflərdən göstərə bilərik, sadəcə bunda iradə göstərmək və lazımi səviyyədə həyata keçirmək lazımdır. Beləliklə, dünyada Azərbaycan haqqında yaxşı səviyyədə məlumatların yayılması üçün azərbaycanlılar özləri buna maksimum güclərini sərf etməlidirlər. 

 

Söhbətləşdi: İlkin Ağayev

 

Palitra.- 2010.- 21 dekabr.- S. 8.