Kərki: İtirilmiş torpaqlarımız və tarixi reallıqlar

 

(Əvvəli ötən saylarımızda) 

 

1989-cu il mayın əvvəllərində respublika mətbuatında “Azərinform”un aşağıdakı bəyanatı yayıldı: «Neçə vaxtdır ki, respublikada biri digərindən cəfəng şayiələr gəzir ki, guya Azərbaycan SSR İliç (indiki Şərur-V.M) rayonunun və Ermənistan SSR Ararat rayonunun sakinləri arasında ərazi mübahisəsi ilə əlaqədar toqquşmalar olub, bunun nəticəsində  də Sədərək kəndində və digər sərhədyanı yaşayış məntəqələrində adamlara xəsarət dəyib, həlak olanlar var,  kənd təsərrüfatı  texnikası  dağılıb. Qeyd olunan məsələlərin araşdırılması  üçün Azərbaycan  SSR Ali Soveti  Rəyasət Heyətinin, Ədliyyə Nazirliyinin məsul işçilərindən, alimlərdən, KİV nümayəndələrindən ibarət mötəbər komissiya yaradılmış və Naxçıvan MSSR-in Ermənistanla həmsərhəd  rayonuna göndərilmişdir...»Təəssüf ki, həmin «mötəbər komissiya» da Sədərək əhalisini borclu çıxardı  və həmin komissiyanın sədri, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti hüquq şöbəsinin o vaxtkı müdiri   A.H. İbrahimov Azərinform müxbirinin sualına aşağıdakı kimi: «Bəri başdan deyim ki, bütün bu şayiələrin heç bir əsası yoxdur. Sərhədyanı zonada millətlərarası  zəmin əsasında heç bir münaqişə və toqquşma olmayıb. Sədərək kəndində nələr baş verdiyini axıradək dərk etmək üçün tarixi yada salmaq lazımdır»-cavab verərək, tarixi də aşağıdakı kimi yada salıb fikrini belə  yekunlaşdırdı: «Ümumi sahəsi təqribən 100 hektar olan «Həsənqulu bağı» torpaq sahəsində də belə əhvalat baş vermişdir. Bu bağ Ermənistan SSR Ararat rayonu ərazisində yerləşsə də (A.İbrahimov o vaxt şəxsən hadisə yerinə gəlsəydi görərdi ki, «Həsənqulu bağı» Sədərəyin 1-2 kilometrliyində, Ararat rayonunun isə 25-30 kilometrliyində yerləşir. -V.M.) illər uzunu ondan Sədərək sakinləri istifadə edirdilər.Həmin sahənin hüquqi sahiblərinin, yəni Ermənistan SSR Ararat rayonu  melioratorlarının martın axırında başladıqları təsərrüfat işləri sədərəklilərin narazılığına səbəb olmuşdur. Axırda bir daha qeyd etmək istəyirik ki, vilayət və rayon  orqanları sərhədyanı rayonda gərginliyin  aradan  qalxması, şayiələrə və dedi-qodulara son qoyulması üçün böyük təşkilati-siyasi    təşviqat-təbliğat işi aparmışlar» (bax: «İşıqlı yol» qəzeti, 4 may 1989-cu il). Çox təəssüf ki, bizimkilərin başı əhali arasında «təşviqat-təbliğat» işinə qarışanda elə  həmin vaxtdan düz ikicə ay sonra ermənilər Kərki ilə Sədərək arasında avtomobil  yolunu açıq şəkildə bağladılar və 1989-cu il iyul ayının 16-da Azərbaycanın Kərki kəndindən Sədərəyə köçməli olan  gəlin bir gün sonra  iyulun 17-də hərbçilərin  müşayiəti ilə köçdü.  Həmin vəziyyəti o vaxtlar  çap olunan şeirimin  bir bəndində  belə təsvir etmişdim: «Vağzalı» çalınmır bu necə işdi? Bu toyda məsləhət, söz keçir indi.Xalqın tarixinə gör nələr düşdü-Hərbi maşın ilə qız köçür indi... (bax: Vaqif Məmmədov. Sədərək harayı. Bakı, ATM, 1994,. səh. 69).Kərkiyə ermənilərin təzyiqi də, özümüzünkülərin soyuq münasibəti də 1989-cu ildən də xeyli əvvəl başlanmışdı.  Ötən əsrin 50-ci illərində yuxarıda bəhs olunan asfalt yol salınanda, 60-cı illərdə maşın qəzasında ölən erməni şairinin xatirəsinə Azərbaycan torpağında qəsəbə salınanda, 80-ci illərin  ortalarından başlayaraq (hələ Qarabağ hadisələrindən  əvvəl) gecələr Arazdəyən-Cermuk yolu ilə keçən sərxoş ermənilər arabir Kərkini atəşə tutub keçəndə yerli əhali nə qədər məlumatlar versə də, o vaxtkı rəhbərlərimizin laqeydliyi günü-gündən vəziyyəti gərginləşdirirdi.  Bu azmış kimi, Kərki həm də özümüzünkülər tərəfindən unudulmuşsosial qayğılardan tam kənarda qalan bir yaşayış məntəqəsinə çevrilmişdi. Təvazökarlıqdan uzaq olsa da, 22 il əvvəl 1988-ci ilin iyul ayında Kərki haqda yazıb mətbuatda çap etdirdiyim məqalədən kiçik bir abzası yada salmaqla Kərkinin o dövrdəki  vəziyyətini təsvir etməyə ehtiyac duyuram: «Acınacaqlı olsa da, faktdır ki, kərkililərin böyük əksəriyyəti uzun illərdir  heç yerdə işləmir.  Əhali arasında iş-güc , dolanışıq ucbatından  kəndi qoyub harasa köçüb getmək  haqqında danışıqlar gedir.Günahlandırmağa  çox da haqqımız yoxdur onları. XXI əsrə keçməyimizə lap az qalır. Kərki kəndində adi daimi  kino qurğusu yoxdur. 350 nəfərə yaxın əhalisi olan ucqar bir kənddən nə rayon mərkəzinə, nə də Sədərək kəndinə heç bir marşrut işləmir, xəstəxana yoxdur, çörəkxana yoxdur, hamam yoxdur, ümumiyyətlə, məişət xidməti obyektlərinin siyahısını tutsaq, heç bir  tərəddüd etmədən hamısının qarşısına bir kəlmə «yoxdur» sözünü yazarıq (bax:«İşıqlı yol» qəzeti, 28 iyul 1988-ci il;  «Şərq qapısı» qəzeti, 22 sentyabr 1988-ci il ). Yerli əhalinin tələblərindən, mətbuatdakı buya digər çıxışlardan sonra 1989-cu il aprel ayının 25-də Naxçıvan MSSR Nazirlər Soveti «İliç rayonunun Kərki kəndinin sosial -iqtisadi inkişafı haqqında» 8 maddədən ibarət xüsusi qərar (Qərar H 115) qəbul etdisə də, artıq gec idi və hadisələr gərginləşib kulminasiya nöqtəsinə çatmışdı. Çünki daha  saqqallı ermənilər Sədərəkdən Kərkiyə gedən avtomobil yolunu kəsdiyindən hər axşam Sədərəkdən  Kərkiyə «Qaraağac-Cəhənnəmdərə» yolu ilə  yük maşını ilə, bəzən də piyada 30-40 nəfər könüllü müdafiəçi  gedir, gecəni səhərə  kərkililərlə birlikdə kəndin  keşiyini çəkir, səhər geri qayıdırdılar. Sonralar həmin könüllülərə Şərurdan və Naxçıvandan gələn könüllülər də qoşuldular. Ancaq bu da çox davam etmədi, Kərki ilə Sədərək arasında əlaqə  tam kəsildi, Kərkinin müdafiəçilərinə  ərzaq və digər sursat çatdırmaq da problemə çevrildi. Hətta 1989-cu il sentyabrın 28-də SSRİ Daxili Qoşunlarının üç zabitini (polkovnik E.Parasuxini, mayorlar S. Tixomirovu və V. Laptevi) Kərkidəki vəziyyətlə tanış  olmaq üçün Naxçıvan MSSR Daxili İşlər Nazirliyinin xətti ilə Kərkiyə aparan «Volqa» maşın geri qayıdarkən ermənilər  tərəfindən atəşə tutuldu, maşına 17 yerdən güllə dəyməsinə baxmayaraq, çeviklik göstərib həmin zabitləri sağ-salamat geri qaytara bilən sürücü Həsən Hüseyn oğlu Babayev sonralar SSRİ prezidenti M.S.Qorbaçovun 9 oktyabr 1990-cı il tarixli fərmanı ilə «Şəxsi igidliyə görə» ordeni ilə təltif olundu (bax: «Kommunist» qəzeti, 16 oktyabr 1990-cı il). 1989-cu il avqust ayının 24-də SSRİ xalq deputatı, Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin baş direktoru, mərhum Tofiq İsmayılov  vertolyotla Kərkiyə gəldi. Kərkidəki vəziyyəti avtomaşınla ora getməyin mümkün olmadığını görəndən sonra elə həmin gün Kərkinin müdafiəçilərinə ərzaq, yanacaqs. daşımaq üçün  ayrıca bir vertolyot  ayırdı, özü isə  təyyarədə “Azərinform”un  müxbirinə ürəkyanğısı  ilə, gözləri yaşarmış vəziyyətdə bu sözləri dedi: «Kərki bizim olacaq. Bu, qəlbimizin göynəyən yeridir (bax: «Respublika» qəzeti, 3 noyabr 1990-cı il).  Bir neçə ay da (1989-cu ilin sonlarına qədər) Kərkinin müdafiəçilərinə  həftədə bir-iki dəfə vertolyotla ərzaq daşındı.  Artıq xeyli müddət idi  qadınlar və uşaqlar kənddən çıxarılıb Sədərəkdə və Şərurun kəndlərində yerləşdirilmişdi.  Kərkidə yalnız könüllü müdafiə dəstələrinin üzvləri və rus hərbçiləri qalmışdı. 1990-cı il yanvarın 15-də səhər saat 4 radələrində Kərkidən hava xətti ilə təcili xəbər yayıldı ki, silahlı ermənilər kəndə hər tərəfdən basqın ediblər, kənd mühasirədədir, camaatı əsir tutub aparmaq istəyirlər. Səhər saat 4-dən axşama qədər atışma getsə də, müasir silahlarla silahlanmış saysız erməni döyüşçüləri qarşısında Kərkinin müdafiəçiləri son damla qanlarına qədər vuruşmaq niyyətində olsalar da, pulla ələ alınmış rus hərbçilərinin «daha sizin təhlükəsizliyinizi qorumağa bizim gücümüz çatmır, təcili kəndi tərk etməsəniz hamınızı girov götürəcəklər» xəbərdarlığından sonra onlar axşam qaranlıq düşənə yaxın bütün cığırları qarla örtülmüş Cəhənnəmdərə-Qaraağac yolu ilə piyada, çox çətin vəziyyətdə özlərini Sədərəyə çatdıra bildilər. Beləliklə, 1990-cı  il yanvar ayının 15-də təkcə rus hərbçilərinin ixtiyarında qalan Kərki az sonra ermənilərə təhvil verildi. Bu tarixi  həqiqət Kərkinin işğalından 6 ay sonra  Bakıda «Azərbaycan» qəzetində də etiraf olundu: «Kərki kəndinin camaatı bir neçə il öz torpağını qorudu, amma kəndin boşalmasına fitvanı rus qoşun hissələri verdi: -cəmi iki aydan sonra yenidən kəndə qayıdacaqsınız, müvəqqəti yaşayış yerinizi dəyişmək, sizin təhlükəsizliyiniz üçündür-dedilər» -(bax: «Azərbaycan» qəzeti, 1 iyun 1990-cı il, H 19). Neçə min illik tarixi olan qədim Azərbaycan torpağı beləcə düşmən əlinə keçib süqut etdi.

 

Vaqif Məmmədov

 

Naxçıvan Dövlət Universitetinin «Qeyrət» nəşriyyatının direktoru, tarix elmləri namizədi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

 

Palitra.- 2010.- 21 dekabr.- S. 10.