Yeni düşüncə tərzinə malik gənc nəsil formalaşır

 

Layihə çərçivəsində müsahibimiz Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dissertantı Miraqil Seyidzadədir:

  

- Sovet İttifaqının dağılması ilə cəmiyyətdə total düşüncə tərzindən demokratik düşüncə tərzinə transformasiya prosesi geniş vüsət aldı. Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsi olan gənclərin düşüncə tərzi demokratik dəyərlərin təsiri altında formalaşmağa başladı. Bu düşüncə tərzi keyfiyyətcə yeni düşüncə tərzi olmaqla, özündə dövrün siyasi-iqtisadi və sosial-mədəni inkişaf meyillərini ehtiva edirdi. Hər bir dövlətin sabahı gənclərlə bağlıdır. Gənclər necə yetişdirilsə, tərbiyə edilsə, dövlətin sabahı, gələcəyi də o cür olacaq. Güclü dövlət mövcud olarsa, bu halda gənclər də öz potensiallarını gerçəkləşdirə bilər və özlərini daha təhlükəsiz cəmiyyətdə hiss edərlər. Bu baxımdan ulu öndərimiz Heydər Əliyev tərəfindən dövlətçiliyin etibarlı qorunması ənənəsinin yaradılmasını vurğulamaq lazımdır. Əsası ümummilli liderimiz tərəfindən qoyulmuş Gənclər Forumunun keçirilməsi ənənəsi də qeyri-adi ənənə idi - gənclər bilavasitə dövlət rəhbərləri ilə birbaşa görüş və ünsiyyət imkanları əldə etdilər, fikirlərini sərbəst şəkildə ifadə etmək imkanı qazandılar. Hal-hazırda davam etdirilən bu ənənədən bütövlükdə cəmiyyətimiz yararlanır. İndiki şəraitdə həm cəmiyyətin özündə, həm də iqtisadiyyatda yeniləşmə prosesi gedir, dövlət idarəçiliyi təkmilləşdirilir, yeni texnologiyalara keçid prosesi sürətlənir. Belə bir şəraitdə yeniləşmənin əsas daşıyıcıları olan gənclərin üzərinə mühüm vəzifələr düşür ki, bu vəzifələrin də müəyyən olunması onların həyata keçirilməsi üçün əlverişli zəmin hazırlayır.

- Ölkədə həyata keçirilən gənclər siyasətinin əsas prioritet istiqamətləri hansılardır?

- Azərbaycanda həyata keçirilən gənclər siyasətinin prioritet istiqaməti gənc nəslin mənəvi-fiziki potensialının möhkəmləndirilməsi və bu potensialın tam açılmasına xidmət edən kompleks tədbirlərin reallaşdırılmasıdır. “Gənclər siyasəti haqqında” qanunda gənclər siyasətinin prinsiplərindən biri gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasıdır. Məlum olduğu kimi, dövlət müstəqilliyinin ilk illərində cəmiyyəti təhlükələrə sürükləyən siyasi, iqtisadi, mənəvi-ideoloji problemlər üzündən ölkədə gənclər və idman siyasəti diqqətdən kənarda qalmışdı. O zaman iqtidarda olan qüvvələrin yarıtmaz siyasəti Azərbaycan gəncliyinin nizamsız, pərakəndə topluma çevrilməsinə gətirib çıxarmışdı. Öz şəxsi mənafeləri naminə Azərbaycanı böhranlara sürükləyən möhtəkir qüvvələr məqsədlərinin icrası üçün gəncliyimizdən bir vasitə kimi istifadə edirdi. Bu isə ilk növbədə, gənclərin düşüncə tərzinin formalaşmasında mənfi meyillərin meydana gəlməsinə səbəb olurdu. Həmin illərdə Azərbaycanda müxtəlif adlar altında yaranan gənclər təşkilatlarının çoxunda siyasiləşmə, populizm meyilləri özünü büruzə verirdi və onların bir çoxu o dövrdə fəaliyyət göstərən müxtəlif yönlü siyasi partiya və qurumların təsiri altına idi. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra bir sıra sahələrdə olduğu kimi, idmanın inkişafı, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi məsələləri də dövlət siyasətinin mühüm  strateji istiqamətlərindən birinə çevrildi. Ölkədə ziddiyyətli ictimai-siyasi proseslərin cərəyan etdiyi bir zamanda gənclərlə görüşə vaxt tapması, onların problemlərini dinləməsi ulu öndərin Azərbaycan gəncliyinin cəmiyyət həyatındakı roluna verdiyi böyük önəmin, onun Azərbaycan gəncliyinə xüsusi rəğbət və qayğısının göstəricisi idi. Məhz bu baxımdan, ulu öndərimiz öz çıxışlarında gənclər siyasətinin başlıca məqsədi kimi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan, müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı və qüdrətlənməsi naminə maksimum istifadə olunmasını qeyd edirdi: “Gənclərin qarşısında duran əsas vəzifələrdən biri mənəvi tərbiyə məsələsidir. Mənəvi tərbiyəni daim aparmaq lazımdır və gəncləri yüksək mənəviyyat ruhunda tərbiyələndirmək lazımdır. Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir. İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz”.

- Gənclərə yaradılan şəraiti necə dəyərləndirirsiz?

- Bu gün gənclər üçün yaradılmış ən böyük imkanlardan biri dövlət qulluğuna qəbulun test üsulu ilə aparılmasıdır. Bu yolla müasir düşüncəli Azərbaycan gəncliyinin dövlət quruculuğuonun idarə olunması prosesində yaxından iştirak etməsinə münbit şərait yaradılır. Onlar özlərini yalnız seçkilər zamanı səsvermədə iştirak edən sıravi bir vətəndaş deyil, gələcəkdə dövləti idarə edəcək potensial elitanın özəyi kimi dərk edirlər. Müasir dövrün başlıca göstəricisi olan elmi-texniki tərəqqinin gənclərin düşüncə tərzinin formalaşmasına göstərdiyi təsir də olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gəncləri bu prosesdən lazımınca yararlanmalı, dövrün tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməlidirlər. Dövlət başçısının Gənclər Günündə gənclərin bir qrupu ilə görüşdə söylədiyi kimi, gənclərin müasir biliklərə yiyələnməsi, yaxşı təhsil alması, yeni informasiyakompyuter texnologiyalarını mənimsəməsi olduqca vacibdir. Texniki tərəqqi gənclərdə istehsalata, yaradıcı əməyə həvəs yaradır və bununla yanaşı, onlarda məsuliyyət hissini artırır, əməyə vicdanlı və intizamlı münasibət formalaşdırır. Prezident İlham Əliyev də BDU-nun yeni korpusunun açılışında vurğuladı ki, «bizim ən böyük resursumuz insanlarımızın biliyidir, savadıdır. Biz öz imkanlarımızdan səmərəli istifadə edərək, maddi kapitalı insan kapitalına çevirməliyik və bunu edirik».  Heydər Əliyev azərbaycançılıq ideyasını milli dövlətçilik ideologiyası kimi təqdim etdi. Bu ideologiya çox dərin köklərə malik olan mükəmməl bir fəlsəfi-konseptual sistemin ifadəsidir. Son onillikdə bu ideyaların yayılması müasir düşüncə tərzinin formalaşmasına da ciddi təsir göstərib. Azərbaycan gənclərinin yeni düşüncə tərzinin formalaşmasında azərbaycançılıq ideyasına da xüsusi yer verilməlidir. Bu ideyanın əsasında dayanan əsas prinsiplər - vətənə sədaqət, tariximizin öyrənilməsi, milli-mənəvi və maddi dəyərlərimizin qorunması və onlara hörmət, dilimizə, dinimizə hörmət, vətənpərvərlik və sair prinsiplər gənclərin həyat tərzinə çevrilməlidir. Bütün bunlarla yanaşı gənclər ümumbəşəri dəyərləri də mənimsəməli və xalqımızın mənəvi xəzinəsini daha da zənginləşdirməlidirlər. Müstəqilliyin əldə olunmasından bu günədək Azərbaycanda gənc nəslin maraq və mənafelərini özündə əks etdirən, onların aparıcı qüvvə kimi formalaşmasına təkan verən təkmil qanunverici baza formalaşdırılıb, 20-dən artıq qanunnormativ hüquqi sənəd qəbul olunub ki, bunların əksəriyyəti də 1993-cü ildən sonraya təsadüf edir. Başqa bir məqama da toxunmaq istərdim. Ulu öndər Heydər Əliyevin dini dəyərlərə münasibəti, gənclərin tərbiyəsində bu dəyərlərdən istifadə olunması ilə bağlı fikirləri xüsusi qeyd olunmalıdır. O, təkcə İslam tarixi, Azərbaycan xalqının islami dəyər və mənəviyyatı deyil, eyni zamanda səmavi dinlərin tarixi, onların ehkamları və mənəvi dəyərləri ilə də yaxından tanış idi. O, çalışırdı ki, hər bir azərbaycanlının, hər bir Azərbaycan gəncinin düşüncə tərzinin formalaşmasında bu dəyərlər müsbət rol oynasın. “Heydər Əliyev kimi böyük və mürəkkəb həyat yolu keçmiş bir siyasi xadimin öz dininə bağlılığını qoruyub saxlaması, dini hisslərinin qabarıqlığı onun şəxsiyyətində məni ən çox cəlb edən məziyyətlərindəndir. Lakin bunun ən böyük dəyəri ondadır ki, həmin keyfiyyət onun dövlət başçısı kimi fəaliyyətinin də mühüm tərkib hissəsinə çevrilib. O, Azərbaycanın İslam dininə, İslami dəyərlərə qayıdışını düzgün istiqamətləndirib, ölkəsinin və xalqının İslam sivilizasiyasına mənsubluğunu qorumağın vacibliyini qətiyyətlə ifadə edib. Heydər Əliyev milli şüur, yaxud milli psixologiya məsələlərinə toxunarkən diqqəti onların təkmilləşdirilməsi, inkişafı, humanist məzmunla zənginləşdirilməsi üzərində cəmləşdirir.  Sevindirici haldır ki, müasir gənclik beş il, on il əvvəlki Azərbaycan gəncliyindən köklü surətdə fərqlənir. Xarici görünüşündən, geyimindən tutmuş, daxili aləminə, düşüncə tərzinə qədər yeni gənc nəsil formalaşır. Bu gün Azərbaycan gəncləri istər ölkə daxilində, istərsə də xaricində keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edir, sərbəst şəkildə fikir yürüdür, mövqeyini bildirir, cəmiyyətin aparıcı qüvvələrindən birinə, bu gün ölkədə uğurla həyata keçirilən dövlət quruculuğu prosesinin müşahidəçisindən bilavasitə iştirakçısına çevrilir. Dövlət büdcəsindən gənclər siyasətinin sistemli və ardıcıl surətdə həyata keçirilməsi üçün kifayət qədər vəsait ayrılır, gənclərin intellektual inkişafına böyük önəm verilir. Burada ümummilli liderin uzaqgörənliklə söylədiyi sözləri qeyd etmək yerinə düşər: “Nə olursa-olsun vətənə, xalqına, ölkəsinə, dövlətinə sədaqət hər bir gənci daim yaşadacaqona cəmiyyətdə özünə layiq, özü istədiyi yeri tapmağa imkan verəcək”.

Anar Miriyev

 

Palitra.- 2010.- 21 dekabr.- S. 11.