Neftdən sonra prioritet sahə
İKT-nin inkişafıdır
Layihə
çərçivəsində müsahibimiz Prezident
yanında Dövlət İdarəçilik
Akademiyasının Dövlət idarəçiliyində
kompyuter texnologiyaları kafedrasının dosenti, təhsilin
inkişafındakı xidmətlərinə görə “Tərəqqi”
medalı ilə təltif edilmiş fizika-riyaziyyat elmləri
namizədi Ağamehdi Mehdiəliyevdir:
-
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin
inkişafına təsir göstərən əsas amillərdən
birinə çevrilib, onun əhatə dairəsi dövlət
strukturlarını və vətəndaş cəmiyyəti
institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili,
mədəniyyəti, bütövlükdə insanların həyat
tərzini əhatə edib. Bir çox inkişaf etmiş və
inkişaf etməkdə olan ölkələr
informasiya-kommunikasiya texnologiyalarının yaratdığı
üstünlüklərdən lazımi səviyyədə
faydalanır, iqtisadi sahədə böyük uğurlara imza
atırlar. İnformasiya cəmiyyətinə istiqamətlənmiş
yolun bəşəriyyətin gələcəyinə gedən
yol olduğu artıq heç kimdə şübhə
doğurmur. İnformasiya və kommunikasiya
texnologiyalarının tətbiqinin səviyyəsi hər bir
ölkənin intellektual və elmi potensialının, dövlət
idarəçiliyində şəffaflığın,
demokratiyanın inkişafının əsas göstəricilərindəndir.
Dünya bazarında elektron ticarətin rolunun
artdığı müşahidə olunur və ümumilikdə
hazırda ölkələrin iqtisadi rəqabət aparmaq
qabiliyyəti onların informasiya-kommunikasiya
texnologiyalarından səmərəli istifadəsindən əhəmiyyətli
dərəcədə asılıdır. Ölkəmizdə
bu sahənin inkişaf etdirilməsi üçün
ardıcıl addımlar atılıb, bu istiqamət dövlət
siyasətinin prioritetlərindən birinə çevrilib. Ulu
öndər Heydər Əliyevin rabitə və informasiya
texnologiyaları sahəsində təməlini qoyduğu siyasətin
əsas məqsədlərinə İKT sahəsində
hüquqi əsasların yaradılması, insan amilinin
inkişafı, vətəndaşların məlumat almaq, onu
yaymaq və istifadə etmək hüquqlarının genişlənməsi,
elektron hökumətin, elektron ticarətin formalaşması,
ölkənin iqtisadi, sosial və intellektual potensialının
möhkəmləndirilməsi, informasiya və biliklərə
əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın
qurulması kimi fundamental məsələlər daxildir. Həyata
keçirilən kompleks islahatlar nəticəsində Azərbaycanda
mobil telefon rabitəsi, o cümlədən internet dinamik
inkişaf etməyə başlayıb, rəqəmsal sistemin tətbiqi
böyük vüsət alıb, yeni texnologiyaların
geniş yayılması üçün böyük
investisiya sərf olunub. Fikrimcə, bu sahədə ilk
böyük bir addım kimi ''Azərbaycan Respublikasının
İnkişafı naminə İnformasiya və Kommunikasiya
Texnologiyaları üzrə Milli Strategiya”nın (2003-2012-ci illər)
təsdiq edilməsini göstərmək olar. Milli Strategiyanın
əsas vəzifələrinə aşağıdakılar
aiddir:
· informasiya
cəmiyyətinin hüquqi əsaslarının
yaradılması və inkişaf etdirilməsi;
· cəmiyyətdə
insan amilinin inkişaf etdirilməsi, vətəndaşların
keyfiyyətli təhsil, tibbi xidmət və sosial təminatlar
alması üçün əlverişli şəraitin
yaradılması;
· vətəndaşların və
sosial institutların məlumat almaq, onu yaymaq və istifadə
etmək kimi hüquqlarının təmin edilməsi
üçün müvafiq mühitin yaradılması;
· effektiv,
şəffaf və nəzarət oluna bilən dövlət
idarəetməsi və yerli özünüidarəetmənin
həyata keçirilməsi, elektron hökumətin
yaradılması, elektron ticarətin
formalaşdırılması və inkişaf etdirilməsi;
· ölkənin iqtisadi, sosial və
intellektual potensialının möhkəmləndirilməsi,
informasiya və biliklərə əsaslanan, rəqabətə
davamlı iqtisadiyyatın qurulması, informasiya və bilik
bazarının yaradılması və inkişaf etdirilməsi;
· xalqın
tarixi, ədəbi və mədəni irsinin qorunub
saxlanması və onun geniş təbliği;
· inkişaf
etmiş informasiya və kommunikasiya infrastrukturunun
yaradılması, vahid milli elektron informasiya məkanının
formalaşdırılması, informasiya və kommunikasiya xidmətlərinin
genişləndirilməsi;
· ölkənin
informasiya təhlükəsizliyinin təmin olunması;
·
ölkənin ümumdünya elektron informasiya məkanına
inteqrasiyası;
· milli
proqram vasitələrinin yaradılması, informasiya və
kommunikasiya texnologiyaları məhsullarının
istehsalının (İKT-sənayesinin) inkişaf etdirilməsi;
· ölkənin
“rəqəmsal geriliyinin” aradan qaldırılması.
Respublikada İKT-nin inkişafına və daha da geniş tətbiq
olunmasına səbəb olmuş ikinci böyük addım
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
yaranmasıdır. Prezident İlham Əliyevin sərəncamı
ilə yaradılmış Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi bu sahədə görüləcək
işlərə güclü təkan verib.
- Bu
sahədə insan kapitalının inkişafını necə
dəyərləndirirsiniz?
-
Prezident İlham Əliyev hələ 2003-cü ilin
dekabrında Cenevrədə İKT üzrə keçirilən
ümumdünya sammitində çıxış edərkən
deyib ki, Azərbaycanda neftdən sonra prioritet sahə məhz
informasiya və kommunikasiya texnologiyaları olmalıdır. Neft
kapitalının insan kapitalına çevrilməsinin
vaxtının çatdığını deyən Azərbaycan
Prezidenti çıxışlarında informasiya
texnologiyalarının, müasir biliklərin mənimsənilməsini
daim önə çəkir. Bu transformasiyanın əsasında
məhz Azərbaycanda güclü intellektual bazanın,
müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin
formalaşdırılması, milli iqtisadiyyatın neft amilindən
asılılığının azaldılması məqsədi
dayanır. “Bizim gənc nəslimiz bilikli, dünyada gedən
proseslərə bələd olmalıdır, izləməlidir.
Ən qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir
sözlə, ölkənin inkişafı məhz bu istiqamətdə
davam etməlidir. Dünyada uğur qazanmış, inkişaf
etmiş ölkələrin təcrübəsinə baxsaq,
görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri
təbii ehtiyatlar deyildir. Məhz bilik, məhz savad, yeni
texnologiyalar - bütün bunlar ölkəyə uğur, rifah
gətirir, inkişaf, müasirlik gətirir” - deyə Prezident
İlham Əliyev bildirib. Bu bu gün bəşəriyyətdə
demokratik idealların daha da möhkəmlənməsi,
elmi-texniki tərəqqinin geniş vüsət alması insan
amilinin, insan kapitalının inkişafında vacib məsələlərdən
biri kimi önə çıxır. Azərbaycan Prezidenti
İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətində
də məhz insan və şəxsiyyət amili dayanır.
Dövlət başçısı BDU-nun yeni korpusunun
açılışında çıxışı
zamanı bu məsələni belə dəyərləndirdi:
«Azərbaycan çox zəngin ölkədir. Bizim
böyük təbii resurslarımız vardır. Ancaq bizim ən
böyük resursumuz insanlarımızın biliyidir,
savadıdır. Biz öz imkanlarımızdan səmərəli
istifadə edərək maddi kapitalı insan kapitalına
çevirməliyik və bunu edirik. Azərbaycanın zəngin
neft-qaz yataqlarının işlənilməsi nəticəsində
əldə edilmiş gəlirlər o cümlədən təhsil
məsələlərinə sərf olunur. Bu yaxınlarda qəbul
edilmiş müxtəlif proqramlar çərçivəsində
gənclərin daha da gözəl təhsil alması
üçün əməli-praktik tədbirlər
görülübdür. Həm tələbələrin təqaüdləri
artırılıb, həm də xüsusi proqram çərçivəsində
istedadlı tələbələrin xarici ölkələrin
aparıcı ali məktəblərində oxuması nəzərdə
tutulur. Ancaq mən çox istərdim ki, Azərbaycanda təhsilin
keyfiyyəti və səviyyəsi o qədər yüksək
olsun ki, xarici ali məktəblərə tələbələrin
göndərilməsinə heç ehtiyac qalmasın. Əminəm
ki, biz buna nail olacağıq. Çünki bunu etmək
üçün bütün imkanlar var». Məktəblərin kompyuterləşdirilməsi,
gənclərin virtual dünyaya
çıxışının təmin edilməsi,
onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə
yiyələnmələri üçün atılan məqsədyönlü
addımlar da məhz bu məqsədə xidmət edir. Bu
baxımdan 2004-cü il 21 avqust tarixli “Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə təminatı
Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında”
Fərman gənclərin müasir biliklərə yiyələnməsinə
və informasiya texnologiyalarını dərindən mənimsəmələrinə
elmi-texniki zəmin yaradıb. Bundan əlavə, 2008-ci il iyunun
10-da təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı” Azərbaycan Respublikasında müasir informasiya və
kommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə
vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin
bütün təbəqələri üçün keyfiyyətli
təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə
xidmət edib.
Anar Miriyev
Palitra.- 2010.- 22 dekabr.- S. 7.