Londondakı “Azərbaycan Evi” diaspor mərkəzinə çevrilir

 

Xaricdəki diaspor təşkilatlarının fəaliyyəti getdikcə genişlənməkdədir. Bu təşkilatlar yeni layihələr reallaşdırmaqla ölkəmizin xaricdə daha da tanınmasına, reallıqların daha dəqiq çatdırılmasına çalışırlar. Bu gün xaricdə öz fəaliyyəti ilə seçilən belə diaspor təşkilatlarından biri də Londonda fəaliyyət göstərən “Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzidir. Müsahibimiz bugünlərdə Bakının qonağı olan “Azərbaycan Evi”nin rəhbəri Əli Təkin Atalardır.  

 

- Hazırda xaricdə fəaliyyət göstərən diaspor təşkilatları sırasında “Azərbaycan Evi” davamlı tədbirləri ilə seçilənlərdən hesab edilir. Mərkəz fəaliyyətini əsasən hansı istiqamətdə qurub?

 

- Londondakı “Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzi Britaniyada yaşayan bir qrup azərbaycanlı ziyalı, gənc mütəxəssis və tələbənin təşəbbüsü ilə qurulub. Tamamilə qeyri-siyasi və maddi mənfəət güdməyən bir təşkilat kimi fəaliyyət göstərən mərkəzin məqsədi Azərbaycanla Britaniya arasında mədəni və dostluq bağlarını möhkəmləndirmək, Londondakı Azərbaycan icmasına xidmət etməkdir. 2006-cı ildə fəaliyyətə başlayan “Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzinin rəsmi açılış mərasimi 2008-ci il, 14 noyabr tarixində London Hackney Bələdiyyəsi spikeri İan Rathbone, Azərbaycanın Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Britaniya Parlamenti Lordlar Palatasının üzvü Lord Fraserin də iştirakı ilə həyata keçirilib. Qurulduğu gündən bəri “Azərbaycan Evi”ndə müxtəlif tədbirlər, mühazirə və çıxışlar, seminarlar, görüşlər, konfranslar, sərgi, film nümayişləri, konsert proqramları, təqdimatlar və s. təşkil olunub. Ümumiyyətlə, “Azərbaycan Evi” mədəniyyətimizin təbliği istiqamətində bütün institut və qruplarla əməkdaşlıq etməyə hazırdır. Tədbirlərimizdə milli adət-ənənələrimizi, tariximizi, mədəniyyətimizə daxil olan hər bir şeyi, musiqimizi, qədim tarixə malik xalçaçılığımızı və s. çatdırmağa çalışırıq.  

 

- “Azərbaycan Evi”nin fəaliyyətində öz əksini tapan amillərdən biri də geniş kitabxanasının olmasıdır. Bu istiqamətdə hansı yeniliklər var? 

 

- “Azərbaycan Evi” kitabxanası mərkəzin ən önəmli xidmətlərindən biridir. Kitabxananın məqsədi oxucuları Azərbaycanın tarixi, mədəniyyəti, siyasi sferası, iqtisadiyyatı və s. haqqında müxtəlif dillərdə olan çeşidli kitab, buklet, jurnal, qəzet, CD və digər informasiya vasitələri ilə təmin etməkdir. Kitabxana mərkəzin zirzəmisində yerləşir və burada “Azərbaycan Evi”nin üzvləri internetdən istifadə imkanına malikdirlər. Burada müxtəlif filmləri izləmək, görüşlərin və müzakirələrin, təqdimatların həyata keçirilməsi üçün hər bir şərait var. Kitabxanamızda hazırda 1000 nüsxədən artıq kitab var və biz bu vəsaitlərin sayını daha da artırmağa çalışırıq. Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlığımızın nəticəsidir ki, komitə kitabxanamızın vəsaitlə təmin olunmasında öz əməyini əsirgəmir.

 

- Son zamanlar hansı tədbirləri reallaşdırmısınız?

 

- Ümumiyyətlə, Azərbaycanın bütün milli bayramları, faciəli günlərilə bağlı tədbirlər təşkil edirik. Xocalı faciəsini, erməni işğalçıları tərəfindən xalqımıza qarşı törədilən vəhşilikləri çatdırmağa çalışırıq. Bu tədbirlərdə biz türk diaspor təşkilatı ilə birgə çıxış edirik. Biz “Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzinin açılışının bir illiyi ilə bağlı ötən il noyabrın 14-də mərkəzin binasında tədbir keçirdik. Tədbirdə Azərbaycan səfirliyinin təmsilçiləri, icmamızın nümayəndələri, Azərbaycanla maraqlanan əcnəbi qonaqlar iştirak etdi. Yubiley proqramında şotlandiyalı fotoqraf Colin J.Rosienin lentə aldığı Bakının şəkillərindən ibarət sərgi təşkil edildi.  Tədbirdə “Azərbaycan Evi”nin fəaliyyəti dövründə əldə etdiyi uğurlarla bağlı məlumat verdik, sonra mərkəzin fəaliyyəti ilə bağlı hazırlanmış videofilm nümayiş etdirildi. Daha sonra Colin J.Rosie çəkdiyi fotoşəkillər haqqında danışaraq foto-slide nümayiş etdirdi. Yubiley tədbirinin sonunda musiqili hissə keçirildi. İlk olaraq Britaniyada yaşayan azərbaycanlı skripkaçı və gənc pianoçumuz çıxış edərək Azərbaycan və dünya klassikasından nümunələr ifa etdilər. Həyata keçirdiyimiz tədbirlərdən biri də Londonda yerləşən Puşkin Evində Azərbaycanın Londondakı səfirliyi və “Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzinin birgə dəstəyi ilə gerçəkləşən görkəmli Azərbaycan şairi Nəsimiyə həsr olunmuş gecə idi. Tədbirdə britaniyalı sənətsevərlər, Azərbaycan və rus icmasının nümayəndələri iştirak etdilər. Tədbirin aparıcısı, “Gruntlers Arts” qrupunun rəhbəri Devid Perri Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat verərək bu tədbirin Şərqin böyük şairinin ilk dəfə olaraq Böyük Britaniya ictimaiyyətinə çatdırılması baxımından xüsusi önəmini vurğuladı. Səfir Fəxrəddin Qurbanov görkəmli şairin həyat və yaradıcılığından danışaraq onun Azərbaycan və bütövlükdə Şərq fəlsəfi fikri və ədəbiyyatı tarixində özünəməxsus yer tutduğunu bildirdi. Tədbirin sonunda “Nəsimi” bədii filmindən fraqmentlər nümayiş etdirildi, uelsli şair Neycel Hamfreyzin ifasında Nəsimiyə həsr olunmuş şeirlər ifa edildi. Tədbirdə ingiltərəli aktyorun ifasında Nəsiminin şeirləri əsasında hazırlanmış monoloq ifa edildi.Son tədbirlərdən biri kimi ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Azərbaycanın Böyük Britaniyadakı səfirliyində anma mərasimi keçirildi ki, bu mərasimdə orada fəaliyyət göstərən Azərbaycan təşkilatları, o cümlədən Azərbaycan Beynəlxalq Bankı, Dövlət Neft Şirkəti, “Azərbaycan Hava Yolları” şirkətinin Londondakı nümayəndələri, eləcə də “Azərbaycan Evi”nin nümayəndələri iştirak edirdi. Biz öncə Heydər Əliyevin səfirliyin binasında yerləşən büstü önünə əklil qoyduq. Səfir Fəxrəddin Qurbanov ümummilli liderin həyat yolu və siyasi fəaliyyətindən, onun Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən söhbət açdı və ötən əsrin 90-cı illərində dövlətçiliyimizin qorunub saxlanması, ölkəmizin dünya birliyində özünə layiqli yer tutması, eləcə də davamlı iqtisadi inkişafın möhkəm özüllərinin atılmasının məhz onun liderliyi sayəsində mümkün olduğunu bildirdi. Həmin siyasi kursun bu gün də uğurla davam etdirildiyi, ölkə başçısının rəhbərliyi altında Azərbaycanın bütün istiqamətlərdə öz mövqelərini günü-gündən gücləndirdiyi vurğulandı. Ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir. Heydər Əliyev xarici ölkələrdəki Azərbaycan diasporunun güclənməsi və milli maraqların beynəlxalq səviyyədə müdafiəsini hər zaman diqqət mərkəzində saxlayıb və onun xatirəsi daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Həmin mərasimdə ümummilli liderin həyat və siyasi fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirildi.Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Biz bu münasibətlə də  tədbir planlaşdırmışıq. Bu gün həqiqətən də bütün dünya azərbaycanlılarının həmrəyliyi vacibdir. Hazırda bir çox diaspor təşkilatları fəaliyyət göstərir və mənim fikrimcə, bu gün onların fəaliyyətinin daha da güclənməsinə ehtiyac var. Mən Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycanın Böyük Britaniyadakı səfirinə öş təşəkkürümü bildirirəm ki, onlar bir sıra tədbirlərin reallaşmasında bizə dəstək olurlar.

 

- Londonda “Uçan xalça ilə nağıllara” adlı geniş bir layihə gerçəkləşdi. Bununla bağlı nə deyə bilərsiniz?

 

- Böyük Britaniyada Azərbaycan mədəniyyəti ilə bağlı bir sıra layihələr gerçəkləşdirilir. Biz də bu tədbirlərin bir çoxunun təşkilatçısı və iştirakçısı oluruq. Son tədbirlər sırasında “Uçan xalça ilə nağıllara” layihəsi mühüm yer tutur. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın səyi nəticəsində Azərbaycan xalçası YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olub. Bu o deməkdir ki, artıq Azərbaycan xalçasını biz bu gün dünyada tanıtdıra bildik. Hər bir xalqın, millətin incəsənəti, mədəniyyəti o vaxt tanınır ki, o, beynəlxalq miqyasda dəstəklənir. YUNESKO-nun siyahısına daxil olmaq bizim üçün çox əhəmiyyətlidir. Hazırda Azərbaycan xalçası haqqında xarici ölkələrdə nəşr edilən jurnallarda da məqalələr dərc olunur. Londonda nəşr edilən “Xalı” jurnalında da Azərbaycan xalçası haqqında məqalələr nəşr edilib.Noyabrın 15-dən 21-dək Londonda Azərbaycan xalçalarına həsr olunmuş “Uçan xalça ilə nağıllara” adlı sərgi keçirildi. Sərgidə 380-ə yaxın yüksək səviyyəli qonaq, o cümlədən Lord Mendelson, Lord Braun, Türkiyənin Britaniyadakı səfiri Ünal Çeviköz, səfir F.Qurbanov, Belarusun, Ukraynanın, Koreyanın Britaniyadakı səfirləri iştirak etdi. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva sərginin açılışında iştirak etdi. Səfir F.Qurbanov Azərbaycan xalçalarının Londonda nümayiş etdirilməsinə verdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və fondun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevaya minnətdarlığını bildirdi, Azərbaycan mədəniyyətinin qədim qollarından biri olan xalçaçılıq sənəti haqqında danışdı. Sərginin keçirilməsini yüksək dəyərləndirən İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord Freyzer son illərdə Azərbaycanda güclü inkişafın müşahidə olunduğunu bildirdi. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva tədbirdə çıxış etdi və sərginin Azərbaycanın qədim və heyrətamiz nağıl aləmi ilə tanışlıq baxımından əhəmiyyətini vurğuladı, xalqımızın xalçaçılıq sənətinin tarixindən söz açdı. Böyük Britaniyanın mədəniyyət naziri Ed Vaizey Azərbaycanla İngiltərə arasında mədəni əlaqələrdən danışaraq sərginin ölkələrimizin münasibətlərinin daha da güclənməsinə xidmət etdiyini dedi. Sonra tədbir iştirakçıları Azərbaycan xalçalarından ibarət sərgiyə baxdılar. Sərgidə coğrafi mövqeyinə, naxış kompozisiyasına, texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri təmsil olunmuşdu. Burada nümayiş etdirilən Quba, Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ və digər xalçaçılıq məktəblərinin nümunələri sərgiyə gələnlərdə böyük maraq doğurdu. Sərgidə səslənən Azərbaycan musiqisi də maraqla qarşılandı. Bundan sonra da biz bu səpgidə tədbirlərin reallaşmasına çalışacağıq.

 

 

Nigar

 

Palitra.- 2010.- 24 dekabr.- S. 5.