İnsan kapitalının formalaşması məsələlərinin öyrənilməsi və bu sahədə baş verən proseslərin sosioloji tədqiqatlara cəlb edilməsi çox vacibdir

 

İnsan kapitalının formalaşması” ilə bağlı elmi müzakirələr çərçivəsində bu dəfə sosiologiya sahəsinə aid kadrların formalaşmasının aktuallığı mövzusuna toxunmağı lazım bildik. Belə ki, cəmiyyəti, onun inkişaf dinamikasını və meyillərini tədqiq edən bir vacib elm olaraq sosiologiyanın dünya standartlarına uyğun inkişaf etdirilməsi olduqca önəmlidir. Hazırda bizdə bu sahədə olan vəziyyət onunla xarakterizə edilir ki, sosiologiya sahəsinə aid kadrlar yetərincə deyil, sosioloq adı altında bir çox hallarda başqa ixtisas sahibləri fəaliyyət göstərir. Bundan başqa bizdə sosiologiyanın ayrı-ayrı sahələrinə aid ixtisas diferensiallaşması da baş verməyib. Bu durum isə sosiologiya sahəsinə aid ixtisaslaşmakadr problemini bir daha ortaya qoymuş olur.  

 

Mövzu ilə bağlı müsahibimiz sosioloq, Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz Süleymanovdur. Ekspert mövzu ilə bağlı söhbətinə qonşu ölkələrdə sözügedən sahədəki vəziyyəti müqayisə etməklə başladı:   - Ən yaxın qonşularımıza, xüsusən də Rusiyaya nəzər yetirəndə görürük ki, akademik sosiologiya, empirik sosiologiya sahəsi xeyli dərəcədə inkişaf edib. Xüsusilə də Rusiya Elmlər Akademiyasında ayrıca olaraq Sosiologiya İnstitutu fəaliyyət göstərir. Həmin Sosiologiya İnstitutunun nəzdində də sosiologiyanın müxtəlif sahələrinə aid şöbələr mövcuddur. Həmin şöbələrdə də həm empirik, həm akademik səviyyədə çoxlu fundamental tədqiqatlar aparılır. Məsələn, ailə sosiologiyası, əməyin sosiologiyası, şəhərləşmə sosiologiyası, iqtisadiyyatın sosiologiyası, siyasətin sosiologiyası, gəncliyin sosiologiyası və sair. Rusiyada hər bir sahəyə aid mükəmməl diferensiallaşma olmasa belə mədəniyyətin sosiologiyası içərisində bu sahələrə də diqqət yetirilir. Bu cür şaxələnmə Rusiyada sosiologiyaya həm ciddi tələbatdan, həm də kadr potensialının mövcudluğundan xəbər verir. Təbii ki, Rusiya ilə müqayisə edəndə bizim kadr potensialımız bu baxımdan çox aşağı səviyyədədir.Rusiyada daha çox bu sahədə kadr potensialı imkan verir ki, sosiologiyanın müxtəlif sahələrinə aid tədqiqatlar aparılsın və həmin sahələr inkişaf etsin, cəmiyyətin inkişaf dinamikası effektli şəkildə tədqiq edilsin. Sosiologiya bizdə daha çox yeni elm sahəsi olduğuna görə və sovet dövründə də bu sahə daha çox Moskvada, Leninqradda, Kiyev kimi mərkəzi, böyük şəhərlərdə inkişaf etdiyinə görə digər sovet ölkələrində, xüsusən də bizdə bu sahəyə aid kadrlar formalaşdırılmayıb. Müstəqillikdən sonrakı dövrdə də son iyirmi ilə nəzər yetirəndə görürük ki, bu sahədə müəyyən nailiyyətlər olsa da, bu nailiyyətlər lazım gələn gözləntilərin baş verməsi baxımından tələblərə cavab vermir. Gözləntilər əsasən ondan ibarət idi ki, hələ ilk vaxtlardan sosiologiya sahəsi yeni doğulmuş bir dövlət və cəmiyyət üçün çox böyük əhəmiyyətə malik bir sahə kimi qəbul edilməli idi. Bizdə də bu məsələyə bir qədər xüsusi yanaşılsa idi, bəlkə də müxtəlif institutların, akademiya sahələrinin nəzdində ən azından bir-iki sosiologiya şöbəsi ciddi fəaliyyət göstərə bilərdi. Yəni sadəcə ümumi sosiologiya deyil, eyni zamanda onun nəzdində də sosiologiyanın ayrı-ayrı sahələrinə aid şöbələr ola bilərdi. İndinin özündə də təbii ki, AMEA Fəlsəfə, SosiologiyaHüquq İnstitutunun nəzdində sosiologiya şöbəsi fəaliyyət göstərir. Orada da müxtəlif tədqiqatlar aparılır. Bu tədqiqatlar həm empirik, həm də nəzəri səviyyədədir. Eyni zamanda ayrı-ayrı universitetlərdəki sosiologiya fakültələrində kadrlar formalaşdırılır. Son dövrlərdə isə sosial sahəsi üzrə mütəxəssislər yetişməyə başlayıb. Lakin bunlar təbii ki, inkişaf etmiş dünya ölkələrində sosiologiyanın statusu və işlək olması ilə müqayisədə tələblərə bir o qədər də cavab vermir. Bu sahədə insan kapitalı baxımından yetərincə bacarıqlı kadrlar yoxdur. Bu gün onun nəticəsidir ki, cəmiyyətdə aparılan bir çox sosioloji tədqiqatlar akademik baxımdan, keyfiyyət cəhətdən dünya standartlarına uyğun deyil. Bu tədqiqatların təhlil səviyyəsi də çox aşağıdır. Çünki onlar daha çox başqa elmixtisas sahələrinin nümayəndələri tərəfindən həyata keçirilir. Sosioloji yanaşma tərzi də həmin insanlarda bir qədər zəif və səthi olur. Bütün bunların hamısı sosiologiya ilə bağlı ümumi problemləri səciyyələndirə bilər. Həmçinin sosioloji baxımdan çox ciddi tədqiqatlara ehtiyacı olan sahələr var ki, bunlar əfsuslar olsun ki, diqqətdən kənarda qalır. Ona görə ki, o sahələrdə yetişmiş kadrlarımız yoxdur. Çünki həmin sahələrə aid mövzuların əhəmiyyətini dərk edən, məhz sırf sosiologiya sahəsində formalaşmış kadrlar olmalıdır ki, həmin sahələr onları qayğılandırsın.

 

- Ölkəmizdə qeyd etdiyiniz sosioloji sahələrə aid ixtisas diferensiallaşmasının lazımi səviyyədə baş verməməsi ictimai gerçəkliklərlə bağlı ola bilərmi?

 

- Qloballaşmanın tüğyan etdiyi dövrdə Azərbaycanda bu sahədə diferensiallaşmanın olmaması bir az inandırıcı deyil. İctimai sferada da bu baxımdan diferensiallaşma baş verir. Bütün dünyada baş verən proseslər müəyyən dərəcədə Azərbaycan üçün də səciyyəvidir. Lakin məsələ burasındadır ki, həmin sahələrə aid kadrların yetişməsi aktualdır. Xaricə təhsil almağa göndərilən tələbələr arasında sosiologiya sahəsinə aid ixtisasların sayı xeyli dərəcədə artırılmalıdır. Əslində son dövrlərdə bu məsələyə diqqət artıb bə bu, xeyli dərəcədə müsbət haldır. Amma eyni zamanda hesab edirəm ki, bu məsələ çox diqqətə götürülməlidir. Bu sahədə kadr potensialı formalaşdırıldıqdan sonra sosiologiya ilə bağlı boşluqları doldurmaq mümkün olacaq. Çünki hər şeyi müəyyən dərəcədə bacarıqlı kadrlar həll edir. Kadrların yoxluğu bu gün çoxlu problemləri ortaya çıxarır və ağırlaşdırır. Lazım gələrsə, xaricdən də bu sahə ilə bağlı bacarıqlı mütəxəssisləri ölkəmizə dəvət edib boşluqların aradan qaldırılmasına nail olmalıyıq. Çünki bugünkü inkişaf məqsədlərimiz bizə bunu diktə edir. Azərbaycan rəqabətli dünyada cəmiyyətin inkişaf meyillərini öyrənən bacarıqlı elmi kadrları ilə çox üstünlüklər qazana bilər.         

 

- Necə bilirsiniz, insan kapitalının formalaşması məsələləri ilə bağlı ardıcıl sosioloji tədqiqatlara bizdə ehtiyac varmı?

 

- İnsan kapitalının formalaşması məsələlərinin öyrənilməsi və bu sahədə baş verən proseslərin sosioloji tədqiqatlara cəlb edilməsi çox vacibdir. Bu, insan kapitalı ilə bağlı birinci dərəcəli məsələlər sırasında qeyd edilə bilər. Bu gün istər paytaxtda, istərsə də regionlarda insan kapitalının formalaşması ilə bağlı çox ciddi və dərin sosioloji təhlillərə ehtiyac var. Bununla birlikdə hesab edirəm ki, xaricdə yaşayan elm adamlarımız və xaricdəki tələbələrimizin fəaliyyətinin də insan kapitalı baxımından sosioloji təhlili çox aktualdır. Bu kadrlar insan kapitalının əsas struktural elementi kimi çıxış edirlər. Məsələn, xaricdə yaşayan elm adamlarımız ölkənin inkişafına kimi töhfələr verə bilərlər, onların hansı qayğıları var sair məsələlər dərindən öyrənilməlidir. Hesab edirəm ki, sosioloqlar bu sahədəki tədqiqatlarını intensivləşdirməlidirlər. Onlar bu sahədə özləri ciddi cəmiyyətin, insan kapitalının inkişafı üçün əhəmiyyətli olan təşəbbüslərlə çıxış etməli, müvafiq qurumlara sosioloji tədqiqatlarla bağlı təkliflər ünvanlamalıdırlar. Bu sahədə fundamental üsullarla aparılan sosioloji sorğulara həm nəzəri, həm empirik sosioloji tədqiqatlara ciddi ehtiyac var.  

 

Söhbətləşdi: İlkin Ağayev

 

Palitra.- 2010.- 24 dekabr.- S. 6.