Akademik Şəfaət Mehdiyevin ədəbi-publisistik
irsi
Azərbaycan
geologiya elminin görkəmli nümayəndəsi, akademik
Şəfaət Mehdiyevin dünyaya gəlişindən
yüz, dünyasını dəyişməsindən on yeddi
il ötür. Lakin ömrünü xalqının tərəqqisinə,
yüksəlişinə sərf edən müdrik insanlar
üçün zaman məfhumu şərtidir. Çünki
onlar ölümsüzdürlər, hər gələn yeni nəslin
müasiri olmaq qüdrətindədirlər. Akademik Şəfaət
Mehdiyev də tükənməz yaradıcılıq enerjisi,
universal və unikal təfəkkürü, Vətənimizin,
xalqımızın elmi-mədəni inkişafına
uğurla xidmət göstərən möhtəşəm fəaliyyəti,
dərin humanizmdən yoğrulmuş nurlu şəxsiyyəti
ilə mənəvi əbədiyyət qazanmışdır.
Bu məqamda ümummilli liderimiz Heydər Əliyevin sözlərini
xatırlatmaq istərdim: «Akademik Şəfaət Mehdiyev
böyük alim, böyük ziyalı, böyük şəxsiyyət
olmaqla yanaşı, yaxşı kişi idi. O zamanlar isə
yaxşı kişi olmaq çox çətin idi».
Bu
böyük ziyalının yaradıcılıq fəaliyyətinin
diqqətəlayiq bir qolunu da ədəbi-publisistik istiqamət
təşkil edir. Mətləbə keçməzdən əvvəl
onu da xatırlatmaq yerinə düşər ki, bir sıra məşhur
alimlər elmi təfəkkürlə bədii
düşüncənin görünən və görünməyən
vəhdət qatlarından, assosiativ
bağlılığından söz açmışlar.
«Əsl riyaziyyatçı olmaq üçün bir az da
şairlik lazımdır», - deyən riyaziyyatçı
Veyerştrassın fikirləri ilə yanaşı,
böyük fizik Albert Eynşteynin etirafları da maraq
doğurur: «Dostoyevski mənə hər bir mütəfəkkirdən,
hətta Qaussdan da çox şey verir... Dostoyevski bizə həyatı
göstərmişdir, bu, doğrudur, amma onun məqsədi
bizim diqqətimizi mənəvi varlığın sirrinə
yönəltmək idi». Bəli, təbiətin sirlərinin tədqiqi ilə mənəvi
varlığın, insan qəlbinin əsrarəngiz
qatlarının bədii təqdimi arasındakı harmoniya
xüsusi dəyərə malikdir. Belə bir vəhdət Azərbaycanda
dəqiq və təbiət elmləri sahəsində ciddi izlər
qoymuş ayrı-ayrı böyük alimlərin timsalında
da özünü göstərib. Təkcə elə akademik
Yusif Məmmədəliyevin gənclik illərində diqqətəlayiq
şeirlər yazması faktını yada salmaq kifayətdir.
Görkəmli alim, akademik Şəfaət Mehdiyevin neft elmi,
geologiya sahəsində fundamental tədqiqatları ilə
yanaşı, ideya-bədii mükəmməlliyə malik ədəbi-publisistik
əsərlər yazması faktı da haqqında
danışdığımız unikal vəhdətin parlaq təcəssümlərindəndir.Gələcəyin
böyük alimi hələ tələbəlik illərində
ədəbiyyata, mətbuata maraq göstərib. «Neftçi
kadrları uğrunda», «Gənc işçi» və digər mətbuat
orqanlarında əməkdaşlığı, hətta bəzilərində
məsul redaktor kimi fəaliyyəti onun bədii-publisist təfəkkürünün
dərinləşməsində, qələminin püxtələşməsində
ciddi rol oynamışdır. Bütün fəaliyyəti
boyunca elmlə yanaşı, ədəbiyyata da sistemli maraq
göstərən böyük ziyalı 1960-cı illərdən
etibarən mətbuatda bədii əsərlərini, publisistik
məqalələrini ardıcıl olaraq nəşr
etdirmişdir. «Ədəbiyyat və incəsənət», «Azərbaycan»,
«Kirpi» kimi qəzet və jurnallarda müxtəlif məzmunlu
hekayələri, publisist məqalələri, dram əsəri
ilə çıxış edən istedadlı sənətkar
bədii yaradıcılığın digər sahələrinə,
o cümlədən poeziyaya da maraq göstərmişdir. Onun
1990-cı ildə çapdan çıxan və maraqla
qarşılanan «Ədəbi əsərlər toplusu»nda əvvəllər
mətbuat səhifələrində işıq üzü
görən nümunələrlə yanaşı, oxuculara ilk
dəfə ünvanlanan bir sıra oxunaqlı materiallar da cəmləşmişdir.
Bu əsərlərin nəzərdən keçirilməsi
akademikin ədəbiyyata təsadüfən gəlmədiyini,
ürəyin hökmü, ilhamın qüdrəti ilə
yazıb-yaratdığını bir daha təsdiqləyir.Şəfaət
müəllimin yaradıcılığında
dramaturgiyanın xüsusi mövqeyi vardır. Onun maraqlı pyeslərindən biri
«Mirzə Fətəli» adlanır. Müəllifin öz
sözləri ilə desək: «bu pyes ürəyi xalqın
xoşbəxtliyi ilə döyünən böyük ədibimiz,
Azərbaycan dramaturgiyasının banisi, filosof və ictimai
xadim M.F.Axundzadənin müdrik
simasının bəzi cəhətlərini səhnədə
canlandırır». Üç pərdə, on üç
şəkildən ibarət həmin əsərdə bir
neçə cəhət ayrıca maraq doğurur. Əvvəla,
müəllifin Mirzə Fətəli dövrünə, onun
mühiti və müasirləri ilə əlaqələrinə,
ictimai-ədəbi fəaliyyətinə dərindən bələdliyi
ilk baxışdan nəzərə çarpır. İkincisi,
tarixiliklə müasirliyin üzvi vəhdəti
özünün uğurlu sintezini tapmışdır.
Üçüncüsü, dramatik konfliktin səciyyəsi,
obrazların təqdimində dolğunluq və dinamiklik,
canlı, obrazlı bədii dil, monoloq və dialoqların təbiiliyi,
müəllif qayəsinin bədii təqdiminə uğurla
xidmət göstərməsi əsərin səciyyəvi məziyyətləri
sırasındadır. Pyes boyu biz Mirzə Fətəlini ən
müxtəlif məqam və şəraitlərdə,
müxtəlif mühitlərdə, ayrı-ayrı insanlarla
ünsiyyətdə görürük. Müəllifin məharəti
ondadır ki, bunların hamısını vahid qayə,
başlıca ideya ətrafında cəmləşdirə
bilmişdir. Pyesin əvvəlində ustad şair Mirzə
Şəfi Vazehdən dərs alan Fətəli onun tövsiyyəsi
ilə ruhani olmaq fikirindən daşınır, xalqa, Vətənə
əsl maarifçi xidmət yolunu tutur. Mirzə Fətəlinin
Şeyxülislamla, çar hökumətinin Tiflisdəki rəsmilərindən
olan Kruzenşternlə, canişinlə, sadə xalq nümayəndələri
ilə mükalimələri dramaturji süjetin
inkişafında, baş qəhrəmanın amal və əməllərinin
təqdimində tutarlı ədəbi vasitəyə
çevrilir. Mirzə Fətəlinin elm, təhsil, mədəniyyət,
yeni ədəbiyyat, sosial ədalət naminə
apardığı mübarizənin birmənalı
qarşılanmaması, onun çoxsaylı əleyhdarlarının
yaranması və s. də pyesdə özünün
müvafiq ifadəsini tapmışdır. Hətta bədxah
qüvvələr onun yeni əlifba layihəsinin qəbul
olunmaması üçün hər cür əngəllər
törədirlər. Lakin böyük mütəfəkkiri
anlayan, onu dəyərləndirənlər də var. Sadə
xalq nümayəndələrindən Cəlal, Məlik, Vahab,
Alı, Aşıq Rəcəb, Aşıq Fərəc və
s. bu qəbildəndir.
Ölümlə təhdid olunsa da öz yolundan dönməyən
Mirzə Fətəlinin ailə mühiti də pyesdə
müvafiq tərzdə təqdim olunmuşdur. Əsərin
sonunda ölüm yatağında olan Mirzə Fətəlinin
Həsən bəy Zərbadiyə xitabı onun vəsiyyəti
kimi səslənməklə, gələcəyə
inamını da mənalandırır: «Bizim millətə
borcumuz çoxdur. Mən bu haldayam. Gələcək nəslin
halına siz yanmalısınız». «Məni sakitləşdirən
bir şey varsa, o da gələcəyə olan ümid və
inamdır», - deyən böyük mütəfəkkir xalq
üçün fədakarlıqla çalışan bir obraz
kimi təqdim olunur.Pyesdə Mirzə Şəfinin şeirlərindən,
M.F.Axundzadənin əsərlərindən verilən nümunələr dramatik
arxitektonikanın üzvi tərkib hissəsi kimi yerinə
düşmüşdür. Xüsusən Mirzə Fətəlinin
Şeyxülislamla mükaliməsinə «Kəmalüddövlə
məktubları»ndan parçaların qatılması obrazların
xarakterinin açılması baxımından önəmlidir.
İlk dəfə «Azərbaycan» jurnalında dərc olunan bu
pyesi məşhur teatr tənqidçisi, professor Cəfər
Cəfərovun yüksək qiymətləndirməsi,
tanınmış rejissor Mehdi Məmmədovun radio
üçün hazırlaması, eləcə də Gəncə
teatrında uğurlu tamaşa əsərin tarixi dram kimi
kamilliyinin ifadəsi idi. Ə.Haqverdiyevin 1911-ci ildə
yazdığı «Xəyalat» pyesi ilə başlayan bir ənənə
- dramaturgiyanın Mirzə Fətəliyə müraciəti
Ş.Mehdiyevin pyesində özünün yeni, parlaq uğuruna
qovuşmuşdur.Dramaturqun «Ərk qalası» pyesi də tarixi
mövzudadır. Ötən əsrin əvvəllərində
Güney Azərbaycanda Səttarxanın rəhbərliyi ilə
baş verən milli azadlıq hərəkatı bu pyesdə
özünün dolğun bədii təcəssümünü
tapmışdır. Çoxsaylı həyat materialından,
tarixi hadisələr sırasından müəllif elə məqam
və obrazları diqqət mərkəzinə çəkmişdir
ki, onlar bəhs olunan mövzunu lazımınca canlandıra
bilsinlər. Əsərdə Səttarxan, Bağırxan,
Əli Müsyö, Şeyx Səlim,
Nadir, Əhməd xan, Barkli, Rübabə, Firəngiz,
Hüseyn xan və digər surətlər ustalıqla
yaradılmışdır. Təbii ki, Səttarxanın mərkəzi
surət olması şərti ilə, onların hər biri
dramatik konfliktin bədii təqdimində, ayrı-ayrı
qütblərin mövqelərinin ifadəsində müvafiq bədii
missiyanı lazımınca gerçəkləşdirirlər.
Əsas konflikt isə xalq azadlıq hərəkatı ilə
istiqlal düşmənləri arasındadır. Tarixlərin
yadigarı Ərk qalası xalqımızın çoxəsrlik
mübarizəsinirn şahidi, yenilməzlik simvolu kimi mənalandırılmışdır.
Səttarxanın sözləri də buna işarədir:
«Qırmızı Eynalı dağı ilə qoşa
dayanmış Təbrizin Ərk qalası,
babalarımızın qəhrəmanlıq dastanlarını
öz sinəsinə yazmış bu möhtəşəm
qala qoy sizin də qəhrəmanlığınızın
şahidi olsun. Yadelli istilaçılar Ərk qalasının
ancaq ətəklərindən ötə bilmiş, onun uca
başı indi də Azərbaycanın şərəf və
qürur qülləsi kimi məğrur dayanmaqda, azərbaycanlının
əzəmət və iftixarını yaşatmaqdadır».
Pyes boyunca Səttarxanın başçılıq etdiyi
azadlıq mücahidləri ən müxtəlif situasiya və
insanlarla üzləşirlər. Tərəfdarlarla
yanaşı, neytrallar, yadellilərə satılmış xainlər,
ayrı-ayrı xarici dövlətlərin maraqlarına xidmət
edən diplomatik nümayəndələrin ikibaşlı
oyunları, Tehran hökumətinin fitnələri və s. bu qəbildəndir.
Lakin heç bir qüvvə bu mərd mübarizin əzmini
qıra, Vətən, xalq sevgisini söndürə bilmir. Beləcə,
Səttarxan oxucu və tamaşaçının gözündə
bir azadlıq hərəkatı qəhrəmanı kimi
ucalır. Müəllif bu ucalığın əbədiyyəti
naminə də məhz əsəri Səttarxanın Tehran zəfəri
ilə tamamlamağı daha məqsədəuyğun
saymışdır. Əsərin bədiilik keyfiyyətləri
də ideyanın təcəssümü ilə həmahəngdir.
Xüsusən yeri gəldikcə Təbriz dialektindən
dialoqlarda istifadə koloriti daha da
artırmışdır.«Sabir» pyesi isə qüdrətli
satirik şairimizin mübarizələrdə keçən
ömrünün əsas yönlərini sənət dili ilə
diqqətə çatdırır. İki hissəli, on
üç şəkilli bu pyesdə Sabirlə yanaşı,
onun ömür-gün yoldaşı Billurnisə, həmçinin
Mirzə Cəlil, Həmidə xanım, Abbas Səhhət,
Hacıbaba Nəzərli kimi tarixi şəxsiyyətlərin
də obrazları canlandırılıb. Eyni zamanda, şairə
hüsn-rəğbət bəsləyən ayrı-ayrı sadə
zəhmət adamlarının, eləcə də, Balaxanı
fəhlələrinin, Şamaxı tacirlərinin, Bakı məmurlarının
da obrazları var. Hadisələr Şamaxıda, Bakıda,
Tiflisdə cərəyan edir. Bütün bunlar Sabirin keşməkeşli
ömür və sənət yolunu əyani şəkildə
ümumiləşdirir. Pyesdə şairin şeirlərindən
də uyğun məqamlarda
istifadə olunub. Elə Sabirin mənəvi
ölümsüzlüyü amalı da əsərin sonunda
onun öz beytindən istifadə yolu ilə ifadə
edilmişdir: Nə qəm, uğratsa da bir gün məni ifnayə
zamanı,Mən gedərsəmsə, məramım yenə
dünyada durar! Akademik Ş.Mehdiyevin «Vicdan yükü» pyesinin
mövzusu isə müasir sosial-mənəvi problemlərdən
götürülmüşdür. Müəllif əsasən
ailə-məişət zəminində baş verən həyati
hadisələr fonunda xəyanəti, rəzaləti pisləmiş,
nəcib əxlaqi keyfiyyətlərin, yüksək mənəvi
dəyərlərin təntənəsinə inam hissini
başlıca leytmotivə çevirmişdir.Görkəmli ədib
müxtəlif vaxtlarda qələmini bədii nəsr sahəsində
də uğurla sınamışdır. «Su pərisi» hekayəsində
Xəzər dənizini qorumağa çağırış
ideyası maraqlı bədii biçimdə ifadəsini
tapmışdır. «Göy adamı» fantastik hekayəsi isə
planetdənkənar sivilizasiyalarla əlaqə, insan
ömrünün uzadılmasının
mümkünlüyü barədə elmi təxəyyüllə
bədii fantaziyanın çox
uğurlu sintezidir. «Rüşvət
ustası», «Fil həkimi», «Keçi əhvalatı», «Gülpəri
xanımın «alim» əri», «Torpaq qəbul etmir»,
«Falçının məsləhəti», «Dissertasiya
duası», «Dələduz» və digər satirik hekayələrdə
cəmiyyət həyatında təsadüf edilən
lovğalıq, xudpəsəndlik, əliəyrilik, mərdimazarlıq,
dolandırıcılıq kimi mənfi təzahürlər
yığcam süjetlər timsalında, bəzən də
xalq rəvayətlərinə istinadən tənqid
olunmuşdur. «Usta inanmadı» hekayəsi isə gerçəklikdən
uzaq düşmüş quru nəzəriyyəçi alimlər
barədə dolğun bədii nümunədir. Bütün
hallarda hekayələrin şirin, təsirli təhkiyəsi,
oxunaqlı dili, müfəssəl, bitkin süjet və
kompozisiyası razılıq doğurur. Yazısının kiçik həcmli
miniatürlərinin də əksəriyyəti satirik, yaxud
yumoristik xarakterdədir. «Yorğa müfəttiş», «Kənddə
molla, şəhərdə tamada», «Ağıl vahidi», «Atam bəy
deyildi», «Şükr elə», «Nəzəri müalicə» və
s. miniatürlər janrın uğurlu örnəklərindəndir.
Bunlarda da həyati fakt və epizodlar əsasında
gülüş doğuran, yaxud ikrah oyadan detal və obrazlar tənqid
predmeti kimi seçilmişdir. Məsələn, «Nəzəri
müalicə» miniatüründə həkim xəstənin
tezliklə öləcəyini bildirir, xəstə isə sağalır. Həkimin son
rəyi gülüşün mahiyyətini tam
aşkarlayır; «Görünür, müalicə düz
aparılmayıb, yoxsa, nəzəri cəhətdən xəstə
ölməli idi». Yazıçının «Sual-cavablar»ı da
lakonikliyi və dolğunluğu ilə razılıq
doğurur.Akademik Şəfaət Mehdiyevin ədəbi irsində
poeziya nümunələri də var. Onun «Uçur-uçur
bülbülcüyüm», «Oxu, gözəl», «Unudulmur ilk məhəbbət»,
«Ötən ötdü», «Qoyma görsün xəzan
eşqim», «Yaşamır hər yanan» və digər şeirləri
mövzu-üslub əlvanlığı ilə seçilir.
Bunlarda azadlıq yanğısı da var, həzin, kövrək
məhəbbət duyğularının, könül
çırpıntılarının poetik ifadəsi də.
Axıcılıq, emosionallıq həmin əsərlərdə
özünəməxsus mövqe tutur. Onlardan bəzilərinə
musiqi bəstələnmişdir. Satirik səciyyəli
şeirlərə də alimin ədəbi irsində rast gəlirik.Nəhayət, akademikin publisistikası barədə
də qısa söz açmaq istərdik.Mövzu-ideya
baxımından onun publisistikasının bir qanadı elmi fəaliyyəti,
digəri də bədii yaradıcılığı ilə
bağlıdır. «Gələcək nəsillər naminə»
adlı publisistik əsərdə
təbiətin qorunması, təbii sərvətlərdən
səmərəli və qənaətlə istifadə
ideyası alim-publisist qələminin geniş imkanları ilə
önə çəkilmiş, elmi cəhətdən əsaslandırılmışdır.
«Cəbrayılda bir çinar var», «Başqasının
kölgəsində», «Dağlar danışır» kimi əsərlər
də analoji səpkidədir. «Şəxsiyyətlər»
adlı publisistik düşüncələr bəşər
tarixinin müxtəlif məşhur simalarını səciyyələndirir.
«İlk qız məktəbi» maarif tariximizin əlamətdar
bir səhifəsinə faktların və sənədlərin
dili ilə işıq salır. ABŞ-a səfəri təəssüratlarından
yaranan «Ultramodern kilsələr ölkəsi», «Maskalı şəhər»
kimi publisistik əsərlər bir tərəfdən,
oxucuları Qərb aləminin mahiyyəti, xüsusən elmi
mühiti, istehsalat prosesi ilə tanış edir, digər tərəfdən
isə müəllifin böyük alim-vətəndaş
amalının təntənəsi kimi səslənir.
Razılıq doğuran haldır ki, sovet dövründə
yazılmış bu qeydlərdə müəllif süni təsirlərə
uymamış, pisə pis, yaxşıya yaxşı
demişdir.Bütövlükdə akademik Şəfaət
Mehdiyevin ədəbi-publisistik irsi vahid bir sistem təşkil
edir. Əlamətdardır ki, «Mirzə Fətəli» pyesində
baş qəhrəmanın Novruz bayramının mənşəyi,
mahiyyəti barədə dedikləri ilə alimin «Tarixin dərinliklərindən
gələn bayram» məqaləsindəki baxışlar tam
eynidir. Yaxud, müəllifin bir sıra şeirlərini «Vicdan
yükü» pyesində Qaibənin mahnı kimi oxumasını
xatırlada bilərik....Görkəmli alim, istedadlı ədib
Şəfaət Mehdiyev «Yaşamır hər yanan» şeirində
yazmışdır:El üçün yanmağın məziyyəti
var,Sevinci, kədəri, əziyyəti var.Yaşamır hər
yanan, ürək yanmasa, Vətənçün yananın dəyanəti
var.Akademik Şəfaət Mehdiyev də öz fundamental elmi fəaliyyəti,
alicənab şəxsiyyəti ilə Vətən
üçün, el üçün
çalışmış, xalqın qəlbində əbədiləşmişdir.
Hüseyn Həşimli
Naxçıvan Dövlət
Universitetinin prorektoru, Əməkdar elm xadimi
Palitra.- 2010.- 29 dekabr.- S. 6.