Xocalı soyqırımı: pessimizmdən ictimai strategiyaya doğru

 

Ermənilər tərəfindən bəşəriyyətə qarşı ən alçaldıcı, qanlı qırğın olan Xocalı soyqırımı barədə mətbuatımızda çox yazılıb, bu haqda efir məkanında çox söhbətlər edilib, insanın tükünü ürpədən, insan tərəfindən törədilməsi qətiyyən inanılmaz olan dəhşətli qırğın səhnəsi, fotolar çox göstərilib. Hamısı da  1992-ci ilin 25 fevralından 26 fevralına keçən günün ildönümü ilə əlaqədar qan yaddaşımızın, soy təəssübkeşliyimizin ötəri canlanması, düşmənə nifrət emosiyamızın keçici aşıb-daşması nəticəsində…

  Bəli, həmin gecə xalqın tarixinə qara hərflərlə yazıldı. Xocalı yerlə bir edildi, məsum körpələr belə amansızca qətl edildi. Rəsmi məlumatlar da hamımıza bəllidir: erməni qatillərinin törətdikləri bu yeni kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın xüsusi qəddarlıqla məhvinə səbəb oldu. Qırğın həm də 487 nəfərin yaralanması, 1275 dinc sakinin amansız işgəncələr məqsədi ilə əsir götürülməsi, 150 nəfərin itkin düşməsi, 8 ailənin tamamilə məhv edilməsi ilə nəticələndi…

  Xocalı soyqırımı bu gün Xatın, Liditsa, Oradur soyqırımları ilə bir sırada durur” - tez-tez belə oxşar ifadələr işlədirik. Dururmu? Əslində fakt olaraq şübhəsiz. Bəs biz bunu hansı səviyyədə qəbul etdirə bilmişik?  Bu gün Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması, hüquqi baxımdan soyqırım kimi qəbul edilməsi, soyqırım faktından onun törədicisi olan Ermənistana qarşı beynəlxalq müstəvidə təzyiq kimi  istifadə edilməsi, soyqırımda əsas təşkilatçı və cinayətkarların beynəlxalq məhkəmə tərəfindən cəzalandırılması  və sair məsələlər həllini gözləyir. Amma Xocalı soyqırımı ilə bağlı Azərbaycan cəmiyyətindəki əhval-ruhiyyə daha çox “dünyanın ədalətsiz olması”, “beynəlxalq təşkilatların səsimizi eşitməməsi” kimi kəlmələrlə ifadə olunan pessimizm aşılayır. Elə isə dünyanı ədalətli, beynəlxalq təşkilatları, superdövlətləri obyektiv davranmağa, ikili standartlardan çəkindirməyə məcbur etməyin mexanizmi necədir? Bu yolda maneələr, çətinliklər nədir? Xocalı ilə bağlı giley-güzar mövqeyimizdən cəmiyyət olaraq imtina etmək, ən yeni tarixin bu ən dəhşətli soyqırım faktına informasiya savaşı kontekstində yanaşmaq üçün nə etməliyik? Unudulmamalıdır ki, ermənilər bizə qarşı Xocalı qətliamını törədərkən buna öz emosiyalarından daha çox soyuqqanlı və məqsədli bir məkrlə yanaşıblar - bizi qırmaqla bərabər bizə qarşı informasiya müharibəsi aparıblar. Meyitlərin xüsusi, soyuq qəddarlıqla eybəcər hala salınması, əzalarının kəsilməsi, skalplarının soyulması, hamilə qadınların qarınlarının yırtılması və sair faktlar əslində informasiya müharibəsinin xüsusi növü olan psixoloji müharibəyə hesablanıb. Elmi ədəbiyyatda belə müharibələrin, insanları qırılan tərəfdə qorxu, vahimə yaratmaq, mübarizə və döyüş əzmini qırmaq, həmin tərəfin əsgərlərini fərariliyə sövq etmək məqsədilə törədildiyi bildirilir. Deməli, ermənilər çoxdandır, iki cəbhədə - həm hərbi, həm də informativ cəbhədə üstünlük üçün çalışırlar. Daha çox bunun nəticəsidir ki, ABŞ, Rusiya, Fransa və BMT-nin Təhlükəsizlik Şurası bu məsələdə Azərbaycanın haqlarını, Ermənistanın təcavüzünü görməkdə tərəddüd edir, ikili standartlarla çıxış edirlər. Bu isə bizim üçün dəhşətli bir məqamdır. Ona görə də məsələnin ənənəvi müzakirəsindən, beynəlxalq təşkilatların hazırkı mövqeyinin təfərrüatlı şərhi kimi məsələləri qeyd etməkdən vaz keçib, bu yazıda bir qədər fərqli mövqe nümayiş etdirməyə çalışdıq. Məqsəd budur ki, dünyada Xocalı ilə bağlı dolğun və obyektiv informasiyaların çatdırılması, dünya ictimaiyyətinin mahiyyətdən xəbərdar olması təmin edilsin, beləliklə də an azından məsələyə qərəzli yanaşan beynəlxalq təşkilatlar, dövlətlər geniş miqyasda və kəskin şəkildə ifşa edilsin, bununla da onlara soyqırımı məsələsində təzyiq, imkan və manevrlərimiz artmış olsun.

Beləliklə, Xocalı soyqırımı ilə bağlı ictimai strategiyamız necə olmalıdır? Ən çox cəmiyyətin aparmalı olduğu informasiya müharibəsi çərçivəsində bu məsələ necə diqqətə götürülməlidir? 

 Mövzu ilə bağlı informasiya savaşını aparmaqda avanqard sayılmalı olan institutların fəaliyyətini, onların nümayəndələrinin təkliflərini öyrəndik.

 

Elmi-institusional aspekt

 

Öncə qeyd edək ki, Xocalı soyqırımını elmi müstəvidə dünyaya tanıtmaq və buna dünya alimlərinin, tarixçilərinin diqqətini geniş miqyasda cəlb etmək ciddi effekt verə bilər. Belə ki, dünya elmi ictimaiyyətinin ermənilər tərəfindən çağdaş dövrdə törədilmiş soyqırımın tarixi və antibəşəri mahiyyəti barədə təfərrüatlı şəkildə məlumatlanması dünyaya, Qərb dairələrindəki ictimai rəyə ciddi təsir imkanı yarada bilər. Bəs alimlərimiz bu sahədə nə iş görürlər?  Onların bu soyqırım faktını dünyada geniş miqyasda tanıtmaq üçün hansı təklifləri var?

Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Tarix İnstitutunun ditektor müavini, professor Cəbi Bəhramov belə deyir: “İnstitutda ermənilərin azərbaycanlılara qarşı soyqırım problemlərini araşdıran elmi mərkəz fəaliyyət göstərir. Burada iki şöbə var: azərbaycanlılara qarşı soyqırım tarixi şöbəsi və Qarabağ tarixi şöbəsi. Bu şöbələrdə sırf ermənilərlə münaqişə problemlərinin tarixi, onların meydana gəlməsi, ümumi nəticələri elmi baxımdan araşdırılır. Tarix İnstitutu tədqiq edib ortaya qoyduğu araşdırmaları üç dildə nəşr etdirir. Məsələn, biz 2003-cü ildə ingilis və rus dillərində "Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri cinayətlər haqqında" kitab nəşr etdik. Burada institutun aparıcı alimlərinin əsərləri nəşr olunub. Bu, yenidən çapa hazırlanır, bəzi əlavələrlə yenidən işıq üzü görəcək. Onu da deyim ki, bu mövzu ilə bağlı çoxsaylı namizədlik, doktorluq müdafiələri olub. Həmçinin Qərbi Azərbaycan tarixi, ermənilərin iddiaları, ekspansiya siyasəti ilə bağlı ciddi araşdırmalar aparılıb.

Avropa mətbuatına çıxmaq və Xocalı soyqırımını elmi şəkildə avropalılara təqdim etmək üçün həm maliyyə vəsaiti, həm də böyük səylər tələb olunur”.

 Alim qeyd edir ki, bu məsələyə bir çox hallarda avropalılar tərəfindən siyasi yönümdən yanaşıldığı üçün, Xarici İşlər Nazirliyinin, Diasporla iş üzrə Dövlət Komitəsinin xətti və digər qurumlar tərəfindən müəyyən dəstəyə ehtiyac var. Qeyd edir ki, humanitar sahədə çalışan alimlər elmi dərəcə almaq üçün attestasiya komissiyasının qərarı ilə xaricdə üç məqalə çap etməlidirlər: “Doktorluq üçün isə 6-ya qədər məqalə xaricdə çap edilməlidir. Amma qeyd edim ki, məsələn, Rusiyada və MDB məkanında bu səpkidə verilmiş məqalələri çap etmirlər, “siyasi məsələ olduğunu” əsas gətirib geri qaytarırlar. Elə Avropada da məsələyə belə münasibət bəsləyirlər. Bütövlükdə götürdükdə bizim bu məsələyə münasibətimiz də qənaətbəxş deyil. Belə ki, beynəlxalq ictimai rəyin diqqətini cəlb etmək üçün mütəmadi olaraq iş aparmalıyıq. Amma biz cəmiyyət olaraq müəyyən bir tarixi hadisəyə daha çox ildönümünü keçirmək baxımından diqqət ayırırıq, sonra isə həmin hadisələrlə bağlı iş aparılmır”. Alimin bildirdiyinə görə, bunun nəticəsində ermənilərlə ideoloji-informativ mübarizə effektli olmur. Ermənilərin isə bu baxımdan daha bir üstünlüyü ondadır ki, müəyyən iri dövlətlər öz siyasi məqsədlərini reallaşdırmaq üçün onlardan yararlanır, onların diasporunu stimullaşdırır: “Onlar üçün bu məsələdə supergüclərin qapıları açıqdır. Həmçinin bu məsələyə xristian-müsəlman qarşıdurması kontekstindən yanaşılır. Bu baxımdan Azərbaycan bütün səylərini birləşdirməlidir. Dövlət başçımız çıxışlarında vurğulayır ki, bu məsələdə ermənilərə qarşı total hücuma keçməliyik. Xocalı soyqırımını dünyaya tanıtmaq      məsələsində də mütləq ümumi koordinasiya olmalıdır”. Alimin fikrincə, bu məsələnin təbliğat və təşviqatını təşkil etmək üçün tarixçi alim və mütəxəssislərdən istifadə etmək lazımdır. Bu soyqırımı faktını dünyaya yaymaq üçün rus, ingilis, alman və sair dilləri bilən alimlərin mütəmadi olaraq xaricə ezam edilməsi, onların maliyyə cəhətdən təmin edilməsi gərəkdir. Xocalı soyqırımı ən yeni tarixdə baş vermiş, kifayət qədər faktları, fotoları, sənədləri ortada olan aydın soyqırımı faktıdır. Amma bu faktı, eləcə də digər həqiqətlərimizi professional bir şəkildə təqdim etmək üçün çox işlər görmək lazımdır: “Alimlərin bilavasitə məsləhəti ilə sənədli filmlər çəkmək lazımdır. Xarici KİV-lərə yol tapıb qısa çarxları nümayiş etdirmək lazımdır. Uzun yox, 5-10 dəqiqəlik qısametrajlı filmlər ərsəyə gətirmək lazımdır ki, dünyaya nümayiş etdirilsin. Həmçinin bülleten və kitabçalar da tərtib edilməlidir. Bütün bu kimi məsələlərdə tarixçi alimlərdən istifadə edilməlidir.

Məsələ burasındadır ki, Qərb ölkələrində, Avropada bir tədbir keçiriləndə ora alimimiz getmir. İstər Xocalı, istərsə də ümumiyyətlə erməni vəhşiliklərini, fitnəkarlıqlarını ifşa və mühakimə etməyə hesablanmış digər tədbirlərə tarixçi alimlərimiz də mütləq qatılmalıdır. Bunun üçün şərait yaradılmalıdır. Çox vaxt bu cür tədbirlərə jurnalist, parlamentin üzvü olan, amma ixtisasca tarixçi olmayanı və sair zümrə və ixtisas sahiblərini göndərirlər. Belə halda isə onlar problemin mahiyyətini qlobal və aktual səviyyədə izah edə bilmirlər, nəticədə ermənilərin qarşısında çaşırlar. Çünki ermənilər belə tədbirlərə həmişə çox yüksək səviyyədə hazırlaşmış, tarixi peşəkarca saxtalaşdırmaq qabiliyyətinə malik olan adamlarını göndərirlər”. Professor qeyd edir ki, tarix elmi strateji sahə olduğuna görə milli tariximizi tədqiq edən bir institut bu ideoloji mübarizədə ən güclü silahdır. Xocalı soyqırımını tanıtmaq, dünyaya qəbul etdirmək və beynəlxalq aləmdə ermənilər üzərində ideoloji qələbəni təmin etmək üçün tarixçi alim və mütəxəssislərin potensialından istifadə olunmalıdır.

Onu da qeyd edək ki, soyqırımı ilə bağlı, ümumiyyətlə isə erməni fitnəkarlıqlarının qarşısının alınması və onlara qarşı daha effektiv hücum strategiyasının həyata keçirilməsi üçün daimi beyin mərkəzlərinin formalaşdırılması və bu mərkəzlərdə ciddi tədqiqatlar, informasiya savaşı müstəvisində hücum eksperimentləri keçirmək, bununla bağlı xüsusi qruplar hazırlamaq çox əlverişli olardı. Nəzərə alınmalıdır ki, torpaqlarımız hələ işğaldadır, barışıq yoxdur, soyqırımı isə artıq baş verib və heç bir zaman inkar oluna bilməz. Bu halda, əsas diqqət erməniləri ciddi informasiya məğlubiyyətinə uğratmağa verilməlidir ki, bu da daha sonra onlar üzərində qəti qələbə əldə etmək üçün zəmin yaradar.                

 

Hökumət qurumları nə iş görür?

 

 Müvafiq hökumət qurumlarının bu sahədə hansı tədbirlər həyata keçirdikləri, nələr planlaşdırdıqları ilə maraqlandıq. Diasporla İş üzrə Dövlət Komitəsindən bu barədə məlumat ala bildik. Komitənin Təbliğat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşad Miraləm belə bildirir: “Getdikcə Xocalı soyqırımı ilə bağlı tədbirlərin intensivləşməsinə daha çox diqqət yetirilir. Əsas məqsəd odur ki, Xocalı hadisəsinin azərbaycanlılara qarşı düşünülmüş, planlaşdırılmış və törədilmiş bir soyqırımı aktı olduğunu beynəlxalq ictimaiyyətə daha əhatəli şəkildə çatdıraq.  Ona görə də ildən-ilə müxtəlif ölkələrdə çeşidli formatda tədbirlərin, konfransların, fotosərgilərin, etiraz aksiyalarının keçirilməsi daha miqyaslı xarakter alıb. Soyqırımla bağlı müxtəlif ölkələrin parlamentlərinə, QHT-lərinə, ictimaiyyət nümayəndələrinə, dövlət qurumlarına, beynəlxalq təşkilatlara diaspor təşkilatlarımız tərəfindən müraciətlər ünvanlanır. Müraciətlərdə soyqırımı ilə bağlı faktlar, sənədlər əksini tapır. O cümlədən, bu il keçiriləcək belə tədbirlər həm kütləvilik, həm də İKT-nin tətbiqi baxımından bir qədər fərqlənəcək. Bu məsələdə ənənəvi metodlardan bir qədər kənara durmaq, müasir üsullardan yararlanmaq planlaşdırılır.

Qeyd edim ki, həmin tədbirlərdə Heydər Əliyev Fondunun hazırladığı əyani vəsaitlərdən, təbliğat materiallarından da geniş istifadə ediləcək. O da məlum olduğu kimi, Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın başçılığı ilə dünyanın müxtəlif ölkələrində dünya miqyasında “Xocalıya ədalət” kampaniyası həyata keçirilir. Kampaniyaya diaspor təşkilatları da aktiv şəkildə qoşulurlar”.           

Komitə sözçüsünün bildirdiyinə görə, diaspor təşkilatları soyqırımı tanıtmaqla bağlı müxtəlif təşəbbüslərlə çıxış edirlər: “Bizsə onlara bu yolda tövsiyələr və dəstək veririk. Bu sıradan qeyd edilənlərdən əlavə soyqırımı tanımaqla bağlı imzatoplama kampaniyaları keçirilir. Bu, bir neçə il öncə başlayıb və indi də davam edir”.

Türk və yəhudi diasporları ilə birgə iş şəraitində Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün hansı işlər görülür? E.Miraləm deyir ki, 2007-ci ilin 9 martında Bakıda Azərbaycan və türk diaspor təşkilatlarının forumu keçirilib: “Həmin ilin noyabrında isə türk dövlət və cəmiyyətlərinin dostluq, əməkdaşlıq və qardaşlıq qurultayı keçirildi. Bu tədbirlər zamanı qəbul olunmuş sənədlərdə Xocalı soyqırımı və ümumiyyətlə türklərə qarşı ermənilər tərəfindən törədilmiş digər soyqırım aktlarının, türk xalqlarının məruz qaldıqları haqsızlıq və ədalətsizliklərin tanıdılması istiqamətində bütün türk dövlət və xalqlarının birgə fəaliyyəti öz əksini tapmışdı”.

Məsələ burasındadır ki, bu strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün sarsılmaz və məqsədli şəkildə birgə əməli iş olmalıdır. Eləcə də Azərbaycana dost münasibəti olan bütün xalqların diaspor təşkilatlarının, həmçinin yəhudi lobbisinin əməkdaşlığından faydalanmaq günün tələbidir. Əsas məqsəd bu olmalıdır ki, digər təşkilatlarla sıx əməkdaşlıq münasibətlərindən istifadə edib ermənilərə qarşı informasiya savaşında, xüsusilə Xocalı soyqırımı faktından düşmənə qarşı yararlanılmasında tam qələbə əldə olunsun.

 Diaspor nümayəndələrinin məsələ ilə bağlı ciddi hazırlığına və maarifləndirilməsinə də ehtiyac var. Belə ki, onlar soyqırım, onun miqyası, mahiyyəti və baş verməsi ilə bağlı tam təfərrüatına qədər məlumatlı olmalıdırlar. Daha sonra diaspor nümayəndələri üçün yaşadıqları ölkələrdə soyqırımı tanıtma aksiyalarını aparmaları məqsədi ilə ciddi təlimlər təşkil edilməsi, onların “e-mail attack” və sair formalı İKT aksiyaları keçirməyə alışdırılması, əyani vəsaitlərlə təmin olunması, yaşadıqları ölkələrdə lobbiçilik yollarının öyrədilməsi ciddi önəm kəsb edir.

 

Vətəndaş cəmiyyəti bu məsələdə ciddi təşkilatlanmalıdır

 

Qeyd etmək lazımdır ki, sözügedən məsələdə cəmiyyətin mobil hala gətirilməsi üçün vətəndaş cəmiyyəti institutlarının üzərinə böyük öhdəlik düşür. Bu sıradan xüsusilə, Xocalı soyqırımı, Azərbaycan həqiqətləri sahəsi üzrə ixtisaslaşmış təşkilatlar təşəbbüslərini intensiv reallaşdırmağın daha səmərəli yollarını, metodlarını tapmalıdırlar.

 Bu barədə Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin təsisçisi Şamil Ələkbərlinin fikirlərini qeyd edək: “Xocalı soyqırımı qurbanlarının sayı əslində ən azı min nəfərlə ölçülür, amma rəsmi məlumatlarda bu rəqəm çox vaxt 613 kimi qeyd olunur.

Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi 2007-ci ildə yaradılıb və əsas qayəsi soyqırımın dünyaya, beynəlxalq təşkilatlara tanıdılması və qəbul etdirilməsində Azərbaycan xalqına yardımçı olmaqdan ibarətdir. Bu sahədə qarşıda duran əsas məsələlərdən biri Xocalı soyqırımına hüquq-mühafizə orqanları tərəfindən hüquqi qiymət verilməsinə nail olmaqdır. Ümumiyyətlə isə dövlət orqanları qarşısında 5 tələbimiz var. Bu tələblərin yerinə yetirilməsi ona görə lazımdır ki, beynəlxalq arenaya çıxanda əlimizdə soyqırımla bağlı hüquqi əsasımız olsun. İndiki halda, beynəlxalq təşkilatlar bildirirlər ki, sizin dövlətiniz tərəfindən Xocalı faciəsinə soqyırım kimi hüquqi qiymət verilməyib. Deyirlər ki, Xocalıya verilən qiymət yalnız siyasi xarakterlidir. Ona görə də çox istərdik ki, bizdə Xocalı soyqırımına hüquqi qiymət verilsin. İkincisi, 26 fevral Milli Matəm Günü elan edilməli və qeyri-iş günü sayılmalıdır. Üçüncüsü, xocalıların stasusu dəqiqləşdirilməlidir. Dördüncüsü, Bakıdakı Şəhidlər xiyabanında və düşmən tapdağından azad olunacaq Xocalı şəhərində soyqırımı muzeyləri yaradılmalıdır. Nəhayət, beşincisi, başda Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan olmaqla Xocalı soyqırımını törədənlər barədə Azərbaycan Respublikasının Prokurorluğunda toplanmış sənədlər Haaqa Beynəlxalq Hərbi Tribunalına və Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilməlidir. Daha bir məqamı qeyd edim. Biz beynəlxalq tədbirlərdə iştirak edəndə yetərincə dolğun və dəqiq məlumatlara ehjtiyac olur, amma soyqırımla bağlı bəzi məlumatlar və sənədlər hələ də dəqiqləşdirilməyib. Ötən il Haaqada Türklərin Soyqırımlarını Araşdırma Təşkilatı ilə Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi arasında bir anlaşma protokolu imzalandı. 18 maddədən ibarət bu anlaşma protokolu Ermənistanın Qarabağ-Türk Soyqırımı adlanır. Burada müxtəlif sahələr üzrə əməkdaşlıq nəzərdə tutulub. Amma bu tədbirlərdən ən vacibi bu il Haaqa şəhərində birgə ictimai məhkəmənin keçirilməsidir. Bu cür məhkəmələrin ictimai rəyə təsiri çox effektlidir və cəmiyyətdə ciddi rezonans doğurur. Bu məhkəməyə bir çox ölkələrdən nüfuzlu, tanınmış şəxslər dəvət olunacaq. Eyni zamanda erməni tərəfini də məhkəməyə dəvət edəcəyik. Bu ictimai məhkəmənin keçirilməsi Azərbaycan və Türkiyəyə soyqırımı məsələsində və ümumiyyətlə informasiya savaşında çox böyük divident gətirəcək. Amma təbii ki, bu cür ciddi məsələlərdə dövlətin dəstəyinə arxalanırıq. Əlimizdə kifayət qədər faktlar var ki, erməniləri beynəlxalq arenada diz üstə çökdürək. Amma bu faktlardan maksimum yararlanılmalıdır. Məsələn, mən Xocalı faciəsi qurbanlarının şəkillərini çəkən fotoçulardan biriyəm, həm də o vaxt “Səhər” qəzetində soyqırımla bağlı yazı yazan ilk jurnalistəm. Amma indiyə qədər soyqırım faktını nümayiş etdirən fotolarımın sərgisini təşkil edə bilməmişəm.     Əslində bu sahədə effektli nailiyyət əldə etmək üçün maliyyə təminatı da yetərli səviyyədə olmalıdır. Dövlət strukturlarından əlavə, imkanlı şəxslərimiz və nüfuzlu şirkətlərin nümayəndələri, rəhbərləri olan soydaşlarımız bu işdə maraqlı olmalıdır. Təəssüf ki, belə soydaşlarımız və təşkilatlarımız bizə maliyyə baxımından yardım etmirlər. Bu baxımdan bizim layihələrimizi maliyyələşdirən Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır. Amma bütün işləri şuranın öhdəsinə qoymaq olmaz. Bununla belə, hazırda www.xocali.info saytımız açılıb və üç dildə fəaliyyət göstərir. Eyni zamanda planlaşdırırıq ki, Almaniyada soyqırımla bağlı beynəlxalq konfrans keçirək. Daha sonra soyqırımla bağlı 15 dəqiqəlik film hazırlamaq istəyirik. Filmi BMT-nin 5 işçi dilində hazırlamağı planlaşdırırıq. Amma bu, arzu olaraq qalır. Çünki dəstəyə ehtiyacımız var. Bütün çətinliklərə baxmayaraq, məqsədlərimizin reallaşmasında qərarlı, ümidli və əzmliyik”.

Qeyd edək ki, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına(QHT) Dövlət Dəstəyi Şurası fəaliyyətə başlayandan, iki il ərzində keçirilmiş müsabiqələr nəticəsində QHT-lər Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi və sair milli problemlərlə bağlı effektli layihələr həyata keçirməyə nail oldular. Halbuki əvvəllər xarici donorların bu məsələlərə marağının olmaması üzündən belə bir tendensiya yox idi. Ona görə də məsələ ilə bağlı milli donorçuluğun formalaşması müvafiq sahə üzrə ixtisaslaşmış QHT-lər üçün yaşıl işıqdır. Həmçinin bu cür QHT-lər şuranın müsabiqə istiqamətlərinin formalaşmasında da konkret təşəbbüslərlə çıxış edə bilərlər. Məlumat üçün xatırladaq ki, şura bu ildən müsabiqə istiqamətlərinin müəyyənləşdirilməsini QHT-lərin müzakirəsinə buraxıb. Bu isə çox müsbət məqamdır və QHT-lərin qeydedilən sahədə təşəbbüslərini reallaşdırmaq üçün əlverişlidir. Həmçinin belə QHT-lərin təşəbbüs və təklifləri nəticəsində müsabiqə istiqamətləri içərisində Xocalı soyqırımı ilə bağlı ayrıca istiqamət və ya mövzu əksini tapa bilər.

Bundan başqa, bu sahədə genişmiqyaslı və mütəmadi layihələrin həyata keçirilməsində şuranın digər maliyyə qurumları, ölkədə fəaliyyət göstərən şirkət və korporasiyalarla əməkdaşlığı ciddi rol oynaya bilər.         

    Eləcə də gənclər təşkilatlarının bu sahəyə diqqətini artırmaq üçün müvafiq qurum olan Gənclər və İdman Nazirliyi əlavə stimullaşdırmalardan istifadə edə bilər. Qeyd edək ki, sözügedən sahədə “İrəli” İctimai Birliyinin böyük təcrübəsi və icra edilmiş uğurlu layihələri var ki, bunlardan gənclər təşkilatları səmərəli şəkildə bəhrələnə bilərlər.

İctimai təşkilatların təşəbbüslərinin bu sahədə daha bir uğuru odur ki, Islam Konfransı Təşkilatının Parlament Birliyi “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək çərçivəsində xüsusi qətnamə qəbul edib. Uqandanın paytaxtı Kampalada keçirilən 6-cı sessiyaya 51 dövlətin parlament rəhbərləri və nümayəndə heyətləri qatılıb. Konfransda qurumun Gənclər Forumunun (İKGF) təşəbbüsü ilə “İKGF ilə İKT PB arasında əməkdaşlıq” haqqında qətnamə qəbul olunub. İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun Moskva Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən qətnamədə Xocalı faciəsi “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “insanlığa qarşı cinayət” kimi qiymətləndirilib.

 Qətnamədə “Xocalıya ədalət” kampaniyasına tam dəstək ifadə olunub, quruma üzv olan 51 dövlətin parlamenti bu faciəni insanlığa qarşı cinayət kimi tanımağa və kampaniyaya həm milli, həm də beynəlxalq səviyyələrdə dəstək verməyə çağırılıb. Qətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanıyan ilk sənəddir. Bu isə Xocalı faciəsinin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı aparılan soyqırım siyasətinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınması və cinayətkarların hüquqi məsuliyyətə cəlb edilməsi üçün keyfiyyətcə yeni mərhələ kimi qiymətləndirilir.

Əlavə bir təklif olaraq qeyd edək ki, vaxtilə Xocalı faciəsinin canlı şahidləri olmuş xarici jurnalistlərin, fotoreportyorların, beynəlxalq təşkilat nümayəndələrinin bu gün tapılması, onların Xocalı soyqırımını dünyada tanıtmaqla bağlı şəbəkəsinin yaradılmasına da ciddi ehtiyac var. Bu, çox ciddi effekt verə bilər. Belə ki, həmin insanlar nüfuzlu beynəlxalq KİV-lərin, təşkilatların nümayəndələridir. Onların dünya, xüsusilə Qərb ictimaiyyətinə çıxış və təsir imkanlarını nəzərə almaq lazımdır. Eləcə də onlar hadisələrin canlı şahidləri olduqları, erməni vəhşiliklərini əyani gördükləri üçün bu məsələdə töhfə verməkdən imtina etməzlər. Yetər ki, onlarla əməli iş aparılsın, bnunla bağlı ciddi plan və layihələr həyata keçirilsin. Daha aydınlıq hasil etmək üçün o vaxt hadisələri təsvir etmiş, dünya mətbuatında geniş işıqlandırmış “Krua l'Eveneman” jurnalı (Paris), “The Sunday Times” qəzeti (London), “The Times” qəzeti (London), “İzvestiya” (Moskva), “Financial Times” qəzeti (London), “Le Mond” qəzeti (Paris), R.Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti, Livanlı kinooperator, Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzi, “Newsweek” jurnalı (ABŞ), “Reuters” agentliyinin fotoqrafı Frederix Lenqeyn, “Channel 4 News” televiziyası (Böyük Britaniya), “Boston Sunday Globe” qəzeti (ABŞ), “The Age, Melbourne” qəzeti (Avstraliya), “The Washington Post” qəzeti (ABŞ), “The Washington Times” qəzeti (ABŞ), “The İndependent” (London), “Nie” qəzeti, (Bolqarıstan), Violetta Parvanova və “BBC Morning News”, Xocalı faciəsinin şahidi olan və sonra Livanın paytaxtı Beyrutda məskunlaşan erməni jurnalist Daud Kheyriyanın adlarını qeyd edirik. Eləcə də onların vasitəçiliyindən yararlanıb digər beynəlxalq diplomatların soyqırımla bağlı şəbəkəsini yaratmaq, lobbiçiliyini təmin etmək olar. İctimai təşkilatlarımız və diasporumuz bu məqama diqqət yetirməlidirlər.

Cəmiyyətimizdə yeni nəsillərin soyqırımla bağlı düzgün və dolğun məlumatlandırılması üçün xüsusi strategiya formalaşdırılmalıdır. Belə ki, ən yeni tarixlə bağlı dərsliklərdə, kitablarda Xocalı soyqırımına aid korrekt və maarifləndirici məlumatlar əksini tapmalıdır. KİV-lər, xüsusilə telekanallar bu mövzuda ciddi materiallar hazırlamalı, müzakirələr təşkil etməlidirlər.

Eləcə də Xocalı soyqırımı şəhidlərinin xatirəsinin xalqın dini-mənəvi və milli şüurunda möhkəmlənməsi üçün ildönümləri ərəfəsində xüsusi rituallar formalaşdırmaq və həyata keçirmək məqsədəuyğun olardı. Şəhidlik ən yüksək zirvələrdən sayılır və Xocalı şəhidlərinin bu məqamının cəmiyyətə dərindən aşılanması üçün ilahiyyatçıların da bu məsələdə müzakirələrə qoşulması işin xeyrinə olardı.  

 Unutmaq lazım deyil ki, bu məsələdə yalnız cəmiyyətin ciddi daxili hazırlığından sonra beynəlxalq arenada Xocalı soyqırımını lazım olduğu kimi təqdim edə, cinayətkarların cəzalandırılmasına, qərəzkarların ifşasına və haqqımızın əldə edilməsinə nail ola bilərik.

 

 

Ağayev  İlkin

 

Palitra. -2010. – 5 fevral. – S.6-7.