Bibiheybət buxtasında 55 minə
yaxın ağac və kol əkilib
Beş il ərzində Bakıda açılan daimi
iş yerlərinin 18,3%-i Səbail rayonunun payına
düşür
Səbail rayonu Bakı şəhərinin
Xəzər dənizi sahili boyunca yerləşən mərkəzi
rayonudur. Rayonun ərazisi 29 kvadrat kilometr, əhalisinin sayı
98042 nəfərdir ki, onların 51,5 faizini kişilər, 48,5
faizini qadınlar təşkil edir.
Rayonda 2 ərazi nümayəndəliyi və 3 bələdiyyə
fəaliyyət göstərir. Səbail rayonu Bakı şəhərinin
ən qədim rayonu olaraq ötən əsrin 20-ci illərindən
inzibati ərazi vahidi kimi formalaşıb. Rayon əvvəlcə
Bibiheybət, 1931-ci ildən Stalin, 1960-cı ildən 26
Bakı Komissarları adını daşıyıb, 1992-ci ildən
isə Səbail rayonu adlandırılıb.
Qədim əsrlərin
yadigarı olan Qız qalası Səbail rayonunun rəmzidir. Bakılıların
və şəhərimizin çoxsaylı qonaqlarının əsas
ziyarət yeri olan Şəhidlər xiyabanı və Fəxri
xiyaban, Heydər Əliyev Fondu, UNESKO-nun "Dünya İrs
siyahısı"na salınmış İçərişəhər
Dövlət Tarix-Memarlıq Qoruğu, unikal mədəniyyət
incisi olan Muğam Mərkəzi və "Üns"
Yaradıcılıq Mərkəzi, habelə bir sıra istirahət
və gəzinti obyektləri rayonun ərazisindədir. Bundan
başqa Səbail rayonu ərazisində 5 ali, 2 orta ixtisas, 1
peşə məktəbi, 18 orta təhsil müəssisəsi,
18 məktəbəqədər müəssisə, 3 uşaq
yaradıcılıq mərkəzi, 3 uşaq-gənclər
idman məktəbi, 3 musiqi məktəbi, 22 səhiyyə
müəssisəsi yerləşir. Şəhərimizin və
eləcə də ölkənin əsas mədəniyyət mərkəzləri,
o cümlədən 12 teatr, 2 kinoteatr, 6 kitabxana, 15 muzey, 5 mədəniyyət
evi fəaliyyət göstərir. Ərazidə müxtəlif
elm, incəsənət korifeyləri, müharibə və ədəbi
qəhrəmanların şərəfinə heykəl və
büstlər ucaldılmış 10 istirahət parkı və
bağ var. Səbail rayonunda müvafiq dövlət və dini
qurumun rəsmi qeydiyyatından keçmiş 7 icma, o cümlədən
5 məscid və 1 mədrəsə fəaliyyət göstərir.
Onlar arasında böyüklüyü və əhəmiyyətinə
görə seçilən Bibiheybət qəsəbəsindəki
Bibiheybət məscidi ümummilli lider Heydər Əliyevin
göstərişi ilə yenidən tikilərək 1998-ci il
iyulun 12-də istifadəyə verilib, 2008-ci il iyulun 12-də
ziyarətgah kompleksinin rəsmi açılışı
olub. İçərişəhərdəki Cümə məscidi
də dövlət tərəfindən əsaslı təmir
olunaraq dindarların istifadəsinə verilib. Rayon ərazisində
iqtisadiyyat sahəsi üzrə çox sayda dövlət və
qeyri-dövlət müəssisələri, o cümlədən
xarici şirkətlər fəaliyyət göstərir ki,
onlar da rayonun sənaye
potensialının əsasını təşkil edir.
Səbail rayonunda
sosial-iqtisadi inkişafla bağlı həyata keçirilən
tədbirlər nəticəsində 2009-cu il ərzində
2214 daimi iş yeri açılıb. Ümumiyyətlə,
2003-cü ilin noyabrından 2010-cu ilin yanvar ayının 1-dək
31.576 iş yeri açılıb ki, bunlardan 30.920 iş yeri
daimidir. Beş il ərzində Bakı şəhərində
açılan daimi iş yerlərinin 18,3%-i Səbail rayonunun
payına düşür. Səbail rayonunda və ilk növbədə
Bibiheybət buxtasında neftlə çirklənmiş, əhali
üçün təhlükə mənbəyinə
çevrilmiş torpaqların təmizlənməsi ilə
bağlı işlər davam etdirilib, artıq Bibiheybət
buxtasında 174 ha ərazi Dövlət Neft Şirkətinin
Ekologiya Departamenti tərəfindən təmizlənib, burada
55 minə yaxın ağac və kol əkilib. Ötən il ərzində
Səbail rayonu ərazisində böyük quruculuq və
abadlıq işləri həyata keçirilib. Belə ki, MTN Mədəniyyət
Mərkəzində, Nizami Gəncəvi adına Ədəbiyyat
Muzeyində, Dövlət Gənc Tamaşaçılar
Teatrının, Bəstəkarlar İttifaqının
binasında, Dövlət İncəsənət Muzeyində,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Teleradio
İstehsalat Birliyinin Teleqüllə kompleksində, Azərbaycan
prospektində, Daxili İşlər Nazirliyinin binası
qarşısındakı yeraltı piyada keçidində
aparılan əsaslı təmir-yenidənqurma işləri
başa çatdırılıb. Eləcə də Mərkəzi
Klinik Xəstəxananın ambulatoriyası, Milli Məclisin
yeni korpusu, Hesablama Palatasının yeni binası istifadəyə verilib,
"Dalğa Plaza" İş Mərkəzi və Urologiya Xəstəxanasında əsaslı
təmir və yenidənqurma işləri başa
çatdırılıb. 2009-cu ildə aparılan əsaslı
təmir və yenidənqurma işlərindən sonra sakinlərin
və eləcə də şəhərimizin çoxsaylı
qonaqlarının sevimli istirahət yerlərindən olan Sahil
bağı və Filarmoniya bağı istifadəyə verilib.
Hazırda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyi üçün yeni binanın tikintisi və
Dövlət Bayrağı Meydanındakı inşaat işləri
davam etdirilir, Badamdar qəsəbəsində MTN-in yeni
hospitalının inşası, Dənizkənarı Milli
Bulvarda abadlıq və yenidənqurma işləri, Biznes Mərkəzinin
tikintisi, "Yaxt-klub"da yenidənqurma işləri,
müasir "Hilton" mehmanxanasının inşası davam
etdirilir.
Səbail rayonunun qəsəbə
və yaşayış sahələrində, məhəllə
və həyətlərində abadlıq işlərinin
aparılması ilə bağlı rayon İcra Hakimiyyəti
tərəfindən "Abad həyət" layihəsi
hazırlanıb ki, rayonun Badamdar qəsəbəsində onun
icrası ilə bağlı qəsəbədəki 5 həyətdə
əsaslı təmir-abadlıq işləri aparılıb. Bibiheybət
qəsəbəsindəki kitabxana, xeyir-şər yeri və qəsəbə
Mədəniyyət Evi təmir olunub və lazımi
avadanlıqlarla təchiz olunub. Hazırda qəsəbənin
girişində II Dünya müharibəsində həlak olan
döyüşçülərin xatirə abidəsinin əsaslı
təmir-yenidənqurma işləri başa çatmaq üzrədir.
Dekabr ayında həyata keçirilən işlər çərçivəsində
rayonun 20-ci yaşayış sahəsindəki
yolötürücü dairə və Veteran Neftçilər
bağında əsaslı təmir-yenidənqurma işləri
başa çatdırılaraq sakinlərin istifadəsinə
verilib. Eyni zamanda parkda yerləşən "Veteran
neftçilər klubu"nda da təmir işləri
aparılıb, klub lazımi avadanlıqlarla təmin olunub. Parkın
və dairənin yeni işıqlandırma sistemi
quraşdırılıb. Bundan başqa Yeni Azərbaycan
Partiyasının yaranış günü - noyabr
ayının 21-də xüsusi layihə əsasında Yeni Azərbaycan
Partiyası Səbail rayon təşkilatı üçün
3 mərtəbəli yeni binanın təməli qoyulub, həmçinin
Badamdar qəsəbəsində xeyir-şər yerinin tikintisinə
və Badamdar qəsəbə Mədəniyyət Evinin əsaslı
təmirinə başlanılıb. Keçən il tikintisinə
başlanmış Səbail Rayon Polis İdarəsinin yeni
binasında hazırda tamamlama işləri aparılır.
Ötən il dövlət
büdcəsi hesabına 163 saylı orta məktəbdə əsaslı,
digərlərində isə cari
təmir işləri
aparılıb, 91 saylı orta məktəbdə yeni müasir
qazanxana quraşdırılıb, rayonun orta ümumtəhsil məktəblərində
vahid məktəbli forması tətbiq olunub. Ölkə
başçısının sərəncamı ilə
keçirilən "İlin ən yaxşı ümumtəhsil
məktəbi" respublika
müsabiqəsində keçən il Səbail rayonunun
"İstedad" Beynəlxalq Təhsil Kompleksi, 2 saylı
Texniki-Humanitar Elmlər Liseyi, 190 və 239 saylı orta məktəbləri
qaliblər sırasında olub. Eləcə də Prezidentin sərəncamı
ilə "İlin ən yaxşı müəllimi"
adına layiq görülmüş 100 müəllimdən 5-i
Səbail rayonunun məktəblərində
çalışır.
Nigar
Palitra. -2010. – 9 fevral. – S.11.