Belarusla İKT üzrə
bir sıra müqavilələr imzalanıb
Bakıda Belarus-Azərbaycan
İnformasiya və Kommunikasiya Texnologiyaları
(İKT) biznes forumu öz işinə başlayıb. Tədbirdə
rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan və Belarus arasında olan geniş əlaqələrdən
danışıb.
Nazir qeyd edib ki, hər iki ölkə
arasında olan isti münasibətlər bütün sahələri
əhatə edir. Ə.Abbasov hər iki ölkə arsında
İKT sahəsinin daim dövlət
başçılarının diqqətində olduğunu
vurğulayıb. Onun sözlərinə görə, bu forum
ölkələr arasında olan əməkdaşlığı
daha da artıracaq və möhkəmləndirəcək. Ə.Abbasov
son zamanlar hər iki ölkədə İKT sahəsinin
inkişaf etdiyini və ölkələrin zona
texnologiyalarının yaradılmasında yüksək
potensiala malik olduğunu söyləyib: "Ötən il
ölkəmizin İKT sahəsində gəliri 1 milyard
manatı ötüb. Ölkə əhalisinin 37%-i internetdən
istifadə edir. Dünyada gəlirin 58-59 faizi İKT-nin
payına düşür. Azərbaycanda isə gəlirin 60%-i
bu sahənin payına düşür. Bunun da əksəriyyətini
mobil operatorlar təşkil edir". Belarusun Yüksək
Texnologiya Parkının rəhbəri Valeri Sepkalo isə
ölkələrin ikitərəfli əlaqələrini
yüksək qiymətləndirib və forumun xüsusi əhəmiyyət
kəsb edəcəyini söyləyib. Onun sözlərinə
görə, Belarusun əsas məqsədi qısa zaman kəsiyində
bu sahəni inkişaf etdirmək və İKT-nin tətbiqi sahəsində
bir sıra ölkələrlə əməkdaşlığı
möhkəmləndirməkdir.
Biznes forum çərçivəsində
dünən 4 tematik bölmə üzrə iki ölkənin
dövlət strukturları və özəl şirkətlərinin
nümayəndələri arasında görüşlər
keçirilib. Tematik bölmələrdə neft və qaz
sektoru üçün informasiya texnologiyaları həlləri,
bank sektoru üçün həllər sahəsində təcrübə
mübadiləsi aparılıb.
Bölmələrin
işində Belarusun "Sistemnıe Texnologii" MMC,
"Foranks", "CTXM", "Ozon Konsaltinq",
"Softklub-tərtibat mərkəzi", "İtranzişn",
"Sinezis" şirkətlərinin rəhbər
işçiləri məruzələrlə
çıxış ediblər. Məruzələr bank
biznesinin effektivliyinin artırılması üçün
informasiya məkanının rasional təşkili,
bankomatların videonəzarətinin
avtomatlaşdırılması üzrə həllər,
müştərilərə distant xidmətlərin göstərilməsi,
neft və qaz sahəsinin müəssisələri
üçün informasiya həllərinin işlənməsi
və tətbiqi, mühəndis qurğuların təhlükəsizliyinin
təmin edilməsi, neft məhsullarının təchizatı
müəssisələrində mühasibat uçotunun
avtomatlaşdırılması məsələlərinə həsr
edilib.
Eyni zamanda tədbir
çərçivəsində Azərbaycan GSM, CDMA, PSDN
operatorlarının nümayəndələri və informasiya
texnologiyaları sahəsində fəaliyyət göstərən
şirkətlərin nümayəndələri ilə
görüş keçirilib. Biznes forum çərçivəsində
Azərbaycan Texniki Universiteti (ATU) ilə Belarusun Dövlət
İnformatika və Radioelektronika Universiteti (DİRU)
arasında əməkdaşlığa dair müqavilə
imzalanıb. Müqaviləni ATU-nun rektoru H.Məmmədov və
DİRU-nun rektoru Mixail Batura imzalayıblar.
Eyni zamanda ölkələr
arasında əməkdaşlığı genişləndirmək
məqsədilə Azərbaycanın "Ultra" şirkəti
ilə Belarusun "Sistemnıye Texnologii" MMC arasında
informasiya texnologiyaları sahəsində kommersiya müqaviləsi
imzalanıb. Müqaviləni "Ultra" şirkətinin
prezidenti Tahir Mirkişili və "Sistemnıye Texnologii"
MMC-nin direktoru Aleksandr Mukovozçik imzalayıblar.
Rasim
Palitra. -2010. – 10 fevral. – S.5.