Turizmdən gələn gəlirlər artacaq

 

İqtisadiyyatın ən gəlirli sahələrindən biri olan turizmin əksər ölkələrin büdcəsinin formalaşmasında böyük rolu var. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən və zəngin təbii resursları olan Azərbaycanda da turizm sahəsindən gözləntilər çoxdur. Çünki ölkəmizdə bu sahənin inkişafı üçün kifayət qədər potensial var. Eləcə də turizmin inkişafı istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir. Bütün regionlarımızda yeni turizm obyektləri tikilir, mədəni-tarixi qoruqlar yaradılır və bərpa edilir. Həmçinin regionlarda infrastrukturun yaradılmasına diqqət yetirilir. Turizmin inkişaf etdiyi İtaliya, Türkiyə, İspaniya və bu sektordan külli miqdarda gəlir əldə edən digər ölkələrin təcrübəsi də onu göstərir ki, ilkin mərhələdə dövlətin dəstəyi olmadan turizmin sürətli inkişafına nail olmaq mümkün deyil. Məhz bu baxımdan ölkə başçısı tərəfindən imzalanan fərman və sərəncamlar, Mədəniyyət və Turizm Nazirliyinin apardığı təbliğat işləri-ölkəmizin beynəlxalq turizm sərgilərində iştirakı, dünyanın aparıcı televiziya kanalları ilə yaxından əməkdaşlıq, orada Azərbaycanın turizm potensialını əks etdirən reklam roliklərinin yerləşdirilməsi, beynəlxalq təşkilatlarla, o cümlədən Ümumdünya Turizm Təşkilatı, İslam Konfransı Təşkilatı,  GUAM, İƏT və başqa beynəlxalq qurumlarla sıx əməkdaşlıq və onların işlərində fəal iştirak edilməsi dövlətin bu sahəyə böyük ümidlər bəslədiyinin sübutudur.

 

"Vokruq sveta" jurnalı ilə razılaşmaya görə 260 səhifəlik bələdçi kataloqu hazırlanıb

 

2009-cu il dünyada baş verən maliyyə böhranının iqtisadiyyatın bütün sahələrinə təsiri ilə yadda qaldı. Turizm sahəsi də bu baxımdan istisna təşkil etmədi. Turizm üzrə mütəxəssislər bu və ya digər ölkələrdə təşkil etdikləri tədbirlərdə "Avropa turizmini böhrandan necə xilas etməli" mövzusunda müzakirələr apardılar. Belə tədbirlərdən biri də ötən il martın 26-da Bakıda baş tutdu. Ümumdünya Turizm Təşkilatının Avropa üzrə Komissiyasının 49-cu iclasında ÜTT-nin Avropa Komissiyasına üzv ölkələrin nümayəndə heyətləri, qurumun yetkililəri, tanınmış turizm mütəxəssisləri iştirak edirdi. 49-cu sessiyada turist xidmətlərinin müxtəlifliyinin təmin edilməsində hansı istiqamətlərə daha çox üstünlük verilməsi, iqtisadi böhran nəticəsində özəl sektorla dövlət arasında münasibətlərin necə qurulması, dünya bazarında Avropa ölkələrinin rəqabətə davam gətirə bilməsi üçün bazar iqtisadiyyatında qiymətlərin tarazlaşdırılması və iqtisadi böhrana qarşı birgə tədbirlərin görülməsi məsələləri müzakirə edildi.

Müasir dövrdə Azərbaycan kimi öz müstəqilliyini yeni əldə etmiş ölkələr üçün beynəlxalq turizmin inkişaf etdirilməsi olduqca vacib məsələdir. Bunun bir yolu da beynəlxalq turizm sərgilərində iştirakdan keçir. Sərgilər turizm bazarının və səyahətlərin coğrafiyasının genişləndirilməsinə imkan verir. 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyi ölkəmizi 15 beynəlxalq turizm sərgisində təmsil edib. Bu sərgilər Madrid, Vyana, Mərakeş, İstanbul, Berlin, Riqa, Pekin, Honqkonq, Bəhreyn, Dubay, Tokio, Paris, Daşkənd, Astana və Londonda baş tutub.

Eyni zamanda 2009-cu ildə Bakı şəhərində də beynəlxalq turizm sərgisi təşkil edildi. “AİTF-2009” sərgisində 22 ölkədən 98 şirkət iştirak etdi. Builki sərginin bir özəlliyi də o oldu ki, sərginin ekspozisiya sahəsi 30 faiz artmışdı. "Bakı-İslam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ili çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatına (İSESKO) üzv ölkələr, o cümlədən Mərakeş, Malayziya, İordaniya, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İran ümumi stenddə turizm potensiallarını nümayiş etdirdilər. Azərbaycanın turizm potensialını təbliğ etmək üçün reklamdan da geniş istifadə edilir. İki ildir CNN və "Euronews" kanallarında Azərbaycanın turizm potensialını əks etdirən reklam çarxları göstərilir. 2009-cu ildə CNN-də "Bakı İslam mədəniyyətinin paytaxtı" mövzusunda daha bir çarx da nümayiş etdirilib. Bundan başqa Azərbaycanın turizm potensialının xarici nəşrlərin adı altında beynəlxalq auditoriyaya çatdırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə nəhəng oxucu auditoriyası olan 70-ə yaxın xarici nəşrə müraciətlər ünvanlanıb. Müraciəti müsbət qiymətləndirən Rusiyada nəşr edilən "Vokruq sveta" jurnalı ilə razılaşmaya görə 260 səhifəlik bələdçi kataloqu hazırlanıb. Fransada nəşr edilən "Mondeos" jurnalı ilə (İsveçrə, Belçika və başqa fransızdilli ölkələrdə yayımlanacaq) artıq müqavilə imzalanıb. Razılaşmaya əsasən, bu brend altında hazırlanacaq bələdçi kitabı 2010-cu ilin mart ayında hazır olacaq. Bundan başqa Böyük Britaniyanın tanınmış nəşrlərindən olan "Hedonist" jurnalı (ABŞ və digər ingilisdilli ölkələrdə yayımlanacaq), Birləşmiş Ərəb Əmirliklərinin "Explorer Publishing" (ərəb ölkələrini əhatə edəcək) jurnalları ilə də müqavilə bağlanıb. Almaniyanın "Rother Wanderfuhrer" (bir sıra Avropa ölkələrində yayılacaq) nəşrinə isə belə bir layihə təklifi ilə müraciət edilib.

 Həmçinin ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin və kütləvi informasiya vasitələrinin iştirakı ilə bir neçə ölkəyə infotur keçirilib.  Bunlar Mərakeş (2 dəfə), Küveyt, Misir, Yunanıstan, Almaniya və Fransadır. 

 Ölkəmizdə turizm üzrə mütəxəssis hazırlayan Azərbaycan Turizm İnstitutunun fəaliyyəti 2009-cu ildə qənaətbəxş olub. 2010-cu ildə institutun ilk məzun buraxılışı olacaq. ATİ-nin 300 məzununun 25 nəfəri ikili diplom alacaq. İnstitutla Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında aparılan razılaşmaya görə, 25 nəfər həm ATİ-nin, həm də adıçəkilən universitetin diplomunu alacaq. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin mətbuata verdiyi məlumata görə, 300 məzunun artıq 200 nəfərinin iş yeri hazırdır.

Bundan başqa ATİ turizm sahəsinə aid bütün qurumlarla yaxın münasibətlər qurub. Eyni zamanda institut tələbələrini təhsil və təcrübə məqsədilə Yunanıstana, Şimali Kiprə, Türkiyəyə göndərir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən il ATİ bu ölkələrə 100-ə yaxın tələbə göndərib.

 Azərbaycanda turizm infrastrukturu da genişlənir. Bunu son illər tikilən mehmanxana və mehmanxana tipli obyektlərin statistikasını apardıqda aydın görmək mümkündür. 2003-cü ildə Azərbaycanda cəmi iki turizm obyekti tikildiyi halda 2009-cu ilin əvvəlindən ilin sonuna qədər 20-yə yaxın mehmanxana istifadəyə verilib, 60 mehmanxana və mehmanxana tipli obyekt tikilməkdədir. Ümumiyyətlə isə bu gün Azərbaycanda 370 mehmanxana var. Bunun 79-u Bakının payına düşür. 270 mehmanxana və 227 turizm şirkəti lisenziya əsasında fəaliyyət göstərir. Bu mehmanxanalarda 28 min 286 gecələmə yeri var və həmin yerlərin 8 mindən çoxu Bakıdadır. Hazırda Azərbaycanda hotel tikintisi sərmayəçilər və iş adamları tərəfindən böyük maraqla izlənilir. Bununla bərabər 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyi qanunsuz fəaliyyət göstərən mehmanxanalar barədə də bir sıra tədbirlər gördü. Nazirliyin mütəxəssisləri lisenziya alan bəzi mehmanxanalarda apardıqları monitorinq nəticəsində bir çox neqativ hallarla qarşılaşıblar. Quba, Nabran, Xaçmaz, cənub bölgəsində və daha bir neçə regionda 40-a yaxın hotel lisenziyasız fəaliyyət göstərdiyi üçün fəaliyyəti dayandırıldı. Nazirlik qərara aldı ki, 2010-cu ildən etibarən Azərbaycanda fəaliyyət göstərən mehmanxanaların lisenziya məsələsinə daha çox diqqət yetirilsin və bu iş təkmilləşdirilsin. Bundan əlavə mehmanxanalarda əsas problem olan kadr çatışmazlığını aradan qaldırmaq üçün 2010-cu ildən etibarən lisenziyaların mehmanxanada işləyən ixtisaslı kadrların sayına görə verilməsi müəyyənləşdirildi.

2009-cu ildə həmçinin yeni mehmanxana komplekslərinin tikilməsinə də start verildi. Xızı və Dəvəçi rayonlarında inşa olunması nəzərdə tutulan turizm komplekslərinin tikintisinə başlanması ilə bağlı Küveyt və Çexiya sərmayəçiləri ilə danışıqlar aparılır. Qusardakı Şahdağ Qış-Yay İdman-Turizm Kompleksinin inşası da davam edir. 5000 insanın yerləşə biləcəyi istirahət mərkəzinin tikintisinə 2 milyard avro vəsait xərclənəcək. Bu məbləğin 25 faizi dövlət, 75 faizi özəl şirkətlərin öhdəsinə düşəcək.

2008-ci illə müqayisədə 2009-cu ildə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunub. Dünyadakı maliyyə böhranı ilə əlaqədar turistlərin sayı 15-18 faiz azalıb, lakin buna baxmayaraq Azərbaycanda turistlərin sayında artım olub. 2008-ci ildə isə Azərbaycana 1 milyon 898 min 939 nəfər qonaq gəlib və onlardan 1 milyon 408 min 988 nəfəri turist hesab olunur. 2009-cu ilin birinci yarısının nəticələrinə görə, 2008-ci ilə nisbətən ölkəmizə gələn insanların sayı artıb. Belə ki, ilk altı ayda Azərbaycana 783 min 208 nəfər insan gəlib ki, bu da ötən ilin altı ayı ilə müqayisədə 309 nəfər, yəni 0,3 faiz çoxdur.

Qeyd edək ki, bir neçə il əvvəl Azərbaycandan xarici ölkələrə gedən turistlər 70 faiz təşkil edirdi ki, 2009-cu ildə isə bu rəqəm 55 faizdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci il ərzində Azərbaycanın dövlət büdcəsinə 190 milyon ABŞ dolları vəsait daxil olub. Mədəniyyət və Turizm Nazirliyin apardığı hesablamalara görə isə nəqliyyatdan, yeməkdən, suvenirlərin alınmasından, ekskursiyalardan gələn gəlirlər də nəzərə alınmaqla Azərbaycanda xarici vətəndaşın bir həftəlik istirahəti 700-800 dollara başa gəlir. Bu məbləği il ərzində gələn turistlərin sayına vurduqda təxminən 4 milyard 640 milyon ABŞ dolları təşkil edir. Bundan başqa Azərbaycan hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının birgə layihəsi əsasında yaradılan Bakı Turizm İnformasiya Mərkəzi də 2009-cu il ərzində bir çox önəmli layihələrə imza atdı. Mərkəzin “www. bakutourism. az.” adlı internet portalı fəaliyyətə başladı. Bu, Azərbaycanda qurulmuş yeganə onlayn sistemidir. Azərbaycanın turizm məhsulları bu sistemlə bütün dünyada reklam olunur. Bakı Turizm İnformasiya Mərkəzində həmçinin əməkdaşların təcrübəsinin, bilik və bacarığının artırılması məqsədilə vaxtaşırı olaraq müxtəlif mövzularda treyninq-kurslar keçirilib. Beləliklə, turizm sahəsində həyata keçirilən tədbirlər və davamlı inkişaf nəticəsində inanırıq ki, ölkəmizin adı bir neçə ildən sonra dünyanın bu sahədən ən çox gəlir götürən ölkələri ilə bir sırada çəkiləcək. 

 

 

Nigar

 

Palitra. -2010. – 10 fevral. -S.6.