Məktəblərin psixoloqa ehtiyacı var

 

Təhsildə informasiya texnologiyalarının tətbiqi

 

Təhsil Nazirliyi və "Microsoft Azərbaycan" şirkətinin birgə təşkilatçılığı ilə təhsildə informasiya texnologiyalarının tətbiqi mövzusunda konfrans keçirilib. "HP", "MƏDƏD", "ULTRA" şirkətləri tərəfindən dəstəklənən konfransda çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycan təhsildə informasiya-kommunikasiya texnologiyalarının (İKT) səviyyəsinə görə dünya ölkələri arasında yuxarı yerlərdən birini tutur: "Bu, bizi arxayınlaşdırmamalıdır. Məktəbəqədər təhsildən başlamış orta təhsil və təhsilin digər pillələrində İKT-nin tətbiqini genişləndirmək lazımdır". Nazir ölkədə İKT sahəsində fəaliyyət göstərən şirkətlərə bu ili "Azərbaycan məktəblərində İKT-nin daha geniş tətbiqi ili" elan etməyi, bir neçə nominasiyada müsabiqələr keçirməyi və ilin sonunda qalibləri mükafatlandırmağı təklif edib.

M. Mərdanovun sözlərinə görə, ötən il nazirliyin nəzdində fəaliyyət göstərən İKT idarəsi 500 məktəbi genişzolaqlı internetə qoşub. Bu il isə daha 500 məktəb genişzolaqlı internetə qoşulacaq: "1000 məktəbin internetə qoşulması o qədər də böyük rəqəm deyil. Çünki Azərbaycanda 4000-ə yaxın məktəb var. Biz ilk növbədə Bakı, Sumqayıt, Gəncə kimi böyük şəhərlərin və rayon mərkəzlərinin məktəblərini internetlə təmin etməliyik".

 

Məktəblərdə ailə fənni tədris ediləcək

 

 “Yaxın illərdə məktəblərdə ailə fənninin tədrisi ilə bağlı məsələyə baxıla bilər”. SİA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bu yaxınlarda millət vəkili Hadı Rəcəblinin belə bir təkliflə çıxış etməsinə münasibət bildirərkən söyləyib. O bildirib ki, məktəblərdə keçirilən ayrı-ayrı fənn proqramlarında bu məsələlər nəzərdə tutulub. Nazirin sözlərinə görə, komitə sədri belə bir təkliflə çıxış edib və məsələyə yaxın zamanlarda baxılıb tətbiq ediləcək.

Məktəblərdə psixoloq ştatının artırılması məsələsinə münasibət bildirən Misir Mərdanov qeyd edib ki, bizim fikrimizcə, hər məktəbdə ən azı 1 psixoloq ştatının olması vacibdir. Nazir qeyd edib ki, böyük məktəblərdə isə bir psixoloq ştatı azlıq təşkil edir. “Mənə elə gəlir ki, burada ştatın azlıq və ya çoxluğu deyil, əsasən işləyən psixoloqun nə dərəcədə savadlı olması, həmin adamların bilik və bacarıqları ilə məşğul olmaları daha önəmlidir. Onlar məktəbə qəbul olunarkən bunlar nəzərə alınmalıdır. Lakin bunun nəzərə alınıb- alınmadığını deyə bilmərəm”- deyə o qeyd edib.

Bugünlərdə Bakı Şəhər Təhsil İdarəsi gələn tədris ilindən məktəblərdə şagirdlərin vitaminlə təmin olunması məqsədi ilə meyvə satışı ilə bağlı məlumat yaymışdı. Təhsil naziri Misir Mərdanov bu məsələ ilə bağlı jurnalistlərə açıqlama verərək bildirib ki, son zamanlar Bakı Şəhər Baş Təhsil İdarəsi müxtəlif məlumatlar verir və onların əksəriyyətini müsbət qiymətləndirirəm.

“Məsələn, bu yaxınlarda məktəblərdə vahid məktəbli geyiminin tətbiqi ilə bağlı ortaq məxrəcə gələ bildik. Ən vacibi məktəbli geyimi ilə bağlı məsələni məktəbdən uzaqlaşdıra bildik”- deyə qeyd edən nazir məktəblərdə meyvə satışı ilə bağlı məsələyə də münasibət bildirib: “Məktəbyaşlı uşaqların təzə meyvə yeməsinə hər zaman ehtiyac var. Uşaqların meyvəyə tələbatından və məktəblərdə meyvə satışından düzgün nəticə çıxarılacaqsa, bu məsələni dəstəkləyirəm. Amma elə etmək lazımdır ki, buna görə pul yığılmasın və prosesdən sui-istifadə edilməsin”.

 

 

Qorqud

 

Palitra. -2010. -10 fevral. –S.10.