Mədəniyyətin inkişaf
istiqamətləri
«Mədəniyyət müəssisələrinin fəaliyyəti
ilə bağlı əhali arasında sorğular keçirilməli
və vətəndaşların özlərindən
onların zövqünü formalaşdırmağın
yolları öyrənilməlidir»
Layihə
çərçivəsində müsahibimiz AMEA İqtisadiyyat
İnstitutunun elmi katibi, iqtisad elmləri namizədi, dosent Rəsmiyyə
Sabir qızı Abdullayevadır. Rəsmiyyə
Abdullayeva 2006-cı ildə «Azərbaycanda əhalinin pensiya təminatı
sisteminin formalaşması və onun təkmilləşdirilməsi
istiqamətləri» mövzusunda dissertasiya işini müdafiə
edərək iqtisad elmləri namizədi adını alıb.
Hazırda “Azərbaycanda
aztəminatlı əhali qruplarının sosial müdafiəsinin
sosial-iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiya
işi üzərində çalışır. 2006-cı ildə Gənclər və İdman
Nazirliyinin “Elm sahəsindəki nailiyyətlərinə görə”
mükafatını alıb. R.S.Abdullayeva
Azərbaycanda və xaricdə rus, ingilis, türk dillərində
60 elmi məqalə və tezis çap etdirib. 2007-ci ildə müəllifi olduğu «Azərbaycanda
pensiya təminatı sisteminin formalaşması və təkmilləşdirilməsi»
adlı monoqrafiyası nəşr olunub. 2008-ci ildə
onun tərtibçisi və həmmüəllifi olduğu «Azərbaycan
Respublikasının sosial-iqtisadi inkişaf istiqamətləri»
adlı kollektiv monoqrafiya işıq üzü
görüb.
2006-2008-ci illərdə
İqtisadiyyat İnstitutunun Gənc Alimlər
Şurasının sədri olub və 2006-cı ildən Elmi
Şuranın üzvüdür.
O, müsahibəsinə mədəniyyətin
inkişaf istiqamətlərinin elmi təhlili ilə
başladı:
- XXI əsr tarixə
sivilizasiyanı keyfiyyətcə yeni bir mərhələyə
yüksəldən qloballaşma əsri kimi daxil olub. Qloballaşmanın ən çox təsir etdiyi sahələrdən
biri hər bir ölkənin və millətin inkişafında
mühüm rol oynayan mədəniyyətdir. Odur ki, bu sahənin inkişafı dövlət siyasətində
xüsusi əhəmiyyət kəsb edir. Mədəniyyət
sahəsində dövlət siyasətinin mühüm tərkib
hissəsi demokratik dövlətin mənəvi və ideoloji əsaslarını
formalaşdırmaqdan, cəmiyyətin yaradıcı
potensialının inkişafı və təkrar istehsalı
üçün şəraitin yaradılmasından, mədəni
həyatın və milli ənənələrin rəngarəngliyinin,
mədəniyyət müəssisələri xidmətlərini
əhalinin bütün sosial təbəqələrinin əldə
edə bilməsi imkanlarının inkişaf etdirilməsindən
ibarətdir. Bu siyasətin həyata keçirilməsi
isə əhalinin mədəni səviyyəsinin yüksəldilməsinə,
tarix boyu qazanılan maddi mədəniyyət nümunələrinin
qorunmasına, mənəvi-mədəni mühitin inkişaf
etdirilməsinə xidmət edir.
Məlum olduğu kimi, bazar
iqtisadiyyatı sisteminə keçiddən sonra bütün
sahələrdə olduğu kimi, mədəniyyət sahəsində
də bir sıra - maliyyə
çatışmazlığı, mədəniyyət müəssisələrinin
(kitabxana, klub, kinoteatr, teatr və s.) fəaliyyətinin zəifləməsi,
bu müəssisələrə gələn
tamaşaçıların sayının azalması və s.
problemlər yarandı. Yaranmış sosial-iqtisadi vəziyyət
keçid iqtisadiyyatının ilkin mərhələsində yaranmış problemlərin həllinə
imkan vermirdi. Həmin dövrdə
iqtisadiyyatın zəifləməsi, əksər istehsal müəssisələrinin
öz fəaliyyətini dayandırması, mülkiyyət
münasibətlərinin dəyişdirilməsi, dövlət
mülkiyyətinin özəlləşdirilməsi,
işsizliyin səviyyəsinin yüksəlməsi, əhalinin
həyat səviyyəsinin aşağı düşməsi və
digər sosial-iqtisadi problemlər də respublikamız
üçün xarakterik idi. Bu problemləri həll etmədən
mədəniyyət sahəsinin inkişafına nail olmaq
mümkün deyildi. Həmin dövrdə mədəniyyət
sahəsini xarakterizə edən göstəricilər sisteminə
nəzər salsaq, yaranmış vəziyyət daha da
aydınlaşar. Mədəniyyət sahəsinin
inkişafını xarakterizə edən göstəricilərə
kütləvi kitabxanaların sayı, onlardakı kitab və
jurnalların və əhalinin hər min nəfərinə
düşən nüsxələrin sayı, kinoteatrların
sayı, kinoseansa gələnlərin sayı, teatrların
sayı, teatra gələnlərin sayı, muzeylərin və
onlara gələnlərin sayı, daşınmaz tarixi-mədəniyyət
abidələrinin sayı və s. daxildir. Bu göstəricilər
sistemini təhlil etməzdən əvvəl qeyd etmək
lazımdır ki, keçid iqtisadiyyatının ilkin mərhələsində
Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində
Azərbaycan mədəniyyətinə ciddi ziyan, belə ki, mədəni
və tarixi abidələrə 6 milyard 72 milyon dollar dəyərində
ziyan dəydi. İşğal olunan ərazilərdə
13 dünya, 120 ölkə, 433 yerli əhəmiyyətli tarixi
və mədəni abidələr qalıb. Kəlbəcər tarix muzeyindən 13000,
Laçın tarix muzeyindən isə 5000 qiymətli əşya
Ermənistana daşınıb. Həmin ərazilərdə
4,6 milyon kitab fondu olan 927 kitabxana qalıb.
Şuşa tarix muzeyində 5000, Azərbaycan Xalçaçılıq
və Xalq Tətbiqi Dövlət Muzeyinin Şuşa
filialı və Dövlət Qarabağ Tarixi Muzeyindən 1000,
Ağdam Tarix Diyarşünaslıq Muzeyindən 3000, Zəngilan
tarix muzeyindən 6000-dən çox, Qubadlı dövlət
muzeyindən 3000 əşya ermənilər tərəfindən
qarət olunub. Bundan əlavə Üzeyir
Hacıbəyovun ev-muzeyindən 300, Bülbülün
ev-muzeyindən isə 400-ə qədər əşya mənimsənilib.
Bu sadalananlarla yanaşı bazar iqtisadiyyatının ilkin mərhələsində
yaranmış böhran nəticəsində Azərbaycan mədəniyyətində
ciddi geriləmələr hiss olunurdu. Belə ki,
1990-cı ilə nisbətən 1995-ci ildə kütləvi
kitabxanaların sayı artdığı halda, onlardakı
kitab və jurnalların sayı müvafiq dövrdə 6 milyon
nüsxə azalıb. 2005-ci ildə
kütləvi kitabxanaların sayı 4794-dən 4004-ə enib.
Kitabxanalardakı kitab və jurnalların sayı da son on ildə
2,7 milyon nüsxə azalıb. Qeyd edək
ki, MDB ölkələri üzrə statistik rəqəmlərə
diqqət yetirsək, görərik ki, 2005-ci ildə
kitabxanaların sayı Belarusda 4600, Ermənistanda 1100,
Qazaxıstanda 3700, Qırğızıstanda 1000, Rusiyada
(2004-cü ildə) isə 49900 olub. Müvafiq ildə kitabxana
oxucularının sayı Azərbaycanda 2,4 milyon nəfər,
Belarusda 4,2 milyon nəfər, Ermənistanda 0,7 milyon nəfər,
Qazaxıstanda 4,0 milyon nəfər, Qırğızıstanda
1,1 milyon nəfər, Rusiyada isə 58,2 milyon nəfər olub.
Son altı ildə MDB ölkələri içərisində
Moldova və Qazaxıstanda oxucuların sayı artıb. 2005-ci ildən sonra kitabxanalarla və onlara gələn
oxucuların sayı ilə bağlı vəziyyət maraq
doğurur. Belə ki, 2007-ci ildə Belarusda
kitabxanaların sayı azalaraq 4,3 minə, oxucuların sayı
4,0 milyon nəfərə, Ermənistanda kitabxanaların
sayı 1000-ə, oxucuların sayı isə 0,6 milyon nəfərə
kimi azalıb. Rusiyada da hər iki göstəriciyə görə
azalma hiss olunur. Ukraynada bu azalma meylinin əksinə
olaraq istər kitabxanaların sayında, istərsə də
oxucuların sayında artım baş verib. Belə ki,
2005-ci ilə nisbətən 2007-ci ildə kitabxanaların
sayı 1000, oxucuların sayı isə 1,2
milyon nəfər artıb.
- Kitabxanalara müraciət
edən oxucuların sayının az
olması nə ilə bağlıdır?
- Kitabxanalarla və oxucuların sayı ilə bağlı vəziyyətə təsir göstərən amillərin sırasına informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafını, insanların informasiya almaq mənbələrinin genişlənməsini, əhalinin həyat tərzini və s. aid etmək olar.
Yeni iqtisadi münasibətlər
şəraitində isə teatrların sayı artıb. Belə ki,
peşəkar teatrların sayı 1990-cı ildə 20, 1995-ci
ildə 26, 2005-ci ildə isə 30 olub. Belarus, Gürcüstan,
Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Ukrayna və
Özbəkistanda teatrların sayı son altı ildə
artıb. Təəssüfləndirici haldır
ki, son illərdə ölkəmizdə teatra gələnlərin
sayında kəskin azalma müşahidə olunur. Lakin sevindirici haldır ki, 2008-ci ildə teatra gələnlərin
sayında 7% artım müşahidə olunub. Qeyd etmək lazımdır ki, teatra gələnlərin
sayı ilə bağlı analoji vəziyyət digər MDB
ölkələrində də mövcud olub.
- Bu sahədəki problemin əsasını
nə təşkil edir?
- Amerika tədqiqatçıları U.Bomol və U.Bouen teatrların ziyanla işləməsinin səbəbini mədəniyyət xidmətlərinin istehsalı və istehlakının xüsusiyyətləri ilə əlaqələndirirlər. Onların fikrincə, bu, istehsal və istehlak prosesinin üst-üstə düşməməsi, yaradıcı və tamaşaçının şəxsi təması, tamaşaçı kütləsinin tamaşalara gəlmək imkanlarının məhdudluğu, mədəniyyət sferasına elmi-texniki tərəqqinin nəticələrinin tətbiqi imkanlarının cüzi olması ilə izah edilməlidir. Respublikamızda isə mütəxəssislər keçid iqtisadiyyatının ilkin mərhələsində kinoteatrlara, teatrlara gələnlərin sayının azalmasını əhalinin həyat səviyyəsinin aşağı olması ilə əlaqələndirirdilərsə, hazırda respublikamızda bunun səbəbləri daha çox elmi-texniki tərəqqinin inkişafı ilə izah olunur. Lakin maraqlı cəhət burasındadır ki, elmi-texniki tərəqqinin yüksək inkişaf etdiyi ölkələrdə son illərdə mədəniyyət müəssisələrindən istifadə edənlərin sayı nəinki azalmır, əksinə, artmaqda davam edir. Fikrimizcə, hazırda ölkəmizdə teatr sahəsində kəmiyyət göstəricilərinin azalmasını keyfiyyət göstəricilərinin aşağı düşməsi ilə əlaqələndirmək olar. Teatrlar arasında rəqabət mühitinin zəifliyi, innovasiyaların tətbiq olunmaması, bədii cəhətdən zəif əsərlərin tamaşaya qoyulması, bəzi hallarda rejissor-aktyor əlaqələrinin peşəkarlığa deyil, şəxsi münasibətlərə əsaslanması tamaşaçı sayının azalmasına təsir göstərən amillərdəndir. Bu qeyd etdiklərimizin muzeylərlə sıx əlaqəsi olmadığı üçün onların sayı artmaqdadır. Belə ki, son illərdə istər muzeylərin, istərsə də onlara gələnlərin sayında artım müşahidə olunur. 1990-cı illə müqayisədə 2005-ci ildə muzeylərin sayı 124-dən 163-ə, onlara gələnlərin sayı isə 1154 min nəfərdən 1477 min nəfərə yüksəlib. Əgər 1990-cı ildə əhalinin hər min nəfərinə 164 nəfər muzeyə gələn düşürdüsə, 2005-ci ildə 179 nəfər olub. 2008-ci ildə muzeylərin sayı daha da artaraq 205, onlara gələnlərin sayı isə 1383 min nəfər olub. Təbii ki, muzeyə gələnlərin sayının artımına təsir göstərən amillər sırasında son illərdə xarici turistlərin sayının artmasını da qeyd etmək lazımdır.
- Ümumiyyətlə, mədəniyyət sahəsindəki problemlərin həlli yollarını necə görürsünüz?
- Mədəniyyət sahəsində
yaranmış vəziyyətə təsir göstərən
amillər sırasında maliyyələşmə
mühüm yer tutur. Mədəniyyət sahəsinin
inkişaf etdirilməsi bu sahənin maliyyələşdirilməsindən
birbaşa asılıdır. Mədəniyyət sahəsinin
maliyyələşmə mənbələri
aşağıdakılardır:
- dövlət
büdcəsi hesabına;
- yığımlar
hesabına;
- şəxsi
vəsaitlər və ictimai ianələr hesabına;
Dünya təcrübəsində
mədəniyyət sferasının maliyyələşdirilməsinin
ən geniş yayılmış forması qeyri-dövlət
mənbələrinə əsaslanır. Bunlara
aşağıdakılar aiddir:
- dövlət
müəssisələri ilə müştərək şəkildə
mədəni layihə və tədbirlərin həyata
keçirilməsi üçün kommersiya təşkilatlarından
daxil olan vəsaitlər;
- xeyriyyə
ianələri həyata keçirən ictimai təşkilatların,
fondların, assosiasiyaların və buna bənzər müəssisələrin
vəsaitləri;
- fiziki
şəxslərin ianələri;- milli lotereyalardan əldə
edilən vəsaitlər;
- mədəni
fəaliyyətin bəzi növlərinin
lisenziyalaşdırılmasından əldə edilən gəlir;
- audiovizual
məhsullardan, kitab ticarəti, surətçıxarma
texnikası, audio və videokassetlərin, lazer disklərinin
satışından əldə edilən gəlir;
- radio və
televiziya proqramlarına görə abunə ödənişləri;
- beynəlxalq
dəstək;
Mədəniyyətin
maliyyələşdirilməsi üzrə beynəlxalq təcrübəyə
nəzər salsaq, görərik ki, bu sahə ABŞ və
İngiltərədə daha çox yığımlar və
şəxsi vəsaitlər hesabına, Avropa ölkələrində
isə dövlət büdcəsinin vəsaitləri
hesabına həyata keçirilir. Qonşu Rusiyada
qanunvericiliyə görə federal büdcənin 2 faizi,
regional büdcələrin isə 6 faizi mədəniyyətə
sərf olunmalıdır. Respublikamızda
isə bu sahənin maliyyələşdirilməsi əsasən
dövlət büdcəsinin vəsaiti hesabına həyata
keçirilir. Hazırda bazar münasibətlərinin
inkişaf etdiyi ölkəmizdə mədəniyyət və
incəsənət sahəsinin qeyri-dövlət mənbələri
hesabına maliyyələşdirilməsi artmaqdadır. Buna ən bariz nümunə Heydər Əliyev
Fondunun fəaliyyətidir. Son illərdə
fondun Azərbaycan mədəniyyətinin dünyada təbliği
ilə bağlı gördüyü işlər təqdirəlayiqdir.
Lakin
aparılan təhlildən də görünür ki,
respublikamızda mədəniyyət sahəsində bir
sıra problemlər mövcuddur. Bu problemlərin həlli
üçün aşağıdakıların həyata
keçirilməsi zəruridir:
ilk növbədə mədəniyyət
sahəsində qanunvericilik bazası təkmilləşdirilməlidir;
mədəniyyət sahəsinin maliyyələşdirilməsində
qeyri-dövlət mənbələrinin payı
artırılmalıdır;
indiki şəraitdə mədəniyyət
sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin
həcmi artırılmalıdır;
mədəniyyətə yardım fondu
yaradılmalıdır;
mədəniyyət müəssisələri
arasında rəqabəti artırmaqdan ötrü qrant
müsabiqələri keçirilməlidir;
mədəniyyət müəssisələrinin
fəaliyyəti ilə bağlı əhali arasında
sorğular keçirilməli və vətəndaşların
özlərindən onların zövqünü
formalaşdırmağın yolları öyrənilməlidir.
Anar Miriyev
Palitra. – 2010. – 6 iyul . –S.6.