Jurnalistlərin mənzil probleminin həlli Mətbuat Şurasının diqqət mərkəzindədir

 

Əflatun Amaşov: «Şura daxil olan müraciətlər əsasında siyahı hazırlayaraq Prezident Administrasiyasına təqdim edib»

 

Mətbuat Şurasının sədri Əflatun Amaşovun «Azadinform»a müsahibəsini təqdim edirik: 

- Jurnalistlərə dövlət tərəfindən fəxri adların verilməsi ilə bağlı müraciət edənlərin siyahısı hazırdırmı?

- Jurnalistlər, redaksiyalar Mətbuat Şurasına bu sahədə xidmətləri olanların adlarını təqdim ediblər. Prezidentin Milli Mətbuatın 135 illik yubileyi ilə bağlı müvafiq sərəncamında nəzərdə tutulub ki, Mətbuat Şurası mətbuatın inkişafında xidmətləri olanları müəyyənləşdirib onların siyahısını Prezident Administrasiyasına  təqdim etsin. Yəni bu sərəncam Mətbuat Şurasına da aid olduğundan şura da daxil olan müraciət əsasında siyahı hazırlayaraq Prezident Administrasiyasına təqdim edib. Müraciət edənlərin sayı barədə dəqiq heç deyə bilmərəm.

- Prezident Administrasiyasına təqdim olunan siyahıda əyalət mətbuatında çalışan həmkarlarımızın çəkisi qədərdir?

- Prezident Administrasiyasına ünvanladığımız məktubda demək olar ki, əksəriyyət əyalət mətbuatının nümayəndələridir.

-  Ali Media Mükafatı ilə təltif olunmaq üçün redaksiyalardan daxil olan təqdimatlarla bağlı deyə bilərsiniz? 

- Ali Media Mükafatı Mətbuat Şurasına məxsusdur. Bu mükafatın qaliblərini Mətbuat Şurasının İdarə Heyəti müəyyənləşdirir. Mükafat üç pilləlidir. Birinci, ikinci üçüncü dərəcəli mükafat. Birinci ali mükafatdır. 2-ci dərəcəli mükafat 3 nəfər üçün, üçüncü dərəcəli mükafat isə  5 nəfər üçün nəzərdə tutulub. Beləliklə, Azərbaycan mətbuatının inkişafına fayda verən 9 nəfər seçilərək həmin mükafatla təltif olunacaq. Bunun verilmə prinsipi tamamilə başqa formadadır. Yaradılan komissiya Azərbaycan mətbuatının inkişafında xidmətləri olan insanları müəyyənləşdirəcək Ali Media Mükafatı ilə təltif edəcək. 

- Jurnalistlərin mənzil problemi hələ öz müsbət həllini tapmayıb. Yubiley ərəfəsində bu problemin həllində yenilik gözləmək olarmı?  

- Düşünürəm ki, jurnalistlərin mənzil problemi yubileydə qaldırıla müzakirə oluna bilər. Ancaq bu, kompleks məsələdir. Bir müddət əvvəl Mətbuat Şurası jurnalistər üçün güzəştli əsaslarla binaların tikilməsinə cəhd etdi. Hesab edirəm ki, bu məsələni gündəmə gətirib, məlum sahədə görülən işləri ümumiləşdirib problemi həll etmək mümkündür. Mənzil məsələsi Mətbuat Şurasının da diqqət mərkəzindədir.

- Bir neçə ay əvvəl jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadəsi gündəmdə idi. Yubiley ərəfəsində bu kimi güzəştlərin tətbiqi müzakirə mövzusu ola bilərmi?

- Bu dəqiqə dediyiniz məsələni həyata keçirmək mümkün deyil. Bu, obyektiv subyektiv səbəblərlə bağlıdır. Birincisi, hələ bu vaxta qədər Azərbaycanda qədər jurnalistin olması müəyyən deyil. Əksər qəzetlərdə jurnalistlərlə əmək müqaviləsi bağlanmayıb. Onlar rəsmi olaraq qəzet əməkdaşları hesab olunmurlar.

- Yəni bu məsələ sadəcə arzudur?

- Bəli, jurnalistlərin rəsmi olaraq güzəştlərdən istifadəsini gündəmə gətirmək mümkün deyil. Eyni zamanda bu, başqa ölkələrdə redaksiyaların özlərinin hesabına olur. Yəni redaksiyanın iqtisadi gücü varsa, həmin redaksiya öz əməkdaşına nəinki ictimai nəqliyyatdan pulsuz istifadə etmək üçün şərait yaradır, eləcə də onu avtomobillə, mənzillə təmin edir və digər problemlərini həll edir. Çox təəssüf ki, Azərbaycanda bunları hələ tətbiq etmək mümkün deyil.

- Əyalət mətbuatının inkişafı ilə bağlı bölgələrdə mətbəələrin açılması gözlənilirmi?

- Hələlik gözlənilmir. Yəqin ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu gücləndikcə, onun büdcəsində pul artdıqca, əyalət mətbuatı da bu yardıma cəlb olunacaq. Yəni müəyyən bölgələrdə nəşriyyatların yaradılmasını həyata keçirmək mümkün olacaq. Ancaq çox təəssüf ki, hələlik fondun büdcəsi azdır. Onu da əlavə edim ki, yerli adamları da əyalət mətbuatının inkişafında müəyyən rol oynaya bilərlər. Nəşriyyat-poliqrafiya mərkəzi aça və özlərinin bizneslərini qura bilərlər.

- Azərbaycanda fəaliyyət göstərən banklar jurnalistlərə kredit vermirlər. Bu barədə hansısa təklifiniz ola bilərmi?

- Bəli, banklar jurnalistlərə kredit vermirlər. Hətta jurnalistlər ipoteka kreditlərindən də kənardadırlar. Ancaq bəzi jurnalistlər alırlar. Bunlar redaksiyada rəsmi işləyən, redaksiyanın təminat verdiyi, sənədləri, maaşları  rəsmiləşdirilən jurnalistlərdir. Jurnalistikada olan xaotik vəziyyət də kreditlərin alınmasına mane olan səbəbdir. Jurnalistlərin az əməkhaqqı alması, onların müqaviləsiz işləməsi də banklarda istər-istəməz narahatçılıq yaradır.

- Güzəştlərin tətbiqi ilə bağlı Mətbuat Şurası danışıqlar aparırmı, hər hansı bir təşəbbüslə çıxış etmisinizmi?

- Xeyr. Ancaq biz də istərdik ki, bu güzəştlərdən jurnalistlər də faydalansın. Hətta müəyyən jurnalistlərə kömək etmişik ki, onlar da kreditlərdən faydalansınlar.  

 

 

Atif Eyvazov  

 

Palitra. -2010. – 13 iyul. – S.2.