“Türkologiyanın qarşısında duran başlıca məsələlərdən biri ortaq türk ədəbi dilinin yaradılmasıdır”

 

Layihə çərçivəsində növbəti müsahibimiz BDU-nun Türkologiya kafedrasının professoru, filologiya elmləri doktoru Məhərrəm Məmmədovdur:

- Mən 1975-80-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışam. Sonra Təhsil Nazirliyinin göndərişi ilə İsmayıllı rayonunun orta məktəblərində dil-ədəbiyyat müəllimi işləmişəm. 1985-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına daxil olmuşam və həmin vaxtdan indiyədək Azərbaycan dilçiliyinin dialektologiyası sahəsi ilə məşğul oluram. Aspiranturaya daxil olduqdan sonra qarşıma məqsəd qoymuşdum ki, o zaman ən aktual mövzu olandilimizin tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən Təbriz dialektini tədqiq edim. Bu məqsədlə də "Azərbaycan ümumtəbriz dialekti" adlı mövzu götürdüm. Aspiranturada təhsil aldığım müddətdə bu mövzunu tam şəkildə yerinə yetirdim və 1988-ci ildə "Azərbaycan dilinin Təbriz dialekti" adlı namizədlik dissertasiyası müdafiə etdim. Sonra isə mən dialektologiya sahəsində fəaliyyətimi yenidən davam etdirdim. Həm Cənubi Azərbaycandakı digər şivələrlə maraqlanırdım, həm də ona aid materiallar toplayırdım. Amma Cənubi Azərbaycanla əlaqələr zəif olduğuna görə mən bu tədqiqatları genişləndirə bilmirdim. Bu məqsədlə də Azərbaycan dili şivələrinin hamısını əhatə edən "Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları" adlı doktorluq dissertasiyası üzərində tədqiqatımı davam etdirdim. 2006-cı ildə həmin mövzuda doktorluq dissertasiyasını müdafiə etmişəm və bu dissertasiya da Ali Attestasiya Komissiyası tərəfindən yüksək qiymətləndirilib. Mənim hər iki tədqiqatım monoqrafiya şəklində çap edilib. Ancaq mən indiyədək yalnız bununla kifayətlənməmişəm və 10 ildən artıqdır ki, türkologiyanın əsas məsələlərindən biri olan Altay dillərinin tədqiqi ilə məşğul oluram. Altayşünaslıq nəzəriyyəsinin əsası XIX əsrdə geniş şəkildə tədqiq edilibbunun əsası XVIII əsrdə qoyulsa da, bu problem hələ indiyədək həll edilməyib.  Altayşünaslıq haqqında indiyədək çoxlu tədqiqat əsərləri yazılıb. Altay dillərinin qohumluğu məsələsini çalışıram ki, bu dillərin dialektləri əsasında da sübut edəm. Bununla bağlı məqalələrim çap olunub. Məsələn, monqol, tunqus, mancur dilləri ilə Azərbaycan dili şivələrini müqayisə etmişəm. Bunlar arasında xeyli oxşarlıqların olduğunu aşkara çıxarmışam.

- Bu yaxınlarda Krım-Tatar Respublikasında keçirilən konfransda ölkəmizi təmsil etmisiniz. Bu konfransda əsasən hansı məsələlər müzakirə obyekti olub?

- Hazırda türk xalqları qarşısında duran başlıca vəzifələrdən biriondan ibarətdir ki, ortaq türk ədəbi dilinin yaradılması üçün bütün türk xalqları ilk növbədə eyni əlifbadan istifadə etməlidirlər. Həmin əlifba da latın qrafikalı əlifbadır. Bu əlifbanın kiril əlifbasından, XX əsrin əvvəllərinə qədər türk xalqlarının istifadə etdiyi ərəb əlifbasından çox üstünlükləri var. Son dövrlərdə türk xalqlarının bir qismi latın qrafikalı əlifbanı qəbul ediblər. Bu proses davam etməkdədir və zaman keçdikcə digər türk xalqları da bu əlifbanın həm elmi, həm də praktik əhəmiyyətini yüksək qiymətləndirərək öz yazılarını latın qrafikalı əlifbaya keçirirlər. Bu yaxınlarda qazaxlar da bu əlifbaya keçidlə bağlı qərar qəbul ediblər. Belə xalqlardan biri də Krım tatarlarıdır. Krım tatarları ilə Azərbaycan xalqı eyni acınacaqlı tale yaşayıblar və hər iki xalq əsrlər boyu müəyyən təzyiqlərə, miqrasiyalara məruz qalıblar. Krım tatarları 1944-cü ildə sovet rejiminin təsiri ilə öz yurd-yuvalarından didərgin salınaraq Qazaxıstan, Özbəkistan, Rusiyanın müxtəlif yerlərinə sürgün olunublar. Uzun mübarizələrdən sonra 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Krım tatarları da müstəqillik qazanıb və indi onlar öz yurd-yuvalarına qayıtmağa başlayıblar. Hazırda Krım-Tatar Respublikasına 350 minə yaxın Krım-Tatarı qayıdıb və məskunlaşıblar. İndi onlar öz dillərini bərpa edirlər, latın qrafikalı əlifbaya keçmək istəyirlər. 1996-cı ildə Krım-Tatar Milli Məclisi latın qrafikalı əlifbaya keçidlə bağlı qərar qəbul etsə də, müəyyən səbəblərdən indiyədək əməli görə bilməyiblər. Ancaq indi ciddi şəkildə işə başlayıblar və həm əlifbanın qəbulu, həm də latın qrafikalı əlifba əsasında orfoqrafiya qaydalarını tərtib ediblər. Bununla bağlı Krım-Tatar Respublikasının Simferepol şəhərində digər türkdilli xalqların latın əlifbasına keçidinin təcrübəsini öyrənmək məqsədilə may ayının 24-dən 28-dək konfrans keçirildi. Bu konfransda Azərbaycandan iki nümayəndə iştirak edirdi ki, onlardan biri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, professor M.Mahmudov, digəri isə mən idim. Bizə əvvəlcədən orfoqrafiyanın qaydalarının layihəsini və əlifbanı göndərmişdilər ki, bununla tanış olub öz münasibətimizi bildirək. Biz konfransdan 15 gün öncə internet vasitəsilə öz təkliflərimizi Bütün Dünya Krım-Tatar Konqresinə göndərmişdik.

- Tarixən Krım tatarları ilə Azərbaycan arasında hansı əlaqələr olub?

- Ümumiyyətlə, bizimlə Krım tatarları arasında əlaqənin yaradılmasının bir tarixi var. Azərbaycanda Krım-tatar xalqının nümayəndəsi olan Bəkir Çobanzadənin böyük xidmətləri olub. Hələ XX əsrin əvvəllərində latın əlifbasına keçidi ilk dəfə sevinclə qarşılayan və ona keçidlə bağlı qərara razılıq verənlərdən biri məhz Krım tatarları olub. 1924-cü il sentyabr ayının 10-da yaradılmış Azərbaycan-Türk Əlifba Komitəsinin başda S.Ağamalıoğlu olmaqla nümayəndə heyəti türk xalqlarının yaşadığı regionlara gediblər ki, onların latın qrafikalı əlifbaya keçidi necə qarşıladıqlarını görsünlər. Onlar Dağıstan, Krım-Tatar Respublikasında və digər yerlərdə olublar. Simferepolda olarkən görüblər ki, Krım-Tatarları bu əlifbanı çox razılıqla qarşılayırlar. O dövrdə universitetdə çalışan, professor B.Çobanzadə ilə görüşürlər. Onun fikirləri bizim nümayəndə heyətinin xoşuna gəldiyinə görə tezliklə onu Bakıya dəvət edirlər və o, burada elmi fəaliyyətə başlayır. Əlifba komissiyasına uzun müddət rəhbərlik edir və Azərbaycan, türk dillərinə aid xeyli monoqrafiya, kitablar yazıb. Onun ölkəmizdə 15-ə yaxın kitabı dərc edilib. Azərbaycan xalqı B.Çobanzadənin fəaliyyətini yüksək qiymətləndirib. Hətta ölkə başçısının fərmanı ilə B.Çobanzadənin 4 cildlik əsərləri ilk dəfə Azərbaycanda nəşr edilib. BDU-da isə B.Çobanzadə adına Türkoloji Araşdırmalar Mərkəzi (TAM) açılıb ki, orada onun irsi öyrənilir və elmi-tədqiqat əsərləri yazılır. Adıçəkilən konfransda həmin mərkəzin müdiriiştirak edirdi. TAM-ın hər Rumıniyada, həm də Krım Respublikasında yaşayan Krım-Tatarları ilə sıx əlaqələri var. Konfrasın gedişində biz əlifbayla bağlı təkliflərimizi və sonra orfoqrafiya layihəsi ilə bağlı tövsiyələrimizi krım-tatar alimlərinə təqdim etdik. Orada daim bu əlifbanın qəbul olunması müəyyən mübahisələrə səbəb olur. Yəni krım-tatar alimləri arasında da belə mübahisələr var idi. Bu mübahisələr ən çox tələffüzlə bağlıdır. Bəzi alimlər deyir ki, sözü tatar dilində necə tələffüz ediriksə, o cür də yazılmalıdır. Ancaq əksəriyyət alimlər isə onu inkar edirbildirir ki, vahid yazılış forması müəyyənləşdirilməli, sonra isə orfoepiyanı hazırlayanda həmin tələffüz nəzərə alınmalıdır. Məsələn, orada mübahisələrdən biri kiril əlifbasında olan "c" və "ğ" işarəsinin saxlanılması ilə bağlıdır. Ancaq onlara məsləhət gördük ki, bizdə latın qrafikalı əlifbaya keçən zaman belə mübahisələr çox idi. Lakin buna baxmayaraq latın əlifbasını qəbul etmişik, orfoqrafiya, orfoepiya lüğəti çap olunubamma bu mübahisələr hələ də davam edir. Biz orfoqrafiya qaydalarını təsdiqlədəndə belə təklif etmişik ki, 5 ildən bir bu qaydalar dəyişdiriləcək və müəyyən müzakirələr, tövsiyələr, təkliflər komissiya tərəfindən nəzərdən keçirilərək oraya dəyişikliklər olacaq. Onlara təklif etdik ki, belə bir komissiya yaratsınlar, ancaq qısa vaxt ərzində latın əlifbası qəbul olunmalı və orfoqrafiya layihəsi də işlənməlidir ki, təkmilləşsin. Orada alimlər artıq bizim azərbaycanlı alimlərin yaxşı təkliflər irəli sürdüyü qərarına gəldilər. Onu da qeyd edim ki, bizim dövlətçiliyimiz var, latın əlifbasının tez şəkildə qəbul olunmasının səbəbi də budur və ölkə başçısının fərmanı ilə latın qrafikalı əlifbaya keçdik. Ancaq onların dövləti yoxdur, yalnız Krım-Tatar Milli Məclisi var. Konfransda qərara alındı ki, sentyabr ayında Milli Məclisin iclasında latın əlifbası və orfoqrafiya qaydası qəbul edilsin. Orta məktəblərdə bu əlifbanın tədrisinə başlanılsın. Krım-tatar dilində çap olunan qəzet və jurnallarda artıq bu əlifba işlək vəziyyətə düşsün. Əlifbada 33 hərf var və Türkiyə türkcəsində və Azərbaycan dilində bizim istifadə etdiyimiz əlifbaya uyğundur. Onlar istəyir ki, bütün türk xalqlarının istifadə etdiyi bir vahid latın əlifbası olsunona uyğun qəbul olunsun. Fərq ondan ibarətdir ki, onlarda dilönü "n" səsindən əlavə "velyar n" səsi var ki, onun üçün də əlifbaya ayrıca işarə salıblar.

 

 

Nigar

 

Palitra. -2010. – 13 iyul. – S.5.