“Türkologiyanın
qarşısında duran başlıca məsələlərdən
biri ortaq türk ədəbi dilinin
yaradılmasıdır”
Layihə çərçivəsində
növbəti müsahibimiz
BDU-nun Türkologiya kafedrasının
professoru, filologiya elmləri doktoru Məhərrəm Məmmədovdur:
Bu "velyar n" səsi həm Türkiyə türkcəsində, həm
də Azərbaycan dilində dialekt səviyyəsindədir. Bizim qərb şivələrimizdə
bu səs var. Məsələn, orada “mana”, “sana” deyərkən
həmin "n" səsi dilönündə deyil,
dilarxasında tələffüz olunan həmin "velyar
n" səsidir. Ancaq biz onu işarə kimi əlifbaya
salmamışıq və buna ehtiyac da yoxdur. Bir "n"
işarəsi həm dilönündə, həm də
dilarxasında tələffüzü əks etdirəcək.
Ancaq onlar dillərində olan bu səsin əlifbada
olmasını zəruri hesab edirlər. Yəni bu, əlifbada
çətinlik yaradacaq. Bununla bağlı biz
onlara təkliflər verdik və onların bir qismi bizim bu təkliflərlə
razılaşsa da, bir qismi hələki öz fikrində
qalır. İndi Krım-tatar dili özünün yeni
inkişaf mərhələsinə qədəm qoyur və 80
min sözdən ibarət Krım-tatar dilinin lüğəti,
orfoqrafiya qaydaları, dilçilik terminləri ayrıca
çap olunub. Krım-tatar dilinin fonetikası, morfologiyası,
sintaksis və leksik xüsusiyyətlərini əhatə edən
kitablar çap olunub. Bu kitablar kiçik həcmdə olsa da,
az müddət ərzində bu işləri görmək
alimlərin gərgin zəhməti hesabına olub. Krım
Dövlət Pedaqoji Mühəndis İnstitutunda Krım-tatar
dili və ədəbiyyatı fakültəsi fəaliyyət
göstərir. Orada alimlər, mütəxəssislər
yetişdirirlər və onlar Krım-tatar dilini orta və ali məktəblərdə
tədris edirlər. Bir çətinlik də ondan ibarətdir
ki, Krım-tatar dili dövlət dili olmadığından orta
məktəblərdə çox az tədris olunur. Buna görə
də mütəxəssislər orta məktəblərdə
işlə təmin oluna bilmirlər. Artıq belə bir qərara
gəliblər ki, universitetdə Krım-tatar və ingilis dili,
Krım-tatar və alman dili, Krım-tatar və fransız dili
ixtisaslarında mütəxəssislər yetişdirsinlər
ki, bunlar orta məktəbdə həm xarici dili, həm də
Krım tatar dilini tədris etsinlər. Ümumiyyətlə,
konfrans çox yüksək səviyyədə keçdi və
konfransdan sonra BDU-nun rektoru A.Məhərrəmov və tədris
işləri üzrə I prorektor V.Əfəndiyevin
iştirakı ilə BDU ilə Krım Dövlət Pedaqoji
Mühəndislik İnstitutu arasında əməkdaşlıq
protokolu imzalandı və bu əməkdaşlıqdan sonra əlaqələrin
daha da genişlənməsi nəzərdə tutulur. Eyni
zamanda bu əlaqələrin yaranmasında böyük xidmətləri
olduğuna görə BDU-nun rektoru, akademik A.Məhərrəmova
və Rumıniyada yaşayan, mənşəcə
Krım-tatar olan professor E.Mamuta həmin institutun fəxri
doktoru adı verildi.
Biz səfərimizlə
bağlı Krım Dövlət Televiziyasında
B.Çobanzadənin Azərbaycandakı fəaliyyəti,
irsinin öyrənilməsi, Krım-tatar dilinin latın əlifbası
və orfoqrafiyası ilə bağlı öz təəssüratlarımızı
danışdıq. İkinci dəfə isə özəl
televiziyada konfransın gedişi, latın əlifbasının
qəbulu ilə bağlı Krım-tatar alimləri arasında
mübahisələrə öz münasibətimizi bildirdik və
bu əlifbanın, orfoqrafiya layihəsinin yükək səviyyədə,
təkmilləşmiş formada başqa türk
xalqlarının təcrübəsi öyrəniləndən
sonra hazırlanmasını qeyd etdik. Krım-tatar xalqı
dilini, tarixini, mədəniyyətini inkişaf etdirmək
üçün yeni mərhələyə qədəm qoyub
və bununla bağlı onların xeyli potensialı var. Sovet
dövründə Krım tatarlarının
dağıdılmış maddi-mədəniyyət abidələri
bərpa olunub və muzeyə çevrilib. Krım-tatar
xalqının qəhrəman oğullarından olan
İ.Qaspirallı "Tərcüman" qəzetini çap
etdirib və pedaqoji fəaliyyətlə məşğul olub.
Sovet dövründə onun yaşadığı evi psixi xəstəxana
ediblər və bu hazırda ləğv edilib, onun evi bərpa
edilib və ev muzeyinə çevrilib. Gələn qonaqlar onun
evini ziyarət edirlər. Həmçinin B.Çobanzadə
adına Fond yaradılıb və anadan olduğu
Qaraçıbazar kəndində abidəsi qoyulub. İldə
bir dəfə B.Çobanzadənin anadan olduğu gün - 28
may tarixində fondun yığıncağı keçirilir və
Krım-tatar xalqının tarixinə, mədəniyyətinə,
folkloruna, dilinə aid yazılan əsərlər orada
mükafatlandırılır ki, bu da onların fəaliyyətlərini
genişləndirmək üçün əsas stimullardan
birinə çevrilib.
- Son dövrlərdə
ortaq türk dilinin yaradılması ilə bağlı fikirlər
səslənir. Bu dilin yaradılmasının əhəmiyyəti
ilə bağlı nə deyərdiniz?
- Hazırda türkologiyanın
qarşısında duran başlıca məsələlərdən
biri də ortaq türk ədəbi dilinin
yaradılmasıdır. Türk xalqları geniş bir ərazidə
məskunlaşıblar. Onların dilləri ötən
dövrlərdə müxtəlif dillərin təsirinə məruz
qalıb. O dövrdə də kiril əlifbasının qəbulunda
əsas məqsəd türk xalqları arasındakı
ünsiyyəti çətinləşdirmək idi. İndi
türk xalqlarının bəzi nümayəndələri
bir-biri ilə rus dilində danışırlar. Buna görə
də ortaq dilin yaradılması həddindən artıq
vacibdir. Bununla bağlı xeyli müzakirələr gedib,
Türkiyədə bir neçə dəfə konfranslar
keçirilib və qarşıya məqsəd qoyulub ki,
türk xalqları eyni əlifbadan istifadə etməlidirlər.
Bu əlifba da latın qrafikalı əlifbadır. Yəni
türk xalqları bu əlifbanı qəbul etdikdən sonra
ortaq türk ədəbi dilinin yaradılması real bir məsələyə
çevriləcək. Türkiyədə keçirilən
konfranslarda belə qərara gəlinib ki, hər bir ölkə
34-dən çox hərf olmamaq şərtilə öz layihəsini
təqdim etməlidir. Azərbaycanlı alimlər də həmin
vaxt 32 hərfdən ibarət indiki latın qrafikalı əlifbanın
ortaq türk əlifbası kimi qəbul edilməsini təklif
ediblər. Bu istiqamətdə proses hələ başa
çatmayıb. Çünki xeyli sayda türk xalqları var
ki, bu əlifbanı qəbul etməyib və öz layihələrini
də təqdim etməyiblər. Əsas məsələ
bununla bağlı Türkiyədə aparılır. Ortaq
türk ədəbi dilini yaratmaq üçün indi alimlər
arasında iki fikir var. Birincisi odur ki, bütün türk dillərinin
xüsusiyyətlərini bir yerə yığıb süni
dil yaratmaq, ikincisi isə türk dilləri içərisində
ən çox anlaşılan bir dili ortaq türk dili kimi qəbul
etməkdir. Mənim fikrimcə, süni dilin yaradılması
çox çətin bir problemdir. Ancaq zaman özü
müasir türk dilini türk xalqları arasında ortaq
türk dilinə çevirəcək. Məsələn,
Krımda olarkən biz Krım tatarları ilə çox
asanlıqla bir-birimizi başa düşürdük.
Hansısa başa düşülməyən söz olduqda
Türkiyə türkcəsinə müraciət edirdik.
Konfrans Krım-tatar dilində keçdi və biz orada Azərbaycan
dilində çıxış etdik və bir-birimizi
asanlıqla başa düşdük. Çox cüzi
anlaşılmayan söz oldu. Bu baxımdan ortaq türk dilinin
böyük əhəmiyyəti var.
- Bu gün türkologiya
elminə gənclərin marağı hansı səviyyədədir?
- Türkologiya sahəsinə
maraq getdikcə artır. BDU-da Türkologiya kafedrası,
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda
Türk dilləri şöbəsi fəaliyyət göstərir.
Burada çox dəyərli tədqiqat işləri
aparılır. Belə ki, həm müasir türk dillərinin,
qədim türk dilləri və onların abidələrinin
öyrənilməsi, Altay dillərinin öyrənilməsi
sahəsində tədqiqat işləri aparılır. Gənclərimizin
də buna marağı getdikcə artmaqdadır. Sırf elmlə
məşğul olan gənclərimiz də çoxdur. Bir
qismi pedaqoji fəaliyyətlə məşğul olur, digərləri
isə aspiranturada elmi fəaliyyətlərini davam etdirirlər.
Türkologiya kafedrasının magistrları hər il bir ay
müddətinə Türkiyəyə gedirlər və
araşdırmalarla tanış olurlar. Magistrlərimizdən
biri C.Sıraczadə üç il öncə Bakıda
Almaniya səfirliyi tərəfindən keçirilən
müsabiqədə qalib oldu və üç ildir ki, orada tədqiqat
aparmaqla məşğuldur. Hazırda doktoranturada elmi fəaliyyətini
davam etdirir. Türkiyədəki ali təhsil ocaqları ilə
əlaqələrimiz var və burada tədqiqatlar
aparırlar.
- Türkologiya sahəsində
ədəbiyyatla bağlı problem varmı və ölkəmizdə
bu sahədə yeni nəşrlər yaranırmı?
- Sovet dövründə ədəbiyyatın
mübadiləsi çox yaxşı idi. Türkdilli ölkələrdə
çap olunan elmi ədəbiyyatlar bütün
respublikalara yayılırdı və ondan da istifadə edilirdi. Amma bir müddət əlaqələr
zəiflədi və ədəbiyyat sahəsində çox böyük
çətinlik yaranmışdı. 2000-ci illərdən sonra bu problem
də öz həllini tapmaqdadır. İndi türk dillərinin
materialları, yazılı abidələri və
ayrı-ayrı ölkələrdə aparılan tədqiqat
işlərinin əksəriyyətini internet
vasitəsilə əldə etmək mümkündür.
Son dövrlərdə türkologiya
ilə bağlı elmi-tədqiqat əsərləri çap olunub. BDU-nun kafedra müdiri T.Hacıyevin bu
yaxınlarda tatarların qədim abidəsi olan
"Şan qızı" dastanı çap olunub. Hələ
tatarlar özləri onu
çap etməyiblər və biz oraya gedəndə bu kitabı aparmışdıq və onlar böyük sevinclə
qarşıladılır. Bundan başqa son dövrlərdə
professor M.Novruzovun, E.Əzizovun,
elmlər doktoru R.Əsgərin, M.Mirzəliyevanın,
İ.Kazımovun, APU-nun professoru
Ə.Tanrıverdinin kitabları çap olunub. Onlardan dərs vəsaiti
kimi də istifadə edilir.
Sovet dövründə
Türkologiya fakültəsi olmayıb, amma kafedra fəaliyyət
göstərib. Amma tədqiqatlar bu istiqamətdə aparılmırdı,
yəni sovet dövrünün ideologiyasına uyğun şəkildə
aparılırdı. Ancaq indi müstəqillik qazanandan sonra bu
tədqiqatlar da dəyişib. Sovet dövründə daha
çox xüsusi türkologiya inkişaf edib və bu o deməkdir
ki, hər xalq öz dilini, tarixini araşdırıb, ancaq
1990-cı illərdən sonra bu tədqiqatların istiqaməti
dəyişilib və ümumi tədqiqatlar aparılmağa
başlanıb. Sovet dövründə "Azərbaycan dilinin
tarixi qrammatikası", "Türkmən dilinin tarixi
qrammatikası" və s. şəkildə çap olunsa da,
ümumi türk dillərinin tarixi qrammatikası çap
olunmamışdı. Altay dillərinin seriyasından kitablar
çap olunmamışdı və yasaq olunmuşdu. XX əsrin əvvəllərinə qədər
bununla bağlı çap olunan kitablar gizli fondda
saxlanılırdı. 1990-cı illərdən sonra fondlar
açılmağa başladı və bu istiqamətdə tədqiqatlar
geniş vüsət aldı.
- Hazırda bu sahədə
problemlər varmı və onların həllində hansı təklifləri
irəli sürərdiniz?
- Azərbaycan və
Türkiyə dialektlərini müqayisəli şəkildə
öyrənirik. Mənim bir magistrim "Azərbaycan və
türkmən dilləri dialektlərində morfoloji xüsusiyyətlər"
ilə bağlı müqayisəli bir tədqiqat əsəri
yazır. Başqa bir magistr "Azərbaycan dilinin qərb
şivələri ilə türk dilinin Qars şivələrinin
müqayisəsi" ilə məşğul olur. Krım-tatar
dili ilə bağlı istərdik əlaqəni genişləndirək.
Eləcə də bu dilləri Altay dilləri ilə
müqayisə eləsinlər. Bu müqayisə nəticəsində
qədim xüsusiyyətlərimiz meydana çıxır.
Türkologiyanın
qarşısında bir sıra problemlər var ki, onların həll
olunmasını istərdim. Belə ki, ortaq türk ədəbi
dilinin yaradılması üçün işlər genişlədirilməlidir
ki, bunun üçün ikidilli lüğətlər
çap olunmalıdır. Qəzetlərdə bununla
bağlı məqalə çap olunmalı, TV-də
verilişlər yayımlanmalıdır. Orta məktəblərdə
maarifləndirmə işi genişləndirilməlidir. Sonra
türk dillərinin, abidələrinin öyrənilməsi
üçün imkanlar yaradılmalıdır. Alimlər abidələrin
tapıldığı ərazilərə
ezamiyyətə göndərilməlidir. Ən az tədqiq
olunan uyğur abidələridir ki, onların əksər hissəsi
Almaniyanın Arxeologiya İnstitutunun kitabxanasında
saxlanılır. Cənubi Azərbaycanda Təbriz dialektindən
başqa digər şivələr öyrənilməyib və
burada tədqiqat işləri aparmaq üçün şərait
yaradılmalıdır. Yəqin ki, bunlar zaman-zaman həyata
keçiriləcək.
Nigar
Palitra. -2010. – 14 iyul. – S.5.