Ərzaq təhlükəsizliyinin təmin edilməsində elmi biliklərdən istifadə

 

Layihə çərçivəsində müsahibimiz AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisad elmləri namizədi Allahyar Muradovdur. 

 - Ərzaq təhlükəsizliyinin təmin olunmasında elmi biliklərdən necə istifadə edilməlidir?

- Hazırda cəmiyyətin inkişafının insanların sağlamlığının mühafizəsinin, ekoloji cəhətdən təmiz qida məhsulları ilə təmin edilməsinin əsas vəzifələrindən biri elmi biliklərdən istifadə edilməsidir. Burada ərzaq təhlükəsizliyinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanda əhalinin yerli istehsal hesabına buğda ilə təmin edilmə səviyyəsi 65,1%, kartofla 86,4%, meyvə üzümlə 99,2%, mal-qara quş əti ilə 73,8%, süd süd məhsulları ilə 86,1%, yumurta ilə 87,3%, balıq balıq məhsulları üzrə 97,3%-dir. Respublikamız hətta bir sıra ərzaq məhsulları ixrac etməyə başlayıb ki, yuxarıda göstərilən dövrdə müvafiq olaraq ixracın tərkibində bu göstərici 1.4 %-dən 7.5 %-ə yüksəlib. Bu müsbət prosesin davam etdirilməsi və ixrac edilən ərzaq məhsullarının mütləq və xüsusi çəkisini artırmaq məqsədilə yerli istehsal imkanlarından geniş istifadə etməklə dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalının artırılmasının iqtisadi baxımdan tənzimlənməsinə ehtiyac var. Tədqiqatlar göstərir ki, Azərbaycan Respublikasının bir sıra bölgələrində ildə 2 dəfə bəzi bitkiçilik məhsulları istehsal etmək olar.

Təhlil göstərir ki, ərzaq mənşəli kənd təsərrüfatı məhsulları istehsalının artım sürəti ilə ərzaq məhsulları emalının artım sürəti qeyri-mütənasibdir. Ərzaq mənşəli kənd təsərrüfatı məhsullarının istehsalı tələbatın ödənilməsində daha çox xüsusi çəkiyə malikdirsə və ilbəil artırsa, emal edilmiş ərzaq məhsulları istehlakının tərkibində idxalın xüsusi çəkisi üstünlük təşkil edir.

Azərbaycanın meyvə, tərəvəz, bitki yağları, çay, meyvə şirələri və sair məhsulların ixracını artırmaqla ərzaq təhlükəsizliyi kimi qlobal dünya probleminin həllində aktiv iştirak etmək imkanları genişdir. Son üç ildə buğda unu, sitrus meyvələri, alma, sair növ təzə meyvələr və kartof ixracında xeyli artım müşahidə edilib. 2006-cı ildən şəkər tozu və qənd ixracına başlanıb. Bilirsiniz ki, ərzaq təhlükəsizliyinə iki mərhələdə baxmaq olar. Birincisi, insanların zəruri ərzaq məhsullarına olan tələbatının ödənilməsinə yönələn iqtisadi siyasətin aparılmasıdır. Belə hallara daha çox iqtisadi cəhətdən zəif inkişaf edən ölkələrdə və keçid iqtisadiyyatlı ölkələrdə rast gəlmək olar. Belə ölkələrə çox vaxt aşağı keyfiyyətli qida məhsulları daxil olur ki, bu da insanların sağlamlığına mənfi təsir göstərir. Bu özünü yoxsul ölkələrdə daha qabarıq göstərir. Bilirsiniz ki, dünyada milyonlarla insan qida çatışmazlığından əziyyət çəkir yaxud da müxtəlif yoluxucu xəstəliklərə düçar olur. Bu mənada yoxsul ölkələrdə keyfiyyətli ərzaq təminatı keyfiyyət aspektinə o qədər də fikir verilmir. Buna əhalinin alıcılıq qabiliyyətinin aşağı olması və s. təsir göstərir. İkinci mühüm məsələ ərzaq təhlükəsizliyinin keyfiyyət aspektidir. İnkişaf etmiş ölkələrdə bu məsələyə diqqət yetirilir. Çünki inkişaf etmiş ölkələrin indiki şəraitdə ərzaq təminatı ilə bağlı hələki problem yoxdur. Ona görə də inkişaf etmiş ölkələrdə qida məhsullarının keyfiyyətinin yüksəldilməsinə, ekoloji cəhətdən təmiz olmasına xüsusi diqqət yetirilir və bu məqsədlə elmi-tədqiqat işlərinə milyardlarla dollar vəsait xərclənir.

İqtisadi İnkişaf Nazirliyinin İstehlak Mallarının Ekspertiza Mərkəzi tərəfindən 2006-cı ildə 1379 nümunə üzrə keyfiyyətinə (orqanoleptik, fiziki-kimyəvi, toksiki və mikrobioloji göstəricilərinə görə) nəzarət məqsədilə laborator müayinələri aparılıb. Onların 63,4 faizi hüquqi şəxslərdən və 36,6 faizi fiziki şəxslərdən daxil olmuş nümunələrdir. Laboratoriya müayinələrinin nəticələrinə əsasən, 24,9 faiz (343) nümunə üzrə müvafiq standartların, texniki şərtlərin və digər normativ sənədlərin tələblərinə uyğun gəlməmək halları aşkarlanıb və 9,6 faiz (132) nümunəyə dair müvafiq normativ sənədlər təqdim edilmədiyi və ayrı-ayrı göstəricilərin müayinəsi tələb olunduğuna görə rəy verilməyib və yalnız faktiki əlamətləri göstərilib. Bilirsiniz ki, ərzaq məhsullarının təhlükəsizliyinin təmin edilməsində - burada söhbət keyfiyyətli ərzaq məhsulları ilə təminatdan gedir - bir neçə elm sahəsinin inkişafı vacibdir. Buraya kənd təsərrüfatı elmləri, kimya elmi və onun alt sahələri, tibb elmi, texnika elmlərini daxil etmək olar. Bu elm sahələrinin inkişafı ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

İnsanların ərzaq əldə etmək imkanlarının yaxşılaşdırılması, bütün ailə və ev təsərrüfatı üzvlərinin sağlam və aktiv həyat tərzi qurmaları üçün, tələbatına uyğun, kifayət qədər və keyfiyyətli ərzaq məhsulları alınması üçün mövcud olan imkanlar nəzərdə tutulur. Mövcud olan imkanlar tələbatın ödənilməsi üçün öz istehsalından, bazar sferasından, humanitar və digər yardımlar hesabına ərzaq məhsulları əldə edə bilmək səviyyəsi ilə xarakterizə edilir. Üzvlərinin sayı, məşğulluq statusu, gəlir səviyyəsi, yerləşdiyi məkandan asılı olaraq ailə və yaxud ev təsərrüfatları üzrə ərzaq məhsulları əldə edə bilmək imkanları bir-birindən fərqlənir.

- Bəs Azərbaycan bu gün hansı mərhələdədir?

- Əgər Azərbaycan müstəqilliyin ilk illərində keyfiyyətə deyil, kəmiyyətə və qiymətə üstünlük verirdisə, hazırda keyfiyyət tərəfi üstünlük təşkil edir. Əhalinin gəlirlərinin artması, həyat səviyyəsinin əvvəlki illərlə müqayisədə yüksəlməsi artıq insanların keyfiyyətli ərzaq məhsullarına tələbatını artırıb. Deməli, ərzaq təhlükəsizliyinin ikinci mərhələsində olan Azərbaycan indi elmin inkişafına, yeyinti sənayesində və kənd təsərrüfatında elmi biliklərdən istifadəyə, yeni texnologiyalarının mənimsənilməsinə və istifadəsinə xüsusi diqqət yetirməlidir. Bunun üçün də bu sahədə elmi-tədqiqat işlərinin aparılmasına, ölkəyə daxil olan ərzaq məhsullarının keyfiyyətinə nəzarətin artırılmasına ehtiyac var.

 Kənd təsərrüfatı məhsullarının yetişdirilməsindən başlanmış onların saxlanılması, emalı və istehlakçılara çatdırılmasında yeni texnologiyalardan istifadəyə ehtiyac var. Bundan başqa ərzaq məhsullarının satışı ilə məşğul olan fiziki və hüquqi şəxslərin vətəndaş və cəmiyyət qarşısında məsuliyyətinin artırılması, onların maarifləndirilməsi də ərzaq təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli yerlərdən birini tutur. Nazirlər Kabinetinin qərarı ilə müvafiq dövlət qurumları məhsulların keyfiyyəti və təhlükəsizliyinə dair tələblər, onların istehsalı, daşınması, saxlanması, qablaşdırılması, etiketləşdirilməsi və satışı şərtlərini müəyyən edən texniki, ekoloji, sanitariya, baytarlıq və fitosanitar standartlara, norma, qayda və tələblərə riayət edilməsinə nəzarəti həyata keçirirlər.

 Lakin etiraf edək ki, hazırda Azərbaycanda bu sahədə problemlər hələ də qalmaqdadır və bu problemin həllində vətəndaş məsuliyyəti də vacibdir. Ərzaq məhsullarının istehsalı, emalı və satışı sanitariya-gigiyenik tələblərə cavab vermir. Çox vaxt insanlar sanitariya-gigiyenik tələblərə cavab verməyən yerlərdə ərzaq məhsullarının emalını, saxlanılmasını, satışını həyata keçirirlər. Bu da son nəticədə insanların sağlamlığına mənfi təsir göstərir. Yeyinti məhsullarının istehsalı, saxlanılması, daşınması və satışı zamanı normativ sənədlərin tələblərinin gözlənilməsi üzərində dövlət nəzarəti məqsədilə seçmə üsulu ilə 16930 sahibkarlıq subyektində müvafiq sanitariya müayinələri aparılıb. Yeyinti məhsullarının istehsalı, saxlanılması, daşınması və satışı zamanı sanitariya-gigiyenik qaydaların pozulmasına görə hüquqi və fiziki şəxslər inzibati qaydada cərimə olunub.

Yeyinti məhsullarına laborator nəzarətin gücləndirilməsi məqsədilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzində müasir sanitariya-kimyəvi laboratoriya təşkil edilib və atom adsorbsion spektrofotometr quraşdırılaraq istismara verilib. Spektrofotometrdə işləmək üçün metodikalar əldə edilib və müvafiq mütəxəssislər hazırlanıb. Ərzağın mövcudluğu ölkədə kəmiyyət və keyfiyyətcə kifayət qədər və təhlükəsiz ərzaq məhsullarının mövcud olmasını səciyyələndirir. Mövcudluq adətən milli səviyyədə qiymətləndirilir və ərzaq ehtiyatlarının səviyyəsindən asılı olur. Ərzaq məhsullarının milli səviyyədə mövcudluğu məhsulların istehsalı, bölgüsü, satışı və saxlanmasına dair iqtisadi siyasət və qanunvericiliklə xarakterizə edilir.

- Hansı tədbirlərin həyata keçirilməsi zəruridir?

- Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində aşağıdakı tədbirlər həyata keçirilməlidir:

əsas ərzaq məhsullarının təyin olunmuş zəruri səviyyədə istehsal olunmasına şərait yaratmaq;

ərzaq ehtiyatları yaratmaqla fövqəladə hallar şəraitində əhaliyə normal

ərzaq yardımının göstərilməsi mexanizminin yaradılması;

yerli və xarici mənşəli ərzaq məhsullarının keyfiyyətinə səmərəli nəzarət mexanizminin tətbiqi və ərzaq bazarında texnoloji, ekoloji, sanitar, baytarlıq və fitosanitar tələblərinə cavab verməyən məhsul və xidmətlərin qarşısının alınması.

Aqrar sahədə məhsul keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş tədbirlər sistemi bir tərəfdən bölmələrarası münasibətləri tənzimləməli, digər tərəfdən isə yeni təsərrüfatçılıq qurumlarını dəstəkləməlidir. Bu, ölkənin ərzaq təminatının xüsusi əhəmiyyət kəsb etməsi ilə bağlıdır. Aqrar sahədə ərzaq məhsullarının istehsalı genişləndikcə bu məsələnin əhəmiyyəti nəinki azalmır, hətta ölkəmizin geosiyasi durumu və dünyada ərzaq qıtlığının güclənməsi ilə əlaqədar olaraq onun əhəmiyyəti daha da artır. Fikrimizcə, həyata keçirilən tədbirlərin mühüm istiqamətlərindən biri də elmi-texniki tərəqqinin nailiyyətlərindən, məhsul istehsalının səmərəli təşkili üçün zəruri olan maddi-texniki resurslardan daha da səmərəli istifadə edilməsindən ibarət olmalıdır. Ərazi və bölmələr üzrə məhsul istehsalının geniş miqyaslı olması, ayrı-ayrı ərazilər üzrə təbii-iqtisadi şəraitin müxtəlifliyi, şəhərlə kənd arasında məsafənin uzaqlığı nəzərə alınaraq məhsulların daşınması ilə əlaqədar olan mövsümi xərclərin azaldılmasına, yerli məhsul istehsalçılarının gəlirlərinin artırılmasına, əhalinin alıcılıq qabiliyyətinin yüksəldilməsinə səmərəli ərzaq bazarının formalaşdırılmasında məhsul keyfiyyətinin yüksəldilməsinə təsir edən amillərin məcmusu kimi baxmaq olar.

Araşdırmalar göstərir ki, bazar münasibətləri şəraitində ərzaq bazarının formalaşdırılması və məhsul keyfiyyətinin yüksəldilməsinin mühüm cəhətlərindən biri də məhsulun keyfiyyətinin idarə olunması sisteminin təkmilləşdirilməsidir. Bu isə onunla şərtlənir ki, məhsul istehsalının idarə olunmasının mühüm ünsür olan keyfiyyətin idarə olunması istehsalın iqtisadi göstəricilərinin artımını əks etdirir. Həm də bu amil iqtisadi inkişafın əsas göstəriciləridir. Bununla yanaşı keyfiyyətin idarə olunması təsərrüfatçılıq metodudur və ondan səmərəli istifadə edilməsi böyük iqtisadi əhəmiyyət kəsb edir.

Məsələ burasındadır ki, inkişaf etmiş ölkələr intensiv texnologiyaların tətbiqi sayəsində nəinki daxili ərzaq problemini həll edib, hətta əsas ərzaq məhsulları üzrə ixracatçıya çevriliblər. Məsələn, bu ölkələrdə bir inəkdən süd məhsuldarlığı 6 dəfə, taxıl məhsuldarlığı isə 2 dəfə artıqdır. Ərzaq bazarının kökündə kənd təsərrüfatı məhsullarının istehsalı durur. Hazırda planetin torpaq fondunun yalnız 35%-i kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur. Torpaqların qalan hissəsini dağlar, səhralar, buzlaqlar, bataqlıqlar, meşələr və s. aqrar istehsal üçün bilavasitə yararsız sahələr təşkil edir. 11% torpaq əkin, 24% isə otlaqlar üçün istifadə olunur.

 

 

Anar Miriyev

 

Palitra. -2010. – 14 iyul. – S.6.