Respublika Günü Moskvada qeyd edilib

 

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi MoskvanınYevropeyskiTicarət-Əyləncə Mərkəzində Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə tədbir keçirib. Tədbirdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, Rusiya Azərbaycanın rəsmi dairələrinin ictimaiyyətlərinin nümayəndələri, xarici ölkələrin  Moskvada akkreditə olunmuş səfirləri iştirak ediblər.

 Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu bu əlamətdar bayram münasibətilə toplaşanları təbrik edib. O deyib ki, 92 il əvvəl Şərqdə ilk demokratik respublika yaradılıb. 1993-cü ildə görkəmli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə hərc-mərcliyə son qoyuldu, Azərbaycan dinamik inkişaf etməyə başlayıb. Hazırda bu siyasi xətti Prezident İlham Əliyev  uğurla davam etdirir. Bu gün Azərbaycan bir çox ölkələrin, ilk növbədə, Rusiya Federasiyasının etibarlı tərəfdaşıdır. Azərbaycan ilə Rusiyanı tarixi dostluq əlaqələri birləşdirir. Polad Bülbüloğlu deyib: “Ölkələrimizin xalqlarını çox şeylər birləşdirir, onlar həmişə dost olacaqlar”. Diplomat əlavə edib ki, müasir Azərbaycan fəal inkişaf edir, ölkədə bir çox dövlət proqramları həyata keçirilir.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycan xalqını bayram münasibətilə təbrik edib. O, təbrik nitqində bildirib ki, bu gün Rusiyada və onun hüdudlarından kənarda heç kim şübhə etmir ki, Azərbaycan dinamik inkişaf edən, tarazlaşdırılmış xarici siyasəti, habelə dövlətçilik işində qazandığı nailiyyətlər, cəmiyyətin sosial-iqtisadi və mədəni potensialının yüksəlməsi sayəsində beynəlxalq aləmdə böyük nüfuz qazanmış bir  dövlətdir: «Rusiya Azərbaycanı məhz belə güclü, sabit, Qafqaz və Xəzər regionlarında sülh və təhlükəsizlik naminə əməkdaşlığa və birgə konstruktiv fəaliyyətə açıq bir ölkə kimi görmək istəyir. Sevindirici haldır ki, təməli sovet dövrünün və zəmanəmizin görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuş ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi xətti Azərbaycanın indiki rəhbərliyi tərəfindən inamla davam etdirilir. Rusiya və Azərbaycan prezidentləri Dmitri Medvedev və İlham Əliyev arasında qarşılıqlı anlaşma və ehtiram, ölkələrimizin rəhbərliklərinin münasibətlərimizin hərtərəfli inkişafına meyli Rusiya və Azərbaycan xalqlarının rifahı naminə iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinin etibarlı təminatıdır».

Rusiya diplomatı vurğulamışdır ki, əlaqələrimizin möhkəmliyi Böyük Qələbənin 65 illik yubileyinin bayram edildiyi günlərdə də təsdiqini tapıb. Bayram gecəsi Azərbaycan və Rusiya mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı ilə davam etdirilib.  

 

 

Asya Hacızadə

 

Palitra. -2010. – 1 iyun. – S.3.