Ailə Məcəlləsinə əlavə dəyişikliklər qəbul edildi

 

Dünən parlamentin yaz sessiyasının son iclası keçiildi. Dünənki iclasda növbədənkənar sessiyanın çağırılması barədə qərar qəbul olundu.  Spiker Oqtay Əsədov diqqətə çatdırdı ki, parlamentin 84 üzvü növbədənkənar sessiyanın çağırılması ilə bağlı müraciət imzalayıb. Sessiya iyun ayı ərzində fəaliyyət göstərəcək.

Qeyd edək ki, dünən Milli Məclis Ailə Məcəlləsinə əlavə dəyişikliklərlə bağlı qanun layihəsini müzakirə etdi. Ailə Məcəlləsinə əlavə dəyişikliklər müzakirə olunarkən çıxış edən deputatlar soyad sonluqlarının milliləşdirilməsi prosesinin sürətləndirilməsinin vacibliyini bildirdilər.

Deputat Rafael Cəbrayılov Ailə Məcəlləsinə təklif edilən əlavə dəyişikliklərin mahiyyəti haqqında məlumat verdi. Onun bildirdiyinə görə, sənədə təklif olunan dəyişiklikdə müəyyən hallarda ad, soyad ata adı dəyişdirilə bilər.  

Sənəd müzakirə olunarkən deputat Sabir Rüstəmxanlı da soyad sonluqlarının milliləşdirilməsi ilə bağlı prosesin sürətləndirilməsinin vacib olduğunu qeyd etdi. Onun sözlərinə görə, Azərbaycanda soyad sonluqlarının milliləşdirilməsinə başlanmalıdır.

Deputat Baba Tağıyev isə adlarla bağlı qayda-qanun yaradılmasını təklif etdi: “Elə adamlar var ki, övladlarına Nəlbəki, Traktor, Kombayn adı verib. Belə hallar olmamalıdır”. Millət vəkilinin fikrincə, insanlara ləyaqəti alçaldan adların verilməsi qanunla qadağan olunmalıdır.

Millət vəkili Nizami Cəfərov isə soyad sonluqlarının milliləşdirilməsi ilə bağlı konsepsiya hazırlandığını, bu sənəddə bütün məsələlərin yüksək səviyyədə həllini tapdığını diqqətə çatdırdı: “Həmin konsepsiyada soyad sonluqları üçün dörd variant müəyyənləşdirilib”.

Müzakirələrdən sonra sənəd qəbul edilib.

Onu da bildirək ki dünənki iclasda Goranboy rayonu Naftalan şəhərinin inzibati sərhədlərində qismən dəyişikliklər edilməsi ilə bağlı məsələ müzakirə olundu.

Bu sənəd haqqında isə parlamentin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev məlumatlandırdı. Onun qeyd etdiyinə görə, sənəddə Goranboyun Tapqaraqoyunlu, Qaraqoyunlu, Qasımbəyli, Qaşatlı Tatarlı kəndlərinin Naftalan şəhərinin tabeçiliyinə verilməsi öz əksini tapıb.

 Müzakirələrdən sonra bu sənəd qəbul edildi.Məlumat üçün onu da bildirək ki, iclasda, həmçininMilli arxiv fondu haqqında”, “Əmək pensiyaları haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqındaqanunlara əlavə dəyişikliklər müzakirəyə qoyulmaqla qəbul edildi.

 

 

İlkin

 

Palitra. – 2010. – 1 iyun. – S.4.