“Azərbaycan elminin perspektivləri
gəncliyin elmi-tədqiqat işinə necə cəlb
olunmasından, onlar üçün müvafiq elmi mühitin
yaradılmasından asılıdır”
Professor Səlahəddin Xəlilov: “Xalqın taleyi ilə
bağlı olan cəmiyyətşünaslıq problemlərinin
həllinə məhz gənc alimlərin əşəbbüs
göstərməsi heç kəsdə inamsızlıq
doğurmamalıdır”
Məlum olduğu kimi, elmin
aktual problemlərindən biri də gənclərin elm sahəsində
ixtisaslaşması, bununla bağlı olaraq elmdə varislik
prinsipinin saxlanması kimi məsələlərlə
bağlıdır. Bu kontekstdə humanitar və sosial elmlərdə
mövcud olan durumun araşdırılması da olduqca
aktuallıq kəsb edir. Layihə çərçivəsində
mövzu ilə bağlı bizə fikirlərini bildirən Azərbaycan
Fəlsəfə və Sosial-Siyasi Elmlər
Assosiasiyasının İdarə Heyətinin sədri, fəlsəfə
elmləri doktoru, professor Səlahəddin Xəlilov belə
düşünür: “Azərbaycan elminin perspektivləri
müasir gəncliyin elmi-tədqiqat işinə necə cəlb
olunmasından, onlar üçün müvafiq elmi mühitin
yaradılmasından asılıdır. Üstün elmi-tədqiqat
istiqamətlərinin düzgün seçilməsi, tələbə,
aspirant və gənc alimlərin intellektual potensialının
ölkəmiz üçün gərəkli olan problemlərə
yönəldilməsi elm təşkilatçılarının,
elmi-tədqiqat institutları və ali məktəb rəhbərlərinin
başlıca vəzifələrindən biridir.
Yaxın keçmişdə
kommunist ideologiyası cəmiyyətşünaslıq sahəsindəki
tədqiqatları məhdudlaşdırdığından, cəmiyyətin
obyektiv tədqiqinə yol verilmədiyindən bütün
intellektual potensial əsasən təbiət elmləri və
riyaziyyata yönəldilirdi. Ona görə də cəmiyyətin,
iqtisadiyyatın, təsərrüfatın elmi əsaslarla idarə
olunması, menecmentin, tətbiqi sosiologiyanın bir elm kimi təşəkkül
tapması ancaq kapitalist ölkələrinə xas bir hadisə
idi. İndi ictimai elmlərin həqiqi bir elm kimi
inkişafı üçün meydan açılıb. Həm
də milli dövlət quruculuğu bu sahədəki tədqiqatların
aktuallığını daha da artırır və intellektual
potensialın daha çox bu sahəyə yönəldilməsini
tələb edir. Hər hansı bir dövlət beynəlxalq
miqyasda yalnız o zaman özünü müstəqil hiss edə
bilər, öz mənafeyini müdafiə edə bilər ki,
mövcud geopolitik kontekstdə onun yeri dəqiq surətdə
araşdırılmış olsun, bu sahədə ciddi fəlsəfi,
siyasi, iqtisadi tədqiqatlar aparılmış olsun, bir sözlə,
praktik fəaliyyət elmi zəmində aparılsın. Lakin təəssüf
ki, ictimai elmlər sahəsində Azərbaycanda ciddi bir
dönüm hələ də hiss olunmur”.
Bu gün Azərbaycan beynəlxalq
siyasət arenasına inamla çıxa bilirsə,
özünəməxsus siyasi mövqeyi və nüfuzu varsa,
bunlar hamısı ancaq onun rəhbərinin şəxsi
nüfuzu, beynəlxalq siyasi təcrübəsi və
böyük intellektual potensialı sayəsində
mümkün olur. Lakin cəmiyyətin bütün pillələrdə,
ayrı-ayrı müəssisə və təşkilatlardan
başlamış ümumölkə miqyasına qədər
elmi əsaslarla təşkili və idarə olunması
üçün müasir Azərbaycan cəmiyyətşünaslığının
yaradılmasına böyük ehtiyac var: “Bu işə
heç şübhəsiz, marksist-leninçi ictimai-siyasi
fikrin təsirindən azad olan gənc cəmiyyətşünas
alimlərin cəlb edilməsi tələb olunur. Bu gün cəmiyyətin
öyrənilməsi sahəsində respublika alimlərinin
tutduğu passiv mövqe, ictimai həyatdakı mənəvi
durğunluğun elmə nüfuz etməsi alimlərin mütəşəkkil
və məqsədyönlü fəaliyyətini çətinləşdirir.
Elm hələ heç cür öz nüfuzunu yüksəltmək
və ictimai həyata fəal müdaxilə etmək
mövqeyini tuta bilmir. Halbuki belə bir şəraitdə
respublikamızın cəmiyyətşünas alimləri təşəbbüsü
öz üzərinə götürməli, qarşıda
duran çətin vəzifənin yerinə yetirilməsində
öz sözünü deməlidirlər.
Respublikamızın
sosial-iqtisadi və mənəvi həyatında uzun illərdən
bəri yığılıb qalmış ciddi problemlərin
sistemli şəkildə öyrənilməsi, keçid
dövrünün xüsusiyyətlərinin aşkar edilməsi,
bu sahədə kompleks tədqiqatlar aparılması
bütün cəmiyyətşünas alimlərin:
filosofların, sosioloqların, iqtisadçıların,
tarixçilərin və sairlərinin
qarşılıqlı əməkdaşlığını
və birgə fəaliyyətini tələb edir. Bizim
hamımızın bir ümumi tədqiqat obyektimiz var. Bu da
ümumdünya kontekstində götürülmüş Azərbaycandır;
onun tarixi, mədəniyyəti, dili, habelə sosial, iqtisadi,
siyasi, ekoloji, demoqrafik problemləridir. Bu problemlərin müxtəlif
müstəvilərdə, rakurslarda tədqiqi ilə məşğul
olan alimlərimiz bir-birindən ayrı düşüb,
bir-birini dinləmək, fikir mübadiləsi aparmaq
imkanından məhrum olublar. Hərə öz şöbəsindən,
kafedrasından, ən yaxşı halda isə öz
institutundan kənarda fəaliyyət göstərən tədqiqatçılardan
xəbərsizdir. Alim ziyalılarımız arasındakı pərakəndəlik,
akademiyada, ali məktəblərdə və digər elmi
müəssisələrdə çalışan alimlərin
tədqiqatlarının əlaqələndirilməməsi,
vahid elmi cəbhə yaradılmaması, elm adamlarının
passiv həyat mövqeyi gənc alimlərin
formalaşmasına pis təsir göstərir.
Müasir dövrdə cəmiyyətşünaslığın
əsas məqsədlərindən biri ictimai problemlərin
öyrənilməsi sahəsində səyləri birləşdirməklə
yanaşı gənclərin intellektual tərbiyəsi
üçün də şərait yaratmaq, onların müstəqil
düşüncə və diskussiya mədəniyyətinə
yiyələnməsinə nail olmaqdan ibarətdir”.
-
Müstəqil Azərbaycanın hərtərəfli surətdə
öyrənilməsi, kompleks tədqiqat proqramlarının
yaradılması və bu işə gənc alimlərin cəlb
edilməsi, istedadlı gənclərin intellektindən səmərəli
istifadə olunması günün aktual problemlərindəndir.
İlk növbədə hansı tədbirlərin və məqsədlərin
reallaşdırılması nəzərdə
tutulmalıdır?
- Biz yolun hələ lap
başlanğıcındayıq. Məqsəd ictimai həyatımızın
aktual problemlərinin tədqiqi sahəsində fayda verə biləcək
hər bir adamı, ixtisasından asılı olmayaraq, bu
ümumxalq işinə cəlb etməkdir. Bu gün
xalqımızı cəmiyyətimizi, respublikamızı
narahat edən başlıca məsələləri elm
süzgəcindən keçirmək, konkret praktik tövsiyələr
hazırlamaq tələb olunur. Bu iş yalnız gəncliklə
bağlı olmayıb ümumxalq işidir. Əgər gənc
nəsil belə çətin və mürəkkəb bir vəzifəni
öz öhdəsinə götürürsə, deməli, təkcə
öz gənclik enerjisinə deyil, həm də dövlətin,
bütün ziyalı ictimaiyyətinin köməkliyinə
ümid bəsləyir.
Əslində buradakı
"gənc" anlayışı tamamilə şərtidir.
Gənc alim dedikdə biz elmi axtarış sahəsindəki gənclik
təravətini hələ də itirməmiş,
yaradıcılıq ehtirası hələ sönməmiş
elm entuziastlarını nəzərdə tuturuq. Burada "gənclik"
elmdə təcrübəsizlik kimi deyil, əksinə, elmi
eqoizm və konservatizm sahəsində "təcrübəsizlik"
kimi başa düşülür. Yaşın kiçikliyi
deyil, intellektual potensialın, həvəsin və enerjinin
böyüklüyü əsas götürülür. Gənc
alim formalizm və bürokratiya xəstəliyinə
tutulmamış, prokrustlaşmamış alimdir.
Qarşıda duran vəzifələr
o qədər böyükdür ki, o qədər problemlər
yığılıb qalıb ki, onları nisbətən
qısa müddətdə həll etmək tükənməz
enerji və fantaziya tələb edir. Burada soyuq ağlın,
"normal" elmi tədqiqatın on ilə gördüyü
işi yanar zəka bir ilə görməlidir. Burada daha
kiçik müddət, daha böyük sürət
mümkün deyil. Çünki elm poeziya deyil. Elmdə tək
ilham, tək entuziazm heç nə edə bilməz. Burada təmkin
səbat ehtirasla, ilhamla birləşməlidir. İmpulsiv
düşüncə, fəhm qığılcımları
soyuq ağlın sərt skeptisizm sınağından
keçməli və əksinə, səbirlə, inadla,
damla-damla yığılan qalaq-qalaq elmi material assosiativ təfəkkürün,
zəka şöləsinin işığında
saf-çürük edilməli, yüksək nəzəri
hazırlığı olan alimlərin köməyi ilə
elmi konsepsiya səviyyəsinə qaldırılmalıdır.
- Gənc alimlərin yeni,
orijinal tədqiqatlara həvəsləndirilməsi və bu sahədəki
problemlərə sizin yanaşmanızı bilmək istərdik.
- Tədqiqatçılar gənc,
problemlər isə qocadır. İlk baxışda təzadlı
görünsə də, burada müəyyən
qanunauyğunluq var. Məsələ burasındadır ki, o
problemlər yığılıb qalır ki, onlar elmin hər
hansı sahəsində nüfuz sahibi olan adamlar tərəfindən
həll oluna bilmir, hakim təfəkkür tərzinin
"normativ"lərindən kənarda çıxır.
Yaşlı nəsil həmin təfəkkür tərzinə
möhkəm surətdə bağlı olduğundan yeni həll
yolu, yeni baxış tələb edən belə problemlər
qarşısında aciz qalır. Gənc tədqiqatçılar
isə hakim təfəkkür üslubuna, normal elmin
ehkamlarına çox da möhkəm
bağlanmadığına görə problemə bəzən
gözlənilməz mövqedən yanaşır, yeni
metodlardan istifadə edir. Burada gəncliyə daha çox xas
olan assosiativ təfəkkür də öz müsbət
sözünü deyir. Elm tarixindən buna çox misallar
göstərmək olar. Məsələn, XX əsrin əvvəllərində
bir sıra fiziki hadisələr Nyuton mexanikası çərçivəsində
izah edilə bilməyəndə dövrün bütün
görkəmli alimlərinin həll edə bilmədiyi məsələni
25 yaşlı A.Eynşteyn həll elədi. Bir qədər
sonra, mikrohadisələr üçün klassik mexanika
özünü doğrultmayanda yeni kvant mexanikasının əsas
qanununu 26 yaşlı V.Heyzenberq kəşf elədi.
Şellinq ilk fəlsəfi əsərini yazanda 20 yaşı
var idi. Siyahını davam etdirməyə ehtiyac yoxdur. Məqsəd
budur ki, xalqımızın taleyi ilə bağlı olan ciddi
cəmiyyətşünaslıq problemlərinin həllinə
məhz gənc alimlərin təşəbbüs göstərməsi
heç kəsdə inamsızlıq doğurmasın.
Belə bir cəhət də
nəzərə alınmalıdır ki, nəinki problemlər,
elmin özü də getdikcə qocalır. Görkəmli
fizik Maks Delbryukun dediyi kimi, elm qocalır, cəmiyyət isə
cavan qalır. Elmin nailiyyətləri üst-üstə
toplanır, elmi informasiya çoxalır, nəhəng elm
ağacı bar gətirdikcə başı aşağı əyilir.
Cəmiyyət isə getdikcə yeniləşir, nəsillər
bir-birini əvəz edir. Hər yeni alim nəsli
qarşısında daha mürəkkəb, daha ciddi problemlər
durur. Belə bir şəraitdə gərək yeni nəslin tədqiqat
imkanları da daim artsın.
İlkin Ağayev
Palitra. – 2010. – 1 iyun. – S.6.