Alimlərimiz alternativ enerji sahəsinə aid qurğular
yarada bilirlər
Layihə
çərçivəsində növbəti müsahibimiz Azərbaycan
Dövlət Neft Akademiyasının dosenti, texnika elmləri
namizədi, Dünya Bərpa Olunan Enerji Şəbəkəsinin
üzvü Fuad Məmmədovdur.
- Bu gün aktual məsələlərdən
biri olan alternativ enerjinin tətbiqi istiqamətində hansı
təkliflər irəli sürə bilərsiniz?
- Ölkə
başçısı İlham Əliyevin 2004-cü il 21 oktyabr tarixli sərəncamı ilə
“Alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə üzrə Dövlət Proqramı” təsdiqlənib.
Qeyd etməliyəm ki, 20 bənd üzrə olan
tədbirlər planında bu sahəni əhatə edən məsələlər
öz əksini tapıb. Tədbirlər
planının 4-cü bölməsində alternativ (bərpa
olunan) enerji mənbələrindən istifadə üzrə
mütəxəssislərin hazırlanması və enerji
istehlakçılarının maarifləndirilməsi istiqamətində
işlərin aparılması, 6-cı bölməsində isə
ölkədə alternativ enerji mənbələrinin
potensialının müəyyənləşdirilməsi
istiqamətində elmi-tədqiqat işlərinin
aparılması əksini tapıb. Bununla
bağlı biz məhz alternativ energetika sahəsində
işimizi iki istiqamətdə qururuq ki, bunlar həm
kadrların hazırlanması, həm də alternativ enerji mənbələri
sahəsində elmi-tətqiqat işlərinin həyata
keçirilməsidir. Qeyd edim ki, mən
2001-ci ildə Azərbaycan Texniki Universitetində istilik
çeviricisi, qeyri-ənənəvi və bərpa olunan
enerji mənbələri və qurğuları ixtisası
üzrə bakalavr, 2003-cü ildə isə enerjinin
çevrilməsində gedən proseslərin istilik
fizikası ixtisası üzrə magistr dərəcələrini
almışam. Namizədlik dissertasiyası
işim isə günəş enerjisindən istifadə etməklə
xam neftin emala hazırlanması üçün energetik
qurğunun işlənməsinə həsr olunub və bu
mövzunu 2007-ci ildə Ali Attestasiya Komissiyasının qərarı
ilə ADNA NQGPK ETİ-də fəaliyyət göstərən
birdəfəlik dissertasiya şurasında müdafiə
etmişəm. Aspirantura illərində
bununla bağlı ölkədə ilk dəfə olaraq orta
temperaturlu parabolosilindrik konsentratorlu
fokuslaşdırıcı güzgüdən ibarət
energetik qurğu hazırlamışam. Bu,
2003-cü ilə təsadüf edirdi, hazırlanmış
qurğu 350-400 0C temperatura malikdir. Qurğuda
yüksək səviyyədə eksperimentlər
aparıldı və dünyanın aparıcı təşkilatları,
elmi-tədqiqat institutları bu qurğu və həyata
keçirilən texnoloji proseslə çox
maraqlanırdılar, xaricdə ingilis və rus dillərində
nüfuzlu jurnallarda məqalələr çap olundu, patentlər
alındı. Bir sıra xarici beynəlxalq
konfranslarda iştirak etdim. Budan başqa
insanların məişət təminatı, yəni isti su və
isitmə sistemləri ilə təmin olunması ilə
bağlı yastı Günəş kollektorları da
hazırlamışıq. Belə ki,
ölkəmizdə Türkiyə, Çin istehsalı olan
kollektorlar satılır. Bizim qurğularla
onlar arasında qiymət və keyfiyyət baxımından
böyük fərq var. Məsələn, Türkiyə
istehsalı olan bu kollektorlardan biri 2008-ci ildə istismar
vaxtı Bakı şəhərinin iqlim şəraitinə
dözməyib və sıradan çıxıb. Qiymətlərə
gəldikdə isə məsələn, Türkiyə
istehsalı olan 4 kvadratmetr sahəli Günəş
kollektorunun qiyməti 2 min manatdır, öz istehsalımız
isə bu ölçüdə 400-500 manata başa gəlir, hətta
bu, fərdi istehsaldır. Əgər kütləvi
istehsal olarsa, qiymət daha da aşağı olar. Hazırda başqa qurğular düzəltmişik.
Yəni Günəş enerjisindən birbaşa
1500-1800 0C temperatur alınan yüksək dəqiqliyə malik
qurğu işləyib hazırlamışıq. Biz əsasən alternativ enerji mənbələrinin
neft sənayesində tətbiqinə üstünlük veririk.
Çünki ölkənin aparıcı sənaye
sahəsi neft sənayesidir. Nəzərə alsaq ki,
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə il ərzində 50
milyon ton neft xaricə satılır, Azərbaycanın daxili tələbatı
isə 6 milyon tondur, bu 6 milyon ton neft əsasən neft sənayesinin
və energetikanın payına düşür. Ona
görə də çalışırıq ki, neft sənayesində
işlədilən ənənəvi enerji ehtiyatlarını
bərpa olunan enerji ilə əvəz edək və orada qənaət
edilən neft-qaz və digər ənənəvi enerji mənbələrini
yenidən ixrac edib kapitala çevirək. Oradan
gələn gəliri bərpa olunan enerji mənbələrinin
inkişafına sərf edək.
Hazırda Azərbaycanın
iqtisadi potensialı olduqca artır və bu çox sevindirici
haldır. Lakin bu sahədə kadr potensialı çox
azdır. Hazırda respublikada bu sahədə
ixtisaslaşmış 5-10 nəfər mütəxəssis
var.
Ölkə
başçısının dediyi kimi, “neft gəlirlərini
insan kapitalına çevirməliyik” və bu kapital, yəni
kadr potensialı əsasən gənclərdən ibarət
olmalıdır. Çünki gənclərin enerjisi,
işləməyə həvəsi kifayət qədər
çoxdur. Mən ilk növbədə gənc
kadrların yetişdirilməsini vəzifə borcum olmaqla
yanaşı qarşıma məqsəd kimi qoymuşam. Onların biliklərinin nəinki alternativ energetika
sahəsində artırılması üçün, eləcə
də gənclər tərəfindən texnika və
texnologiyanın lazımi səviyyədə mənimsənilməsi
istiqamətində əlimdən gələni edirəm. Çünki alternativ energetika sahəsində
müxtəlif işçi mexanizmlər, maşınlar
işləyir ki, onlardan gərək mühəndisin xəbəri
olsun. Çalışmaq lazımdır
ki, hazırda ölkədə alternativ enerji sahəsində
güclü mühəndis ordusu yaradılsın. Son zaman ərzində Azərbaycana ilk dəfə
"Vestas" şirkətinin istehsal etdiyi gücü 150 kVt
olan müasir külək mühərriki gətirilərək
Qaradağ rayonunda istismara verildi. Bu, ölkəmiz
üçün ilkin mərhələdə çox
böyük göstərici idi. Ondan əvvəl
isə 2-4 kVt-lıq külək mühərrikləri
respublikaya gətirilmişdi. Lakin Qaradağ rayonu ərazisində
quraşdırılmış külək mühərriki
çox az bir müddət işləyib
dayandı və bildirdilər ki, onun təmirinə olduqca
böyük vəsait tələb olunur. Nəticədə
isə onu sökdülər və hazırda acınacaqlı
vəziyyətdə qalıb. Avropa Birliyi
ölkələrindən mütəxəssislərin təmirlə
bağlı cəlb edilməsi çox baha başa gəlir,
belə olduqda yerli mütəxəssislərə həddən
ziyadə ehtiyac duyulur. Ümumiyyətlə,
bərpaolunan energetika sahəsində respublikaya gətirilmiş
və ya yerli istehsal edilmiş texniki avadanlıq və
qurğuların istismarını təmin edəcək və
buna nəzarət edə biləcək mütəxəssislərin,
energetik mühəndislərin yetişdirilməsi
günümüzün əsas tələblərindən
biridir.
- Azərbaycanda alternativ
enerjinin inkişaf strategiyasını necə
görürsünüz?
- Bilirsiniz, istənilən
sahənin inkişaf etdirilməsi üçün ilkin mərhələdə
kadrların hazırlanması əsas şərtdir. Bundan sonrakı mərhələdə onlar xarici
ölkələrdə aparıcı institut və elmi-tədqiqat
mərkəzlərində bu təcrübələri təkmilləşdirməlidirlər.
Çünki burada nəzəriyyə və təcrübəni
mən onlara çatdırıram və onlar kifayət qədər
anlayırlar, amma müasir texnika və ölçü
cihazları bizdə yoxdur. Yəni bu bilik
bazası ilə xaricdə 3-6 aylıq təcrübə,
treninq kurslar keçsələr, kifayət edər. Digər bir mərhələyə gəldikdə isə
bu gün Sənaye və Energetika Nazirliyində Alternativ və
Bərpa Olunan Enerji Mənbələri üzrə Milli Agentlik
yaradılıb və bununla paralel elmi-tədqiqat institutu da
yaradılmalıdır. Bu institutun
böyük bir ərazidə eksperimental sahəsi olmalı və
orada eksperimentlər aparılmalı, alınmış nəticələr
isə praktikada tətbiq olunmalıdır. Beləliklə, bu sahə Azərbaycanda
yaradılıb inkişaf etdirilə bilər. Hazırda isə alternativ və bərpa olunan
energetikanın inkişafı istiqamətində aparılan
işlər mərkəzləşdirilmiş deyil, pərakəndə
qaydada həyata keçirilir. Bu mövzuda
konfranslar, seminarlar, dəyirmi masalar keçirilsə də,
televiziyada proqramlar hazırlansa da, konkret olaraq nəticələr
çox zəifdir. Mən 2008-ci ildə
Şotlandiyada “Günəş enerjisindən istifadə etməklə
neftli suların təmizlənməsi” mövzusu ilə
bağlı Dünya Bərpa Olunan Energetika Konqresində
iştirak etdim. Orada mən mövzu ilə bağlı
çıxışdan əlavə həm 20 faiz
torpaqlarımızın işğal olunduğunu, həm də
1 milyon qaçqınımız olduğunu konqres
iştirakçılarının nəzərinə
çatdırdım və onunla əsaslandırdım ki,
dövlət büdcəsinin böyük bir hissəsi
qaçqınlara, onların yaşayış şəraiti
üçün xərclənir. Əgər biz
həmin vəsaiti bərpa olunan enerji sektorunun inkişaf
etdirilməsinə sərf etsək, bəlkə də ölkəmiz
alternativ və bərpa olunan enerji mənbələrindən
alınan enerjinin miqdarına görə dünyada lider olar.
Çünki Abşeron
yarımadasının yüksək Günəş və
külək enerji potensialı var, Naxçıvanda Günəş
enerjisi, digər Aran rayonlarının hər birində
biokütlə potensialı kifayət qədər çoxdur,
Böyük Qafqaz-Kiçik Qafqazda geotermal enerjidən istifadə
üçün potensial yüksəkdir. Bu
göstəricilər Azərbaycanda yeni, ekoloji təmiz,
iqtisadi sərfəli enerji resurslarından istifadə
olunmasına zəmin yaradır.
Dünyada
alternativ energetika sahəsində aparıcı təşkilatlardan
biri də Dünya Bərpa Olunan Enerji Şəbəkəsidir. Mən şəbəkənin
prezidenti professor Əli Sayiq ilə söhbət edərkən
o bildirdi ki, kadrların hazırlanması, ixtisasların
artırılması lazım olarsa, burada gəlib
reallaşdıra bilərsiniz.
Hazırda dünyada
üç aktual məsələ var ki, onlardan biri də həm
ekoloji, həm energetik problemlərin həlli baxımından
çox əlverişli olan alternativ enerji mənbələrindən
istifadə olunması ilə bağlıdır. Insanların
normal həyat tərzinin qurulması üçün bu
problemlər həll olunmalı və lazımi tədbirlər
görülməlidir.
- Belə bir fikir də səslənir
ki, ölkədə Günəş energetikası sahəsində
çalışan fiziklər var, lakin koordinasiya yoxdur. Sizin
buna münasibətiniz necədir?
- Hər bir elm sahəsi
müxtəlif elmlərin toplusundan ibarətdir. Ancaq
ümumi götürdükdə alternativ energetika sırf
mühəndis sahəsidir. Burada fizik, kimyaçı,
bioloq, geoloqlar və s. sahənin mütəxəssisləri
işləyir. Məsələn, Günəş
elementlərinin alınması üçün fiziklər
yarımkeçiricilər sahəsində tədqiqatlar
aparır. Kimyaçılar isə müxtəlif
kimyəvi proseslər üzərində
çalışırlar, məsələn, Günəş
enerjisi vasitəsilə yanacaqların alınmasında,
bioloqlar biokütlədən enerjinin alınması, geoloqlar isə
geotermal energetika sahədə işləyirlər. Ümumiyyətlə, bu sahədə işləyən
kadrları saysaq, ölkədə 10-15 nəfərdən
artıq mütəxəssis yoxdur. Bəli,
məhz Günəş elementlərinin alınmasında,
yarımkeçiricilərin tədqiq olunması sahəsində
fiziklərin sayı çoxdur. Bu da ondan
irəli gəlir ki, 1970-ci illərdən başlayaraq SSRİ
Elmlər Akademiyası tərəfindən AzSRİ Elmlər
Akademiyasının Fizika Institutunda yarımkeçiricilərin
tədqiq olunması tapşırığı verilmişdi.
Günəş elementlərinin əsas hissəsi
isə yarımkeçiricilərdən ibarətdir və təəsüflər
olsun ki, alınmış nəticələr istehsalatda öz
geniş tətbiqini tapmayıb.
- Alternativ enerjidən fərdi
istifadə halları mövcuddur. Sizcə, bunun
ölkəmizdə tətbiqi mümkündürmü?
- Alternativ enerji mənbələri
dünyada iki formada - bir fərdi şəkildə, yəni hər
ailənin, hər evin, hər müəssisənin
özündə tətbiq edilir və bir də mərkəzləşdirilməş
sistem formasında istismar edilir, alınan enerji dövlətə,
insanlara satılır. Bəzi Avropa ölkələrində
fərdi şəkildə alternativ enerji mənbələrini
istismar edən insanlara dövlət tərəfindən
dotasiya verilir. Məsələn, istehlakçı
gün ərzində Günəş, külək və s.
enerji qaynaqlarından 3-5 kVt enerji alır və bunun 40-50 faiz
qiymətini gündəlik olaraq dövlət ona qaytarır. Həm aldığı enerji ilə evini təmin
edir, həm qazanır. Nə qədər
çox enerji işlətsə, bir o qədər də
çox qazanacaq. Bu, insanlarda bir stimul
yaradır. Eyni zamanda maddi vəziyyət də
imkan verir ki, onlar həmin qurğuları alıb istismar edə
bilsinlər. Mənim fikrimcə, Dövlət
Proqramında öz əksini tapması vacib olan amillərdən
biri əhalinin kütləvi şəkildə maarifləndirilməsi
və həmin dotasiya məsələsidir. Bu bir reklam
şəklində insanlara çatdırılsa, çox adam bu qurğuları ala bilməsə də,
özü düzəldəcək.
Kioto protokolu
çərçivəsində BMT tərəfindən
dünyanın aparıcı ölkələri
qarşısına müvafiq öhdəliklər qoyulub, buna
uyğun olaraq 2020-ci ilə qədər enerji
istehsalının 20 faizi bərpa olunan enerji mənbələri
hesabına olmalıdır, 2100-cü ildə isə bu rəqəm
100 faiz nəzərdə tutulur. Dünyanın
aparıcı dövlətləri buna doğru gedir. Biz də bu kompaniyaya qoşulmalıyıq. Cünki bərpa olunan enerji mənbələri ekoloji
təmiz, təhlükəsiz və daimidir. Məlumdur
ki, biz bunu bir il ərzində edə bilmərik,
bu işlər tədricən həyata keçirilməlidir. Ekoloji təmiz mühitdə, dinc şəraitdə
yaşamaq və eyni zamanda enerji təhlükəsizliyini təmin
etmək istəyiriksə, bərpa olunan enerji mənbələrindən
istifadəyə üstünlük verməliyik.
- Son vaxtlar texniki sahələrə
sənəd verən abituriyentlərin sayı artır və
sizin ali təhsil ocağına daxil olan gənclər
sizi qane edirmi?
- Azərbaycanda ən
inkişaf etmiş sənaye neft sənayesidir. ADNA ölkəmizdə
bu sahədə fəaliyyət göstərən yeganə ali təhsil ocağıdır. Bəlkə də
gənclər iş yeri baxımından, karyera qurmaq məqsədilə
bu təhsil müəssisəsinə üz tuturlar. Bu yaxşıdır. Orta məktəbi bitirib ali məktəbə daxil olan uşaqlara
baxdıqda onların çox zəif olduğunu görürəm.
Məsələn, adi çertyojla bağlı
sual verdikdə onlar cavab verməkdə çətinlik çəkirlər.
Çalışıram ki, onlara texnikanın
müxtəlif istiqamətlərində kömək edim və
əminəm ki, çəkilən zəhmət hədər
getməyəcək. Məşhur akademik
A.Mirzəcanzadə yetişdirdiyi hər bir kadrın ilk
növbədə harada yerləşdirilməsini fikirləşir
və bunu həyata keçirirdi. Ona
görə də o, bütün dünyada tanınır və
hər bir ölkədə onun yetirmələri var. Dahi alim
A.Mirzəcanzadə hər bir elmi problemə sistemli şəkildə
yanaşırdı və mən də o prinsipi əsas
götürürəm. Tələbəyə
heç nə öyrətməmək onu məhv etmək deməkdir.
Bu isə mənim iş prinsipimə ziddir.
Nigar
Palitra. -2010. – 1 iyun. – S.7.