Nyu-Yorkda Azərbaycan bayrağı ucaldıldı

 

Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 92-ci ildönümü münasibəti ilə Nyu-Yorkda silsilə tədbirlər keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Nyu- Yorkda rəsmi ziyafət təşkil edib.

Ziyafətdə BMT rəhbərliyinin nümayəndələri, üzv dövlətlərin BMT yanında daimi nümayəndəliklərinin rəhbərləri, ABŞ-da fəaliyyət göstərən Azərbaycan icmasının nümayəndələri iştirak ediblər. Nyu-Yorkda akkreditə edilmiş diplomatik korpusun nümayəndələri Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Aqşin Mehdiyevə təbrik məktubları ünvanlayıb və bayram münasibətilə Azərbaycan rəhbərliyinə və xalqına xoş arzularını ifadə ediblər.

Mayın 28-də Nyu-Yorkun mərkəzi “Wall Street” meydanında Azərbaycan Respublikasının dövlət bayrağının ucaldılması mərasimi keçirilib. Tədbiri Amerika-Azərbaycan Cəmiyyəti təşkil edib. Mərasimdə Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin müşaviri Tofiq Musayev, Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri, Türkiyənin Nyu-Yorkdakı konsulunun müavini Ayşə Üzer, İsrailin Nyu-Yorkdakı baş konsulunun müavini Benjamin Krasna çıxış ediblər. Tədbirdə Nyu-York qubernatoru administrasiyasının nümayəndəsi qubernator David Patersonun təbrikini oxuyub və onun imzaladığı xüsusi Bəyannaməni təqdim edib. Daha sonra Amerika və Azərbaycan dövlət himnləri səsləndirilib və hər iki dövlətin bayraqları ucaldılıb. Los-Anceles şəhərində Azərbaycan Baş Konsulluğunun təşkilatçılığı ilə qəbul keçirilib. Tədbirdə Kaliforniya ştatının dövlət orqanlarının, diplomatik korpusun və ictimaiyyətin, o cümlədən Azərbaycan, Türkiyə, Gürcüstan, İran və yəhudi icmasının 400-ə yaxın nümayəndəsi iştirak edib. Mərasim amerikalı soprano Demetra Corc-Mustafaoğlunun ifasında Azərbaycan və ABŞ-ın dövlət himnlərinin oxunması ilə başlayıb. Tədbirin rəsmi hissəsində Los-Anceles dairəsinin şerifi Leroy Baka çıxış edib. O, Azərbaycana son səfəri ilə bağlı təəssüratlarını bölüşərək Azərbaycanın inkişaf tempini yüksək qiymətləndirib. Şerif Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə ümidini ifadə edib. Şəhər Şurasının sədri Cen Perri mer Antonio Villaraiqos və şura üzvlərinin imzaladıqları bəyannaməni oxuyub. Protokol xidmətinin rəhbəri Lurdes Saab Dairə Rəhbərləri Şurasının bəyannaməsini iştirakçıların nəzərinə çatdırıb. Kaliforniya qubernatoru Arnold Şvartsenegger, digər qərb ştatlarının qubernatorları və Monterrey şəhər merinin təbriki də oxunub. Beverli Hills meri Cimmi Dilşadın təbrik nitqindən sonra baş konsul Elin Süleymanov çıxış edib. O, Baş Konsulluq adından bir sıra şəxslərə mükafatlar təqdim edib. Tədbir bədii hissə ilə başa çatıb.

 

 

Anar

 

Palitra. -2010. – 1 iyun. – S.9.