Elm üçün kadr hazırlığına baxçadan başlamaq lazımdır

 

Professor Səlahəddin Xəlilov: “Alimin vətəndaşlıq mövqeyini fərdi hadisə kimi başa düşənlər səhv edirlər

 

Layihə çərçivəsində Azərbaycan Fəlsəfə Sosial-siyasi Elmlər Assosiasiyasının İdarə Heyətinin sədri, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun gənclərin elmi fəaliyyət baxımından imkanlarının necə artırılmasının lazım gəldiyi ilə bağlı fikirlərini öyrəndik.

 - Gənclərin elmlə effektli məşğul olmaq imkanlarını necə artırmaq olar?

- Bu maraqlı məsələdir. Doğrudan da elmlə bağlı insanlar belə bir sual qarşısında fikirləşə bilərlər ki, bu imkanları necə artırmaq olar? Bəlkə yeni nəslin elmi-tədqiqat imkanları genetik yolla artır? Xeyr. Müşahidələr göstərir ki, insanın intellektual imkanı çox ləng inkişaf edir. Məsələn, yeni erada bu sahədə nəzərəçarpacaq təkamül hiss olunmur. Qalileyin Aristotelə və ya Eynşteynin Qalileyə nəzərən intellektual üstünlüyündən danışmaq üçün heç bir əsas yoxdur. Bununla belə Qaliley Aristotelə, Eynşteyn isə Qalileyə düzəliş verib. Məsələ burasındadır ki, intellektual səviyyəsindən asılı olmayaraq hər sonra gələn nəsil əvvəlki nəsildən miras qalmış daha mükəmməl elmi aparata və metodlara yiyələnmiş olur. Bu da problemlərə daha dərin nüfuz eləmək imkanı yaradır. Digər tərəfdən qabaqcıl ölkələrdə elmin sosial strukturu getdikcə təkmilləşir, əmək bölgüsü güclənir, alimlər kənar qayğılardan azad edilirlər. Bir sözlə, bioloji genetika xüsusi rol oynamasa da, sosial-mənəvi genetika inkişafın əsas hərəkətverici qüvvəsi kimi çıxış edir.

Deməli, elmin inkişafına yönəlmiş dövlət siyasətindən, sosial elm sisteminin dərəcədə səmərəli təşkil olunmasından çox şey asılıdır. Bizim respublikada bu sahədə vəziyyət hələ çox ağırdır. Elm adamı ancaq öz başını dolandırmaq haqqında düşünməli olur. Alimin vətəndaşlıq mövqeyini fərdi hadisə kimi başa düşənlər səhv edirlər. Ayrıca bir alim qədər böyük qeyrət sahibi olursa-olsun, heç bir böyük problemi həll edə bilməz. "Tək əldən səs çıxmaz" hikməti eyni dərəcədə elmə aiddir. Adətən böyük kəşflərdən, dünya miqyaslı elmi nailiyyətlərdən danışarkən gənclərin yadına qeyrət hissini, milli iftixar hissini salmağı unutmurlar. Lakin unudurlar ki, elm sosial hadisədir. Bizim elmi sahədə geri qalmağımız gənclərimizin intellektual potensialının ya qeyrət hissinin zəifliyinə dəlalət etmir. Elm meydanı güləş meydanı deyil. Halbuki müasir dövrdə hətta güləşdə boksda da mübarizənin taleyi rinqdə deyil, bundan xeyli əvvəl - professional məşqçi məktəbinin müntəzəm fəaliyyətində, kadrların seçilməsi tərbiyəsi prosesində həll olunur. Elm üçün kadr hazırlığı nəinki aspiranturadan ya ali məktəbdən, hətta lap orta məktəbdən, bağçadan başlanır. Ona görə milli elmi kadrların həqiqi yüksəlişini görmək istəyənlər təhsil sistemində sağlam sosial-mənəvi mühit yaradılması işindən başlamalıdırlar. Lakin burada çox ciddi əks əlaqə var. Təhsil sistemindəki vəziyyət öz növbəsində elmi kadrların intellektual mənəvi inkişaf səviyyəsindən asılıdır. Ona görə təhsil siyasətinin təməlində sağlam elmi mühit yaradılması durmalıdır. Hər hansı bir sahədə atılan yeni bir addım bir bataqlıqdan başqa bataqlığa, bir xaosdan başqa xaosa gətirib çıxarmasın deyə ciddi elmi prinsiplərə əsaslanmalıdır. Hazırda elmi, xüsusən ictimai elmləri təmsil edən adamlardan böyük əzmkarlıq, vətəndaşlıq qeyrət tələb olunur. Lakin bu hələ azdır. Elmi işçilərin ciddi meyar əsasında, prinsipial surətdə seçilməsi, sağlam qüvvələrin səfərbər edilməsi, onlara qayğı göstərilməsi, elmin təşkilati strukturunun təkmilləşdirilməsi daha böyük səriştə, daha böyük vətəndaşlıq qeyrət tələb edir.

- Bu baxımdan yeni elmi mərkəzlərin formalaşdırılması barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Respublikamızın gənc cəmiyyətşünas alimləri üçün elmi-tədqiqat mərkəzləri açmağa, yeni təşkilati forma fikirləşib tapmağa vadar edən ilk növbədə elmi mühitə olan ehtiyacdır. Zira şəxsiyyət sosial mühitin məhsulu olduğu kimi alim elmi mühitin məhsuludur. Təəssüf ki, gənclərimiz məhz bu sarıdan korluq çəkir, əsil elmi şəraitdə işləmək üçün xarici ölkələrin məşhur mərkəzlərinə ezam olunmağa çalışır, hansısa qrantın, sponsorun sayəsində məşhur bir alimin laboratoriyasına, məktəbinə "düşməyi" üstün tuturlar. Lakin belə əlaqələr müvəqqətidir respublikamızda tədqiqatları əsas, mərkəzi problemlərə yönəltməyə, yerli elmi məktəblər yaratmağa kömək etmir. Bu mənada aspirant doktorantların, ali təhsilli kadrların kənarda hazırlanması vəziyyətdən əsil çıxış yolu deyil. Hamısı birdir, onlar da aspirantlar kimi qayıdıb elmi mühitdən əsər-əlamət olmayan bir şəraitə düşürlər yaranmış ziya qığılcımları şölələnmək başqalarının da yolunu işıqlandırmaq əvəzinə tədricən sönür. Bu tədbirlər yalnız o zaman səmərə verər ki, respublikanın özündə elmi fikir ocağı olsun, necə deyərlər, "ümumdünya standartı" səviyyəsində elmi məktəblər olsun. Onda hər bir qığılcım elm ocağının daha da şölələnməsinə səbəb olar.   

- Deyək ki, ictimai problemlər elmi şəkildə öyrənildi. Bəs əldə olunan biliklər kimlərsə tərəfindən istifadə olunacaqmı?

- Axı bilmək azdır, tətbiqin özü xüsusi professional mədəniyyət təşəbbüskarlıq tələb edir. Real elmi biliklərdən tətbiqi biliklərə, ondan isə əməli vərdişə keçməyi nəzərdə tutur. Hər bir sahədə düzgün texnologiyaya, metodikaya əsaslanan əməli vərdişlər əldə etmək çox çətindir.

İctimai elmlərin tətbiq sahəsi daha çox cəmiyyətin elmi əsaslarla idarə olunmasını əhatə edir. İndiyədək bütün elmlər içərisində tətbiq üçün ən az rəhbər tutulan məhz ictimai elmlər olub. Öyrənmək tətbiq olunmaq hüququ bu elmlərin əlindən alınıb təbliğat funksiyasi ilə əvəz edilib. Ona görə , ən yüksək diletantizm məhz idarəetmə sahəsində özünü göstərir. Rəhbərlik etməyə can atanlar rəhbərlik işinin yüksək professional hazırlıq tələb etdiyini bu sahədə ictimai elmlərlə ittifaqın zəruri olduğunu unudurlar. Unudurlar, çünki uzun illər ərzində idarəetmə sistemində təşəbbüskarlıq, müstəqillik onsuz da istisna olunurdu. Ona görə əksinə, rəhbərlik işlərinə elmə arxalanan, yaradıcı, təşəbbüskar adamlar əvəzinə yaxşı icraçılar cəlb olunurdu. Onlar sadəcə olaraq yüksək rütbəli rəhbərlərin - yuxarının göstərişi əsasında fəaliyyət göstərirdilər. Onların elmi biliyə ehtiyacı yox idi.

Bu ənənə hələ tam aradan götürülməyib. Ona görə bizim vəzifəmiz yalnız yığılıb qalmış ictimai problemlərin səbəblərini, mahiyyətini üzə çıxarmaq onların həll yollarını tövsiyə etməkdən ibarət ola bilməz. Biz həm bu tövsiyələrin həqiqətən nəzərə alınması, həyata keçirilməsi işində elm adamlarının özünün iştirakını nəzərdə tuturuq.

 

 

İlkin Ağayev

 

Palitra. -2010. – 2 iyun. – S.6.