“Uşaqlara qarşı ən
böyük zorakılıq televiziyalar tərəfindən
olunur”
“Yeni Azərbaycan” qəzetinin
redaksiyasında Jurnalist Qadınlar Assosiasiyası (JQA) ilə
birgə 1 iyun Uşaqların Hüquqlarını Müdafiə
Günü ilə bağlı dəyirmi masa keçirildi. Tədbiri
giriş sözü ilə açan “Yeni Azərbaycan” qəzetinin
baş redaktoru Hikmət Babaoğlu bildirdi ki, hər bir cəmiyyətin
gələcəyini təmin edən başlıca
ünsür yeni nəsildir və ona görə də yeni nəslin
yetişməsi, bizim gələcəyimiz olan uşaqların
tərbiyə olunması, şəxsiyyət kimi formalaşması
və onların müxtəlif proseslərdə
iştirakının təmin olunması kimi məsələlər
Azərbaycan cəmiyyətinin, o cümlədən mətbuat
nümayəndələrinin
borcudur.
Məhz bu tədbirin də məqsədinin
JQA ilə birgə həmin sektorda mətbuatın üzərinə
düşən vəzifələrin, aktual məsələlərin
müzakirəsi olduğunu deyən H.Babaoğlunun sözlərinə
görə, cəmiyyətdə olan bir sıra problemlər
uşaqlıq dövründən başlayaraq onlarda
aşılanmayan vərdişlərin yaranmasına gətirib
çıxarır: “Ona görə də mövcud problemləri
nəzərə alan ölkə başçısı 2009-cu
ili Azərbaycanda “Uşaq ili” elan etmişdi və bu istiqamətdə
bir sıra tədbirlər həyata keçirildi. O cümlədən
30-dan artıq xüsusi dövlət proqramı
reallaşdırıldı. Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın təşəbbüsü ilə
uşaqlarla bağlı xüsusi tədbirlər həyata
keçirildi. Bu bir faktdır ki, əgər
çatışmazlıqlar varsa, uşaq şəxsiyyət kimi formalaşa
bilmir. Usaqlarla qurulan münasibət nə qədər zəngin
olursa, bu, onun şəxsiyyət kimi formalaşmasında da
özünü büruzə verir. Cəmiyyətdə nə
qədər şəxsiyyət olarsa, o cəmiyyət bir o qədər
də inkişaf edər”.
Dünyanın hər yerində
1 iyunun Uşaqların Hüqüqlarını Müdafiə
Günü kimi qeyd edildiyini deyən JQA-nın sədri Sevil
Yusifova bildirdi ki, bu məsələdə mətbuat da kənarda
qala bilməz. Uşaqlarla bağlı həlli vacib məsələlərin
mövud olduğunu deyən assosiasiya sədrinin sözlərinə
görə, bu istiqamətdə araşdırmalar
aparılmalıdır: “Ölkədə uşaqlarla
bağlı tədbirlər həyata keçirilir. Mövcud
problemlərdən biri odur ki, bir çox uşaqlar
bağça həyatı keçmədən kollektiv
içinə çıxdıqda problemlərlə üzləşirlər.
Uşaq mətbuatı ilə baglı problemlər var və
uşaq mətbuatının inkişafı üçün hər
bir qəzet öz töhfəsini verə bilər. Bu sahədə
bir neçə jurnal var, ancaq onlar da geniş oxucu kütləsinə
çatmır”.
Bu gün uşaq mətbuatı ilə bağlı
düşünməyə ehtiyac olduğunu deyən “İki
sahil” qəzetinin baş redaktoru V.Rəhimzadə bildirdi ki, bu
istiqamətdə həm uşaqlar üçün
kitabların, həm də mətbuatın nəşri vacibdir.
“Xalq cəbhəsi” qəzetinin
baş redaktoru E.Mirzəbəyli bildirdi ki, uşaq mətbuatının
inkişafı ölkə mətbuatının inkişafı
deməkdir. Bu sahədə mövcud problemlərdən birinin
oxucu problemi olduğunu deyən E.Mirzəbəylinin sözlərinə
görə, bu, məhz uşaqlıqdan başlayır: “Digər
vacib amillərdən biri də uşaqların internetdən
istifadəsidir ki, bunu bir şəbəkə halında
yaratmaq lazımdır”.
Milli Məclisdə usaqlarla
bağlı müəyyən məsələlərin
müzakirə olunduğunu deyən millət vəkili Gülər
Əhmədova qeyd etdi ki, bu gün bütün dünyada
uşaqların həm tərbiyələri, həm də
sağlamlıqları ilə bağlı narahatedici məqam onların
internetdən, pornoqrafik saytlardan istifadə etməsidir: “Bununla
bağlı Avropa Şurasının uşaqlara qarşı
seksual zorakılıq və seksual xarakterli hərəkətlərlə
bağlı konvensiyası var.
Azərbaycan da bu konvensiyanı imzalayıb və bu konvensiya 1
iyul 2010-cu ildən işləməyə başlayacaq ki, sonra
Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunacaq. Adıçəkilən
məsələlərin həllində televiziyaların rolu mənfi
də olur. Uşaq
hüquqlarına gəldikdə isə axşam saat 9-a kimi
açıq erotik səhnəli filmlərin yayımlanması
məsələsi uzunmüddətli müzakirə obyektidir. Bu
həm parlamentdə müzakirə olundu, həm də Prezident
Administrasiyasının rəhbəri R.Mehdiyevin məqaləsində
ictimaiyyətə çatdırıldı. Lakin buna baxmayaraq
hələ də saat 5-ə, 9-a kimi bu cür səhnələr
olan fimlər göstərilir. Xarici ölkələr, o
cümlədən Rusiya, Türkiyə televiziyalarında
olduğu kimi, bizdə də intellektual səviyyəli uşaq
verilişlərinə ehtiyac var. Bu bir faktdır ki, uşaqlara
qarşı ən böyük zorakılıq televiziyalar tərəfindən
olunur. Bunun qarşısını nə valideyn, nə müəllim
ala bilmir”.
Yazıçılar
Birliyinin nümayəndəsi Q.Nəcəfzadə isə
bildirdi ki, bu gün çoxlu sayda uşaq ədəbiyyatı,
jurnal çap olunur: “Lakin onların təbliğatı qənaətbəxş
deyil. Xüsusilə də orta məktəblərə
buraxılmır. Bundan başqa Bakıda uşaqların bəzi
kitabları əldə etmək imkanı olsa da, bölgələrdə
bu sahədə problemlər mövcuddur”. Ancaq televiziyanın bu sahədə
mühüm önəm kəsb etdiyini deyən Q.Həcəfzadə
bildirdi ki, bu gün uşaqlar üçün kompyuterdə
çoxsaylı oyunlar hazırlansa da, onlar üçün “Koroğlu”
dastanı səhnələşdirilərək disklərə
köçürülüb məktəblərə paylansa,
daha yaxşı olar.
Uşaq mətbuatı ilə bağlı iki problemin
olduğunu deyən Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin nümayəndəsi
Aynur Kərimova bildirdi ki, bunlardan biri maliyyələşmə,
digəri isə auditoriyadır: “Uşaqlarda mətbuatı
oxumaqla bağlı vərdiş olmalıdır. Televiziyada
uşaqlarla bağlı proqramlar olmalıdır. Komitə tərəfindən
uşaqlarla bağlı bir sıra işlər
görülür, hesabatlar hazırlanır. Vacib amillərdən
biri odur ki, usaqların informasiyaya çıxışı
rahat olmalıdır. Təbii ki, nəzarət
olmalıdır”.
Tədbirdə həmçinin
SİA təmsilçisi V.Vəliyev və “Paritet” qəzetinin
baş redaktoru C.Quliyev uşaqlarla bağlı mövcud
problemlər və onların həlli yolları ilə
bağlı çıxış etdilər.
Müzakirələr nəticəsində mətbuatda uşaqlarla bağlı mövzulara yer ayrılması, ölkədə bu sahədə nəşr olunan jurnalların, eləcə də televiziyalarda usaq verilişlərinin sayının artırılması kimi təkliflər səsləndi. Həmçinin televiziyalarda yayımlanan verilişlərin efir vaxtında uşaqların da nəzərə alınması üçün Milli Teleradio Şurasına müraciətin vacib olduğu bildirildi.
Nigar
Palitra. – 2010. – 2 iyun. – S.11.