Narkotika istifadəçiləri HİV-ə daha tez yoluxur

 

Dünən Bakıda HİV və QİÇS-in müalicəsi və profilaktikası üzrə qanunvericiliyin təminatı sahəsində regional əməkdaşlığın prioritetlərinə həsr olunan Mərkəzi Asiya və Azərbaycan parlamentarilərinin V-ci konfransı işə başlayıb.

Tədbirdə Milli Məclisin sədr müavini Bahar Muradova çıxış edərək bildirib ki, HİV infeksiyasının qarşısının alınması və QİÇS xəstələrinin müalicəsi Azərbaycanda ən yüksək səviyyədə qarşıya qoyulan prioritetlərdəndir: «Məlumdur ki, bu xəstəliyə yoluxanlara baxışlar eyni deyil. Onlar müəyyən təzyiqlərə məruz qalırlar. Azərbaycan dövləti və hökuməti, eləcə də parlament bununla əlaqədar müəyyən nailiyyətlər əldə edib. Bu sahə ilə əlaqədar proqramlar qəbul olunub, qanunvericilik bazası təkmilləşdirilib, HİV-ə yoluxmuş şəxslərin sosial müdafiəsi istiqamətində çox ciddi addımlar atılıb. Dünyada hər gün minlərlə insanın HİV virusuna yoluxduğunu nəzərə alsaq, aydın olar ki, atılmış addımlarla arxayınlaşmaq olmaz. Təkcə 2008-ci ildə 2.8 milyon insan bu xəstəliyə yoluxub. 23 milyon QİÇS xəstəsi dünyasını dəyişib. HİV virusuna yoluxmanın əsas amillərindən biri narkotik vasitələrdən istifadədir. Xüsusən də ineksion narkotik istifadəçiləridir. 2009-cu ildə Azərbaycanda bu xəstəliyə yoluxanların 62.2 faizi məhz ineksion narkotik istifadəçiləri olub”.

Konfransın əsasının 2006-cı ildə Qırğızıstanda qoyulduğunu xatırladan B.Muradova deyib ki, tədbiri keçirməkdə əsas məqsəd bu sahədə regional və beynəlxalq əməkdaşlığı genişləndirmək, qanunvericilik bazasını təkmilləşdirmək, lazım gələrsə yeni qanunları qəbul etməkdir. Onun sözlərinə görə, konfransda 4 plenar iclas keçiriləcək, məruzələr dinləniləcək və yekin qətnamə qəbul olunacaq.

 BMT-nin Cənubi Qafqaz ölkələri üzrə QİÇS proqramının koordinatoru Manoela Qrozdanova bildirib ki, bu xəstəlik terrorizm və separatizmdən də təhlükəlidir: “Sevindiricidir ki, konfrans iştirakçısı olan ölkələr bu sahədə müəyyən nailiyyətlər əldə edə biliblər. HİV-in profilaktikası və statitsik izləmə sistemi təkmilləşdirilib. Bu da ilk növbədə bu ölkələrin rəhbərlərinin siyasi iradəsinin ortaya qoyulması ilə xarakterizə olunur”.

Qazaxıstanın səhiyyə naziri Jansılık Doskaluyev ölkəsində HİV virusunun qarşısının alınması və QİÇS xəstələrinin müalicəsi istiqamətində görülmüş işlərdən danışıb. Qeyd olunub ki, Qazaxıstan mövcud problemin həlli ilə bağlı xüsusi dövlət proqramı, səhiyyə məsələlərinə və əhalinin sağlamlığına dair məcəllə qəbul olunub.

 

 

Nigar

 

Palitra. – 2010. – 2 iyun. – S.13.