“Kulturologiya təkcə etik yox, həm də professionalizm baxımından insanlara universal biliklər verdiyi üçün vacibdir”

 

Professor Fuad Məmmədov: “Bu sahə artıq dünyada strateji elmə çevrilib”

 

Layihə çərçivəsində vacib ictimai elmlərdən sayılan kulturologiya, onun  Azərbaycanda durumu və problemləri ilə maraqlandıq.  Mövzu ilə bağlı suallarımızı “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq, professor Fuad Məmmədov cavablandırır:

 - Azərbaycanda humanitar elmlərin inkişafı məsələsi olduqca aktualdır. Hamımız gözəl bilirik ki, Prezident İlham Əliyev artıq bəyan edib ki, iqtisadiyyatda keçid dövrü qurtardı və indi ölkə, dövlət yeni prioritetlər müəyyənləşdirir. Bu yeni prioritetlər məhz insan kapitalının formalaşması ilə bağlıdır. Prezident bəyan edib ki. Azərbaycanın strateji resursu neft yox, insan kapitalıdır. Ziyalılar və xalqımız bunu necə başa düşməlidir? Əlbəttə, söhbət fiziki gücdən getmir. Burada birinci növbədə geniş mənada insan mədəniyyətindən söhbət gedir. Məhz mədəniyyət insanın əsas kapitalıdır. Mədəniyyətdən danışanda bəziləri təkcə zurna-balaban başa düşür. Belə deyil. Mədəniyyət birinci növbədə necə dərk olunmalıdır? Mədəniyyət ruhi və maddi mədəniyyətdən ibarətdir. Ruhi mədəniyyət əqli və mənəviyə bölünür, maddi mədəniyyət isə ruhi mədəniyyətin tədqiq olunmuş nəticəsidir. İnsan ona verilmiş ağıl vasitəsi ilə dünyanı dərk edib dəyişir, öz maraqlarına uyğun həyatını qoruyub saxlayır, bunu yaxşılaşdırmaqdan ötrü xüsusi strukturlar, qurumlar yaradır. Həmçinin həyat tərzi, ənənələr, din, dil, incəsənət, elm, təhsil və başqa sahələr formalaşır ki, bütün bunlar mədəniyyətə daxildir. Bu baxımdan çox vacib kulturoloji problemin qoyuluşu yarana bilər. Belə ki, mədəniyyəti öyrənən elmlə bağlı müxtəlif baxışlar var. Bir sıra hallarda mədəniyyətşünaslıqla kulturologiyanı qarışdırırlar. Bu, kobud səhvdir. Çünki hər bir terminin öz mənası var. Mədəniyyətşünaslıq mədəniyət haqqında biliklər deməkdir. Amma elmlə biliyin çəkisi bir deyil. Elm biliklərin sistemidir. Bu baxımdan kulturologiya mədəniyyət haqqında elmdir. Elm deyərkən, buraya metodologiya, müəyyən inkişaf qanunlarının öyrənilməsi, ümumiləşdirilməsi kimi məsələlər daxildir. Mədəniyyətşünaslıq isə orta məktəb səviyyəsində və həmin elmin nəticələrinin insana aydın olan rahat formada yayılması deməkdir. Bu baxımdan Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan elmi-metodik mərkəzin adının “Mədəniyyətşünaslıq” qoyulması doğru deyil. Hesab edirəm ki, həmin yer “Mədəniyyətşünaslıq” adlandırılırsa, onda orada elmdən söhbət gedə bilməz. Əgər həmin mərkəz dövlətə elmi araşdırmalarla kömək etmək istəyirsə, onun adı mütləq dəyişib “Kulturologiya” olmalıdır. Kulturologiya insanın həyat fəaliyyəti haqqında elmdir. Buraya mənfi prosesləri çıxmaq şərtilə, hər bir nüans daxildir. Bu baxımdan sual oluna bilər ki, dünya tarixi ilə kulturologiyanın fərqi nədədir? Dünya tarixi bəşəriyyətin bütün proseslərini izləyən bir elmdir. Bütün faktları, onların izahlarını,obyektiv qanunauyğunluqları, pozitiv proseslərlə birgə destruktiv prosesləri də əhatə edir dünya tarixi. Amma kulturologiya isə mədəniyyət haqqında elm olaraq dünya mədəniyyəti və sivilizasiyası, o cümlədən milli mədəniyyətlər və sivilizasiyaların tarixi və nəzəriyyəsidir. Dünya mədəniyyəti tarixindən kulturologiyanın əsas fərqi ondadır ki, onda yalnız pozitiv, müsbət, yaradıcı proseslər öz əksini tapır. Yəni kulturologiya müharibələri, savaşları, siyasi çaxnaşmaları və sair dağıdıcı prosesləri xüsusi olaraq öyrənmir. Kulturologiya yaradıcılıq prosesinin fonunu, müəyyən səbəblərini göstərməyə ciddi diqqət ayırır. Bu baxımdan bu diqqət insan, cəmiyyət və bəşəriyyət səviyyəsində özünü büruzə verir. Bu sahə artıq dünyada strateji elmə çevrilib. Platon və Aristotelin vaxtında Herodotun da olmasına baxmayaraq, fəlsəfəyə elmlərin şahı deyirdilər. Ötən əsrin ikinci yarısından isə kulturologiya o yeri tutmaqdadır. 19-cu əsrdə fəlsəfənin əvəzinə tarix şah rolunu oynamağa başladı. Ona görə də həmin əsrə industriya və tarix əsri deyilir. Çünki Herodotun vaxtında tarix əsasən müəyyən faktları qruplaşdırırdı. Amma zaman keçdikcə  - ötən əsrlərdə fəlsəfənin imkanlarından psixologiya, sosiologiya, siyasət elmi kimi yeni sahələr yarandı. Nəticədə belə bir fikir formalaşdı ki, tarixi-fəlsəfi təfəkkürü olmayan insanlar idarəetmədə bacarıqlı ola bilməzlər. Təkcə fəlsəfə ilə mümkün deyil bu iş. Eyni zamanda tarixi təfəkkür də olmalıdır. Çünki fəlsəfə tarixlə müqayisədə mücərrəddir. Buna görə də pozitivizm, neopozitivizm kimi cərəyanlar ortaya çıxdı. Bu cərəyanları yaradanlar da elə filosoflar idilər. Onlar görürdülər ki, fəlsəfə getdikcə elmi çərçivədən kənara çıxır.

- Bu şəraitdə kulturologiyanın yaranmasını şərtləndirən amillər hansılar idi?

- Kulturologiya fəlsəfə, tarix, sosiologiya və psixologiya zəminində formalaşmağa başladı. 1949-cu ildə amerikan professoru, kultur-antropoloq Lesli Uayt mədəniyyət haqqında elm - “kulturologiya” anlayışını elmə daxil etdi və beləliklə də bu barədə yeni kitab yazıldı.  Bu kitabda göstərildi ki, zaman gələcək, mədəniyyət anlayışının ixtirası, kulturologiyanın yaranması insanın həyatının hüceyrə formaları və Kopernikin heliosentrik nəzəriyyəsinə bərabər səviyyədə dünyada qəbul olunacaq. Doğrudan da görürük ki, kulturologiya yavaş-yavaş humanitar və sosial elmlərin şahına çevrilməkdədir. Çünki kulturologiya sistemli bir elmdir.

- Azərbaycanda kulturologiyanın bir elm kimi intişar tapması barədə fikirlərinizi bilmək maraqlı olardı...

- İlk dəfə olaraq kulturologiyanın Azərbaycanda elm, maarif və tədris sistemi kimi əsası “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən qoyulub. Bu assosiasiya 1990-cı ilin aprelində yaradılıb. Yüksək səviyyədə - dövlət səviyyəsində assosiasiyamız təsdiq olunub. Əsasən Milli Elmlər Akademiyası başda olmaqla bir çox ziyalılarımız tərəfindən bəyənilib və bizim fəaliyyət müddəalarımız təqdir və təsdiq edilib. O vaxtdan Azərbaycanın milli maraqlarına uyğun şəkildə fəaliyyət göstəririk. Problem orasındadır ki,  kulturologiya ilə mən ilk dəfə olaraq 80-ci illərin sonlarında maraqlanmağa başladım. O vaxtlar təlatümlü idi. Ermənistanın təcavüzü, müstəqillik ab-havası şəraitində mən də bütün ziyalılar kimi Vətən üçün bir kömək mexanizmi formalaşdırmağa çalışırdım. Fikirləşdim ki, düzgün dünya təcrübəsinin sistemli təhlili və müəyyən əldə olunmuş nəticələr əsasında hazırlanmış, sabit inkişafa, təhlükəsizliyə aparan həyat texnologiyalarının formalaşdırılmasına nail olmaq lazımdır. Bu məqsədlə araşdırmalara, bir çox ədəbiyyatlara müraciət etməyə başladım.  Gördüm ki, kulturologiya misilsiz dərəcədə strateji önəmi olan bir elmdir. Dövlətə, cəmiyyətə xidmət etmək üçün proqramlar, layihələr reallaşdırmaq lazım idi.  “Simurq”un yaradılması təşəbbüsünü irəli sürməklə bir çox tanınmış akademikləri, professorları və dövlət xadimlərini bu işə cəlb etdim. Çoxusu bunu dəstəklədi. Beləliklə, assosiasiya yüksək səviyyədə yaradıldı. Əsas məqsəd o idi ki, Azərbaycanın mill-mədəni irsini dünyaya təqdim edək, tanıtdıraq, Azərbaycana dünyada çoxlu rəğbət göstərən dostlar qazandıraq. Həm də dünyanın qabaqcıl kəsiminin sosial tərəqqi konsepsiyalarını, texnologiyalarını öyrənərək, bunları Azərbaycanin xüsusiyyətləri, mahiyyəti şəraitində tətbiq edib dövlətimizə, cəmiyyətimizə müəyyən bir qüdrət qazandıraq. Bu assosiasiya artıq 20 ildir ki, fəaliyyət göstərir. Qurum artıq dünya miqyasında tanınır. BMT-nin təşkilatları ilə əlaqələrimiz, dünyanın bir çox ölkələrindən 30-a yaxın fəxri üzvümüz var. Bunlar əsasən tanınmış alimlərdir. Məsələn, Rusiyanın, ABŞ-ın, Macarıstanın və başqa ölkələrin kulturoloqları və xarici diplomatlarını bu sıraya aid etmək olar. Biz onlarla xalq diplomatiyası yolu ilə, Azərbaycanın milli maraqları əsasında, mədəniyyətlərin dialoqu baxımından əməkdaşlıq edirik. Şərəflisi odur ki, hələ 2000-ci ilin fevralında nailiyyətlərinə görə “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası və onun prezidenti Avropa Şurasının kulturologiya və mədəniyyət siyasəti problemləri üzrə baza toplusu siyahısına daxil edilib. Bunun özü böyük bir hadisədir. O zaman Azərbaycan hələ Avropa Şurasının üzvü deyildi. Biz bundan 9 il öncə - 1991-ci ildə Kosta-Rikada olduq və orada çıxışlar düzənlədik. Həmin çıxışların böyük əks-sədası oldu. Bu ölkə bizim təbliğatımızla Azərbaycanın yeni müstəqilliyini tanıdı. Beləliklə, Kosta-Rika bizim müstəqilliyimizi tanıyan 4-cü ölkəyə çevrildi. Ötən illər ərzində assosiasiya az iş görməyib. 9 kitab və məcmuə nəşr edilib. Bunların 3-ü dünyanın ən məşhur kitabxanalarında istifadə olunur. Biz təşəkkür məktubları alırıq. ABŞ Konqresinin kitabxanası, İngiltərə, Almaniya, Avstriya, Rusiya, Çin, Türkiyə, Yaponiya, Macarıstan, İran və bir çox ölkələr Azərbaycanı bu cəhətdən də tanıyırlar. Bundan əlavə, 10-larla elmi məqalə xarici ölkələrdə çap edilib. Assosiasiyanın prezidenti iki beynəlxalq akademiyanın bilavasitə akademikidir. Bunlar İntellektual İnkişaf Problemləri Beynəlxalq Akademiyası və Rusiyanın Pedaqoji və Sosial Elmlər Akademiyasıdır. Bundan əlavə, ABŞ Bioqrafik İnstitutunun şərəf medalı ilə təltif olunmuşuq. Ölkə daxilində də fəaliyyətimizə müəyyən qiymət verilib. “Humay” və sair kimi mükafatları almışıq. Bunlar “Simurqun” kulturologiyanın banisi kimi tanınmasının göstəriciləridir.

- Kulturologiyanın ali məktəblərdə tədrisi səviyyəsi sizi qane edirmi?

- Məni ümumiyyətlə, Təhsil Nazirliyinin bu barədə mövqeyi qətiyyən qane etmir. Mən neçə il Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda Kulturologiya kafedrasının rəhbəri olmuşam. Sonra isə bu kafedranı bağladılar. Biz tədrislə bağlı fəal iş aparırdıq,  tələbələr kulturologiyanı bütün fənlərdən çox sevirdilər. Kafedra ləğv edildi, daha sonra isə kulturologiyanın tədrisi dayandırıldı. Halbuki kulturologiya siyasi idarəetmə üçün əvəzolunmaz bir mənbədir. Çünki insanlara universal biliklər verir. Təkcə etik yox, həm də professionalizm baxımından. Bundan əlavə, mən Əmək və Sosial Münasibətlər İnstitutunda dərs deyirdim, orada da kulturologiyanı ləğv etdilər. Mən bu barədə nazirlə də danışdım. Dedim ki, xahiş edirəm, bir kollegiya çağırılsın. Başa düşülməli idi ki, Prezidentin siyasi kursu - insan kapitalının formalaşdırılması kimi məsələlərlə kulturologiyanın tədrisi, onun inkişafı bilavasitə məqsədəuyğunluq təşkil edir. Nazirlikdən bununla bağlı müzakirə olacağını desələr də, iki il keçməsinə baxmayaraq, hələ də bir xəbər yoxdur. Gec-tez buna gəlinməlidir. Amma biz vaxt itiririk. Vaxt itirəndə isə başqa ölkələrdən geridə qalırıq.

 

 

İlkin Ağayev

 

Palitra. – 2010. – 4 iyun .- S.6.