“Yerlərdə kulturoloji-mədəni səviyyənin
yüksəldilməsi mexanizmi
formalaşdırılmalıdır”
Professor Fuad Məmmədov: “Bunun Azərbaycanın
intellektual-mədəni inkişafı və idarəetmə
peşəkarlığının yüksəldilməsində
çox ciddi önəmi var”
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq, professor Fuad Məmmədovla layihə çərçivəsində bu dəfəki söhbətimiz təhsil sistemində kulturologiyanın tədrisinin məhdudlaşdırılması və bundan doğan çatışmazlıqlar barədə oldu.
- Fuad müəllim, kulturologiyanın ölkədə dirçəldilməsi üçün hansı qurumlara və nə kimi təkliflər ünvanlamısınız?
- Bizim Mədəniyyət
və Turizm Nazirliyinə təkliflərimiz ünvanlanıb.
Azərbaycanda Dünya Mədəniyyəti Beynəlxalq
Universitetinin yaranması ilə bağlı konkret təkliflər
paketimiz var. Həmçinin Kulturologiya İnstitutu, Kulturologiya
Akademiyasının yaradılması təşəbbüsü
ilə çıxış edirik və bununla bağlı da
hökumətə konkret təkliflər vermişik. Bundan
başqa ali məktəbdə kulturologiya kafedralarının
yaradılması günün aktual məsələlərindəndir
və biz bunun təmin edilməsi təklifi ilə də
çıxış edirik. Bütün bu məsələlərin
Azərbaycanın intellektual-mədəni inkişafı və
idarəetmə peşəkarlığının yüksəldilməsində
çox ciddi önəmi var. Həmçinin təkliflər
sırasında orta məktəblərdə kulturologiya kabinetləri
və mədəniyyətşünaslıq fənninin təşkil
olunması da xüsusi önəm kəsb edir. Bu, hələ
erkən yaşlardan yeniyetmə və gənc
insanlarımızda kulturologiya və mədəniyyətşünaslıqla
bağlı zəngin biliklər
formalaşdırılmasına imkan yaradacaq. Bundan əlavə,
Azərbaycanın bölgələrində kulturoloji mərkəzlər
açılmalıdır.
Xalqın
qüdrətinin onun mədəniyyətində olması
faktı heç vaxt unudulmamalıdır. Prezidentimiz də
həmişə bunu vurğulayır. Bunun
üçün də yerlərdə mədəniyyətin
yüksəldilməsi mexanizmi
formalaşdırılmalıdır. Mexanizm
isə qeyd etdiklərimin kompleks şəkildə
reallaşdırılmasından sonra formalaşa bilər.
Şəxsiyyət və liderlərin
bütün səviyyələrdə formalaşması bizim
üçün çox gərəklidir. Bu məqamda söhbət təkcə dövlət məmurlarından
getmir. Qeyri-formal təşkilatlar da bu məsələdə
diqqətə götürülməlidir. Yəni
bələdiyyə nümayəndələri, qeyri-hökumət
təşkilatları təmsilçiləri, yaradıcı
ittifaqların rəhbərləri və üzvlərinın əksəriyyəti
kulturoloji biliklərdən məhrumdur. Çünki
sovet dövründə kulturoloji biliklər tədris edilməyib.
Elə indinin özündə də qeyd etdiyim
kimi, bu sahədə ciddi boşluqlar var. Ona görə də
kulturologiya ilə bağlı cəmiyyətin öndə getməli
olan təbəqələrində məlumatsızlıq,
biliksizlik və elmsizlik hökm sürür. Həm məmurlara, həm tələbələrə,
həm də əhaliyə bu elmlə bağlı sistemli tədris
keçirilməlidir.
- Bəs hazırkı
kulturoloji tədris səviyyəsi bizdə nə ilə məhdudlaşır?
- Ötən müsahibəmdə
qeyd etdiyim kimi, Prezident yanında Dövlət İdarəçilik
Akademiyasında kulturologiya kafedrası hələ o vaxt ləğv
edildi. Hazırda isə həmin akademiyanın
rektoru Seyfəddin müəllim Qəndilov sağ olsun, bizə
idarəetmə mədəniyyəti kursunu saxlayıb. Amma kulturologiya milli və dünya mədəniyyəti
sivilizasiyasının kursu kimi artıq tədris edilmir. Onu
da qeyd edim ki, Rusiyada elə bir orta və ali
məktəb tapılmaz ki, orada kulturologiya fənni tədris
edilməsin. Humanitar və texniki ixtisaslardan asılı
olmayaraq, kulturologiya
hər yerdə tədris edilir. Hətta bu mədəniyyət
fənni Türkiyədə, bütün bakalavriat pilləsi boyunca- 4 il
ərzində tədris edilir. Halbuki bizdə
kulturologiya sahəsində olan nailiyyətlər Türkiyədə
yoxdur. Nəinki Türkiyədə, heç bir müsəlman
ölkəsində bizdə bu sahədə olan qədər
nailiyyət yoxdur.
- Bu mənada o fikri səsləndirmək
olar ki, Azərbaycan təhsil sistemində kulturologiyanın tədrisinin
məhdudlaşdırılması Bolonya prosesinə
də bir o qədər uyğun gəlmir? Yoxsa
uyğun olduğu üçün belə məhdudlaşdırma
tətbiq edilib? Ümumiyyətlə, bu barədə
nə düşünürsünüz?
- Bolonya
prosesi indiki halda bilinmir ki, bizim milli maraqlarımıza nə qədər
cavab verir. Fikrimcə, Bolonya prosesi
ümumi təhsil səviyyəsini aşağı salan bir
sistemdir. Çünki orta məxrəclər
üçün nəzərdə tutulub. Yəni
burada elitar hazırlıq nəzərə alınmayıb.
Amma biz öz milli maraqlarımıza, Prezidentin
dediyi kursa uyğun olaraq təhsil sistemimizi
formalaşdırmalıyıq. Bolonya
prosesinə qoşulanda belə, bu milli inkişaf məqsədlərimiz
nəzərə alınmalı idi. Eləcə
də Bolonya prosesi ilə bağlı heç bir müddəada
göstərilmir ki, konkret olaraq kulturologiyanın tədrisi ləğv
edilməli, yaxud məhdudlaşdırılmalıdır.
Bunu heç kim bizə qadağan etməyib.
Bəs belə olduğu halda, özümüz
niyə düzgün qərar qəbul etməyək?
20 ildir ki, kulturologiyanın ölkədə
əsasını qoyan adam kimi bu sahədə
çalışıram. Dünyada məni
tanıyırlar, beynəlxalq elmi-kulturoloji jurnal
buraxırıq, Ali Attestasiya Komissiyası bu jurnalı təsdiq
edərək reyestrinə salıb. Bu
jurnalın redaksiya üzvləri qabaqcıl ölkələrin
tanınmış alim və ekspertləridir. Bütün bunlar yüksək göstəricilərdir.
Amma bir adam bu barədə mənimlə məsləhətləşmir
ki, hansı işlər görülməldir ki, vəziyyət
yaxşılaşsın. Başa
düşülməlidir ki, mütləq qeyri-hökumət təşkilatlarının
təşəbbüsləri və potensialından
asılı olaraq əməkdaşlıq və partnyorluq etmək
lazımdır. Misal üçün, biz cənab nazir Əbülfəs
Qarayevi “Simurq”un beynəlxaql medalı il təltif
etdik. Bu, mədəniyyət və turizm nazirinə
kulturologiyaya dövlət dəstəyi verildiyinə görə
təqdim edildi. Son günlərdə isə
nazirlik kulturoloqların ikinci forumunu keçirdi və sair.
Amma yerlərdə
- elə lap həmin nazirliyin özündə, eləcə
də Təhsil Nazirliyində çoxusu hələ
kulturologiyanın önəmini lazımınca dərk etmir. Bizimlə əməkdaşlıq aparmırlar.
Azərbaycanın milli maraqları, dövlətin
strateji kursuna uyğun olaraq dövlət strukturları ilə
qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti
münasibətləri formulası çərçivəsində
nəinki əməkdaşlıq, partnyorluq
aparılmalıdır. Nə
üçün belə olmasın və nəticədə də
bizim nailiyyətlərimiz, tədqiqatlarımız başqa
ölkələrdə istifadə olunsun? Halbuki
bütün nailiyyətlərimiz, kulturoloji resurslarımız
öz inkişafımıza həsr edilməlidir. Bu məqam lazımınca dərk edilməlidir.
- Kulturologiya dərsliklərindən
ali məktəblərdə nə dərəcədə
istifadə olunur?
- Bizim kitablarımızdan hər
halda, istifadə olunur. Məsələn,
Bakı Dövlət Universitetində dosent Fidan Fərəcova
mənim kitablarım əsasında tədris aparır. Hər halda, “Simurq” tərəfindən təkcə
dərslik xarakterli üç monoqrafiya yaradılıb. Bunların üçü də Rusiyada strateji
kulturologiya kimi qiymətləndirilib. Deyilib
ki, bu mövzularda Rusiyada kitablar hələ ki, yoxdur. İdarəetmə mədəniyyəti ilə
bağlı kulturoloji kitab barədə isə Rusiya alimləri
deyir ki, nəinki Rusiyada, dünyanın heç bir ölkəsində
belə kitab yoxdur. Mən bunu özümə
görə yox, milli maraqlar baxımından qeyd edirəm.
- Sizin kulturologiyanın tədrisinin
məhdudlaşdırıldığı və ya ləğv
edildiyi barədə fikirləriniz başqa formada digər alimlər
tərəfindən də səsləndirilir. Belə ki, professor Səlahəddin
Xəlilov bizə müsahibəsində bildirmişdi ki, fəlsəfənin
və digər sosial elmlərin tədrisinin məhdudlaşdırılması
düzgün deyil. Həmçinin digər alimlər
də qəzetimizə bu barədə müsahibələrində
bildiriblər. Deməli, bu cür fikirlərin
hər hansı əsası olmamış deyil. Necə düşünürsünüz?
-
Deyilənə görə, Boloniya prosesində humanitar fənlərə
az yer ayrıldığına görə
nazirlik belə edir. Amma bu düzgün
yanaşma deyil və bayaq da bu barədə bildirdim. Məsələn, mən idarəetmə mədəniyyəti
üzrə mütəxəssisəm. Elə
idarəetmə baxımından da bu düz deyil. Bu cür məhdudlaşdırılma qərarlar
hansı meyarlar əsasında və necə məsləhətlər,
müzakirələr olmadan qəbul edilirsə, bu məlum
deyil. Bu cür qərarları qəbul etməzdən
öncə alimləri, məsələn Səlahəddin
müəllimi, məni və digər insanları,
ziyalıları, alim və ekspertləri müzakirələrə
cəlb etmək olmazdımı? Təbii
ki, ziyalı və alimlər, tədrisə dəxli olan
insanlar da təhsil sisteminin və elmimizin durumunun
yaxşılığını istər. Belə
olduğu halda, niyə bu mütəxəssis və alim
ordusunun rəyi, fikirləri və təklifləri nəzərə
alınmır? Boloniya sistemini özümüzəxas şəkildə
mənimsəməli idik. Tarixi şəraitimizə,
milli maraqlarımıza uyğun formalaşdırmalıyıq
bu proqramları. Orada olan nə varsa,
hamısının surətini köçürüb,
heç düşünmədən təhsilə və elmə
tətbiq etmək kökündən yanlışdır.
Bir məqamı da
bildirim. Kulturologiya ilk dəfə ABŞ-da
yaranmışdı. Amma bu ad Rusiyada da
olduğu kimi saxlanılıb. Qərb
ölkələrinin çoxunda bu, sosial antropologiya və mədəniyyət
antropologiyası adlanır. Mədəniyyət
və ya kültür antropologiyası insanın həyat fəaliyyətini
əhatə edir, sosial antropologiya isə cəmiyyət həyatını
ehtiva edir. Biz isə Rusiya və ABŞ
modeli barədə sistemli təhlil aparıb ortaya öz
kulturoloji xəttimizi qoyuruq. Niyə bizim
yaratdığımız formullardan xarici ölkələrdə
istifadə olunur, bizdə yox?
Bir faktı da
deyim.
İngiltərənin ali məmur korpusunun
75 faizi generalistlər adlanır, 25 faizi isə ekspertlər təşkil
edir. Generalistlər ekspertlərə onların hərəsinin
sahəsinə uyğun tapşırıqlar verir, onlar
ekspertiza hazırlayırlar, sonra isə generalistlər
bunların hamısını təhlil edirlər. Son qərarı generalistlər qəbul edir. Generalistlər isə universal kulturoloji bilikləri
olan mütəxəssislərdir. Fransada
Dövlət İdarəetmə Akademiyası var. Fransanın ən
böyük məmurlarının hamısı oranı
bitirib. Oraya şifahi imtahan vermədən
qəbul olunmur. Oranı bitirəndə də
əgər real kulturoloji bilikləriniz yoxdursa, sizə
heç diplom da vermirlər. Sadəcə
arayışla sizi yola salarlar.ABŞ-ın Mərkəzi Kəşfiyyat
İdarəsinin əsas işçiləri ciddi
kulturoloqlardır. Onlar insanların davranış və
xüsusiyyətlərini, mədəni səviyyələrini
12 üsul, 3 səviyyə və 8 pillə ilə öyrənirlər,
diqqətlə təhlil edirlər. Belə
kulturoloji məsələlər barədə dərin biliyə
sahib olandan sonra istənilən çətin problemlər həll
oluna bilir.
İlkin Ağayev
Palitra. – 2010. – 8 iyun. – S.6.