Kimya elmləri doktoru, professor Etibar İsmayılov:
“Müasir təbabətin həm diaqnostikası, həm də
müalicəsi nanotexnologiyaların istifadəsi əsasında
qurulur”
Layihə çərçivəsində
növbəti müsahibimiz AMEA-nın akademik Y.Məmmədəliyev
adına Neft-Kimya Prosesləri
İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru,
professor Etibar İsmayılovdur.
- Nanotexnologiyalar sahəsində
ölkəmiz üçün prioritet olan nədir?
- Ölkə
Prezidenti tərəfindən Azərbaycan üçün
üç istiqamət prioritet elan edilib - bunlardan birincisi
informasiya texnologiyaları, ikincisi alternativ enerji mənbələri
və nəhayət, üçüncüsü
nanotexnologiyalardır. Bu üç istiqamətdə tədqiqatlar
aparılır, inkişaf gedir.
Azərbaycan
neft-qaz ölkəsidir və ilk növbədə ölkəmiz
üçün nanotexnologiyalar neft-qaz sənayesinin
inkişafına, onun yeni əsaslarda qurulmasına xidmət etməlidir. Son 15-20 il
ərzində dünyada kompyuter texnologiyaları sahəsində
olan uğurlar mövcud texniki, texnoloji durumun bütün
istiqamətlərində, o cümlədən analitik
cihazqayırma sahəsində çox böyük dəyişikliklərə
gətirib çıxardı. Kompyuter texnologiyalarının
istifadəsi əsasında qurulan və idarə olunan analitik
cihazlar atom-molekulyar proseslərin idarə olunması səviyyəsində
və bu əsaslarda yeni texnoloji proseslərin qurulması
imkanını verdi.
Neft-Kimya Prosesləri
İnstitutu ölkəmizin ilk tədqiqat
institutlarındandır, neftlərin tədqiqi və emal
texnologiyalarının işlənməsi sahələrində
aparıcı institut olub keçmiş SSRİ məkanında
və hazırda aparıcı institutlardan olaraq qalır. Neftin
özü nanokolloid olduğuna görə onun
çıxarılması, nəqli, emalı ilə əlaqədar
işlənən texnologiyalarda onun bu nanokolloid təbiəti nəzərə
alınmalıdır. Keçən 10-15 ildə institutun
bu istiqamətdə bir sıra uğurları var. Neftin
çıxarılmasında, nəqlində, emalında səmərəli
ola biləcək nano əsaslı kompositlərin
hazırlanması və istifadəsi texnologiyalarının
işlənməsi institutda aparılan elmi-tədqiqat işlərinin
uğurlu nəticələri hesab edilə bilər. Nanostrukturlu yeni nəsil katalizatorların
hazırlanması texnologiyalarının işlənməsi də
institutun prioritet istiqamətlərindəndir. Neft və
qazın emalı texnologiyalarının
nanoölçülü sistemlərinin tədqiqi və bu tədqiqatların
əsasında yeni texnoloji sxemlərin yaradılması və
mövcud texnologiyaların intensivləşdirilməsi, səmərəliliyinin
artırılması, ekoloji baxımdan zərərsiz olan
texnologiyaların işlənməsi və alternativ enerji mənbələrinin
nanotexnoloji, yəni elmi baxımdan daha yüksək tutumlu
texnologiyalar əsasında qurulması institutun mühüm
istiqamətləri sırasındadır. Azərbaycanda
elmi-texniki müəssisələr, universitet və akademiyalar,
əksər müəssisələr artıq bu istiqamətdə
işlərini qururlar. Bu təşkilatların
sırasına müxtəlif profilli həm dövlət, həm
də özəl müəssisələri aid etmək olar.
- Bu sahənin
inkişafında mövcud problemlər hansılardır?
- Eksperimental işlərin tələb
olunan səviyyədə təşkili və aparılması
baxımından həmişə çətinliklər olub. İndi də bu çətinliklər qalır.
Bu çətinliklər özünü ilk
növbədə tələb olunan elmi-texniki
avadanlığın alınmasında və xüsusilə də
gənc kadrların cəlb olunmasında, hazırlanmasında
və bu potensialın istifadəsində göstərir.
Sovet dövründən ölkəmiz üçün ən
böyük qazanclardan biri elmi kadrların yetişdirilməsi, kadr potensialının
hazırlanması, bu kadrların inkişafı
üçün tələb olunan şəraitin, imkanın
olması olub. Hələ 1970-ci ildən ulu
öndər Heydər Əliyevin göstərişi ilə
Rusiyaya gənc kadrlar göndərilirdi. Həmin
kadrlar artıq Azərbaycana yeni təfəkkürlə
qayıdırdı. Keçən əsrin
80-cı illərinin kadrları 70-ci illərin kadrlarından da
daha hazırlıqlı oldular və onlar Rusiyada, ondan kənarda
güclü elmi mərkəzlərdə öz biliklərini
ortaya qoyurdular. Azərbaycanın indi
müstəqil ölkə kimi dünyaya inteqrasiya olunması
imkanları daha genişdir. Həmçinin
hazırda region ölkələrindən iqtisadi baxımdan
daha güclüdür. Artıq Azərbaycan
kənardan edilən güclü təsirləri dəf edə
bilir, artıq nəinki regionun birinci ölkəsidir,
dünyada sayılan ölkələr sırasındadır,
indiki neft-qaz problemlərinin mövcud olması
baxımından Azərbaycan dünya ölkələri
üçün məna kəsb edir. Bununla
belə ölkəmiz yalnız resurslarına görə deyil,
eyni zamanda intellektual potensialına görə də
güclü olmalıdır. Bu mövcud
potensialı itirməmək üçün biz çox diqqətli
olmalıyıq. İlk növbədə hazırda
yaşından asılı olmayaraq mövcud professional elmi
kadrlarımızı qiymətləndirməliyik, onlara imkan
yaradılmalıdır, müəyyən şərtlər
daxilində yaxın üç il ərzində
gənc nəsli elmi işlərə cəlb etsinlər və
işlədikləri sahələrdə onları əvəz
edə biləcək kadr hazırlasınlar. Kadr
hazırlığı baxımından zəncir
qırılmamalıdır, bu iş düzgün
qurulmalıdır - dünyanın mövcud elmi-texniki
potensialını araşdıra, ondan istifadə edə bilən
kadrları hazırlamalıyıq. Faktiki
savadın verilməsi, aşılanması və istifadə
olunması baxımından problemlərimiz var. Belə ki, bilik
sistemi indi gənclərdə xaotik şəkildədir. Yaşlı kadrlar da dünyaya inteqrasiya
olunmalıdır və səviyyəsini saxlamalıdır.
Bu gün elmi-texniki potensialın düzgün
istifadəsində məmur amili də maneəyə
çevrilib. Belə ki, bu gün bir sıra məmurlar
professor, doktor və s. adlarını və dərəcələrini
almağa çalışır. Məmurun buna
ehtiyacı olmamalıdır. Hərənin
öz vəzifəsi, işi olmalıdır. Mən məmur olmamalıyam, məmur elmi
işçi olmamalıdır, bunu hamımız dərk etməliyik,
buna əməl etməliyik. İşləmədən,
o sahənin ixtisasçısı olmadan o sahənin ixtisas diplomunu,
dərəcəsini almamalıyıq. Biz
bu cür işlərdən uzaqlaşmalıyıq. İntellektual potensialımızı itirməyə
ixtiyarımız yoxdur. Yaşından
asılı olmadan elmi işçilərimizi,
kadrlarımızı qorumalıyıq. Azərbaycanın
prioritet olan sahələrdə ön cərgələrdə
durmaq imkanı var. Bu istiqamətdə olan problemlər aradan
qaldırılmalıdır.
- Gənclərin bu sahəyə
marağı sizi qane edirmi?
- Əslində
yox. Düzdür, indiki dövrün gəncləri
mövcud informasiyanın qəbulu baxımından əlbəttə,
bizi çox qabaqlayırlar. Bu belə də
olmalıdır, ancaq bu azdır. İnkişaf
üçün mükəmməl savad, professional bilik
lazımdır. Dünyada bu qiymətləndirilir
və bu bilik iqtisadi səmərə verir, ölkəyə
hörmət, pul gətirir, onu zənginləşdirir, həm
iqtisadi, həm mənəvi baxımdan. Elmi-texniki
biliyi yüksək olan, qloballaşan dünyada öz ölkəsini
təmsil edə bilən intellektli gənc kadrlara
ehtiyacımız var. Bizim əvəzimizə heç kəs
bunu etməyəcək. Dünyanın
praqmatizmi var, bütün millətlərə, xalqlara bu
xasdır və bunu nəzərə almalıyıq. Dunyaya özümüzü intellektual səviyyəsi
yüksək olan, bəşəri meyarları qiymətləndirən
və nəzərə ala bilən bir millət, xalq kimi
tanıtmalıyıq, öz yerimizi tutmalı və
saxlamalıyıq. Bizim çox mütərəqqi,
digər millətlərin, xalqların bizdən öyrənəcəyi,
qəbul edəcəyi cəhətlərimiz var. Bunları da
biz nəzərə almalıyıq və qorumalıyıq. Bunu da bizim gənclərimiz etməlidir.
- Nanotexnologiyalardan istifadə
elmin inkişafına nə verir?
- Əvvəla,
onu deyim ki, nanotexnologiyalar elmi baxımdan tutumu yüksək
olan texnologiyalardır və bu texnologiyalara sahib olmaq, onları
yaratmaq və istifadə edə bilmək üçün ilk
növbədə elmi mərkəzlərimizi qurmalıyıq,
münasib kadrlarımızı hazırlamalıyıq. Nanotexnologiyalar nano
ölçülü zərrəciklərin malik olduğu
xassələrin istifadəsi əsasında
qurulan texnologiyalardır. Nano ölçülü zərrəcik
dedikdə, ölçüləri on üstü mənfi
doqquz metr tərtibində olan zərrəciklər nəzərdə
tutulur. Bu ölçülərdə zərrəciklərin
xassələri makro ölçülərdə olan zərrəciklərin
xassələrindən kəskin fərqlənir. Əvvəllər
hesab edilirdi ki, maddənin xassələri onun ölçüsündən
asılı deyil və ölçüsündən
asılı olmayaraq hər hansı maddə eynixassəlidir. Lakin
elmi araşdırmalar göstərir ki, zərrəciklərin
ölçüləri kiçildlkcə, məsələn,
mis naqilin ölçüləri kiçildlkcə, onun səthində
olan atomların sayı artır, səth atomlarının
sayının həcmdə olan atomların sayına nisbəti
böyüyür, zərrəciyin xassəsi artıq səth
atomlarının xassələri ilə müəyyən
olunur. Onu da qeyd edim ki, ilk dəfə 1959-cu ildə
amerikalı alim Feynman nano-ölçü intervalında zərrəciklərin
makroölçülü zərrəciklərdən fərqli
xassə göstərə biləcəyi fikrini söyləyib.
Rentgen mikroskopiyası çıxan dövrdən artıq zərrəcikləri
ölçülərinə görə anqstrem, nano-metr
miqyaslarda fərqləndirmək, seçmək mümkün
idi. Keçən əsrin 80-cı illərindən sonra zərrəciklərin
xassələrinin onların yalnız nədən ibarət
olmasından yox, eyni zamanda ölçülərindən də
asılı olması və hər bir maddə
üçün bu asılılığın individual
olması çoxsaylı eksperimentlərlə göstərildi.
Məsələn, mis üçün bir, nikel
üçün başqa bir ölçüdə və s.,
müəyyən kritik ölçülərdə mis
üçün xarakterik olan metallik xassə itir və o,
artıq məsələn, elektrikkeçiriciliyinə malik
olmur. Nanotexnologiyaların qurulması nano miqyasda gedən
proseslərin, nano ölçülü zərrəciklərin
iştirakı ilə proseslərin aparılması algoritminin,
bunun əsasında prosesin texnoloji sxeminin qurulması deməkdir. Nano miqyasda, nano
ölçülü zərrəciklərin iştirakı ilə
gedən proseslər üzvi və qeyri-üzvi aləmə
xasdır, canlı orqanizmlərdə gedən proseslərin əsasında
durur.
Hazırda
müasir təbabətin həm diaqnostikası, həm də müalicəsi
nanotexnologiyaların istifadəsi əsasında qurulur. Məsələn, indi maqnit
rezonansı tomoqrafiyasından istifadə etməklə müəyyən
kəsiklərdə, bioloji sistemdə olan dönmələri,
şişləri və s. aşkar edirlər və müalicə
üsullarıını işləyirlər. İndiki
dövrdə nano ölçülü sistemlərdən
istifadə edib müalicə preparatını insan orqanizmində
tələb olunan nöqtəyə çatdırmaq olur. Bunun
üçün nano ölçülü maqnit xassəli zərrəciklərdən
istifadə edirlər və onu insanın orqanizminə yad
olmayan müəyyən örtüklə bürüyürlər.
Həmin nano ölçülü maddəyə dərmanı
“yapışdırırlar” və onu insanın orqanizminə
daxil edərək tələb olunan sahəyə
çatdırırlar. Orada həmin örtüyü
dağıdırlar və maddə artıq bu sahədə
çevrilmiş hüceyrəyə təsir edə bilir. Beləliklə,
indiki dövrün onkodiaqnostikasında birinci vacib amillərdən
biri hüceyrənin dönməsini ilkin mərhələlərində
müəyyən etməkdir və həmin mərhələdə
tələb olunan dərmanı tələb olunan sahəyə
çatdırmaqdır. Onkoloji preparatlar əvvəllər də
mövcud olsa da, onların insan orqanizminə daxil edilməsi
üsulları orqanizm üçün problemlər
yaradırdı. Bu cür kimyəvi terapiyanın fəsadları
arzuolunmaz nəticələrə gətirib
çıxarırdı, orqanizmin biokimyəvi statusunu kəskin
pozurdu, əlavə reaksiyaların, təsirlərin nəticəsində
müalicə əvəzinə bütün orqanizmi sıradan
çıxarırdı. İstifadə olunan dərmanların
köməyi demək olar ki, olmurdu.
İndiki dövrdə
nanotexnologiyalardan elmin, texnikanın, tibbin, demək olar ki, insan
həyatının bütün sahələrində,
bütün istiqamətlərində istifadə edilir və
kifayət qədər də uğurlar var. 20-30 ildən sonra
aramızda bizim oxşarlarımız olan robotlar gəzəcəklər
və biz onları fərqləndirə bilməyəcəyik.
İnsanların elektron variantları olacaq. İnsanın
potensial imkanlarının artırılmasında bu cür
texnologiyaların köməyi çox olacaq və o zaman insan
daha yüksək intellektual məsələlərlə məşğul
olacaq. Çünki insan beyni buna yönəlib, bunu tələb
edir, insan kəşf edir, araşdırır, daim öyrənmək
istəyir. Nanotexnologiyalar imkan verəcək ki, insan istifadə
etmədiyi potensialdan çox yüksək səviyyədə
istifadə edə bilsin.
Nigar
Palitra. -2010. – 8 iyun. – S.7.