Telekanallar problemli ailələri efirə
çıxarmaqla nə məqsəd güdürlər?
Psixoloq Humay Axundzadə: “Bu cür verilişlər qeybət
xarakterli yox, tamaşaçı üçün ibrət
xarakterli olmalıdır”
Telekanalların keyfiyyətli
veriliş hazırlaması problemi aktual olaraq qalır. Son
zamanlarda yüksək səviyyələrdən tənqid
olunmalarına baxmayaraq, onlar ciddi sosial yüklü verilişlər
təqdim edə bilmirlər. Doğrudur, bu cür tənqidlərdən
sonra bəzi telekanallarda yeknəsəq şou
proqramlarının yükünü azaltmaq üçün və
ya onlara görə “kompensasiya” olaraq bəzi cəhdlər
edildi. Nəticədə isə ailə problemləri və ailədaxili
münaqişələrə həsr olunmuş bir sıra
verilişlər ortaya çıxdı. Amma bu verilişləri
izləyərkən onların da keyfiyyətli
olmadığı qənaətinə gəlmək olar.
Bu barədə birinci olaraq bildirək
ki, hazırda yayımlanan bu cür verilişlər Rusiya, ya da
Türkiyə telekanallarında yayımlanan verilişlərin
süjetinə uyğun hazırlanır. Amma bizim kanalların
hazırladıqları belə verilişlər hazırlanma və
təqdim edilmə səviyyəsinə görə əksər
hallarda ictimaiyyət və izləyicilər üçün əks-effekt
verə bilər. Xarici telekanallarda yayımlanan adekvat
verilişlərin əsas fərqi ondadır ki, onlar daha
çox ailə münaqişələrinin
qarşısının alınması baxımından
profilaktik xarakter daşıyırlar. Məsələn, Rusiya
telekanallarında yayımlanan belə verilişlərdə ailə
münaqişələrindən qaçılma yolları
göstərilir, ümumiləşdirmələr
aparılır, ekspert məsləhətləri, psixoloq
yanaşmaları əhatəli şəkildə tətbiq
edilir. Bununla da istər konkret problemi olan bir ailənin çətin
vəziyyətdən çıxması üçün
aydın yollar göstərilir, istərsə də
ümumilikdə cəmiyyət ailə məsələləri
ilə bağlı maarifləndirilmiş olur. Bu cür hallarda
verilişlər hazırlanarsa, haradasa ailə
boşanmalarının, insidentlərinin
qarşısını almaq üçün məsləhətlər,
ailədə hər kəsin üzərinə düşən
öhdəliklər, davranış qaydaları barədə
doğru istiqamətləndirmələrlə bağlı
faydalı xarakter daşımış olar.
Bizdəki oxşar mövzulu
verilişlər isə hər hansı konkret fərdlərlə
bağlı, həmin fərdlərin studiyaya dəvət
olunması ilə xarakterizə oluna bilər. Belə hallarda hər
hansı bir qadının emosiyasını ifadə edə-edə
problemini bildirməsi və onun problemləri ilə
bağlı səs-küylü müzakirələrin
aparılması, sonda da problemin həlli ilə bağlı
heç bir nəticənin hasil olmaması ümumi bədbin
ton yaradır. Bizdəki telekanallarda bu cür verilişlərdə
isə daha çox mənfi nəticələr cəmiyyətə
təqdim edilir, boşanma və zorakılıq hekayəsi
işıqlandırılır, veriliş sonda isə nəticəsiz
və acı ovqatla tamamlanır. Həmçinin, bu cür
verilişlər şüuraltı olaraq boşanmalara ictimai rəydə
adi yanaşılması meylini gücləndirə bilər. Bu
hal həm də milli dəyərlər və mentalitet
baxımından özündə mənfiliyi ehtiva edir. Beləliklə,
telekanallarımızda hazırda yayımlanan ailə
verilişləri ən çox bu cür təsvir edilə bilər.
Deməli, sosial-psixoloji kontekstdə götürsək, belə
verilişlərin Azərbaycan ailələrinə, ictimaiyyətə
xeyirdən çox, zərəri dəyə bilər.
Bu baxımdan bizə fikirlərini
bildirən psixoloq Humay Axundzadə də mövqeyimizi
bölüşür: “Ailədaxili münaqişələrə
aid olan verilişlərin işıqlandırılması
ustalıq və profesionallıq tələb edir. Hadisələrin
təqdimində qeyri-məntiqilik, ziddiyyətlərin öz həllini
tapmaması cəmiyyətdə əks-effekt doğurmasına
gətirib çıxara bilər. Xüsusilə televiziya vasitəsilə
göstərilən hansısa problem
tamaşaçının müəyyən problemi ilə
üst-üstə düşürsə və
tamaşaçı həmin verilişdə hadisənin ortaya
qoyulmasından heç bir nəticə, heç bir
çıxış yolu və həll istiqamətlərinin
müəyyənləşmədiyini görürsə, onda bədbinləşmə
hissi güclənir. Çox zaman görürük ki,
boşanma, zorakılıq və sair ailə münaqişələrinə
toxunan mövzular qoyulsa da, onların səviyyəsi yetərincə
olmur. Yaxud da mövzu qoyulur, amma auditoriya idarə edilə
bilmir. İştirakçıların davranışına nəzarət
olmur”.
Yuxarıda qeyd etdik ki,
telekanallar yeknəsəqlikdən yaxa qurtarmaq üçün
sosial yüklü verilişlər hazırlamağa meyilləndilər.
Amma hazırlanan bu cür verilişlər belə, daha
çox qalmaqal yaratmaq və bununla izləyici cəlb etməyə
hesablanıb ki, bu da usandırıcı şou
proqramlarının başqa formada təkrarı kimi də qəbul
edilə bilər. Çünki şou proqramlarında
olduğu kimi, burada da qalmaqalı və səs-küyü
nümayiş etdirməklə auditoriya cəlb etmək və
reytinq əldə etmək məqsədi güdülür. Psixoloq
bu məqamla bağlı deyir: “Bir sıra hallarda belə fikrə
gəlmək olur ki, bu cür verilişləri hazırlayanların
məqsədi odur ki, verilişlərdə
qarmaqarışıqlıq, qalmaqal və dava-dalaş
düşsün. Belə verilişləri hazırlayanlar
qalmaqala nail olmaqla işlərini bitmiş hesab edirlər. Çünki
onlar qalmaqal yaratmaqla yaxşı veriliş reklamı edəcəklərini
və izləyici cəlb edə biləcəklərini,
başqa sözlə, “reytinqə işləyəcəklərini”
yaxşı bilirlər. Çox zaman isə ailə
münaqişələri ilə bağlı olan verilişlərdə
müəyyən ümumiləşdirmələr də
aparılmır. Halbuki verilişin yekununda bu cür ümumiləşdirmələr
aparılmalıdır. Bu cür ümumiləşdirmələr
olsa belə, verilişin məzmunu və orada baş verənlərlə
uyğunluq təşkil etmir. Aparıcılar sırf subyektiv
mövqelərini ifadə edir və qəbul etdirməyə
çalışırlar. Həddindən artıq səthi
yanaşmalar nümayiş etdirilir. Bəzən hiss olunur ki, əvvəlcədən
hansısa hazırladıqları sözləri deməklə
verilişi yekunlaşdırmağa çalışırlar
ki, bu da süni alınır. Bu cür sözlər isə həmin
verilişin gedişi ilə qətiyyən üst-üstə
düşmür”.
Ailə problemləri ilə
bağlı verilişlərdə başqa bir nöqsan ekspertlərlə
bağlıdır. H.Axundzadə deyir: “Bəzən aktual
mövzular qoyulsa da, verilişə dəvət olunan ekspertlər
həddindən artıq mücərrəd məsələlərdən
danışırlar. Belə problemlə bağlı insan,
yaxud verilişə dəvət olunan iştirakçı
özü üçün heç bir nəticə
çıxara bilmir. Belə olduğu halda, ekspert məsləhəti
faydasız olur. Yəni faktiki olaraq mövzu ətrafında
mücərrəd söhbətlər aparılır. Yaxud da
verilişə kimsə zəng edir və fikirlərini bildirir.
Bununla bağlı onu bildirmək istımirəm ki, kiminsə
öz ailəsi daxilində baş verənləri
açıqca bildirməsi nə
dərəcədə milii düşüncə tərzimizə
uyğundur. Bu, məsələnin başqa tərəfidir.
Amma veriliş iştirakçıları həmin adamın zəngindən
sonra onu qınamağa başayırlar. Deyirlər: “Utanmadan
ailəsi ilə bağlı məsələləri
açıb-ağardır. İnanmıram ki, məsələ
onun dediyi kimidir”. Burada bir sual yaranır: Əgər siz
tamaşaçının zəng edib belə fikir söyləməsinə
hazır deyilsinizsə, niyə bu cür problemli mövzulara
girişmisiniz? Yəni bu cür verilişləri
hazırlayanlar istənilən situasiyaya, tamaşaçı
fikrinə və emosiyalarına hazır olmalıdırlar”.
Bəs telekanallarda bu cür
verilişləri hazırlamaq üçün hansı
hazırlıq mərhələlərindən keçmək
lazımdır? Xarici telekanalların bu barədə hansı təcrübələri
var? Ümumiyyətlə, xarici ölkələrdə belə
bir praktika mövcuddur ki, televiziya işçiləri və
ümumilikdə KİV nümayəndələri material
hazırlamaq üçün xüsusi təlimlər
keçirlər. Yəni onlar zorakılıq, boşanma,
kriminal və sair bu cür halları işıqlandırarkən
müəyyən qaydalara əməl edilməsi ilə
bağlı təlimatlandırılırlar, vərdişlər
qazanırlar: “Əgər hansısa bir gərgin psixoloji
situasiya baş veribsə, ola bilsin ki, bunu birbaşa
işıqlandırmaq olmaz. Ona görə də belə
mövzuları lazımi səviyyədə
işıqlandırmaq üçün təlimlər
keçilir ki, onlar tamaşaçılar və ictimaiyyət
üçün əks-effekt doğurmasın”.
Humay Axundzadə deyir ki, bu məsələdə
əsas məqamlardan biri həm də kadr
hazırlığı ilə bağlıdır. Verilişləri
hazırlayan qrup və verilişə dəvət olunan ekspertlərin
səviyyəsi də müəyyən həddə
olmalıdır ki, veriliş ictimaiyyət üçün
faydalı olsun. Yəni qeybət və elə-belə söhbət
xarakterli yox, tamaşaçı üçün ibrət
xarakterli verilişlər hazırlamaq üçün həm
telekanal işçilərinin, həm də dəvət olunan
ekspertlərin peşəkarlığından çox şey
asılıdır.
Ailə problemlərinə həsr
edilmiş verilişlərdə psixoloqlar lazımi səviyyədə
təmsil olunurlarmı? Onların məsləhətlərindən
düzgün və faydalı səviyyədə
yararlanılırmı?
H.Axundzadəyə görə,
bu, çox aktual məqamdır: “Ümumiyyətlə, son
zamanlar bu tendensiyanın şahidi oluram ki, bir çox
verilişlərə psixoloqlar dəvət edilir, onların rəyi
öyrənilir. Bu, özlüyündə yaxşı
tedensiyadır. Amma bu tendensiyadan necə istifadə olunması əsasdır.
Doğrudan da dəvət olunan psixoloqların heç də
hamısı peşəkar deyil, yaxud psixoloq təhsili yoxdur. Onların
fikirləri çox vaxt güzəran səviyyəsində
olan söhbətlərdən o yana getmir. Bu cür fikirləri
adi insanlar da bildirər. Amma psixoloq rəyi bu cür
olmamalıdır”. Yəni psixoloqun dediyi hər söz müəyyən
elmi əsasa malik olmalıdır.
Həmçinin verilişə
dəvət olunub həyat dərsi keçən bir çox
iştirakçıların özlərinin ailələrində
problemlər yaşandığı və onların ictimaiyyətdə
“ailə intriqantı” kimi tanındığı barədə
də faktlar var. Belə olduğu halda, onların məsləhətçi
kimi verilişlərə cəlb edilməsi də həmin
verilişlərin faydalılıq əmsalını azaldan
faktorlardandır. Amma hər halda, peşəkarlıq səviyyəsi
olarsa, insan öz həyat təcrübəsinin mənfiliyinə
baxmayaraq situasiyanı düzgün qiymətləndirə, vəziyyətdən
düzgün çıxış yolunu ifadə edə bilsə,
onda mümkün qədər az subyektivliyə yol verəcək.
Sözügedən
verilişlərdə Azərbaycanda ənənəvi ailə
institutunun tənəzzülünü göstərməyə,
bu barədə mesajlar verməyə çalışan məqamlar
da çoxdur. Məsələn, ata-oğul, ata-qız,
ana-oğul və sair tərəflərlə bağlı məhkəmə
çəkişmələri, münaqişələri ilə
bağlı verilişlər kifayət qədərdir. Bu kimi
hallar isə nəinki ölkə daxilində, xaricdək izləyicilərdə
də pis təəssüratlar yaradır. Onlar Azərbaycan ailə
münasibətlərində deqradativ proseslərin getdiyi barədə
təsəvvürlərə səbəb olurlar. Eləcə
də xarici ölkələrdə yaşayan azərbaycanlılar
milli kimliklərinin, dəyərlərinin əsas mənbəyi
olan Azərbaycanla bağlı bu cür mənfi yüklü
verilişlərə baxdıqda pessimizmə qapılırlar. Diaspor
nümayəndələrinin bu barədə dəfələrlə
mənfi fikirlər bildirmələrindən də bu nəticəyə
gəlmək olar. Psixoloq deyir ki, dünya üzrə ailə
institutunda da çox böyük dəyişikliklər
baş verir: “Əfsuslar olsun ki, bu, bizim ölkəyə də
aiddir. Amma hər bir ölkədə, hər bir xalqda bu dəyişikliklər
müəyyən spesifik xüsusiyyətlərə malik olur. Bu,
xalqın öz ənənələrindən irəli gəlir.
Bu nüans da onu göstərir ki, mənfi halları
işıqlandırarkən yüz ölçüb bir
biçmək lazımdır. Məqsəd aydın və
ciddi olmalıdır. Təkcə reytinq fikirləşilməməlidir”.
Beləliklə, daha keyfiyyətli
ailə məsələlərinə aid verilişlər
hazırlamaq məqsədəuyğun olardı. Qeyd edək
ki, mövzuya qayıdacağıq.
İlkin Ağayev
Palitra. – 2010. – 9 iyun. – S.5.