Filologiya elmləri namizədi Əhməd Şahidov: “Dilin saflığını qoruyaq

 

Bu iş millətin təfəkkürünün oyanması və milli kimliyin yüksək səviyyədə dərk olunması kimi ciddi prosesin başlanması ilə həll oluna bilər”

 

Layihə çərçivəsində gənc alimlərin də elmin aktual problemləri ilə bağlı fikir və təklifləri işıqlandırılmaqdadır. Bu sıradan filologiya elmləri namizədi Əhməd Şahidov bizimlə söhbətində Azərbaycan dilinin saflığının qorunmasında, qloballaşma şəraitində dilə yad təsirlərin aradan qaldırılmasında, dilin özgələşməsinə qarşı müqavimətin təşkil edilməsində elmin qarşısında duran vəzifələrdən danışdı. 

   - Dilimizin saflığının qorunması məsələsi son zamanlar xeyli aktuallaşıb. Bu barədə hansı fikirləriniz var?

- Azərbaycan Respublikasında yaşayırıq və bu ölkənin vətəndaşıyıq. Bu ölkənin vətəndaşı kimi bizi digər insanlardan fərqləndirən özünəməxsus cəhətlərimiz var. Bayrağımız, gerbimiz, himnimiz və dilimiz. Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində açıq şəkildə qeyd olunur: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir”.

Dil hər bir dövlətin milli rəmzidir və ona sayğı ilə yanaşmaq borcumuzdur, daha dərinə getsək, həm də qanunla nəzərdə tutulan vəzifəmizdir. Azərbaycan bayrağına sayğısız yanaşmaq cinayət məsuliyyətidirsə, himnimiz səslənəndə ayağa qalxıb sağ əlini ürəyinin üstünə qoymaq mənəvi borcumuzdursa, Azərbaycan dilinə hörmət etmək və həmin dildə səlis danışmaq həm qanuni vəzifəmiz, həm də mənəvi borcumuzdur. Əfsuslar olsun ki, bu vəzifə və borcumuzu əksər hallarda unuduruq. Buna kifayət qədər “tutarlı” səbəblər də tapa bilirik. Bəziləri rusdilli məktəbi bitirdiyini, bəziləri uzun müddət xaricdə yaşadığını, digərləri isə daha müasir görünmək məqsədilə əcnəbi kəlmələrdən istifadə etdiyini bəhanə edərək dilimizə yad kəlmələr gətirir, əslində qarışıq və anlaşılmaz bir tərzdə ünsiyyət qururlar.

Əvvəlcə Azərbaycan dili barədə qısa ensiklopedik məlumat vermək istərdim. İstərdim, bu dilin daşıyıcıları, eləcə də əcnəbilər Azərbaycan dilinin əslində kimlərin dili olduğunu və daha çox hansı ərazilərdə yayıldığını öyrənsinlər.

Qeyd edim ki, Azərbaycan dili türk dilləri qrupuna aid bir dil kimi Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasında rəsmi dövlət dilidir. Azərbaycan dilindən rəsmi dövlət dili olduğu Azərbaycan Respublikasıyla yanaşı İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna ərazisində də geniş istifadə olunur. Hal-hazırda bütün dünyada 50 milyon insan məhz bu dildə danışır. Azərbaycan Respublikası ərazisində bu dilin 4 dialekti var: Şərq dialekti - Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri, Qərb dialekti - Qazax, Qarabağ, Gəncə dialektləri, Şimal dialekti - Şəki və Zaqatala-Qax dialektləri, Cənub dialekti - Naxçıvan, Ordubad, İrəvan dialektləri.

Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər. Bu o deməkdir ki, yalnız tələffüz zamanı hər hansı müəyyən fərqliliklər müşahidə oluna bilər, lakin bütün dialektlər təmiz Azərbaycan dili hesab edilir. Azərbaycan türkcəsi Türkiyə türkcəsinə və qıpçaq türkcəsinə daha yaxındır. Fonetik xüsusiyyətinə görə “ə” foneminin bütün pozisiyalarda işlənmə tezliyi ilə fərqlənir. Türk yazı tarixi göytürk, sonra isə uyğur əlifbasıyla başlasa da, Azərbaycan dilinin yazılmasına ərəb əlifbasının bir variantı ilə başlanıb. Səlcuq və Osmanlı türkləri X əsrdən başlayaraq ərəb əlifbasını əsas tutmuş və həm bu əlifba, həm də fars əlifbası ilə çoxlu dəyərli əsərlər yaratmışlar. Ərəb əlifbası Azərbaycan dilinin özünü ifadə etməsi üçün mükəmməl əlifba olmasa da, təxminən XX əsrin əvvəllərinə qədər bu əlifbadan Azərbaycanda geniş istifadə olunub və bu əlifbayla Azərbaycan tarixinin, ədəbiyyatının qiymətli əsərləri qələmə alınıb. 1929-cu ilə kimi ərəb qrafikalı əlifba Azərbaycan dilinin rəsmi əlifbası olub. Azərbaycan dili 1929-1939-cu illərdə latın əlifbası, 1939-1991-ci illərdə kiril əlifbası ilə yazılıb. 1991-ci ildən başlayaraq tədricən yenidən latın əlifbasına keçilib. Cənubi Azərbaycanda yaşayan Azərbaycan türkləri isə bu günün özündə də ərəb əlifbasıyla yazıb-oxuyurlar. Bunun əsas səbəbi İranda Azərbaycan dilində məktəblərin olmaması və Azərbaycan türklərinin fars dilində təhsil almaq məcburiyyəti qarşısında qalmalarıdır. Hazırda İranda heç bir təhsil ocağında latın əlifbalı Azərbaycan dili tədris olunmur. Cənubi azərbaycanlılar Azərbaycan dili ilə əsasən məişət səviyyəsində tanışdırlar və bu dildən gündəlik ünsiyyətdə geniş istifadə edirlər.

- Dilimizin təmizliyini qorumaq üçün hansı tədbirlər görməliyik?

- Azərbaycan dilinin Vətəni və rəsmi istifadə olunduğu əsas məkan Azərbaycandır. Odur ki, bu dilin milli-mənəvi özəlliklərini qorumaq da məhz bizlərin öhdəsinə düşən bir vəzifədir. Gündəlik olaraq, televiziya və radiolarda, küçədə, hətta bəzi qəzetlərdə də Azərbaycan türkçəsinin nə səviyyədə istifadə edildiyinin şahidi oluruq. Dilimizə ən müxtəlif dillərdən - rus, ingilis, fars və digər əcnəbi dillərdən sözlər və kəlmələr daxil olmaqdadır. Yəqin ki, böyük əksəriyyət “Ok, koneçno, davay, poka, vau, Oh my God, ladno” və digər əcnəbi sözləri yaxşı tanıyır. Demək olar ki, gündəlik istifadəmizdə olan sözlərdir. Hətta onları əvəz edə biləcək Azərbaycan əsilli söz qarşılığını da tapmaqda çətinlik çəkənlər var. Bunun əsas səbəbi isə təbii ki, savadsızlıq və öz kimliyinə laqeydlikdir. Bəzi insanlar isə həmin kəlmələrin Azərbaycan dilindəki alternativini bilə-bilə, yenə də əcnəbi tərcüməsini işlətməyə üstünlük verirlər və bunu sanki müasirlik və intellektuallıq kimi dəyərləndirirlər.

Əslində dilin qorunması uzun sürən bir prosesdir. Hansısa konkret qanunla bunu tənzimləmək və Azərbaycan dilində danışarkən əcnəbi kəlmə işlətməyi qadağan etmək qeyri-mümkündür. Bu, əslində millətin təfəkkürünün oyanması və milli kimliyinin dərk olunması kimi ciddi və şüuri-inqilabi bir prosesin başlanması ilə həll oluna bilər. Çünki, Avropaya inteqrasiya edən, Rusiya və İran kimi çoxmillətli ölkələrin qonşuluğunda yerləşən, gündən-günə dünyanın idman, biznes və mədəniyyət mərkəzinə çevrilən Azərbaycan və onun vətəndaşları üçün milli dilin özəlliklərini qoruyub saxlamaq daha da çətinləşir. Azərbaycan dilində danışarkən tez-tez əcnəbi kəlmələr işlədən insanlar bunu Azərbaycan dilinin zəngin olmaması və bir sıra terminlərin adının bizim dildə qarşılığının olmaması ilə izah etməyə çalışırlar. Bu məsələ ilə bağlı hörmətli dilçi alimimiz, dəyərli akademik Kamal Abdullayevlə dialoqum olmuşdu. Yadımdadır, Kamal müəllim deyirdi ki, dünyanın heç bir dili əslində başqa dildən nə zəngin, nə də qeyri-zəngin sayıla bilməz. Nədir zənginlik və ya qeyri-zənginlik?! Hansı özəlliklərinə görə biz hər hansı dili zəngin və ya qeyri-zəngin adlandıra bilərik?! Əgər, bir terminin hər hansı dildə çoxlu adı varsa, biz mütləq həmin dili zəngin adlandırmalıyıqmı? Onda gərək, eskimos dili dünyanın ən zəngin dili elan olunsun. Çünki, məhz eskimos dilində adi bir “qar” sözünün 40-a yaxın adı var: səhər vaxtı yağan qar, günorta vaxtı yağan qar, axşamüstü yağan qar və sairə. Hamısı da ayrı-ayrı mənanı daşıyır, amma hamısı son nəticədə qar mənasını verir.

Deməli, dilin zənginliyi həmin dildə yazılan tarixi əsərlərin, roman, povest, şeir və hekayələrin çəkisindən asılıdır. Dolayısıyla hər hansı dilin zənginliyi həmin dilin daşıyıcılarının öz dilinə münasibətindən asılıdır. Yəni ki, biz öz dilimizdə elə əsərlər yarada bilərik ki, bütün dünya həmin əsərlərdən danışa bilər və o əsərləri orijinalda oxumağa can atarlar. Nəticədə Azərbaycan dilini öyrənərlər və dilimiz dünyada zəngin və məşhur dillərdən hesab olunar. Eləcə də digər təsirlərin altına düşməz, əksinə özü başqa dillərə təsir, nüfuz edə bilər. Heç şübhəsiz ki, dünyanın aparıcı dillərinin məhz ingilis və rus dilləri olması nəhəng şəxsiyyətlərin məhz həmin dildə yazıb-yaratmalarının məntiqi nəticəsidir. Odur ki, öncə özümüz öz dilimizə hörmətlə yanaşmalı, danışarkən əcnəbi kəlmələr işlətməməliyik ki, digər millətlərin nümayəndələri də Azərbaycan dilinə hörmətlə yanaşsınlar, onu öyrənsinlər.

- Əcnəbi dilləri bilməyin dilin saflığının qorunması ilə uzlaşdırılması məsələsinə necə yanaşırsınız? Yəni bir neçə dili bilən insanın nitqinin təmiz azərbaycanca olması üçün hansı məsləhətləriniz ola bilər? 

- Hər bir insan çoxlu dildə danışa bilər. Hətta mən deyərdim ki, bilməlidir də. Çünki, insan   nə qədər çox dil bilsə, bir o qədər də şəxsiyyət hesab edilir. Onun düşüncə tərzi təkcə mənsub olduğu cəmiyyəti deyil, başqa-başqa dünya və sivilizasiyaları da əhatə edir. Tarixə nəzər salaq. Əfsanələrə görə, Budda 150-ə yaxın dil bilirdi, Məhəmməd Peyğəmbər isə bütün dillərdə danışırdı. Konkret tarixi faktlara nəzər yetirsək, dünyanın ən dahi poliqlotu - dilmancı olan Vatikan kitabxanasının sahibi Cuzeppe Kaspar Metsofantinin (1774 - 1849) adını çəkə bilərik. Belə ki, əsas Avropa dillərindən savayı, o, eston, latış, gürcü, erməni, alban, kürd, türk və fars dillərini bilirdi. “Ginnesin rekordlar kitabı”nda qeyd edilir ki, Metsofanti 26 dildə təmiz danışırdı.

Çox dil bilmək həqiqətən də yüksək intellekt və savadın göstəricisi sayıla bilər. Amma bu, heç kimə əsas vermir ki, həmin dilləri bir-birinə qarışdırsın və ən əsası öz ana dilinin leksikonunu korlasın. Günümüzdə də bəziləri doğma Azərbaycan dilində danışmaqda çətinlik çəkirlər. Tarix boyu, elə indi də bir çox tanınmış insanlar öz tərcümyi-hallarını hazırlayarkən süni olaraq, bir-neçə əcnəbi dil bildiklərini qeyd edir və bununla hər hansı siyasi dividend qazanmağa və insanların gözündə savadlı görünməyə çalışırlar. Məsələn, hələ sovet dövründə danışırdılar ki, Lenin 11 dil bilir. Lakin sonradan arxivlərin açılmasından sonra məlum olub ki, əslində Lenin poliqlot olmayıb. Hamı kimi o da inqilaba qədərki gimnaziyanı bitirib və fransız, alman dillərini bilib, daha sonralar isə ingilis dilini öyrənib. Bundan başqa, Vladimir İliç Lenin həmin dillərdə heç də sərbəst danışa bilməyib.

Bir filoloq kimi sonda qeyd edim ki, əcnəbi dilləri daha asan və tez öyrənmək üçün ilk növbədə ana dilində səlis danışmağı bacarmaq lazımdır. Belə ki, əcnəbi dilin mənimsənilməsi zamanı ən çətin mərhələ bu dilin fonetikasının öyrənilməsidir. Bu məsələ ilə bağlı daha ətraflı araşdırmanı “Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu” adlı namizədlik dissertasiyamı yazarkən aparmışam: “İkinci dilə yiyələnmənin əsas fonetik interferensiyası ana dilin fonetik bazasının özünəməxsus xüsusiyyətləridir, amma bu, yalnız xarici dilin fonoloji sisteminin şifahi formada ifadəsi zamanı meydana çıxır. Bu, daha çox bir dildə bu və ya digər fonem birləşmələrinin mövcudluğu, digər bir dildə isə əksinə, onların olmaması ilə, həm də nitq axınında samitlərdən saitlərə və əksinə, saitlərdən samitlərə artikulyasiya keçidlərinin qavranılması zamanı meydana çıxan çətinliklərlə bağlıdır.

Bir sözlə, ilk növbədə özümüzə hörmət edək, öz milli kimliyimizə, mənsub olduğumuz milli dəyərlərə sayğı ilə yanaşaq və bizi biz edən dilimizi qoruyub saxlayaq. Çünki, bir milləti məhv etmək üçün ilk növbədə onun dilini məhv edirlər.

 

 

 

Qorqud

 

Palitra. -2010. – 9 iyun. – S.7.