“KİV-də ailə məsələlərinin necə işıqlandırıldığı ilə bağlı sosioloji tədqiqatlar olmalıdır”

 

Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz Süleymanov: “Aparıcıların böyük əksəriyyəti qoyduqları mövzunun dərinliyini, mahiyyətini və elmi əsaslarını bilmir”

 

Ailə məsələlərinə həsr olunmuş verilişlərin keyfiyyətsiz, qeyri-peşəkarcasına hazırlandığı, buna görə də sosial psixologiyaya mənfi təsir etdiyi ilə bağlı ötən sayımızda yazmışdıq. Mövzunun aktuallığını nəzərə alıb bir daha bu məsələyə qayıtmağı lazım bildik. Bu dəfə mövzu ilə bağlı olaraq sosioloq, Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbelfəz Süleymanov bizə fikirlərinin bildirir:

 - Bu cür verilişlər əslində insanların problemlərinin kütləviləşməsinə, ictimailəşməsinə və müəyyən dərəcədə həmin o problemlərin həll yolarının tapılmasına gətirib çıxara bilər. Bu, məsələnin bir tərəfidir. Amma həqiqətdə isə biz görürük ki, həmin verilişlər nəinki ailə problemlərini həll etmir, əksinə, həmin problemlərin bir qədər də qabardılmasına aparıb çıxarır. Məsələn, bu cür verilişlərdən sonra və ya belə verilişin əsnasında hansısa bir problem ortaya çıxanda həmin problemin əsas baiskarları daha sonra məsələnin tam əksini iddia edirlər. Yəni bu cür problemlərin verilişlərdən sonra daha da kəskinləşməsinin şahidi olmuşuq. Bu göstərir ki, ailə problemlərini indiki verilişlərlə həll etmək o qədər də inandırıcı deyil. Burada daha zərərli bir məqam ondadır ki, bu cür hadisələrin belə formada efirdə işıqlandırılması istənilən halda xüsusilə yeni yetişən nəsillərin şüuraltında mənfi model obrazı  formalaşdırır. Hazırkı formada belə verilişləri seyr edən yeniyetmə və gənc insanlar həmin problemli ailələri özləri üçün bir model olaraq görməyə başlayırlar.

 Başqa bir məqam odur ki, bizim telekanalları kənardan da müşahidə edirlər. Ona görə də ailə məsələlərinin emosional və qeyri-professional bir şəkildə, kütləvi formada efirə çıxarılması Azərbaycanın təbliğatı və bizim haqqımızda yaranacaq təəssürat baxımından zərərlidir. Çünki belə hallarda bütövlükdə cəmiyyət və dövlət haqqında mənfi imic formalaşa bilər. Əslində çalışmaq lazımdır ki, yaxşı nümunələr efirə çıxarılsın. Ola bilsin ki, bir sıra hallarda bu cür verilişlərin efirə çıxarılmasında  reytinq düşünülür. Amma bu da düzgün yanaşma deyil və əslində son nəticədə həmi telekanalların imicinə mənfi təsir göstərə bilər.

KİV-in, xüsusilə televiziyanın Azərbaycan ailəsində baş verən dəyişikliklərdə, formalaşan tendensiyalarsa təsiri böyükdür. Bunu birmənalı şəkildə demək lazımdır. Artıq ailələr daxilində, ailə üzvlərinin sosiallaşması prosesi baş verir. Övladlar arasında, valideynlər arasında və digər ailədaxili rol bölgüsündə, sair məsələlərdə KİV-in təsirini müşahidə etməkdəyik. Hazırda Azərbaycan ailəsində müasirliyin və ənənəviliyin toqquşması baş verir. Problem xüsusilə ailədaxili rol bölgüsü ilə bağlı özünü büruzə verməkdədir. Həmçinin mənəvi spektrdə də problem qabarmaqdadır.  Bundan başqa qadın geyimlərində bu problem görünür. Bütün bunlar kompleks şəkildə ənənəviliyi dağıdır. Son dövrlərdə keçirdiyimiz sosioloji tədqiqatlar da bunu göstərir. Boşanmaların, xəyanətlərin, ailədənkənar doğumların, nikahsız yaşamaların sayı çoxalır. Bunlar hamısı  ailə böhranının Azərbaycanda özünü göstərməsinin təzahürləridir. Bununla bağlı tədbirlər görülməsə, vəziyyət kritik həddə gəlib çıxa bilər. Bu tədbirlər sırasına

KİV-lə işləmə də daxildir. Ailənin bir institut kimi ciddi təhlükə altında olması yolverilməzdir. Çünki cəmiyyətin özəyi ailədir. Milli şüur və milli dövlətçiliyimiz, mənəvi sahəyə aid olan bütün əsas məsələlər ailə ilə bağlıdır. Ona görə də ailələrdə baş verən bütün proseslər cəmiyyətə yayılır və öz təsirini göstərir. Bu təsir zəncirvari formada cəmiyyətə nüfuz edir.

- Ailədaxili sosiallaşmaların ənənəvi ailə modelinə təsiri barədə nə deyə bilərsiniz?

- Ailədə uşaqların sosiallaşması bu gün ailə modelinə mənfi təsir edən ciddi  bir problemdir. Bu proses ailənin öz daxilində baş verir. Bu proses Qərbdə çoxdan baş verir. Artıq KİV uşaqların sosiallaşması prosesini çox sürətləndirməkdədir. Bu gün gənc xanımlar daha çox teleseriallarda gördükləri qəhrəmanın həyatını sürməyə çalışırlar. Bu da istər-istəməz ciddi problemlərə gətirib çıxarır. Çünki gənclərimiz hansısa serialın qəhrəmanı, özü də bizim həyat tərzimizə tamamilə yad şəkildə yaşayan obrazı kimi yaşamaq istəyirlər. Bu da dəyərlərdə ciddi bir aşınmaya gətirib çıxarır. Mən türk seriallarını bu baxımdan daha çox təhlükəli hesab edirəm. Doğrudur, Braziliya və sair ölkələrin seriallarında da həmin proseslər təlqin edilir. Amma bu cür türk seriallarını izləməyə aludə olmaq daha təhlükəlidir. Çünki Türkiyə bizə ən yaxın ölkədir. İnsanlarımız həmin serialları izləyəndə belə düşünürlər ki, bizim yaxınlarımız  - türklər belədir, biz niyə belə olmayaq. Halbuki həmin seriallarda təlqin edilən həyat və davranış tərzi əslində türk, müsəlman həyat tərzi deyil. Bu seriallar tamamilə türklərə yad olan dəyərləri təlqin etməyə çalışır. Bu cür problemlər KİV-lə bağlı ciddi tədqiqatlar aparılmasının vacibliyini önə çəkir. Aidiyyəti qurumlar tərəfindən müxtəlif formalarda müdaxilələr, nəzarət həyata keçirmək lazımdır. Bununla bərabər digər tədbirlər də görülməlidir. Məsələn, gənc insanlar üçün müxtəlif ailə kursları təşkil edilməlidir. Ailəyə hazırlıq üçün bu cür kurslar vacibdir. Həmin kurslarda ailə həyatı görmüş yaşlı, ağsaqqal və ağbirçək insanlar da iştirak edib öyüdlər verə bilər. Bu gün Azərbaycan ailəsində bir problem də ondan ibarətdir ki, valideynlər öz uşaqlarını ailə həyatına hazırlamaqda çətinlik çəkirlər. Ev qadınının necə olması, hansı vəzifə və məsuliyyət daşıdığı və sair bu cür məsələlər barədə öyüd-nəsihətlər verilməsi artıq yadırğanıb. Bu gün evdarlıq məsələsində xüsusilə gənc xanımlar demək olar ki, səriştəsizdirlər. Bu isə onlar üçün çox mənfi haldır. 

- KİV-də bu cür ailə məsələlərinin işıqlandırılması, təbliğ edilməsi ilə bağlı hansısa boşluq görürsünüzmü?

- Veriliş aparıcıları bu kimi məsələlərə etinasız yanaşırlar, bir çox hallarda isə onlar bu barədə təcrübəsizlik sərgiləyirlər. Həmin verilişlərdə bu problemlərin çözümündən daha çox sanki praktiki məqam qabardılmağa çalışılır. Aparıcıların peşəkar və mövzuya yaxın olmamaları da bu məsələdə sözünü demiş olur. Doğrusu, bu cür bəzi verilişlərə dəvət alanda orada iştirak etməkdən imtina edirəm. Çünki jurnalist şərt qoyur ki, yalnız bu məsələni qabartmalısan, dediyim aspektdə danışmalısan. Halbuki mövzunu ekspert, tədqiqatçı jurnalistdən daha yaxşı bildiyi üçün haradan danışmaq lazım olduğunu da yaxşı bilir.

- KİV-də ailə məsələlərinin işıqlandırılmasına yönəlmiş hər hansı sosioloji tədqiqatlar  təcrübəsi varmı? Bu barədə bizdə tədqiqat aparmağa dəyərmi?               

- Türkiyədə bu yaxınlarda belə bir soioloji tədqiqat keçirilmişdi. Sual qoyulmuşdu ki, Türkiyə mediasında ailə məsələlərinin işıqlandırılmasına münasibət necədir. Böyük əksəriyyət bu sualı cavablandırarkən bildirmişdi ki, münasibətləri mənfidir. Çünki bu verilişlərdə mənfi məsələlər qabardılır. Həmçinin jurnalistlər özləri də həmin mənfi ailə modellərinin cəmiyyətə təqdim olinmasında bilavasitə iştirak edirlər. Yaxşı olardı ki, gələcəkdə bizdə də buna bənzər tədqiqatlar aparılsın və nəticələr ortaya qoyulsun.

- Nə təklif edərdiniz?

- Xüsusilə KİV-də bu verilişləri aparan jurnalistlər xüsusi olaraq mütəxəssislər tərəfindən hazırlansın. Onlara bəzi təlimatlar verilsin, seminarlar keçirilsin. İndiki halda isə jurnalistlər istədikləri şəkildə bu mövzuları gündəmə gətirilər, nəticələrini isə düşünən yoxdur. Onların böyük əksəriyyəti qoyduqları mövzunun dərinliyini, mahiyyətini və elmi əsaslarını bilmir. Sadəcə olaraq, onlar reytinq, populyarlıq qazanmaq naminə bu işə əl qoyurlar.  Təklif edərdim ki, xüsusilə Milli Tele-Radio Şurası bu işə diqqət yetirsin. Televiziya və radiolarda sosioloq, psixoloq ştatları olmalıdır və bu mövzularda  onların peşəkarlığından yararlanılmalıdır. Bu baxımdan qeyd etdiyim şuranın sosioloq və psixoloqlarla yaxından əməkdaşlıq etməsi çox vacibdir. Eləcə də həmin verilişlərin monitorinqi aparılmalı, bununla bağlı nəzarət həyata keçirilməlidir. Bu məsələlər həyata keçirilsə, KİV-də xoşagəlməz, keyfiyyətsiz verilişlərin qarşısı alına bilər.

 

 

İlkin Ağayev

 

Palitra. – 2010. – 11 iyun. – S.5.