“Fəlsəfə” dərsliyində nələr əksini tapıb?

 

Professor Yusif Rüstəmov: “Kitab azərbaycandilli oxucular üçün fəlsəfi maariflənmə baxımından və tələbələr üçün dərslik kimi çox faydalı olacaq”

 

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin azərbaycanca “Fəlsəfə” adlı yeni dərslik kitabı işıq üzü görüb. 

Bu kitabın fəlsəfi ədəbiyyat kimi xüsusiyyətləri, burada əksini tapan fikirlər, yeni yanaşmalar barədə layihə çərçivəsində fəlsəfə elmləri doktoru, professor Yusif Rütəmov bizə öz fikirlərini bildirdi: “Fəlsəfə - sivilizasiyanın ən böyük nailiyyətidir, insanı maraqlandıran bütün problemlər burada cəmlənib. Yarandığı ilk vaxtlardan indiyə qədər müxtəlif regionlarda, ölkələrdə bir-birindən fərqli formalarda təzahür etsə və fərqli üsullardan istifadə etsə də fəlsəfəni bütövləşdirən ümumi və dəyişməz cəhət var: ali idraka can atmaq. Filosoflar varlığın əsasını, başlanğıcını, idrak fəaliyyətinin mahiyyətini, insanın maraq dairəsinə uyğun olaraq təbiəti izah etməyə cəhd göstərirlər. Onu da qeyd etmək lazımdır ki, fəlsəfə birdən-birə, boş yerə yarana bilməzdi, mifoloji, ibtidai şəkildə olsa da dini dünyagörüşü, yaranmaqda olan elmin hələ ilk rüşeymləri fəlsəfənin formalaşmasının genetik əsası olub. Beləliklə, fəlsəfə dünyagörüşünün ən ali forması kimi dövrün bütün bilik sahələrini ehtiva edir. Elə bil ki, elmin sinoniminə çevrilir, onları qidalandırır, gələcəkdə ayrılaraq konkret bilik sahələri kimi formalaşmalarını stimullaşdırır.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, irəli sürüldüyü vaxtdan asılı olmayaraq dəyərli orijinal fikir köhnəlmir, çünki belə fikir müdrikiliyə əsaslanır, müdriklik isə yalnız bilik deyil, daha çox həqiqət, gözəllik və xeyirxahlıq kateqoriyaları ilə qırılmaz şəkildə bağlıdır. Deməli, əsl fəlsəfi fikir həqiqi, gözəl və xeyirxah olmalıdır.

Bu qeyd etdiklərim akademik Ramiz Mehdiyevin təqdim etdiyi “Fəlsəfə” kitabının əsas ana xəttini təşkil edir. Fəlsəfə tarixindən başlayaraq onun bütün problemləri lakonik şəkildə də olsa, dərs vəsaitinin tələblərinə uyğun olaraq burada öz əksini tapır. Müəllif haqlı olaraq kitabın birinci hissəsini “Fəlsəfəyə giriş” adlandırır. Burada fəlsəfənin xüsusi bilik sahəsi kimi mifologiya və dindən, elmdən prinsipial fərqi, bəzi hallarda ümumi cəhətləri yığcam və ardıcıl şəkildə şərh edilir. Bu hissədə diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri də fəlsəfənin ideologiya, hüquq, kulturolgiya, estetika, ədəbiyyat və başqa sahələrlə əlaqəsinin izah edilməsidir. Burada girişin tələb etdiyi həcmdə, fəlsəfənin cəmiyyətdə oynadığı rol, insanın qarşılaşdığı müasir qlobal problemlərin  fəlsəfi izahı verilir. Həmçinin girişdə göstərilən bütün məsələlər kitabın sonrakı hissələrində daha ətraflı təhlil edilir”.

Qeyd edək ki, kitabın “Fəlsəfə tarixi” adlanan ikinci hissəsi həcmcə ən böyük hissəsi olmaqla, onun düz yarısını əhatə edir. Professor deyir: “Fikrimcə, fəlsəfə tarixinə nisbətən daha çox yer ayrılması özünü doğruldur. Belə ki, fəlsəfənin müasir problemlərinin demək olar ki, hamısı fəlsəfə tarixində - indiki dövr də daxil olmaqla, öz əksini tapıb, bu və ya digər dərəcədə şərh edilib. Burada tarix elmində əsasən qəbul edilmiş dövrlərə riayət edilir: qədim dövr, orta əsrlər, yeni və ən yeni dövrlər. Hərçənd son vaxtlar Qərb sosial-siyasi və tarixi fikrində dövrlərin başqa təsnifatı da var: ənənəvi qədim cəmiyyət, aqrar cəmiyyət, industrial cəmiyyət, industrial və postindustrial cəmiyyətlər. Yəqin ki, müəllifin də qəbul etdiyi bölgü daha məqsədəuyğundur”.

Kitabda qədim və orta əsrlər fəlsəfəsinə kifayət qədər yer ayrılıb: “Bütün fəlsəfə dərsliklərində olduğu kimi, burada da Hindistan və Çin fəlsəfi fikrinin yaranması və inkişafı qısa icmal şəklində şərh edilir. Amma ərəb-islam dünyasında fəlsəfi fikir haqqında danışarkən müəllif haqlı olaraq “Qurani-Kərim”in fəlsəfi dəyəri haqqında xüsusi olaraq yazır və qeyd edir ki, bu müqəddəs kitab müsəlman dünyasında fəlsəfənin inkişafına da böyük təsir göstərib. Bu da tamamilə təbiidir. Belə ki, “Qurani-Kərim”də və peyğəmbərin hədislərində bilik və hikmət yüksək qiymətləndirilir.

Əsərin ikinci hissəsində antik fəlsəfə də lakonik izah edilir. Burada diqqəti daha çox cəlb edən odur ki, bu qəbildən olan başqa kitablardan fərqli olaraq antik fəlsəfə tarixi əsasən müxtəlif görkəmli filosofların dünyagörüşünün ayrı-ayrılıqda şərhi ilə xarakterizə edilmir, əsasən problemlər və dövrlərə görə burada ümumiləşdirmələr aparılır.  Müasir filosofların əsərlərində antik fəlsəfə haqqında fikirlər xüsusi qeyd olunur”.

Bununla əlaqədar göstərmək lazımdır ki, fəlsəfə tarixini problemlərə və əsas cərəyanlara uyğun olaraq təhlil etmək kitabın əsas xarakter cəhətlərindən biridir: “Məsələn, orta əsr Avropa fəlsəfəsində aparıcı cərəyanlar kimi teologiya və tomizm, sxolastika, latın averroizmi, realizm və nominalizm xüsusi olaraq ayrılır, bu cərəyanların görkəmli təmsilçilərinin xidmətləri ayrıca göstərilir.

Məlumdur ki, Avropada İntibah dövründə fəlsəfi fikir elm-təbii fikrə və incəsənətə nisbətən zəif inkişaf edib. Belə vəziyyətdə fəlsəfi fikri ayırmaq, onun təkamülünü göstərmək o qədər də asan deyil. Amma müəllif buna nail ola bilib.

Kitabda maraqlı cəhətlərdən biri də 17-20-ci əsrlərdəki Avropa fəlsəfəsinin klassik və qeyri-klassik olaraq iki hissəyə bölünməsi fikri ilə müəllifin razılaşmasıdır. Məsələn, ingilis filosofları Frensis Bekon, Tomas Hobbs, Con Lokk, fransız Rene Dekart, fransız maarifçilər Volter, Russo, Didro və başqaları, alman filosofları Kant, Fixte,  Hegel, Feyerbax klassik fəlsəfənin nümayəndələri hesab edilir.  Marks, Veber, Berqson, pozitivistlər - Kont və Spenser, volyuntaristlər - Şopenhauer və Nitsşe, fenomenologiya təmsilçisi Husserl, ekzistensialistlər - Yaspers, Haydegger və başqaları, Freyd və davamçıları, strukturalizm, personalizm və başqa cərəyanların nümayəndələri qeyri-klassik hesab edilən həmin filosofların bir hissəsi artıq 20-ci əsrin klassik filosoflar sırasına daxil olub: Marks, Haydegger, Yaspers, Sartr, Berqson, Freyq və başqaları”.

19-cu əsr və 20-ci əsrin əvvəllərindəki rus fəlsəfəsinə xüsusi fəsil həsr edilib: “Burada Solovyov və qismən də Trubetskoy istisna olunmaqla əsasən 20-ci əsrdə yaşamış filosofların dünyagörüşü təhlil edilir -  Losski, Frank, Berdyayev, Flurensi va başqaları.

Kitabın 9-cu fəsli “Yeni dövrdə Azərbaycan fəlsəfi fikrinin təşəkkülü” adlanır  13-18-ci əsrlərdə Azərbaycan fəlsəfəsinin əsas mövzusu əxlaq problemləri və Allah-insan münasibətləri olub. Əlavə edim ki, həmin dövrdə təsəvvüf, yəni sufilik əsas fikir cərəyanı olub. Bu dövrdə yaşamış mütəfəkkirlər  - Şəbüstəri, Marağai, Nəimi, Nəsimi, Saib Təbrizi, Füzuli və başqaları haqqında qısa məlumat verilir. 19-cu əsrə Azərbaycan fəlsəfi və sosial-siyasi fikrində Bakıxanov, Mirzə Kazımbəy, Axundov, Zərdabinin rolu xüsusi qeyd olunur.

 20-ci əsr fəlsəfəsinə də haqlı olaraq xüsusi yer ayrılıb. Qərb fəlsəfəsinə həsr edilmiş fəsildə isə müəllif çoxsaylı fəlsəfi cərəyanlar arasından dördünü seçərək onları yığcam şəkildə təhlil edib: neopozitivizm, məntiqi pozitivizm, postpozitivizm, praqmatizm. Yəqin ki, bu yol daha məqbuldur, çünki dərs vəsaitini həddindən artıq yükləmək məqdədəuyğun deyil”.

Kitabın üçüncü hissəsi “Müasir fəlsəfənin əsasları” adlanır: “Başqa fəlsəfə dərsliklərində bu adda xüsusi bölmə yoxdur. R.Mehdiyevin bu kitabı öz strukturuna görə başqalarından xeyli fərqlənir. Əsərin əvvəlki hissələri oxucunu, xüsusən tələbələri, bu hissədə şərh edilən məsələləri daha yaxşı başa düşmək üçün hazırlayır. Artıq fəlsəfi problemlərin, anlayışların, terminlərin çoxu oxucuya məlumdur.

Müasir dövrün mənəvi situasiyasına xüsusi fəsil ayrılıb. Burada müəllif elmi-texniki tərəqqi ilə insani dəyərlər arasındakı sıx əlaqədən bəhs edir. İlk baxışda paradoksal görünən hadisə haqqında danışılır. Liberal-plüralist demokratiyanın getdikcə güclənməsi şəraitində həm də dövlət aparatının güclənməsi prosesi baş verir. Burada müəllif həm də bəşəriyyət üçün böyük təhlükə yarada bilən problemlərdən bəhs edir: inflyasiya, dəyərlərin böhranı, işsizlik, narkomanlıq, korrupsiya, mənəvi deqradasiya, ətraf mühitin çirklənməsi, nüvə müharibəsi təhlükəsi, maddi ehtiyatların tükənməsi və sair.

Din, şüur, ünsiyyət məsələlərinin 20-ci əsr fəlsəfəsində əks olunması problemlərindən qısaca bəhs edəndən sonra müəllif idrak nəzəriyyəsinin müasir problemlərini də şərh edir.

Müasir sosial fəlsəfənin xüsusiyyətləri də müəllifin diqqət mərkəzindədir. Burada sosial fəlsəfənin başqa sosial elmlərlə əlaqəsi məsələsinə xüsusi diqqət yetirilir, fəlsəfənin tarix, sosiologiya, etnoqrafiya və başqa ictimai elmlərlə əlaqəsi xüsusi qeyd edilir. Burada sosial reallığın özünün klassik obrazından postklassik obrazına doğru hərəkəti təhlil edilir, intersubyektivlik, modernizm, postmodernizm anlayışları konkret şəkildə şərh edilir. Bu məsələlər haqqında Marks, Veber, Frankfurt məktəbinin nümayəndələri, Popper, Aderno, Haydegger və başqa filosofların fikirləri təhlil edilir.

 Müasir tarix fəlsəfəsi də müəllifin diqqət mərkəzindədir. Burada tarix fəlsəfəsinin maraq dairəsi müəyyənləşdirilir, onun əsas kateqoriyaları qruplaşdırılır, tarixin daimi inkişafda olması fikri əsaslandırılır”.

Kitabın “Fəlsəfi antropologiya” və “İnsan fəlsəfəsi” bölmələri insan haqqında təlimə həsr edilib: “Fəlsəfi antropologiyada əsas məsələ insanın ətraf mühitdəki yeri və münasibətidir. İnsan fəlsəfəsi isə insanı sosial varlıq kimi müəyyən edir. İnsanın mahiyyəti haqqında müəllif belə ümumiləşdirmə aparır: “Bütün tərifləri ümumiləşdirsək, deyə bilərik ki, insanın mahiyyətini, onun obrazını formalaşdıran, fərd, fərdiyyət, şəxsiyyət kimi anlayışlarda əks olunan daxili və xarici xarakterlərin vəhdətində axtarmaq lazımdır”.

“Təbiətin fəlsəfəsi” fəsildə müəllif haqlı olaraq yazır: “Bizim günlərdə yenidən təbiətin fəlsəfəsini canlandırmaq tendensiyası meydana çıxır ki, burada təbiət dünyasında obyektiv dəyişikliklərin necə əks olunduğunu müəyyənləşdirmək, insan və təbii mühit arasındakı qarşılıqlı təsirin harmoniyası məsələsini fəlsəfi cəhətdən anlamaq birinci dərəcəli vəzifə olur”. Bu fəsildə insan və təbiətin qarşılıqlı əlaqəsinin fəlsəfi izahı mühüm yer tutur.

“Tarixin fəlsəfəsi” fəsli isə “Müasir tarix fəlsəfəsi” fəsli ilə bilavasitə əlaqədardır, bir növ onu tamamlamış olur. Burada Qərb və Şərq arasındakı problemlər tarix fəlsəfəsi baxımından təhlil edilir. Gələcəyə baxış - futurologiya haqqında müəllifin düşüncələri də maraqlıdır”.

Professor Y.Rüstəmov qeyd edir ki,  təqdim edilən kitab dərs vəsaiti olduğu üçün onun əhatə dairəsi olduqca genişdir: “24-cü fəsil “İqtisadiyyatın fəlsəfi problemləri” adlanır. Burada mülkiyyətin, onun formalarının fəlsəfi izahı verilir. Bazar iqtisadiyyatı və orada dövlətin rolu liberal demokratiya baxımından təhlil edilir.

“Siyasi fəlsəfə və ideologiya problemləri” adlanan 25-ci fəsildə məntiqi ardıcıllıqla müasir dövrdə baş verən siyasi proseslər, millət və dövlət arasındakı münasibətlərin siyasi aspekti, siyasi sistem anlayışı, ideologiya və ideologiyasızlaşma problemləri araşdırılır.

Müasir dövrdəki ziddiyyətlər və konfliktlər fəlsəfi baxımdan təhlil edilir, onların meydana gəlmə səbəbləri, mahiyyəti və spesifik özəllikləri təhlil edilir. Konfliktlərin xarakteri, mərhələləri və həll edilmə prinsipləri göstərilir.   

 Kitabın son fəsli olan “Bəşəriyyət informasion-texnoloji dünyada” fəslində ən müasir, aktual problemlər əksini tapır: “qloballaşma, standartlaşma və sosial dünya obrazının transformasiya olması qorxusu və nəhayət, bu problemlərin həll olunması yolları”.

Profesor Y.Rüstəmov bildirir ki, akademik R.Mehdiyevin “Fəlsəfə” kitabı problemlərin təhlilində öz orijinallığı, yenilik ruhu, aktual mövzuları seçib məntiqi ardıcıllıqla şərh etməsi, yığcamlığı, nəhayət, anlaşıqlı dili və üslubu ilə fərqlənir. Ona görə də azərbaycandilli oxucular üçün fəlsəfi maariflənmə baxımından və tələbələr üçün dərslik kimi kitabın çox faydası olacaq. 

 

 

İlkin Ağayev

 

Palitra. -2010. – 11 iyun. – S.6.